Məhkəmə qərarları › İş №3(053)-41/2025

Neftçala Rayon Məhkəməsi Qərar — İş №3(053)-41/2025

16.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Neftçala rayonu İş № 3(053)-41/2025 16.01.2025 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Neftçala Rayon Məhkəməsinin hakimi Quliyev Samir İdris oğlunun sədrliyi, X13 oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs X2 iştirakı ilə 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin inzibati tənbeh tətbiq etmə haqqında MN ******* saylı, 14 noyabr 2024-cü il tarixli qərarının ləğv edilməsi və icraatın dayandırılması barədə X5 tərəfindən verilmiş şikayətə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin inzibati tənbeh tətbiq etmə haqqında MN ******* saylı, 14 noyabr 2024-cü il tarixli qərarı ilə X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 266.1-ci maddəsi ilə təqsirli bilinərək 700 manat miqdarında cərimə edilmişdir. Həmin qərar inzibati xəta haqqında iş üzrə 31 oktyabr 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli protokol əsasında verilib. X5 həmin qərardan şikayət vermişdir. Barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs X5 məhkəmə iclası zamanı bildirir ki, yaşadığı Neftçala rayonunun Aşağı Surra kəndində bir çoxları kimi malqara saxlamaqla dolanırlar. Ailə üzvlərini çətinliklə də olsa az-çox təmin edir. Mal-qaranın peynini tövlənin yaxınlığında kənd bələdiyyəsinin məsləhəti ilə ayırdığı dərə qazdıqları yerə tökərək, bir maşınlıq yük yarandıqdan sonra daşıyaraq əkin sahələrinə səpirlər. 31 oktyabr 2024-cü il tarixdə özünü 3 saylı X7 və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi kimi təqdim edən X3 yaşadığı əraziyə gələrək peyini qazılmış yerə tökməməyini, tökülmüş peyini yığışdırmağını tələb etmişdir. Heyvanların peynini hasardan çölə tökdüyü üçün qonşusu ondan şikayət etmişdir. O və atası Elşad Bağırova məlumat vermişlər ki, tövlələrinə yaxın yerdə çala qazaraq peyini tökməyə başqa münasib yerləri olmadığı üçün bura tökürlər və bir maşın yük yarananda daşıyırlar. Peyinin qeyd olunan yerə tökülməsi heç kimə maneəçilik törətmir, “əgər təkid edirsinizsə bura tökmərik, bundan sonra başqa münasib yerə tökərik”. Elşad Bağırov onlarla razılaşmış və onlar 3-4 gün ərzində heyvanqaranın peynini oradan təmizləmişlər.Ərazinin şəkilini də şikayətinə əlavə etmişdir. 2024cü ilin noyabr ayının 09-da aldıqları,xx.xx.2024-cü il tarixdə yazılmış X7 və Təbii Sərvətlər İdarəsi tərəfindən göndərilmiş məktubla bərabər tərtib edilmiş inzibati xəta haqqında MN seriyalı, ******* saylı protokolda (məktub və protokol əlavə olunub) evin qarşısına üzvü tullantıların qalaylanması göstərilmiş və məktubda xx.xx.2024-cü il tarixdə, saat 15:15-də Şirvana idarǝyǝ gəlmələri tələb olunmuşdur.14 noyabr 2024-cü il tarixdə o, qonşusu ilə birlikdə (hansı ki, ona da mənimlə bərabər protokol yazılmışdı) Şirvan şəhərinə, həmin idarəyə gedərək həmin peyin yığınını dərhal təmizlədiyini bildirmişdir. İdarənin tanımadıqları əməkdaşı və Elşad Bağırov bildirmişdir ki, siz vaxtından tez gəlmisiniz, bu iş üçün inzibati xətalar məcəlləsində 2 aya qədər müddət nəzərdə tutulmuşdur. Nöqsanı aradan qaldırsanızda sizə cərimə tətbiq olunacaq, cərimənin olmaması üçün gedib məhkəməyə müraciət edərsiniz. 2024-cü ilin dekabr ayının 13-də o, yenidən məktub almış və orada inzibati tənbeh vermə haqqında MN seriyalı, ******* saylı qərarın yazıldığını, İXMnin 266.1-ci maddəsinin tətbiq edildiyini görmüş, guya “təsərrüfatda formalaşan bǝrk tullantıları ümumi istifadədə olan yolun kənarına atmışlar”. Yazılmış sənədlərdən də göründüyü kimi 31 oktyabr 2024-cü il tarixdə yazılmış protokolda heyvanın üzvü gübrəsinin yolun kənarına tökülməsi yazılsa da sonradan idarə rəisi Fərid Piriyevin tərtib etdiyi inzibati tənbeh vermə haqqında qərara qərəzli, tamamilə əsassız, real olmayan, saxta səbəb yazılmışdır. Guya təsərrüfatlarında formalaşan bərk tullantıları yolun kənarına atmışlar. Burda məqsəd nədir? Peyini töküldüyü yerdən təmizləməkdir, yoxsa nəyin bahasına olursa olsun vətəndaşı cərimələmək? Onların cəmi 0.006 hek. həyətyanı torpaq sahǝləri var ki, onun da təxminən 0.04 hek. yaxını ev, dam və tövlədir. Qalan sahələri bağ hesab olunur. Məgər onların həyəti daş karxanasıdır, yaxud, daş-çinqıl sahəsidir? Malqaranın peyini nə vaxtdan bərk tullantı hesab olunur? Üstəlik, onlar dərhal həmin peyini təmizləmişlər. Bunu qonşuları X4 və X6 da təsdiq edə bilər. Əlavə olaraq qeyd edir ki, qərarda göstərilən səbəb quramadır. Yaşadıqları evdə, nə də həyətlərində heç bir bərk tullantı olmayıb, olması da mümkün deyil. Tövlələrində üç baş inǝyləri var, ailələrini əsasən heyvan məhsulları ilə saxlayırlar. Altı nəfər ailə üzvü olmaqla, onlardan ikisi azyaşlı, qalanları heç biri işləmir. Yalnız iş tapanda fəhləçilik edir, müxtəlif kənd təsərrüfatı işləri ilə məşğul olurlar. Bu vəziyyətdə altı nəfər ailəni dolandırmaq çətindir. Üstəlik saxta səbəblə yazılan 700 (yeddi yüz ) manat cəriməni ödəmək bizim imkanımız xaricindədir. Məhkəmə baxışı iclasının vaxtı və yeri haqqında lazımı qaydada məlumatlandırılmış 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi nümayəndəsini məhkəmə iclasına göndərməmiş və gəlməməsinin səbəbləri haqqında heç bir məlumat verməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxsi dinləyib, iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlirəm ki, şikayət rədd olunmalıdır. Yol verilmiş pozuntu ilə bağlı 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin vəzifəli şəxsi tərəfindən bu barədə 31 oktyabr 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli protokol tərtib edilmiş, protokol əsasında inzibati tənbeh tətbiq etmə haqqında MN seriyalı, ******* saylı, xx.xx.2024-cü il tarixli qərar qəbul edilmişdir. 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin vəzifəli şəxsinin MN seriyalı, ******* saylı, 14 noyabr 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı ilə müəyyən olunur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs X2 Neftçala rayonu, Aşağı Surra kəndi ərazisində 31 oktyabr 2024-cü il tarixdə təsərrüfatında formalaşan bərk tullantıların ümumi istifadədə olan yolun kənarına atılması nəticəsində Azərbaycan Respublikası İXM-nin 266.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Həmin qərara əsasən X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 266.1-ci maddəsi ilə təqsirli bilinərək 700 manat miqdarında cərimə edilmişdir. Eyni zamanda X5 veridiyi izahatında heyvanların peynini hasardan çölə tökdüyü üçün qonşusunun şikayət etdiyini də etiraf etmişdir. Bundan başqa məhkəmə iclasında iş materiallarına əlavə edilmiş fotoşəkillərə baxış keçirilmişdir. İş materiallarına əlavə edilmiş şəkillərdən də qeyd olunan pozuntuya yol verildiyi öz əksini tapır. Həmçinin məhkəmə araşdırması ilə müəyyən edilir ki, yol verilmiş inzibati xətaya görə tərtib edilmiş müvafiq protokol prosessual pozuntuya yol verilmədən tərtib edilmiş və müvafiq protokol əsasında inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. X1 ərizəsində qeyd edir ki, inzibati xəta faktı xx.xx.2024-cü il tarixdə aşkar edilsə də, inzibati xəta haqqında protokolda heyvanın üzvü gübrəsinin yolun kənarına tökülməsi qeyd edilsə də, idarə rəisi Fərid Piriyevin qəbul etdiyi inzibati tənbeh vermə haqqında qərara qərəzli, tamamilə əsassız, real olmayan, saxta səbəb yazılmışdır. Məhkəmə bu xüsusatla bağlı qeyd etməyi vacib hesab edir ki, 31 oktyabr 2024-cü il tarixli inzibati xəta haqqında protokolda və həmin protokol əsasında qəbul edilmiş 14 noyabr 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarda xətanın mətni eynidir. Şikayətdə qeyd edilən kimi fərqli deyil. Məhkəmə toplanmış sənədləri tədqiq edərək barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs dinləyərək belə qərara gəlir ki, X5 barəsində tətbiq edilmiş “İnzibati cərimə” tənbeh növü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 266.1-ci maddəsinə uyğun olaraq düzgün müəyyən edilmişdir. Belə olan halda şikayətin təmin edilməsi yolverilməzdir. Beləliklə, məhkəmə hesab edir ki, 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin vəzifəli şəxsinin MN seriyalı, ******* saylı, 14 noyabr 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı ilə bağlı X5 tərəfindən verilmiş şikayət təmin edilməməli və həmin qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İXM-nin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında qərardan verilən şikayətə baxılarkən «qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında» qərar qəbul edilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 134, 136 və 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin vəzifəli şəxsinin MN seriyalı, ******* saylı, 14 noyabr 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı ilə bağlı X5 tərəfindən verilmiş şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan etibarən 10 (on) gün müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim Samir Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar