Məhkəmə qərarları › İş №3(053)-435/2024

Neftçala Rayon Məhkəməsi Qərar — İş №3(053)-435/2024

27.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Neftçala rayonu İş № 3(053)-435/2024 27.11.2024 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Mən, Neftçala Rayon Məhkəməsinin hakimi Quliyev Samir İdris oğlu Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, zərərçəkmiş şəxs X1 iştirakı ilə, 19 avqust 2000-ci il tarixdə Neftçala şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİM: Neftçala Rayon Polis Şöbəsi tərəfindən təqdim olunmuş 26 noyabr 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs 31 avqust 2024-cü il tarixində, saat 14 radələrində Neftçala şəhərinin “Mərkəzi bazar”ında yerləşən, X1 icarə əsasında işlətdiyi mağazada sonuncu ilə şəxsi münasibətlər zəminində mübahisə edərək, mağazanın qapısını çırpıb, şüşəsini qıraraq ona 150 (yüz əlli) manat məbləğində maddi ziyan vurmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs yuxarıda təsvir olunmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilməyərək qeyd etmişdir ki, Neftçala şəhəri, M.Əsədov küçəsində qeydiyyat olmaqla orada ailəsi ilə birlikdə yaşayır. Hazırda bərbər işləyir. O, 31 avqust 2024-cü il tarixdə, saat təxminən 14 radələrində Tik-Tok sosial şəbəkəsində Neftçala şəhəri “Mərkəzi bazar”ında yerləşən mağazada satıcı işləyən Aysel adlı qadınla mübahisələri yaranmışdır. Həmin vaxt Aysel onu söymüşdür. O, Ayselin niyə onu söydüyünü soruşmaq üçün dərhal Ayselin mağazasına getmişdir. Bu vaxt Aysel ilə aralarında mübahisə yaranmışdır. Aysel mübahisə vaxtı onu söymüşdür. O da həmin vaxtı əsəbləşərək Ayseli söyüb, qapını çırpıb örtǝrǝk, mağazadan çıxmaq istədikdə, qapının şüşəsi sınmışdır. O, həmin vaxt oradan uzaqlaşıb getmişdir. Özü Vətən müharibəsi iştirakçısıdır. Əsəbləri ilə bağlı müalicələr alır. O, əgər cərimə edilərsə ödəməyəcəyini bildirərək, ona cəza təyin edilərkən inzibati həbslə cəzalandırılmasını istəyir. Zərərçəkmiş şəxs X3 verdiyi izahatında Neftçala rayonu, Mirqurbanlı kəndində qeydiyyatda olmaqla ailəsi ilə birlikdə həmin ünvanında yaşadığını bildirmişdir. Qeyd edir ki, 31 avqust 2024-cü il tarixdə Tik-Tok sosial şəbəkəsində işlədiyi dükanda olan ətir məhsullarını reklam etmişdir. Bu zaman İqbal adında şəxs onu heç bir səbəb olmadan sosial şəbəkədə söyüb, təhqir etmişdir. O, isə qarşılığında həmin şəxsə demişdir ki, get öz yaxınlarını təhqir et. Bir müddət sonra bir nəfər şəxs onun işlədiyi mağazaya daxil olaraq onu niyə söydüyünü bildirib, üzərinə gələrək mübahisə yaratmış və yenə də onu söyməyə davam etmişdir. Bu vaxt o, həmin şəxsə öz iradını bildirdikdə, özünü müharibə iştirakçısı kimi təqdim edib, “əcəb edirəm” demişdir. Həmin şəxs mağazadan çıxanda hirslə işlədiyi mağazanın qapısını çırparaq şüşələrini sındırmışdır. Daha sonra da çıxıb getmişdir. O, sonradan həmin şəxsin İqbal yox adının İdrak olduğunu öyrənmişdir. Ona dəymiş ziyanın məbləği 150 manatdır. İdrak bugünkü günə qədər həmin ziyandan heç bir ödəniş etməmişdir. Hadisə vaxtı yanlarında və ətrafda heç kim olmamışdır. Hazırda dəymiş ziyanı tələb edir. “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 10 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, X1 Neftçala RPŞ-yə verdiyi ərizəsi əsasında toplanmış materialda cinayət tərkibi olmadığından Azərbaycan Respublikası CPM-nın 39.1.2-ci maddəsinə əsasən rədd edilmiş, Şəxs barəsində inzibati qaydada tədbir görülməsi məqsədilə qərarın surəti Neftçala RPŞ-nın İTB-yə göndərilmişdir. Həmçinin qərarla müəyyən olunmuşdur ki, X2 dəymiş ziyanın məbləği 150 manatdır. Məlumatların elektron sorğulanması haqqında çıxarışdan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraata aparılan şəxsə Vətən müharibəsi iştirakçılarına verilən pensiya növündə 80 manat pensiya məbləği təyin edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müvafiq inzibati xətanı törətməsi faktı inzibati xətanı törədən şəxsin və zərərçəkmiş şəxsin izahatı ilə yanaşı iş materialları ilə də tam təsdiq olunur. Beləliklə, məhkəmə işin faktik hallarını araşdıraraq belə qənaətə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi halı sübuta yetirilmiş sayılmalıdır. Ona görə də o, həmin maddə ilə təqsirli bilinərək, məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən «Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». Hesab edirəm ki, Şəxs ilk dəfə inzibati xəta törətməsi iş üzrə məsuliyyəti yüngülləşdirən hallar kimi qiymətləndirilməlidir. Şəxs əməlini ağırlaşdıran hal aşkar olunmamışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati xəta nəticəsində vurulmuş 150 (yüz əlli) manat ziyanın bir misli məbləğində, yəni 150 (yüz əlli) manat cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Samir Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar