Məhkəmə qərarları › İş №3(053)-442/2023

Neftçala Rayon Məhkəməsi Qərar — İş №3(053)-442/2023

30.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Neftçala rayonu İş № 3(053)-442/2023 30.10.2023 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Mən – Neftçala Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu Mazanov Kamran Ramazan oğlunun katibliyi, Neftçala rayon İcra və probasiya şöbəsinin icra məmuru X1 iştirakı ilə xx xxxx 1983-cü ildə Neftçala rayonu, İİ Qaralı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Neftçala rayonu, Aşağı Qaramanlı kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİM: Neftçala rayon İcra və probasiya şöbəsinin icra məmuru X1 30 oktyabr 2023-cü ildə tərtib etdiyi MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolun məzmunundan, habelə inzibati xəta haqqında iş üzrə toplanmış digər materiallardan görünür ki, Neftçala Rayon Məhkəməsi tərəfindən verilmiş 20 fevral 2020-ci il tarixli 2(053)-128/2020 nömrəli icra vərəqəsinə əsasən borclu Şəxs 600 manat kirayə pulu, 226 manat kommunal borc və 595 manat dəyərində əşyaların özü və ya onların dəyəri olmaqla, ümumilikdə 1.421 manat məbləğində pul alınaraq tələbkar Zərərçəkmiş şəxs verilməlidir. Neftçala rayon İcra şöbəsinin icra məmuru X2 işə məhkəmədə baxılması zamanı inzibati xəta haqqında protokolda göstərilənlərə uyğun məzmunlu izahat vermişdir. Qeyd edir ki, icra sənədi şöbənin icraatına 09 aprel 2023-cü il tarixdə daxil olmuş və həmin tarixdə icraata başlanaraq bununla bağlı qərar və tələbin könüllü icrası barədə bildiriş borcluya təqdim edilmişdir. Borclunun əmlak vəziyyəti yoxlanılmış, lakin tələbin yönəldilə biləcəyi əmlaka malik olması halı müəyyən edilməmişdir. Borcluya dəfələrlə xəbərdarlıq edildiyinə baxmayaraq o, icra sənədi üzrə borcundan heç bir ödəniş etməməklə məhkəmə qərarının icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs borcunu ödəməməsini xəstəliyi və maddi vəziyyəti, habelə tələbkara əslində hər hansı bir borcunun olmaması, icra sənədinin verilməsinə səbəb olmuş məhkəmə qətnaməsindən şikayət verməsə də, onu ədalətli hesab etməməsi ilə izah etmişdir. İnzibati xəta haqqında protokolu, ona əlavə edilmiş sənədləri və icra işini nəzərdən keçirib belə qənaətə gəlirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcuddur. Belə ki, o, icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, məhkəmə tərəfindən müəyyən edilmiş borcunu ödəməmişdir. O, ötən dövrdə tələbkarın xeyrinə heç bir, hətta kiçik məbləğdə belə ödəniş etməyib. Göstərilənlərə əsasən Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən «Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». Hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin xəstəliyi onun məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirilməlidir. İş üzrə məsuliyyəti ağırlaşdıran hal müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 (beş yüz) manat miqdarında cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar