Məhkəmə qərarları › İş №3(053)-443/2023

Neftçala Rayon Məhkəməsi Qərar — İş №3(053)-443/2023

30.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Neftçala rayonu İş № 3(053)-443/2023 30.10.2023 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Mən – Neftçala Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu Mazanov Kamran Ramazan oğlunun katibliyi ilə xx xxxx 1998-ci ildə Neftçala rayonu, 2-ci Mayak kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Neftçala rayonu, 2ci Mayak kəndində qeydiyyatda olan və həmin kənddə yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu və 535.1-ci maddələri ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİM: Neftçala Rayon Polis Şöbəsi tərəfindən təqdim olunmuş 28 oktyabr 2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda qeyd olunur ki, Şəxs 27 oktyabr 2023-cü il tarixdə saat 21.10-da Neftçala şəhəri, Nizami küçəsində yerləşən şadlıq sarayının qarşısında sərxoş vəziyyətdə ucadan ünvansız söyüşlər söyərək xırda xuliqanlıq əməlini törətmiş, bu zaman onu nizam-intizama dəvət edən polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. İnzibati xəta haqqında protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs yuxarıda təsvir olunmuş əməllərlə Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətdiyi göstərilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü yuxarıda təsvir olunmuş inzibati xətanı törətməkdə qismən təqsirli bilərək qeyd etmişdir ki, Neftçala rayonu, 2-ci Mayak kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir, lakin günəmuzd olaraq fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olur. Həmkəndlisi olan İlahə adlı xanım 27 oktyabr 2023-cü il tarixdə övladı üçün təşkil etdiyi kiçik toy məclisinə onu da dəvət etmişdir. Toy məclisi Neftçala şəhəri, Nizami küçəsində yerləşən «Kompüter mərkəzi» kimi tanınan restoranda təşkil edilmişdir. Qonaq qismində dəvət edildiyi həmin məclisdə yemək yeyərkən spirtli içki də qəbul etmiş, bir qədər sonra içkinin təsirindən özünü narahat hiss etdiyi üçün bayıra çıxmışdır. Bayırda olarkən spirtli içkinin güclü təsiri altında yaranmış narahatlıqdan öz-özünə deyinmiş və bu zaman heç kimə ünvanlanmayan söyüş ifadələrindən istifadə etmişdir. Bundan sonra polis əməkdaşlarının ona yaxınlaşdığını görmüşdür. Polis əməkdaşları onu nizam-intizama dəvət etməklə ondan sakitləşməsini tələb etmişlər. Spirtli içkinin təsiri altında olsa da, özünü bir təhər ələ almış və sakitləşmişdir. Bu zaman həmkəndlisi olan X1 polis əməkdaşlarının onunla söhbət aparmasına müdaxilə etmişdir. Bundan sonra polis əməkdaşları onu Səyyadla birlikdə Neftçala RPŞ-nə aparmışlar. Qeyd edir ki, sərxoş olduğu üçün hərəkətlərinin məsuliyyətini dərk edə bilməyib və buna görə çox peşmandır. Lakin hadisə vaxtı polis əməkdaşlarına hər hansı bir etiraz bildirməmiş və heç bir tabesizlik göstərmədən onlarla birlikdə Neftçala RPŞ-nə gəlmiş, habelə orada hadisə ilə əlaqədar verilən suallara cavab və yazılı izahat vermişdir. Buna görə də barəsində tərtib edilmiş protokolu Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə olan hissədə əsassız və qanunsuz hesab edir. Göstərilənlərə əsasən barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə xitam verilməsini məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyib və iş materiallarını nəzərdən keçirib, toplanmış sübutların cəminə hüquqi qiymət verərək belə qənaətə gəlirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 8.2 və 8.3-cü maddələrinə əsasən «İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir», «İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur». İXM-nin yuxarıda istinad edilən 8-ci maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinin mahiyyətindən görünür ki, şəxsin əməlində inzibati xətanın tərkibinin olması halı səlahiyyətli orqan tərəfindən sübuta yetirilməlidir. Beləliklə, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin tərkibinin olması halının sübuta yetirilməsi vəzifəsi inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın üzərinə düşür. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi aşağıdakı məzmundadır: «Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə – fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur». İXM-nin 535.1-ci maddəsinin dispozisiyasından görünür ki, həmin maddə ictimai qaydanın mühafizə vəzifələrini icra edən polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələblərinə qəsdən tabe olmamağa görə məsuliyyət müəyyən edir. İşin faktik halları ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs polis əməkdaşının (əməkdaşlarının) qanuni tələbinə qəsdən tabe olmadığı müəyyən olunmur. Şəxs polis əməkdaşlarına tabesizlik edərək müqavimət göstərməsi barədə 28 oktyabr 2023-cü il tarixli inzibati xəta haqqında protokolda, həmçinin 27 oktyabr 2023-cü il tarixdə tərtib edilmiş raportda göstərilənlərlə bağlı qeyd olunur ki, bu halın baş verməsi kifayət qədər şübhə doğurmaqla yanaşı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı ilə təkzib olunur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin bildirdiklərindən görünür ki, hadisə vaxtı spirtli içkinin təsiri altında ünvansız nalayiq söyüşlər söyməklə xırda xuliqanlıq hərəkətləri etməsinə baxmayaraq, polis əməkdaşlarına tabe olmuş, hər hansı müqavimət göstərmədən onlarla birlikdə Neftçala RPŞ-nə getmişdir. Belə olan halda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin obyektiv cəhətdən tərkibinin mövcud olmasından söhbət gedə bilməz. Azərbaycan Respublikası İXM-nin 53.0.2-ci maddəsinə əsasən «inzibati xəta tərkibi olmadıqda» inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, «Bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir». Göstərilənlərlə yanaşı məhkəmə qeyd edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi faktı onun özünün izahatı ilə yanaşı iş materialları ilə də tam təsdiq olunur. Belə ki, Şəxs ictimai qaydanı, yəni cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydaları sistemini pozmağa yönələn hərəkətlər etmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyib, iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi halı sübuta yetirilmiş sayılmalıdır. Ona görə də o, həmin maddə ilə təqsirli bilinərək, məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən «Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». Hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin öz əməlini səmimi etiraf etməsi və peşman olması iş üzrə məsuliyyəti yüngülləşdirən hallar kimi qiymətləndirilməlidir. İş üzrə məsuliyyəti ağırlaşdıran hal müəyyən edilməmişdir. Göstərilənlərə əsasən Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə təqsirli bilinməli və ona həmin maddənin sanksiyası çərçivəsində cərimə növündə tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 70 (altmış) manat miqdarında cərimə edilsin. Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan 10 gün müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar