Azərbaycan Respublikası adından QƏRAR Neftçala rayonu İş № 3(053)-444/2023 30.10.2023 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Mən – Neftçala Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu Mazanov Kamran Ramazan oğlunun katibliyi ilə xx xxxxxxxx 1993-cü ildə Neftçala rayonu, 2-ci Mayak kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Neftçala rayonu, 2-ci Mayak kəndində qeydiyyatda olan və həmin kənddə yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu və 535.1-ci maddələri ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİM: Neftçala Rayon Polis Şöbəsi tərəfindən təqdim olunmuş 28 oktyabr 2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda qeyd olunur ki, Şəxs 27 oktyabr 2023-cü il tarixdə saat 21.10-da Neftçala şəhəri, Nizami küçəsində yerləşən şadlıq sarayının qarşısında sərxoş vəziyyətdə ucadan ünvansız söyüşlər söyərək xırda xuliqanlıq əməlini törətmiş, bu zaman onu nizam-intizama dəvət edən polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. İnzibati xəta haqqında protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs yuxarıda təsvir olunmuş əməllərlə Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətdiyi göstərilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü yuxarıda təsvir olunmuş inzibati xətanı törətməkdə qismən təqsirli bilərək qeyd etmişdir ki, Neftçala rayonu, 2-ci Mayak kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir, lakin iş olduğu hallarda fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olur. 27 oktyabr 2023-cü il tarixə övladı üçün kiçik toy məclisi təşkil edən həmkəndlisi İlahə xanım onu da həmin məclisə qonaq qismində dəvət etmişdir. Toy məclisi Neftçala şəhəri, Nizami küçəsində yerləşən «Kompüter mərkəzi» kimi tanınan restoranda təşkil edilmişdir. Toyda saat 18.00-dan təxminən 21.00-dək iştirak etmiş, yeyib-içmiş, həmçinin spirtli içki qəbul etmişdir. Saat 21.00-dan bir qədər sonra hava almaq üçün restorandan bayıra çıxmışdır. Bu zaman həmkəndlisi və dostu olan X1 polis əməkdaşları ilə mübahisə etdiyini, polis əməkdaşlarının isə onu xidməti maşınlarına mindirmək istədiklərini görmüş və söhbətə müdaxilə edərək polis əməkdaşlarının Sabiri polis şöbəsinə aparmalarının qarşısını almağa çalışmışdır. Polis əməkdaşları onu nizam-intizama dəvət etsələr də, həmin vaxt sərxoş olduğu üçün onların tələblərinə məhəl qoymamışdır. Belə olduğu üçün polis əməkdaşları onu da Sabirlə birlikdə Neftçala RPŞ-nə aparmışlar. Bildirir ki, həmin gün hadisə vaxtı yalnız polis əməkdaşlarının fəaliyyətinə müdaxilə etmiş, onların qanuni tələblərinə tabesizlik göstərmişdir. Buna görə də peşmandır. Lakin bu zaman heç bir nalayiq ifadə işlətməmiş, ünvanlı və ya ünvansız hər hansı bir söyüş söyməmiş, habelə ictimai qaydanı pozmamışdır. Buna görə də barəsində tərtib edilmiş protokolu Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə olan hissədə əsassız və qanunsuz hesab edir. Göstərilənlərə əsasən barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə xitam verilməsini məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyib və iş materiallarını nəzərdən keçirib, toplanmış sübutların cəminə hüquqi qiymət verərək belə qənaətə gəlirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 8.2 və 8.3-cü maddələrinə əsasən «İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir», «İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur». İXM-nin yuxarıda istinad edilən 8-ci maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinin mahiyyətindən görünür ki, şəxsin əməlində inzibati xətanın tərkibinin olması halı səlahiyyətli orqan tərəfindən sübuta yetirilməlidir. Beləliklə, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinin tərkibinin olması halının sübuta yetirilməsi vəzifəsi inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın üzərinə düşür. Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi aşağıdakı məzmundadır: «Xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə – əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur». İXM-nin 510-cu maddəsinin dispozisiyasından görünür ki, həmin maddə ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə məsuliyyət müəyyən edir. Xırda xuliqanlığın bilavasitə obyekti ictimai qayda, həmin xətanın obyektiv cəhətinin vacib əlaməti isə təqsirkar tərəfindən ictimai qaydanın pozulmasıdır. Xuliqanlıq müxtəlif formalarda törədilə bilər. Lakin hər bir halda bu əməl nəticəsində ictimai qayda pozulmalıdır. İctimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı pozan hərəkətlər dedikdə isə qanunla qorunan ictimai və ya şəxsi mənafelərə zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının pozulmasında ifadə olunan hərəkətlər başa düşülməlidir (məsələn, insanların dincliyini pozma, ictimai yerlərdə insanlara saymazlıq ifadə edən hərəkətlər etmə və s.). İşin faktik halları ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ictimai qaydanı pozması müəyyən olunmur. Eyni zamanda Şəxs ictimai qaydanı pozması barədə 28 oktyabr 2023-cü il tarixli inzibati xəta haqqında protokolda, həmçinin 27 oktyabr 2023-cü il tarixdə tərtib edilmiş raportda göstərilənlərlə bağlı qeyd olunur ki, göstərilən halın baş verməsi kifayət qədər şübhə doğurması ilə yanaşı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı ilə təkzib olunur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin bildirdiklərindən görünür ki, o, polis əməkdaşlarının xidməti fəaliyyətinə müdaxilə edərək polis əməkdaşlarının həmkəndlisi və dostu olan Sabir Hüseynovun polis şöbəsinə aparmalarının qarşısını almağa çalışmış, bu zaman polis əməkdaşları onu nizam-intizama dəvət etsələr də, onların tələblərinə məhəl qoymamışdır. Buna baxmayaraq hadisə vaxtı söyüş söyməmiş və ictimai qaydanın pozulmasına səbəb olan hər hansı bir hərəkətə yol verməmişdir. Belə olan halda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinin obyektiv cəhətdən tərkibinin mövcud olmasından söhbət gedə bilməz. Azərbaycan Respublikası İXM-nin 53.0.2-ci maddəsinə əsasən «inzibati xəta tərkibi olmadıqda» inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, «Bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir». Göstərilənlərlə yanaşı məhkəmə qeyd edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi faktı onun özünün izahatı ilə yanaşı iş materialları ilə də tam təsdiq olunur. Belə ki, Şəxs ictimai qaydanın mühafizəsi vəzifələrini icra edən Neftçala RPŞ-nin polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabesizlik göstərmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyib, iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi halı sübuta yetirilmiş sayılmalıdır. Ona görə də o, həmin maddə ilə təqsirli bilinərək, məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən «Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». Hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin öz əməlini səmimi etiraf etməsi və peşman olması iş üzrə məsuliyyəti yüngülləşdirən hallar kimi qiymətləndirilməlidir. İş üzrə məsuliyyəti ağırlaşdıran hal müəyyən edilməmişdir. Göstərilənlərə əsasən Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinməli və ona həmin maddənin sanksiyası çərçivəsində cərimə növündə tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 200 (iki yüz) manat miqdarında cərimə edilsin. Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan 10 gün müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №3(053)-444/2023
Neftçala Rayon Məhkəməsi Qərar — İş №3(053)-444/2023
30.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver