Məhkəmə qərarları › İş №3(053)-448/2023

Neftçala Rayon Məhkəməsi Qərar — İş №3(053)-448/2023

02.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Neftçala rayonu İş № 3(053)-448/2023 02.11.2023 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Mən – Neftçala Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu Mazanov Kamran Ramazan oğlunun katibliyi, Neftçala rayon İcra və probasiya şöbəsinin icra məmuru X2 iştirakı ilə 10 avqust 1991-ci ildə Neftçala rayonu, Beşdəli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Neftçala rayonu, Beşdəli kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİM: Neftçala rayon İcra və probasiya şöbəsinin icra məmuru X2 02 noyabr 2023-cü ildə tərtib etdiyi MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolun məzmunundan, habelə inzibati xəta haqqında iş üzrə toplanmış digər materiallardan görünür ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən verilmiş 06 oktyabr 2020-ci il tarixli 2(009)- 1896/2020 nömrəli icra vərəqəsinə əsasən borclu Şəxs 09 aprel 2016-cı il təvəllüdlü X3 və 05 iyul 2017-ci il təvəllüdlü X5 yetkinlik yaşlarına çatana qədər saxlanılması üçün 02 sentyabr 2020-ci il tarixdən başlayaraq hər ay, hər uşaq üçün 170 (yüz yetmiş) manat olmaqla, cəmi 340 manat (üç yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq tələbkar X1 ödənilməlidir. İnzibati xəta haqqında protokoldan və icra işindən görünür ki, icra sənədi Neftçala rayon İcra və probasiya şöbəsinə daxil olmuş, icraata başlanaraq borcluya qərar və bildiriş təqdim edilmişdir. Borclunun aliment borcu yarandığından onun əmlak vəziyyəti və gəlirinin yoxlanılması üçün aidiyyəti orqanlara sorğu ilə müraciət edilmiş, lakin tələbin yönələ biləcəyi əmlakı və gəliri müəyyən etmək mümkün olmamışdır. Borcluya dəfələrlə xəbərdarlıq edildiyinə baxmayaraq o, aliment borcunu tam ödəməmiş, məhkəmə qərarının icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Hazırda borclunun 12.280 manat aliment borcu var. Neftçala rayon İcra və probasiya şöbəsinin icra məmuru X6 işə məhkəmədə baxılması zamanı inzibati xəta haqqında protokolda göstərilənlərə uyğun məzmunlu izahat vermişdir. Hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcuddur. Göstərilənlərə əsasən ona qanunla nəzərdə tutulan inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs işə məhkəmədə baxılması zamanı aliment borcunun vaxtlı-vaxtında ödəməməsini maddi vəziyyəti ilə izah etmişdir. Qeyd etdiyi halların nəzərə alınmasını xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və icra məmurunu dinləyib, inzibati xəta haqqında protokolu, ona əlavə edilmiş sənədləri və icra işini nəzərdən keçirərək belə qənaətə gəlirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcuddur. Belə ki, o, məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, məhkəmə qərarı ilə müəyyən edilmiş aliment məbləğini üzrsüz səbəbdən ödəməmişdir. Məhkəmə bu qənaətə gələrkən həmçinin borcun miqdarını da nəzərə alır və hesab edir ki, bu məbləğ Şəxs alimenti davamlı olaraq ödəmədiyini təsdiq edir (aliment borcunun 12.280 manat təşkil etməsi borclunun 3 ildən çox müddət üzrə aliment ödəmədiyini təsdiqləyir). Göstərilənlərə əsasən hesab edirəm ki, X4 Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən «Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 15 (on beş) gün müddətinə inzibati həbs tətbiq olunsun. Həbsdə saxlanılması müddətinin əvvəli 02 noyabr 2023-cü il saat 17.00-dan hesablansın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar