Azərbaycan Respublikası adından QƏRAR Neftçala rayonu İş № 3(053)-452/2025 29.09.2025 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Mən – Neftçala Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu Mazanov Kamran Ramazan oğlunun katibliyi ilə xx xxxxxx 1983-cü ildə Neftçala rayonu, Mürsəqulu kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan, Neftçala şəhəri, M.Əsədov küçəsində nömrəsiz evdə yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİM: Neftçala Rayon Polis Şöbəsi tərəfindən təqdim olunmuş 29 sentyabr 2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə, o cümlədən Neftçala Rayon Polis Şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısının «cinayət işinin başlanmasının rədd edilməsi barədə» 11 sentyabr 2025-ci il tarixli qərarında qeyd olunur ki, Şəxs 21 avqust 2025-ci il tarixdə Neftçala şəhəri, Heydər Əliyev prospektində yerləşən 3 saylı Körpələr evinin həyətində keçmiş arvadı Zərərçəkmiş şəxs nalayiq ifadələrlə söyüb təhqir edərək xırda xuliqanlıq etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə təqsirli bilməyərək qeyd etmişdir ki, Neftçala şəhəri, M.Əsədov küçəsində yaşayır. Hal-hazırda işləmir. Zərərçəkmiş şəxs onun keçmiş arvadıdır. Onunla üç ilə yaxın müddətdə evli olmuş və ailə münasibətlərindən bir oğlan uşağı doğulmuşdur. Hazırda boşanıblar. Aralarında həm vaxtilə yaşadıqları evlə bağlı, həm də digər mübahisələr mövcuddur, münasibətləri kəskindir. O cümlədən, boşandıqdan sonrakı dövrdə Fəridə onun uşağı ilə görüşməsinə müxtəlif üsullarla maneələr törətmiş, bu səbəbdən o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmış və məhkəmə tərəfindən onun uşağı ilə görüşməsi ilə bağlı qərar qəbul olunmuşdur. Buna baxmayaraq, Fəridə onun uşaqla görüşməsinə yenə də müxtəlif üsullarla imkan vermir, eyni zamanda uşaqda ona qarşı mənfi münasibət və qorxu hissi formalaşdırır. Bu hissi aradan qaldırması, həmçinin uşaqda ona qarşı normal münasibət formalaşması üçün onunla mütəmadi görüşüb normal ünsiyyət saxlamalıdır. Lakin, yuxarıda qeyd olunduğu kimi Fəridə buna hər dəfə maneələr törədir. Ona görə də məcburiyyət qarşısında qalıb 22 avqust 2025-ci ildə oğlunu görmək üçün Neftçala şəhərində yerləşən 3 saylı körpələr evinə getmişdir. Həmin vaxt Fəridə də orada olub. Fəridə yenə onun uşaqla normal şəraitdə görüşməsinə imkan verməmiş, yersiz səs-küy salıb uşaqda ona qarşı qorxu hissi yaratmış, nəticədə uşaq ondan qaçmağa və ağlamağa başlamışdır. Təbiidir ki, bu normal bir hal deyil və bu səbəbdən Fəridə ilə aralarında mübahisə yaranmışdır. Göstərilən hadisə bağçanın həyətində baş vermiş, ətrafda ondan, uşaqdan, Fəridədən və bağçanın iki nəfər işçisindən başqa heç kəs olmamışdır. Mübahisə zamanı əsəbiləşib Fəridəyə “səni öldürəcəm, meyitini sərəcəm” sözlərini demişdir. Lakin həmin vaxt Fəridəyə hər hansı xəsarət yetirmək fikri olmayıb, ona qarşı nalayiq ifadələr işlətməyib. Mübahisə vaxtı Fəridə də onu təhqir etmiş, ona “rədd ol” və s. bu kimi sözlər demişdir. Yuxarıda göstərilənlərdən də göründüyü kimi, hadisə onunla keçmiş arvadı arasında mövcud olan kəskin münasibət, o cümlədən Fəridənin ona uşağı ilə görüşməsinə imkan verməməsi səbəbindən baş vermiş, ətrafda bağçanın iki işçisindən başqa heç kəs olmadığına görə ictimai qayda pozulmamışdır. Göstərilənlərə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyib, iş materiallarını nəzərdən keçirib, toplanmış sübutların cəminə hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 8-ci maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinin mahiyyətindən görünür ki, şəxsin əməlində inzibati xətanın tərkibinin olması halı səlahiyyətli orqan tərəfindən sübuta yetirilməlidir. Beləliklə, Şəxs əməlində İXM-nin 510-cu maddəsinin tərkibinin mövcud olmasının sübuta yetirilməsi vəzifəsi polis orqanının üzərinə düşür. Məsələ ilə bağlı qeyd olunur ki, Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi xırda xuliqanlığa, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə məsuliyyət nəzərdə tutur. Xırda xuliqanlığın bilavasitə obyekti ictimai qayda, həmin xətanın obyektiv cəhətinin vacib əlaməti isə təqsirkar tərəfindən ictimai qaydanın pozulmasıdır. Xuliqanlıq müxtəlif formalarda törədilə bilər. Lakin hər bir halda bu əməl nəticəsində ictimai qayda pozulmalıdır. İctimai qayda dedikdə isə cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı pozan hərəkətlər dedikdə, qanunla qorunan ictimai və ya şəxsi mənafelərə zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının pozulmasında ifadə olunan hərəkətlər başa düşülməlidir (məsələn, insanların dincliyini pozma, ictimai yerlərdə insanlara saymazlıq ifadə edən hərəkətlər etmə və s.). Xuliqanlıq zamanı təqsirkarın hərəkətləri şəxsi motivlərə görə konkret şəxsə qarşı deyil, çox zaman cəmiyyətin heç tanımadığı hər hansı bir üzvünə qarşı yönəlmiş olur. Bu hərəkətləri ilə təqsirkar özünün “müstəsnalığını” kobud formada və ətrafdakı şəxslərin mənafelərinə, o cümlədən dincliyinə zidd qaydada nümayiş etdirməyə çalışır. İctimai qaydanı pozmadan və cəmiyyətə qarşı hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində və s. başlanmış mübahisə xuliqanlıq kimi qiymətləndirilə bilməz. İş materiallarına hadisənin çox güman ki, Zərərçəkmiş şəxs özü tərəfindən çəkilmiş videogörüntüsü əlavə olunub. Həmin videogörüntü, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin bildirdikləri və işin digər faktik halları ilə müəyyən olunur ki, Şəxs ilə Zərərçəkmiş şəxs arasında baş vermiş hadisə (mübahisə) aralarındakı şəxsi münasibətlərin pozulması zəminində, o cümlədən Şəxs uşağı ilə görüşməsinə Zərərçəkmiş şəxs maneə törətməsi səbəbindən baş verib. Videogörüntü ilə həmçinin müəyyən olunur ki, Şəxs mübahisə vaxtı əsəbi vəziyyətdə yuxarıdakı izahatında qeyd olunan sözləri demiş, lakin Zərərçəkmiş şəxs və ya hər hansı digər şəxsə qarşı heç bir söyüş və bu kimi nalayiq ifadələr işlətməmişdir. İşin faktik halları ilə müəyyən olunur ki, Şəxs hadisə vaxtı hərəkətləri ictimai qaydanın pozulmasına yönəlməmiş, o, yalnız Zərərçəkmiş şəxs ilə mübahisə etməklə başqalarına qarşı saymazlıq ifadə edən hərəkətlərə yol verməmiş, məqsədi öz şəxsiyyətinin “müstəsnalığını” nümayiş etdirməkdən ibarət olmamışdır. Mübahisə keçmişdə ər-arvad münasibətlərində olmuş şəxslər arasında şəxsi münasibətlərin pozulması zəminində baş vermiş, Şəxs hərəkətləri isə cəmiyyətin digər üzvlərinə qarşı deyil, şəxsi motivlərlə konkret olaraq Zərərçəkmiş şəxs qarşı, sonuncunun ona uşağı ilə görüşməsinə imkan verməməsi səbəbindən yönəlmişdir. Bütün bunlar məhkəməyə belə qənaətə gəlməyə əsas verir ki, inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə təsvir olunmuş şəraitdə Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsi mövcud olmayıb. Azərbaycan Respublikası İXM-nin 8.2 və 8.3-cü maddələrinə əsasən «İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir», «İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur». Həmin Məcəllənin 53.1.1-ci maddəsinə əsasən «inzibati xəta hadisəsi olmadıqda» inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Eyni Məcəllənin 105.1-ci maddəsinə əsasən «Bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir». Qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını və işin faktik hallarını nəzərə alaraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №3(053)-452/2025
Neftçala Rayon Məhkəməsi Qərar — İş №3(053)-452/2025
29.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver