Məhkəmə qərarları › İş №3(053)-455/2024

Neftçala Rayon Məhkəməsi Qərar — İş №3(053)-455/2024

18.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Neftçala rayonu İş № 3(053)-455/2024 18.12.2024 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Mən, Neftçala Rayon Məhkəməsinin hakimi Quliyev Samir İdris oğlu Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxsnin nümayəndələri X3, X2 və X6, inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X1 iştirakı ilə Şəxsnin Azərbaycan Respublikasındakı filialının Azərbaycan Respublikası İXM-nin 233.1ci maddəsi ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİM: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən təqdim edilmiş 25 noyabr 2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda qeyd olunur ki, «Neftçala rayonunun inzibati ərazisindən keçən Baş Mil Muğan kollektoru mədən ərazisində formalaşan maye tullantıların kollektora axıdılması, suda həll olunmuş neft karbohidrogenlərinin YVQH-dən 58 dəfə artıq olması aşkar edilmişdir». Protokolda həmçinin göstərilir ki, Şəxs yuxarıda təsvir olunmuş əməllə Azərbaycan Respublikası İXM-nin 233.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törədib. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxsnin nümayəndəsi X9 işin məhkəmə baxışı zamanı təmsil etdiyi şirkəti yuxarıda göstərilən maddələrlə təqsirli bilməyərək qeyd etmişdir ki, işin mahiyyəti ondan ibarət olmuşdur ki, şirkətin xəbəri olmadan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X15 Monitorinq İdarəsi naməlum tarixdə və naməlum şəraitdə şirkətin ərazisində monitorinq keçirmiş və monitorinqin nəticələrinə dair xx.xx.2024-cü il tarixində İnformasiya bülleteni tərtib edilmiş və etiraza əlavə olunmuşdur. Həmin informasiya bülletenində qeyd edilmişdir ki, “Şirkətin mədən ərazilərində formalaşan qrunt suları Baş Mil-Muğan Kollektoruna axıdılır və səth sularından götürülmüş su nümunəsi üzərində aparılmış kimyəvi təhlillərin nəticəsinə görə həll olmuş oksigenin miqdarı yol verilən qatılıq həddindən az, neft karbohidrogenləri isə 58,0 dəfə yol verilən qatılıq həddindən artıq müəyyən edilmişdir. Həmin İnformasiya bülleteni əsasında 25 noyabr 2024-cü il tarixdə Şəxsnin Azərbaycan Respublikasındakı filialı barəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin digər qurumu olan 3 saylı RETSİ tərəfindən Azərbaycan Respublikasının İXM-nin 233.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Qeyd edir ki, Şəxsnin Azərbaycan Respublikasındakı filialı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR), Neftechala İnvestments Limited və SOCAR Ortaq Neft Şirkəti arasında mövcud olan Azərbaycan Respublikasında Neftçala, Xıllı, Durovdağ-Babazanan neft yataqlarının və X8-qərb qanadının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında 2009-cu il ildə bağlanmış Saziş üzrə əməliyyat şirkəti qismində neft-qaz əməliyyatları ilə məşğul olur. Saziş qüvvəyə mindikdən sonra Şirkət fəaliyyətə başlayan zaman 2009-cu il tarixli Şəxsnin “Saziş sahəsində ətraf mühitin ekoloji durumu” sənədi hazırlanmışdır və peyk şəkillərindən istifadə olunaraq çirklənmiş ərazilərin xəritələri tərtib olunmuşdur. Məlum olduğu kimi, bu ərazilərdə 100 ilə yaxın neft hasilatı aparılmışdır. Sözü gedən sənəddə şirkətin ərazisində 163.25 ha neftlə çirklənmiş torpaq qeydə alınmışdır. Bura neftlə çirklənmiş torpaqlar, neft və qazma şlamları və digər çirklənmələr daxil olmuşdur. 2009-cu ildə bağlanmış sazişin şərtlərinə görə tarixi çirklənmələrə görə şirkət məsuliyyət daşımır və bunların idarəolunmasına görə heç bir öhdəliyi mövcud deyil. Digər tərəfdən Şəxs öz fəaliyyəti nəticəsində əmələ gələn tullantıların inventarizasiyasını aparır və qanunlar çərçivəsində idarə edir. Belə ki, lay suları tam qapalı sistem şəklində yenidən laylara vurularaq utilizasiya olunur. Qazma şlamları neytrallaşma üsulu ilə zərərsizləşdirilir. Neft şlamları Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Təhlükəli tullantılar poliqonuna təhvil verilir. Bərk təhlükəli tullantılar "xxxx" MMC-yə təhvil verilir. Bərk məişət tullantıları Neftçala MKTİB-yə müqavilə əsasında təhvil verilir. Məişət çirkab suları Neftçala MKTİB-yə təhvil verilir. Müqavilələrdən çıxarışları etiraz ərizəsinə əlavə etmişdir. Qrunt sularının Baş Mil-Muğan Kollektoruna axıdılmasına gəldikdə bunları nəzərə almaq lazımdır. Neft mədənlərinin böyük hissəsi relyef cəhətdən çökəkdə yerləşir və qrunt sularının səviyyəsi səthə çox yaxındır. Bu ərazilərdə torpaqların gilli olması səbəbindən yağan yağış sularının torpağa hopması uzun müddət çəkir. Yağış suları ərazilərdən xaric olmadıqda ərazilərdə gölməçələr yaranır, istehsalat və ətraf ərazilər, o cümlədən yaşayış məntəqələri su altında qalır. Bu səbəbdən, fəaliyyətlərindən əvvəlki dövrdə ARDNŞ tərəfindən səth sularının kənarlaşdırılması üçün geniş su drenaj kanallar şəbəkəsi layihələndirilib yaradılmış və iki böyük nasos stansiyaları vasitəsilə yağış sularının Baş Mil-Muğan Kollektoruna axıdılması başlanmışdır. Hal-hazırda nasosxanaların işlədilməsi və bütün xərcləri Şəxsnin üzərinə düşür. Qeyd etmək lazımdır ki, Baş Mil-Muğan Kollektoruna suların axıdılması mövsümi yağışlı havalarda baş verir və ildə 5-6 ay ərzində aparılır. Şəxs il ərzində ərazilərdə ekoloji monitoring keçirir. Laboratoriya tədqiqatları aparmaq üçün Azərbaycan Respublikası Standartlaşdırma, Meteorologiya və Patent üzrə Dövlət Komitəsi Dövlət Akkreditasiya Xidməti tərəfindən akkreditasiya olunmuş, beynəlxalq sertifikatlaşdırılması olan müstəqil “Azecolab” şirkəti cəlb olunur. “Azecolab” şirkəti tərəfindən xx.xx.2024-cü il tarixində Baş Mil-Muğan Kollektoruna səth suyunun axıdılması nöqtəsindən nümunə götürülmüşdir. (X15 Monitorinq İdarəsi tərəfindən nümunənin götürdüyü eyni yerdən), analizlər aparılmış və nümunələrdə karbohidrogenlərin miqdarının normadaxili olması müəyyən edilmişdir. Buna baxmayaraq, X15 Monitorinq İdarəsinin apardığı analiz nəticələri haqqında demək olar ki, ərazidə yığılan və Baş Mil-Muğan Kollektoruna axıdılan səth sularının tərkibində olan çirklənmələr yağan yağış sularının ərazidəki tarixi neftlə çirklənmiş torpaqların yuyulması nəticəsində əmələ gələ bilər. İşin hüquqi əsaslandırma hissəninə gəldikdə isə sazişin 22.4cü maddəsinin “a” bəndində qeyd edilir ki, kontrakt sahəsi ilə və ya kontrakt sahəsində edilən hərəkətlərlə əlaqədar olaraq ARDNŞ-nın və ya onun hər hansı sələflərinin həyata keçirdiyi hər hansı əməliyyatlar, o cümlədən, lakin bununla məhdudlaşmadan, ətraf mühitə ziyan vurulması nəticəsində baş verən hadisələr hər hansı ziyan, ölüm və ya hər hansı itki ilə əlaqədar olaraq hər hansı fiziki və ya hüquqi şəxs, o cümlədən, lakin bununla məhdudlaşmadan, hər hansı Hökümət orqanları, hər hansı Podratçı tərəfə, Əməliyyat Şirkətinə və yaxud onların ortaq şirkətlərinə qarşı hər hansı iradlar, tələblər, iddialar irəli sürdükdə və ya məhkəmə işi başladıqda ARDNŞ qüvvəyəminmə tarixinədək həmin ziyanların, itkilərin hamısı üzrə hər bir Podratçı tərəfin, Əməliyyat Şirkətinin və onların müvafiq ortaq şirkətlərinin məsuliyyətini ödəyir və onları məsuliyyətdən azad edir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının qanunun 3.2-ci maddəsinin tələblərinə əsasən, “... yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz”. X15 Monitoring İdarəsi tərəfindən istinad edilən yoxlama qanunun tələblərinə zidd olaraq yoxlamaların vahid məlumat reyestrində (Ədliyyə Nazirliyinin) qeydə alınmadan aparılmış, bu barədə Şəxs Azərbaycan Respublikasındakı Şirkətinin filialına məlumat verilməmişdir. Əlavə olaraq qeyd edir ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının 2015-ci il 20 oktyabr tarixli 1410-İVQ nömrəli Qanununun tətbiqi və sahibkarlıq sahəsində aparılan yoxlamaların dövlət tənzimlənməsinə dair əlavə tədbirlər barədə Azərbaycan Respublikası Prezidentinin 25 oktyabr 2015-ci il tarixli 660 nömrəli Fərmanına əsasən müstəsna yoxlamaların aparılmasına dair Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin razılığı alınmalıdır. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən Yoxlama plan üzrə (növbəti) və ya plandankənar (növbədənkənar) aparılır. Plan üzrə yoxlama yoxlayıcı orqanın tərtib etdiyi və vahid məlumat reyestrinə daxil edilmiş illik plan əsasında və həmin planda göstərilən tarixlərdə aparılır. Plandankənar (növbədənkənar) yoxlama isə insanların həyat və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa və mühüm təhlükənin olması və ya mühüm zərərin vurulması barədə hüquqi və fiziki şəxslərdən, dövlət və yerli özünüidarəetmə orqanlarından yoxlayıcı orqana konkret faktlara əsaslanan rəsmi müraciətlər (məlumatlar) daxil olduqda, habelə mediada məlumatlar yayıldıqda və vahid məlumat reyestrində (Ədliyyə Nazirliyinin) qeydə alındıqdan sonra aparılır. Belə ki, monitorinq zamanı qeyd etdiyi Qanunun tələblərinə aid heç bir sənəd təqdim edilməmişdir. Çünki qeyd etdiyi Qanunun 3.2-ci maddəsində qeyd edilir ki, “... yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası Qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz”. Həm də Azərbaycan Respublikası Prezidentinin 25 oktyabr 2015-ci il tarixli 660 nömrəli Fərmanında da qeyd edilir ki, müstəsna yoxlamaların aparılmasına dair Azərbaycan Respublikasi İqtisadiyyat Nazirliyinin razılığı alınmalıdır. Qanunvericiliyində tələbindən göründüyü kimi, monitorinqin keçirilməsinə dair aidiyyatı qurumdan icazə alınmalı daha sonra müvafiq sənədlər təqdim etməklə (qabaqcadan məlumat verilməsi şərti ilə) monitorinq keçirilməlidir. Digər bir vacib məqam da vardır ki, naməlum tarixdə monitorinq aparmaqla və 22 oktyabr 2024-cü il tarixdə monitorinqin nəticələrinə dair informasiya bülleteni tərtib edilməklə həmin idarə tərəfindən bülleten əsasında xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikasının İXM-nin 233.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bununla belə, 3 saylı RETSİ tərəfindən İXM-nin tələbləri kobud surətdə pozulmuşdur. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 102.1-ci maddəsində qeyd edilir ki, sağlamlıq əleyhinə, yaxud maliyyə, vergi, rüsum, gömrük işi, ətraf mühitin mühafizəsi, yanğın təhlükəsizliyi və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində, habelə yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, hərbi xidmət əleyhinə və bu Məcəllənin 227-ci, 232-1-ci, 351-1-ci, 602.1-ci və 602.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta aşkar edildikdən sonra kifayət qədər vaxt tələb edən ekspertizanın və ya digər prosessual hərəkətlərin aparılması zərurəti yarandıqda inzibati araşdırma aparılır. Qeyd edir ki, ekoloji monitorinqin nəticələri xəbərləri olmadan aparılması səbəbindən inzibati xəta haqqında protokolu heç bir halda qəbul etmir. Nümayəndə qeyd olunanları nəzərə alaraq Azərbaycan Respublikası İXM-nin 233.1ci maddələrinin tələblərinin pozulmasına dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxsnin digər nümayəndələri X7 və X12 işin məhkəmə baxışı zamanı nümayəndə X9 ilə eyni məzmunlu izahat vermiş və təmsil etdiyi Şəxsnin Azərbaycan Respublikasındakı filialı barəsində Azərbaycan Respublikası İXM-nin 233.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin məsləhətçi müfəttişi X5 işin məhkəmə baxışı zamanı bildirmişdir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X15 Monitoring İdarəsi tərəfindən neft-qaz hasilatı üzrə fəaliyyət göstərən Şəxs formalaşan bütün növ tullantıların mövcud qanunvericiliklərin tələblərinə uyğun riayət edilməsi vəziyyətinin araşdırılması istiqamətində ekoloji monitorinqlər həyata keçirilmişdir. Şirkətin ətraf ərazilərində aparılan vizual müşahidələr zamanı mədən ərazilərində formalaşan qrunt sularının Baş Mil-Muğan Kollektoruna axıdıldığı müəyyən olunmuşdur. Bundan başqa, vizual müşahidələr zamanı Şəxsnin mədən ərazilərində və quyularda aparılan təmir işlərinin ətraf ərazilərin neftlə çiklənməsinə, eləcə də neftli gölməçələrin yaranmasına səbəb olduğu, şirkətin saziş ərazisində formalaşaraq Baş Mil Muğan Kollektoruna axıdılan səth sularından götürülmüş su nümunəsi üzərində aparılmış kimyəvi təhlillərin nəticəsinə görə həll olmuş oksigenin miqdarının yol verilən qatılıq həddindən az, neft karbohidrogenlərinin isə 58,0 dəfə yol verilən qatılıq həddindən artıq olduğu müəyyən edilmişdir. Monitorinq keçirilərkən onlara məlumat verilmişdir. Lakin onlar prosesdə iştirak etmədilər. Rəyi müdafiə edirlər. Yekun olaraq Şəxs tərəfindən Neftçala rayonunun inzibati ərazisindən keçən Baş Mil Muğan kollektoruna mədən ərazisində formalaşan maye tullantılarının kollektora axıdılması, suda həll olunmuş neft karbohidrogenlərinin YVQH-dən 58 dəfə artıq olması halı müəyyən edildiyindən Şəxsnin Azərbaycan Respublikasındakı filialı barəsində Azərbaycan Respublikası İXM-nin 233.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Göstərilənləri nəzərə alaraq Şəxsnin Azərbaycan Respublikasındakı filialı barəsində qanunla nəzərdə tutulan tənbeh tətbiq olunmasını məhkəmədən xahiş edir. Məhkəmə iş materiallarını nəzərdən keçirib, toplanmış sübutların cəminə hüquqi qiymət verərək hesab edir ki, Şəxsnin Azərbaycan Respublikasındakı filialının Azərbaycan Respublikası İXM-nin 233.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işin icraatına aşağıdakı səbəblərə görə xitam verilməlidir. Təqdim edilmiş sənədlərlə müəyyən olunur ki, 25 noyabr 2024-cü ildə hüquqi şəxs Şəxsnin Azərbaycan Respublikasındakı filialı barəsində Azərbaycan Respublikası İXM-nin 233.1-ci maddəsi ilə MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilib. İnzibati xəta haqqında protokola inzibati xəta haqqında işin aidiyyatı üzrə göndərilməsi barədə qərardad, Şəxsnin nümayəndəsinin etibarnaməsi, nümayəndənin şəxsiyyətini təsdiq edən sənədin surəti, şirkətin rəhbərliyinə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubun surəti, Dövlət Vergi Xidmətinin elektron portalından çıxarış və İnformasiya bülleteni əlavə olunmuşdur. İnzibati xəta haqqında protokola əlavə edilmiş Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi X15 Monitorinq İdarəsinin 24 oktyabr 2024-cü il tarixli “Müəssisələrin ətrafında keçirilmiş monitorinqlər haqqında” informasiya bülletenindən görünür ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X15 Monitorinq İdarəsinin illik iş planına əsasən respublikanın cənub hissəsinə yaxın ərazilərdəki yataqlarda neft-qaz hasilatı üzrə fəaliyyət göstərən Şəxs, «X18.», «X10» və «X11» şirkətlərində formalaşan bütün növ tullantıların mövcud qanunvericiliklərin tələblərinə uyğun riayət edilməsi vəziyyətinin araşdırılması istiqamətində monitorinqlərin keçirilməsi üçün sözügedən şirkətlərin səlahiyyətli nümayəndələri tərəfindən lazımi şərait yaradılmamasına baxmayaraq, həmçinin Sumqayıt şəhəri ərazisindəki bəzi müəssisələrin ətrafında ekoloji monitorinqlər həyata keçirilmişdir. Şəxs SOCAR, «Neftechala İnvestments Limited» şirkəti və SOCAR-ın «Ortaq Neft Şirkəti» arasında bağlanmış «Azərbaycan Respublikasında Neftçala, Xıllı, Dürovdağ-Babazanan neft yataqlarının və X8-Qərb Qanadının daxil olduğu blokun bərpası, işlənilməsi və hasilatın pay bölgüsü haqqında Saziş”ə uyğun olaraq operator qismində fəaliyyət göstərir. Bununla əlaqədar 5 oktyabr 2009-cu il tarixində saziş qüvvəyə minmişdir. Neftçala və Salyan rayonlarının hüdudlarında yerləşən müqavilə sahəsi 2707,7 km2 təşkil etməklə, Şəxs tərəfindən neft-qaz əməliyyatları «Neftçala» və «Xıllı» yataqlarında həyata keçirilir. Şəxsnin ətraf ərazilərində aparılan vizual müşahidələr zamanı müəyyən olunmuşdur ki, şirkətin mədən ərazilərində formalaşan qrunt suları Baş Mil-Muğan Kollektoruna axıdılır. Respublikanın Mil-Muğan düzündən çəkilmiş bu kollektordrenaj sistemi Kür-Araz ovalığından qrunt sularını, həmçinin daşqınlar və su basmalar zamanı artıq suları Xəzər dənizinə sərbəst şəkildə axıdır. Bundan başqa vizual müşahidələr zamanı müəyyən olunmuşdur ki, Şəxsnin mədən ərazilərində və quyularda aparılan təmir işləri ətraf ərazilərin neftlə çiklənməsinə, eləcə də neftli gölməçələrin yaranmasına səbəb olur. Şəxsnin saziş ərazisində formalaşaraq Baş Mil-Muğan Kollektoruna axıdılan səth sularından götürülmüş su nümunəsi üzərində aparılmış kimyəvi təhlillərin nəticəsinə görə həll olmuş oksigenin miqdarı yol verilən qatılıq həddindən az, neft karbohidrogenləri isə 58,0 dəfə yol verilən qatılıq həddindən artıq müəyyən edilmişdir. Azərbaycan Respublikası İXM-nin 101.4 və 101.5-ci maddələrinə əsasən inzibati xəta haqqında protokolda «inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti» və «inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi» göstərilməlidir. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin məsləhətçi müfəttişi X5 tərəfindən tərtib edilmiş 25 noyabr 2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda hüquqi şəxs Şəxsnin Azərbaycan Respublikasındakı filialı tərəfindən Azərbaycan Respublikası İXM-nin 233.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədildiyi qeyd edilsə də, sözügedən protokolda inzibati xətanın törədildiyi vaxt göstərilməmişdir. Azərbaycan Respublikası İXM-nin 233.1-ci maddəsinə əsasən «Ətraf mühitə atılan, axıdılan və ya basdırılan zərərli maddələrin miqdarının yol verilə bilən normativlərdən artıq olmasına görə vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər on min beş yüz manatdan on iki min beş yüz manatadək məbləğdə cərimə edilir». Göründüyü kimi Azərbaycan Respublikası İXM-nin XXV fəslinə aid edilmiş İXM-in 233.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta ətraf mühitin mühafizəsi, təbiətdən istifadə və ekoloji təhlükəsizlik qaydaları əleyhinə olan inzibati xətalardır. «Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında Azərbaycan Respublikasının Qanunu»nun 2.1-ci maddəsinə əsasən bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Həmin Qanunun 3.1-ci bəndinə əsasən yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. Eyni Qanunun 3.2-ci bəndinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. «Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında Azərbaycan Respublikasının Qanunu»nun 4.2-ci maddəsinə əsasən yoxlamalar aşağıdakı prinsiplər əsasında aparılır: 4.2.1 qanunçuluq, ədalətlilik, obyektivlik, aşkarlıq və hesabatlılıq; 4.2.2 sahibkarın təqsirsizlik prezumpsiyası; 4.2.3 yoxlamaların vahid məlumat reyestrində dövlət qeydiyyatı; 4.2.4 sahibkarın yoxlama ilə bağlı olmayan fəaliyyətinə müdaxilə edilməməsi; 4.2.5 yoxlamanın yoxlayıcı orqanın səlahiyyətinə uyğunluğu; 4.2.6 eyni yoxlama predmetinin bir neçə yoxlayıcı orqan tərəfindən yoxlanılmaması; 4.2.7 yoxlamanın təşkili və aparılması barədə normativ hüquqi aktların və digər məlumatların sahibkar üçün açıqlığı; 4.2.8 yoxlamalar zamanı normativ hüquqi aktların tələblərinin pozulması nəticəsində sahibkara dəyən zərərə görə yoxlayıcı orqanın və onun vəzifəli şəxslərinin məsuliyyəti; 4.2.9 qanun pozuntularının qarşısının alınmasının cəzalandırılmadan üstünlüyü; 4.2.10 yoxlamanın yoxlayıcı orqan tərəfindən maliyyələşdirilməsi; 4.2.11 yoxlama səlahiyyətinə malik vəzifəli şəxslərin yüksək peşəkarlığı; 4.2.12 yoxlamalar sahəsində risk qiymətləndirilməsi sisteminin və yoxlama suallarının siyahısının tətbiqi; 4.2.13 yoxlayıcı orqanların fəaliyyətinə nəzarətin (o cümlədən daxili nəzarətin) həyata keçirilməsi; 4.2.14 yoxlamanın qabaqlayıcı və profilaktik xarakter daşıması və sahibkarlıq fəaliyyətinə dair məcburi tələblərə riayət olunmasında sahibkara köməklik göstərilməsinə xidmət etməsi; 4.2.15 yoxlanılan bütün sahibkarların hüquq və qanuni mənafelərinin bərabərliyi. Göründüyü kimi yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Hazırkı iş üzrə təqdim olunmuş sübutlardan Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin yoxlama aparılmazdan əvvəl yoxlamaların vahid məlumat reyestrində qeydə alınması müəyyən edilmir. Azərbaycan Respublikası İXM-nin 8.2-ci maddəsinə əsasən «İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir». Eyni Məcəllənin 8.3-cü maddəsinə əsasən «İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir». Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən «Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur». Azərbaycan Respublikası İXM-nin 53.2-ci maddəsinə əsasən «hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir». Həmin Məcəllənin 105-ci maddəsinə əsasən «Bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir». İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq, iş üzrə olan sübutları qiymətləndirərək hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxsnin Azərbaycan Respublikasındakı filialı barəsində Azərbaycan Respublikası İXM-nin 233.1-ci maddəsi ilə başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata təqsirliliyi sübuta yetirilmədiyindən, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildiyindən, iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114 – 115, 128 – 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxsnin Azərbaycan Respublikasındakı filialının Azərbaycan Respublikası İXM-nin 233.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Samir Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar