Məhkəmə qərarları › İş №3(053)-457/2024

Neftçala Rayon Məhkəməsi Qərar — İş №3(053)-457/2024

06.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Neftçala rayonu İş № 3(053)-457/2024 06.12.2024 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Mən – Neftçala Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu Yusifzadə Ziya Elşad oğlunun katibliyi, Neftçala rayon İcra və probasiya şöbəsinin rəisi X1 iştirakı ilə xx xxxxxxx 1979-cu ildə Neftçala rayonu, Bala Surra kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Neftçala rayonu, Bala Surra qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİM: Neftçala rayon İcra və probasiya şöbəsinin rəisi X1 06 dekabr 2024-cü ildə tərtib etdiyi MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolun məzmunundan, habelə inzibati xəta haqqında iş üzrə toplanmış digər materiallardan görünür ki, Salyan Rayon Məhkəməsi tərəfindən 08 iyul 2024-cü ildə verilmiş 2(057)-499/2024 nömrəli icra vərəqəsinə əsasən borclu Şəxs 11 sentyabr 2009-cu il təvəllüdlü X2, 03 may 2011-ci il təvəllüdlü X3 və 11 yanvar 2017-ci il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanması üçün əvvəli 25 yanvar 2024-cü il tarixindən hesablanmaqla hər ay hər bir uşağa görə 100 (yüz) manat olmaqla, cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutularaq tələbkar Zərərçəkmiş şəxs ödənilməlidir. İnzibati xəta haqqında protokoldan və icra işindən görünür ki, icra sənədi Neftçala rayon İcra və probasiya şöbəsinə daxil olmuş, icraata başlanaraq borcluya müvafiq olaraq qərar və bildiriş təqdim edilmişdir. Borclunun aliment borcu yarandığından onun əmlak vəziyyəti və gəlirinin yoxlanılması üçün aidiyyəti orqanlara sorğu ilə müraciət edilmiş, lakin tələbin yönələ biləcəyi əmlakını və gəlirini müəyyən etmək mümkün olmamışdır. Borcluya dəfələrlə xəbərdarlıq edildiyinə baxmayaraq o, aliment borcunu tam ödəməmiş, icra məmurunun çağırışlarına gəlməmiş, bu səbəbdən barəsində axtarış elan olunmuş, məhkəmə qərarının icrası ilə bağlı icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirməmişdir. Hazırda borclunun 2.200 manat aliment borcu var. Neftçala rayon İcra və probasiya şöbəsinin rəisi X5 işə məhkəmədə baxılması zamanı inzibati xəta haqqında protokolda göstərilənlərə uyğun məzmunlu izahat vermişdir. Hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcuddur. Göstərilənlərə əsasən ona qanunla nəzərdə tutulan inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs işə məhkəmədə baxılması zamanı aliment borcunu ödədiyini, lakin bunu təsdiq edən qəbzlərinin olmadığını bildirmişdir. Qeyd etdiyi halların nəzərə alınmasını məhkəmədən xahiş edir. Tələbkar Dadaşova X8 Rayon Məhkəməsinə ünvanladığı ərizəsində səhhəti ilə bağlı məhkəmə iclasında iştirak edə bilmədiyini, borclunun ona ötən müddətdə cəmi 800 manat məbləğində aliment ödədiyini bildirib, işə onun iştirakı olmadan baxılmasını və borclu barəsində ciddi tədbir görülməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və icra məmurunu dinləyib, tələbkarın ərizəsini, inzibati xəta haqqında protokolu, ona əlavə edilmiş sənədləri və icra işini nəzərdən keçirərək belə qənaətə gəlirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcuddur. Belə ki, o, məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, məhkəmə qərarı ilə müəyyən edilmiş aliment məbləğini üzrsüz səbəbdən tam ödəməmişdir. Məhkəmə bu qənaətə gələrkən həmçinin borcun miqdarını da nəzərə alır. Qeyd olunur ki, Şəxs ötən müddət üzrə ödəməli olan 3.000 manat civarında alimentdən cəmi 800 manat ödəyib. Bu isə onun bir neçə ayın alimentini ümumiyyətlə ödəmədiyini təsdiq edir. Göstərilənlərə əsasən hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən «Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 08 (səkkiz) gün müddətinə inzibati həbs tətbiq olunsun. Həbsdə saxlanılması müddətinin əvvəli 06 dekabr 2024-cü il saat 12.50-dən hesablansın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar