Məhkəmə qərarları › İş №3(053)-462/2024

Neftçala Rayon Məhkəməsi Qərar — İş №3(053)-462/2024

20.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Neftçala rayonu İş № 3(053)-462/2024 20.12.2024 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Mən – Neftçala Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu Yusifzadə Ziya Elşad oğlunun katibliyi Zərərçəkmiş şəxs iştirakı ilə xx xxxxxxxx 1979-cu ildə Neftçala rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, Salyan Oil şirkətində baş operator vəzifəsində işləyən, ünvan 1 ünvanı üzrə qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİM: Neftçala Rayon Polis şöbəsindən daxil olmuş 19 dekabr 2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda qeyd olunur ki, Şəxs «xx.xx.2024cü il tarixdə Neftçala rayon Bankə qəsəbəsində arvadı Zərərçəkmiş şəxs ailə-məişət zəminində təhqir etmiş və xırda xuliqanlıq əməli törətmişdir”. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək işə məhkəmədə baxılması zamanı bildirmişdir ki, Zərərçəkmiş şəxs ilə rəsmi nikahdadır və ümumi nikahdan üç uşaqları var. Hazırda Zərərçəkmiş şəxs ilə münasibətləri gərgindir və sonuncu uşaqlarla birlikdə ayrı bir ünvanda kirayədə yaşayır. 10 yaşlı oğlunu görmək üçün 4 dəfə həmin ünvana getmiş, lakin hər dəfə gedəndə Zərərçəkmiş şəxs səs-küy salaraq onun uşağı ilə görüşməsinə mane olmuşdur. 04 dekabr 2024-cü il tarixində sonuncu dəfə uşağını görmək üçün Zərərçəkmiş şəxs kirayədə yaşadığı ünvana gedib. Lakin Zərərçəkmiş şəxs yenə də onun uşaqla görüşməsinə maneə törətdiyinə görə əsəbiləşmiş və arvadının ünvanına söyüş söymüşdür. Bu zaman ətrafda heç bir kənar şəxs olmayıb. 04 dekabr 2024-cü il tarixindən sonrakı dövrdə heç vaxt Samirənin yaşadığı ünvana getməyib. Göstərilənlərə əsasən barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Zərərçəkmiş şəxs işə məhkəmədə baxılması zamanı 04 dekabr 2024-cü il tarixində baş vermiş hadisə ilə bağlı qeyd etmişdir ki, həmin tarixdə Şəxs onun uşaqları ilə birlikdə kirayədə yaşadığı ünvana gələrək onu və qızı Zəhranı nalayiq söyüşlərlə təhqir etmişdir. Hadisə kirayədə yaşadığı evin həyətində baş vermiş və bu zaman ətrafda heç bir kənar adam olmamışdır. Qeyd olunur ki, Zərərçəkmiş şəxs izahatında 05 dekabr 2024-cü il tarixində saat 04 radələrində baş vermiş hadisə ilə bağlı da məlumat vermişdir. Məhkəmə inzibati xəta haqqında protokolda yalnız 04 dekabr 2024-cü il tarixində baş vermiş hadisənin təsvir olunduğunu nəzərə alaraq 05 dekabr 2024-cü il tarixində saat 04 radələrində baş vermiş hadisə ilə bağlı araşdırma aparmayıb. Zərərçəkmiş şəxsin vəsatəti ilə şahid qismində dindirilmiş X1 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin qızı olduğunu bildirmişdir. Qeyd olunur ki, şahid məhkəməyə ziddiyyətli ifadə verərək 04 dekabr 2024-cü il tarixində baş vermiş hadisə ilə bağlı faktik olaraq heç bir məlumat verməmişdir. Şahidin izahatından belə təsəvvür yaranır ki, o, 04 dekabr 2024-cü il tarixində baş vermiş hadisəni ümumiyyətlə görməyib. Məhkəmə bir daha vurğulayır ki, inzibati xəta haqqında protokolda yalnız 04 dekabr 2024-cü il tarixində baş vermiş hadisənin təsvir olunması, yəni barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlinin məhz həmin hadisəyə görə Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə tövsif olunması səbəbindən məhkəmə başqa vaxtlarda Şəxs iştirakı ilə baş vermiş hadisələrə münasibət bildirmir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, zərər çəkmiş şəxsi və şahidi dinləyib, iş materiallarını nəzərdən keçirib, toplanmış sübutların cəminə hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 510cu maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 8-ci maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinin mahiyyətindən görünür ki, şəxsin əməlində inzibati xətanın tərkibinin olması halı səlahiyyətli orqan tərəfindən sübuta yetirilməlidir. Beləliklə, Şəxs əməlində İXM-nin 510-cu maddəsinin tərkibinin mövcud olmasının sübuta yetirilməsi vəzifəsi polis orqanının üzərinə düşür. Məsələ ilə bağlı qeyd olunur ki, Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi xırda xuliqanlığa, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə məsuliyyət nəzərdə tutur. Xırda xuliqanlığın bilavasitə obyekti ictimai qayda, həmin xətanın obyektiv cəhətinin vacib əlaməti isə təqsirkar tərəfindən ictimai qaydanın pozulmasıdır. Xuliqanlıq müxtəlif formalarda törədilə bilər. Lakin hər bir halda bu əməl nəticəsində ictimai qayda pozulmalıdır. İctimai qayda dedikdə isə cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı pozan hərəkətlər dedikdə qanunla qorunan ictimai və ya şəxsi mənafelərə zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının pozulmasında ifadə olunan hərəkətlər başa düşülməlidir (məsələn, insanların dincliyini pozma, ictimai yerlərdə insanlara saymazlıq ifadə edən hərəkətlər etmə və s.). Xuliqanlıq zamanı təqsirkarın hərəkətləri şəxsi motivlərə görə konkret şəxsə qarşı deyil, çox zaman cəmiyyətin heç tanımadığı hər hansı bir üzvünə qarşı yönəlmiş olur. Bu hərəkətləri ilə təqsirkar özünün “müstəsnalığını” kobud formada və ətrafdakı şəxslərin mənafelərinə, o cümlədən dincliyinə zidd qaydada nümayiş etdirməyə çalışır. İctimai qaydanı pozmadan və cəmiyyətə qarşı hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində və s. başlanmış mübahisə isə xuliqanlıq kimi qiymətləndirilə bilməz. İşin faktik halları ilə müəyyən olunur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxslə zərərçəkmiş şəxs arasındakı münaqişə ailə-məişət münasibətləri zəminində baş verib. Bu hal inzibati xəta haqqında protokolda da həmin protokolu tərtib etmiş şəxsin özü tərəfindən göstərilib. Göründüyü kimi hadisənin baş verməsinin konkret səbəbi olub ki, bu da barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxslə zərərçəkmiş şəxsin ailə-məişət münasibətləri ilə bağlıdır. Bütün bunlar və işin digər faktik halları məhkəməyə belə qənaətə gəlməyə əsas verir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müvafiq hərəkətləri hər bir halda ictimai qaydanın pozulmasına yönəlməmişdir. Yəni barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin ictimai qaydanı pozmaq niyyəti olmayıb. Göstərilənləri və işin s. faktik hallarını nəzərə alaraq hesab edirəm ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinin obyektiv cəhəti mövcud deyil. Belə olan halda onun əməlində həmin maddənin tərkibinin olmasından da söhbət gedə bilməz. İXM-nin 8.2 və 8.3-cü maddələrinə əsasən «İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir», «İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur». Azərbaycan Respublikası İXM-nin 53.0.2-ci maddəsinə əsasən «inzibati xəta tərkibi olmadıqda» inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Eyni Məcəllənin 105.1-ci maddəsinə əsasən «Bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir». Qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını və işin hallarını nəzərə alaraq hesab edirəm ki, Şəxs İXM-nin 510-cu maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Neftçala Rayon Məhkəməsi vasitəsi ilə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar