Məhkəmə qərarları › İş №3(053)-480/2023

Neftçala Rayon Məhkəməsi Qərar — İş №3(053)-480/2023

28.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Neftçala rayonu İş № 3(053)-480/2023 28.11.2023 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Mən – Neftçala Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu Mazanov Kamran Ramazan oğlunun katibliyi, Zərərçəkmiş şəxs iştirakı ilə xx xxxxxx 1964-cü ildə Neftçala rayonu, Aşağı Surra kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, Neftçala rayonu, Aşağı Surra kəndində qeydiyyatda olan və həmin kənddə yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 338.7-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİM: Neftçala Rayon Polis Şöbəsinin DYPB-nin vəzifəli şəxsi tərəfindən tərtib edilmiş 13 noyabr 2023-cü il tarixli AP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolun məzmunundan və ona əlavə edilmiş sənədlərdən görünür ki, 12 noyabr 2023-cü ildə saat 18.45 radələrində Şəxs mal-qaranı sutkanın qaranlıq vaxtında və məhdudiyyətli görünmə şəraitində yolun hərəkət hissəsinə nəzarətsiz ötürmüş, nəticədə mal-qara «BMW» markalı 10RO054 dövlət qeydiyyat nişanlı avtomobilin qarşısına çıxmış və yol-nəqliyyat hadisəsi baş vermişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs yuxarıda təsvir olunan inzibati xətanı törətməkdə özünü təqsirli bilməyərək, yol-nəqliyyat hadisəsinin «BMW» markalı 10RO054 dövlət qeydiyyat nişanlı avtomobilin yolda müəyyən olunmuş sürət həddini aşması nəticəsində baş verdiyini, hadisənin baş verməsində bilavasitə sürücünün özünün günahkar olduğunu bildirmişdir. İş üzrə icraata xitam verilməsini xahiş edir. İşin məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs bildirmişdir ki, 12 noyabr 2023-cü ildə saat 18.45 radələrində idarə etdiyi, özünə məxsus «BMW» markalı 10RO054 dövlət qeydiyyat nişanlı avtomobillə Salyan-Neftçala yolunda təxminən 60 km/saat sürətlə hərəkət edirdi. Neftçala rayonu, Aşağı Surra kəndi ərazisində havanın qaranlıq vaxtında yola qəfildən inək çıxaraq qaçmışdır. Qeyd edir ki, həmin anda qarşıdan digər nəqliyyat vasitəsi gəlirdi. Həmin avtomobillə toqquşmamaq üçün idarə etdiyi avtomobili sola istiqamətləndirə bilməmiş, lakin qəzadan yayınmaq üçün əyləci sıxmışdır. Buna baxmayaraq avtomobilinin ön hissəsi ilə inəyi vurub. Hadisə nəticəsində idarə etdiyi avtomobilə maddi zərər vurulmuşdur. Göstərilənlərə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə qanunla nəzərdə tutulan tənbeh tətbiq olunmasını xahiş edir. Şəxs özünü təqsirli bilmədiyinə baxmayaraq, onun inzibati xəta haqqında protokolda təsvir olunmuş əməli törətməsi halı zərərçəkmişin ifadəsi ilə yanaşı iş üzrə toplanmış digər sübutlarla da təsdiq edilir. Göstərilənlərə əsasən hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Azərbaycan Respublikası İXM-nin 338.7-ci maddəsi ilə təqsirli bilinərək məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən «Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». İş üzrə məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İXM-nin 338.7-ci maddəsi ilə təqsirli bilinərək 120 (yüz iyirmi) manat miqdarında cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar