Məhkəmə qərarları › İş №3(053)-501/2025

Neftçala Rayon Məhkəməsi Qərar — İş №3(053)-501/2025

05.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Neftçala rayonu İş № 3(053)-501/2025 05.11.2025 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Neftçala Rayon Məhkəməsinin hakimi Qasımzadə Ləman Fəxrəddin qızının sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, Tələbkar Zərərçəkmiş şəxs, Neftçala rayon İcra və probasiya şöbəsinin böyük icra məmuru X1 iştirakı ilə xx xxx 1976-cı ildə Neftçala rayonu, Bankə qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Neftçala Rayon Məhkəməsinin 17 mart 2025-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmiş, Neftçala rayonu, Bankə qəsəbəsi, V.Ağayev küçəsində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Neftçala rayon İcra və probasiya şöbəsinin böyük icra məmuru X2 tərəfindən 05 noyabr 2025-ci il tarixdə tərtib olunmuş, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Neftçala Rayon Məhkəməsi tərəfindən 07 dekabr 2021-ci il tarixdə verilmiş, 28 oktyabr 2021-ci il tarixli, 2(053)- 752/2021 nömrəli icra vərəqəsinə əsasən borclu Şəxs 1758 (min yeddi yüz əlli səkkiz) manat məbləğində pul və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq tələbkar Zərərçəkmiş şəxs xeyrinə ödənilməlidir. Neftçala rayon İcra və probasiya şöbəsinin böyük icra məmuru X1 məhkəməyə bildirdiklərindən və iş materiallarından həmçinin görünür ki, Neftçala Rayon Məhkəməsi tərəfindən 07 dekabr 2021-ci ildə verilmiş 28 oktyabr 2021-ci il tarixli, 2(053)- 752/2021 nömrəli icra vərəqəsi Neftçala rayon İcra və probasiya şöbəsinə daxil olaraq, 15 dekabr 2021-ci il tarixdə icraata başlamaq haqqında qərar verilmiş və eyni tarixdə tələbin könüllü icrasına dair bildirişlər tərtib edilərək, 12 aprel 2022-ci il tarixdə borcluya şəxsən təqdim olunmuşdur. Eyni zamanda borcluya hüquqları və vəzifələri barədə ətraflı məlumat verilməklə, qüvvədə olan məhkəmə qətnaməsinin icrasının zəruri olduğu izah edilmiş, o cümlədən bildirilmişdir ki, qətnamənin icrasını könüllü təmin etməyəcəyi təqdirdə, onun məcburi icrası istiqamətində tədbirlər görüləcəkdir. Borclu izahat verərək bildirmişdir ki, borcunu ödəməkdən imtina etmir. İmkanı olmadığı üçün borcunu ödəyə bilməmişdir. Ona qanunun tələbləri bir daha izah edilərək qətnamənin icrasının zəruri olduğu nəzərinə çatdırılmışdır. Borclu icra sənədini icra etməkdən yenə də yayınmış, bu səbəbdən Şəxs barəsində dəfələrlə Azərbaycan Respublikası İXM-nin 528.1 və 528.1-1-ci maddələri ilə inzibati xəta haqqında protokollar tərtib edilərək baxılması üçün Neftçala Rayon Məhkəməsinə göndərilmişdir. Sonuncu dəfə məhkəmənin 17 mart 2025-ci il tarixli qərarına əsasən Şəxs 20 (iyirmi) gün müddətinə inzibati qaydada həbs edilmiş, lakin qətnamənin icrasından yenə də yayınmışdır. 02 oktyabr 2025-ci il tarixdə borclunun axtarışı barədə qərar qəbul olunmuş və icra olunması üçün Neftçala Rayon Polis Şöbəsinə göndərilmişdir. Şəxs axtarış qərarı ilə 05 noyabr 2025-ci il tarixində tutularaq Neftçala rayon İcra və probasiya şöbəsinə təhvil verilmiş, onun barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Neftçala Rayon Məhkəməsinə göndərilmişdir. Hazırda Şəxs tələbkar Zərərçəkmiş şəxs 1718 (min yeddi yüz on səkkiz) manat borcu vardır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs hazırkı iş üzrə məhkəmə baxışı zamanı bildirmişdir ki, rəsmi iş yeri yoxdur, fərdi əməklə, yəni fəhləliklə məşğul olur. Bildirir ki, hazırda Zərərçəkmiş şəxs 1718 (min yeddi yüz on səkkiz) manat borcu vardır. Göstərilənlərə əsasən inzibati xəta haqqında iş üzrə ona müvafiq köməklik göstərilməsini məhkəmədən xahiş edir. Habelə qeyd edir ki, barəsində inzibati həbs tətbiq edildiyi halda borcunu ödəməyəcəkdir. Tələbkar Zərərçəkmiş şəxs işin məhkəmə baxışı zamanı bildirmişdir ki, Şəxs borcundan ödənişlər etmir. Borclunun son inzibati həbsindən sonra cəmi 40 manat ödəniş etdiyini bildirmişdir. Artıq ona olan inamı itmişdir. O, şəhid ailəsi üzvü olduğunu, həyat yoldaşının 1-ci Qarabağ Müharibəsində həlak olduğunu bildirmişdir. Bundan əlavə o, tənha olaraq yaşadığını, sağlamlığında problemlər olduğunu, mütəmadi müalicəyə ehtiyacı olduğunu qeyd etmişdir. Göstərilənləri nəzərə alaraq Şəxs qanunla nəzərdə tutulan tənbeh tətbiq olunmasını məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müvafiq borc məbləğlərini ödəmədiyini kifayət qədər maddi imkana malik olmaması və düşdüyü çətin vəziyyətlə izah etmişdir. İş materiallarına əlavə edilmiş Neftçala Rayon Məhkəməsinin 3(053)-288/2024 nömrəli iş üzrə 07 avqust 2024-cü il tarixli qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 20 (iyirmi) gün müddətinə inzibati həbs tətbiq olunmuşdur. İş materiallarına əlavə edilmiş Neftçala Rayon Məhkəməsinin 3(053)-142/2025 nömrəli iş üzrə 17 mart 2025-ci il tarixli qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 20 (iyirmi) gün müddətinə inzibati həbs tətbiq olunmuşdur. İnzibati xəta haqqında protokolu, ona əlavə edilmiş sənədləri və icra işini nəzərdən keçirib belə qənaətə gəlirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcuddur. Belə ki, o, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanı inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə məsuliyyətə cəlb olunmuşdur. Göstərilənlərə əsasən Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsi ilə təqsirli bilinərək, məsuliyyətə cəlb olunmalıdır. İş üzrə yekun qənaətə gələrkən məhkəmə həmçinin nəzərə alır ki, hazırkı iş üzrə məhkəmə baxışı dövründə də borcluya qanunun tələbləri, qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasının məcburi olduğu ətraflı izah edilmiş, lakin o, yazılı izahatlarında olduğu kimi, yenə də bildirmişdir ki, borclarını ödəməkdən imtina etmir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən «Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». İş üzrə məsuliyyəti yüngülləşdirən hallar müəyyən edilməmişdir. Şəxs bir il ərzində bir neçə dəfə inzibati məsuliyyətə cəlb edilmiş, bu halda məsuliyyəti ağırlaşdırıan haldır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114,115,117128–130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 01 (bir) ay 15 (on beş) gün müddətinə inzibati həbs tətbiq olunsun. Həbs etmənin əvvəli 05 noyabr 2025-ci il tarixindən hesablansın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Ləman Qasımzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar