Məhkəmə qərarları › İş №3(053)-51/2023

Neftçala Rayon Məhkəməsi Qərar — İş №3(053)-51/2023

15.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Neftçala rayonu İş № 3(053)-51/2023 15.02.2023 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Mən – Neftçala Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, Neftçala Rayon İcra və probasiya şöbəsinin icra məmuru X1, tələbkar Zərərçəkmiş şəxs iştirakı ilə xx xxxxxx 1979-cu ildə Neftçala şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Neftçala şəhəri, M.Ə.Rəsulzadə küçəsi ünvanı üzrə qeydiyyatda olan, ünvan 1 Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİM: Neftçala rayon İcra və probasiya şöbəsinin icra məmuru X2 tərəfindən 15 fevral 2023-cü ildə tərtib olunmuş MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Neftçala Rayon Məhkəməsi tərəfindən 12 yanvar 2022-ci ildə verilmiş 30 yanvar 2020-ci il tarixli 2(010)-62/2020 nömrəli icra vərəqəsinə əsasən borclular X3, Şəxs və X6 tələbkar Zərərçəkmiş şəxs mülkiyyətində olan, Neftçala şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən 100A nömrəli fərdi yaşayış evindən çıxarılmalı, ev boşaldılmalı və tələbkar Zərərçəkmiş şəxs istifadəsinə verilməlidir. Neftçala rayon İcra və probasiya şöbəsinin icra məmuru X1 məhkəməyə bildirdiklərindən və iş materiallarından həmçinin görünür ki, Neftçala Rayon Məhkəməsi tərəfindən 12 yanvar 2022-ci ildə verilmiş 30 yanvar 2020-ci il tarixli 2(010)-62/2020 nömrəli icra vərəqəsi Neftçala rayon İcra və probasiya şöbəsinə daxil olaraq, 14 yanvar 2022-ci ildə icraata başlamaq haqqında qərar verilmiş və eyni tarixdə tələbin könüllü icrasına dair bildirişlər tərtib edilərək, 14 yanvar 2022-ci ildə hər üç borcluya şəxsən təqdim olunmuşlar. Eyni zamanda borclulara hüquqları və vəzifələri barədə ətraflı məlumat verilməklə, qüvvədə olan məhkəmə qətnaməsinin icrasının zəruri olduğu izah edilmiş, o cümlədən bildirilmişdir ki, qətnamənin icrasını könüllü təmin etməyəcəkləri təqdirdə, onun məcburi icrası istiqamətində tədbirlər görüləcək. Lakin borcluların hər üçü 14 yanvar 2022ci ildə yazılı formada izahatlar verərək bildirmişlər ki, qətnamədə göstərilən ev onların müvafiq olaraq mərhum əri və ataları tərəfindən inşa edilmiş, bu səbəbdən də evdən çıxmaq fikirləri yoxdur. Onlara qanunun tələbləri bir daha izah edilərək qətnamənin icrasının zəruri olduğu nəzərlərinə çatdırılmışdır. Borclular icra sənədini könüllü olaraq icra etmədiklərinə görə 28 mart 2022-ci ildə yazılı formada xəbərdarlıqlar tərtib edilmiş və eyni tarixdə hər üçünə şəxsən təqdim olunmuşdur. Daha sonra borclu Şəxs ərizə ilə məhkəməyə müraciət edərək, qətnamənin icrasına möhlət verilməsini xahiş etmiş, Neftçala Rayon Məhkəməsinin 8(053)-15/2022 nömrəli iş üzrə 15 aprel 2022-ci il tarixli qərardadı ilə ərizə təmin olunaraq, Neftçala Rayon Məhkəməsinin 30 yanvar 2020-ci il tarixli 2(010)-62/2020 nömrəli qətnaməsinin icrasına 02 (iki) ay möhlət verilmişdir. Lakin göstərilən müddət keçdikdən sonra da qətnamə icra olunmamış, əksinə borclu Şəxs 14 iyul 2022-ci ildə yazılı izahat verərək icra sənədində göstərilən, Neftçala şəhəri, M.Ə.Rəsulzadə küçəsi, ev 100A ünvanında yerləşən evdən çıxmayacağını bildirmişdir. Bu səbəbdən Şəxs 14 iyul 2022-ci ildə yenidən yazılı formada xəbərdarlıq edilmiş, həmin xəbərdarlıq ona şəxsən təqdim olunmuşdur. Borclular icra sənədini icra etməkdən yenə də yayınmış, bu səbəbdən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Neftçala Rayon Məhkəməsinə göndərilmişdir. Lakin hakim ona qanunun tələblərini bir daha izah etdiyinə, həmçinin qətnamənin icrası üçün faktik olaraq yenidən möhlət verməklə işin məhkəmə baxışını dəfələrlə təxirə saldığına, hətta borclunun vəsatəti ilə iş üzrə icraatı dayandırdığına baxmayaraq, Şəxs məhkəmə iclaslarına gəlməmiş, qətnamənin icrasından yenə də yayınmışdır. Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi müddətinin həmin Məcəllənin 38-ci maddəsinə əsasən keçməsi səbəbindən Neftçala Rayon Məhkəməsinin 3(053)-409/2022 nömrəli iş üzrə 28 noyabr 2022-ci il tarixli qərarı ilə inzibati xəta haqqında işin icraatına xitam verilmişdir. Bundan sonrakı dövrdə də borclular qətnamənin icrasından yayınmış, mübahisəli evdən çıxmaq fikirlərinin olmadığına dair 15 fevral 2023-cü ildə yazılı izahatlar vermişlər. Tələbkar Zərərçəkmiş şəxs işin məhkəmə baxışı zamanı bildirmişdir ki, borclunun evin inşasına dair bildirdikləri əsas etibarilə həqiqəti əks etdirmir. Hər üç borclu qətnaməni icra etməkdən birmənalı olaraq imtina edir. Göstərilənləri nəzərə alaraq Şəxs qanunla nəzərdə tutulan tənbeh tətbiq olunmasını məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs hazırkı iş üzrə məhkəmə baxışı zamanı bildirmişdir ki, Neftçala şəhəri, M.Ə.Rəsulzadə küçəsi, ev 100A ünvanında yerləşən ev onun mərhum atası Ramiz Şirəliyev tərəfindən inşa olunub. Əmisi (tələbkar) Zərərçəkmiş şəxs isə həmin evə heç bir hüququ yoxdur. Bu səbəbdən həm birinci instansiya məhkəməsinin, həm də yuxarı instansiya məhkəmələrinin qərarlarını qanunsuz sayır. Ona görə də Neftçala şəhəri, M.Ə.Rəsulzadə küçəsi, ev 100A ünvanında yerləşən evdən çıxmayacaq, qətnaməni icra etməyəcək. Göstərilənlərə əsasən inzibati xəta haqqında işin icraatına xitam verilməsini məhkəmədən xahiş edir. İnzibati xəta haqqında protokolu, ona əlavə edilmiş sənədləri və icra işini nəzərdən keçirib belə qənaətə gəlirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcuddur. Belə ki, o, icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini üzrlü səbəb olmadan yerinə yetirmir, əksinə icra sənədini icra etməyəcəyini bildirir. Göstərilənlərə əsasən Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, məsuliyyətə cəlb olunmalıdır. İş üzrə yekun qənaətə gələrkən məhkəmə həmçinin nəzərə alır ki, hazırkı iş üzrə məhkəmə baxışı dövründə də borcluya qanunun tələbləri, qanuni qüvvəyə minmiş məhkəmə aktının icrasının məcburi olduğu ətraflı izah edilmiş, lakin o, yazılı izahatlarında olduğu kimi, yenə də bildirmişdir ki, Neftçala şəhəri, M.Ə.Rəsulzadə küçəsi, ev 100A ünvanında yerləşən ev onun atası tərəfindən inşa edilib. Bu səbəbdən də icra sənədini icra etməyəcək, o cümlədən Neftçala şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən 100A nömrəli fərdi yaşayış evindən çıxmayacaq, onu boşaltmayacaq və tələbkarın istifadəsinə verməyəcək. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən «Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». İş üzrə məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 10 (on) gün müddətinə inzibati həbs tətbiq olunsun. Həbs etmənin əvvəli 15 fevral 2023-cü il tarixindən saat 13.30-dan hesablansın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar