Məhkəmə qərarları › İş №3(053)-522/2022

Neftçala Rayon Məhkəməsi Qərar — İş №3(053)-522/2022

20.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Neftçala rayonu İş № 3(053)-522/2022 20.10.2022 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Mən – Neftçala Rayon Məhkəməsinin hakimi X7 Qəmbərov Əli Qəmbər oğlunun katibliyi ilə xx xxxxx 1991-ci ildə Neftçala rayonu, Xolqarabucaq kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Neftçala rayonu, Xolqarabucaq kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan, 18 oktyabr 2022-ci ildə inzibati qaydada tutulmuş Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİM: Neftçala Rayon Polis Şöbəsi tərəfindən təqdim olunmuş 19 yanvar 2022-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda qeyd olunur ki, Şəxs 18 oktyabr 2022-ci il tarixdə saat 16 radələrində Neftçala RPŞ-nin inzibati binasının birinci mərtəbəsində 8 №-li iş otağında səs-küy salaraq polis əməkdaşının qanuni tələbinə qəsdən tabe olmamışdır. İnzibati xəta haqqında protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs yuxarıda təsvir olunmuş əməllərlə Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətdiyi göstərilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü yuxarıda təsvir olunmuş inzibati xətanı törətməkdə təqsirli bilməyərək qeyd etmişdir ki, Neftçala RPŞ-nin əməkdaşları tərəfindən rayon polis şöbəsinə dəvət olunaraq 18 oktyabr 2022-ci ildə şöbənin inzibati binasının birinci mərtəbəsində 8 №-li otağa gəlmişdir. Orada ona aydın olmuşdur ki, polis şöbəsinə Bakı şəhər sakinləri X2 və X3 müraciəti əsasında çağırılıb. Xidməti otaqda polis əməkdaşının iştirakı ilə həmin şəxslərlə söhbət etdiyi zaman aydın olmuşdur ki, X4 və X5 ondan borc və faiz tələb edirlər. Bu tələb tamamilə əsassız olduğuna görə əsəbiləşmiş və həmin şəxslərə iradını bildirmişdir. Lakin heç bir söyüş söyməmiş və heç kəsin işinə mane olmamışdır. X1 və X3 ona qarşı tələbləri əslində mülki xarakterli olduğuna baxmayaraq, o, polis əməkdaşları tərəfindən 18 oktyabr 2022-ci ildə saat 16:15-dən 19 oktyabr 2022-ci il saat 15.20-dək tutulmuş və Neftçala Rayon Polis Şöbəsində saxlanılmışdır. Həmçinin 19 oktyabr 2022-ci il tarixində barəsində Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilib. Həmin protokolu əsassız və qanunsuz sayır. Göstərilənlərə əsasən barəsində olan inzibati xəta haqqında iş üzrə xitam verilməsini məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyib, iş materiallarını nəzərdən keçirib, toplanmış sübutların cəminə hüquqi qiymət verərək belə qənaətə gəlirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 8.2 və 8.3-cü maddələrinə əsasən «İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir», «İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur». İXM-nin yuxarıda istinad edilən 8-ci maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinin mahiyyətindən görünür ki, şəxsin əməlində inzibati xətanın tərkibinin olması halı səlahiyyətli orqan tərəfindən sübuta yetirilməlidir. Beləliklə, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrinin tərkibinin olması halının sübuta yetirilməsi vəzifəsi inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın üzərinə düşür. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi aşağıdakı məzmundadır: «Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə – fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur». İXM-nin 535.1-ci maddəsinin dispozisiyasından görünür ki, həmin maddə məhz ictimai qaydanın mühafizə vəzifələrini icra edən polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələblərinə qəsdən tabe olmamağa görə məsuliyyət müəyyən edir. Yəni hər bir halda təqsirkarın qanunazidd hərəkətləri ictimai qaydanın pozulmasına, müvafiq vəzifəli şəxsin hərəkətləri isə bu pozuntunun qarşısının alınmasına yönəlməlidir. Əks təqdirdə İXM-nin 535.1-ci maddəsinin tərkibi obyektiv cəhətdən mövcud ola bilməz. İctimai qayda dedikdə isə cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İşin faktik hallarından görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxslə Bakı şəhər sakinləri X4 və X5 mübahisə sonuncuların ona qarşı pul tələbi ilə bağlı olmuş (ola bilər ki, müvafiq məsələ mahiyyət etibarilə mülki xarakterlidir) olmuş, yəni səbəbsiz olmamışdır. Bunun əksi iş materialları ilə müəyyən olunmur. O cümlədən, Neftçala Rayon Polis Şöbəsinin İQ-nun baş müstəntiqi İsmayıl Zeynalov tərəfindən 18 oktyabr 2022-ci ildə tərtib olunmuş raportda Şəxs “Neftçala RPŞnın inzibati binasının birinci mərtəbəsində 8 nömrəli xidməti otaqda daxil olmuş müraciətlə bağlı aparılan söhbət zamanı Şəxs səs-küy salmaqla asayişi pozaraq qərəzli formada izahat verməkdən imtina edib iştirakçıların ünvanına pis və nalayiq söyüşlər söyməklə polisin qanuni tələblərinə qarşı tabesizlik göstərdiyi” qeyd olunduğuna baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin polis əməkdaşının (əməkdaşlarının) konkret olaraq hansı qanuni tələbinə qəsdən tabe olmadığı qeyd olunmamışdır. Belə bir məlumat iş materiallarına əlavə edilmiş digər sənədlərdə də yoxdur. Göstərilənlərlə yanaşı məhkəmə işin faktik hallarını nəzərə alaraq hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə qarşı müvafiq tələbləri irəli sürən polis əməkdaşı (əməkdaşları) hadisənin baş verdiyi şəraitdə və Şəxs münasibətdə ictimai qaydanı mühafizə etmək vəzifələrini icra etməyib (etməyiblər). Yəni müvafiq mübahisə X2 və X3 Şəxs qarşı pul tələbləri ilə bağlı polisdə aparılan araşdırma dövründə baş vermiş və ictimai qaydanın mühafizəsi ilə heç bir əlaqəsi olmamışdır. Belə olan halda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin obyektiv cəhətdən tərkibinin mövcud olmasından söhbət gedə bilməz. Eyni səbəbdən Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinin (xırda xuliqanlıq) tərkibi də mövcud deyil. Belə ki, xırda xuliqanlıq əməli də özündə təqsirli şəxs tərəfindən ictimai qaydanın pozulmasını ehtiva edir. Azərbaycan Respublikası İXM-nin 53.0.2-ci maddəsinə əsasən «inzibati xəta tərkibi olmadıqda» inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, “Bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir”. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işin icraatına xitam verilsin. Şəxs hazırkı qərar elan edildikdən dərhal sonra azad edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Neftçala Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar