Azərbaycan Respublikası adından QƏRAR Neftçala rayonu İş № 3(053)-528/2022 25.10.2022 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Mən – Neftçala Rayon Məhkəməsinin hakimi X8 Qəmbərov Əli Qəmbər oğlunun katibliyi zərərçəkmiş şəxs X2 iştirakı ilə xx xxxx 1978-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan, Neftçala rayonu, Pirəbbə kəndində yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİM: Neftçala Rayon Polis şöbəsindən daxil olmuş 25 oktyabr 2022-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda qeyd olunur ki, «xx.xx.2022-ci il tarixdə saat 17.30 radələrində Ağayev X6 rayonu, Pirəbbə kəndində X.R.Ulutürkün heykəlinin yanında ictimai qaydanı kobud surətdə pozaraq vətəndaş X3 nalayiq söyüşlərlə söydüyünə görə» Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək işə məhkəmədə baxılması zamanı bildirmişdir ki, Neftçala rayonu, Pirəbbə kəndində yaşayır. Neftçala rayonu, Yuxarı Qaramanlı kənd bələdiyyəsinin sədri Xanım Kərimova ilə aralarında yaranmış mübahisənin səbəbinə gəldikdə qeyd edir ki, Neftçala rayonu, Pirəbbə kəndində X.R.Ulutürkün abidəsinin yaxınlığından keçərkən görmüşdür ki, bələdiyyə sədri Xanım Kərimova yoldan keçən iki gənci tutaraq onun (barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin) şəhidlər bulağının inşa edilməsi üçün tökdürdüyü mişar daşlarını yığdıraraq yarasız hala salmışdır. O, iradını bildirmişdir ki, niyə ondan icazəsiz bu işləri gördürür. Xanım Kərimova ona ədalı tərzdə “səndən şikayət edəcəyəm” deyərək onu əsəbiləşdirmiş, o, da cavabında “şikayət etməyənin varına yoxuna lənət olsun” demişdir. Bu sözlərdən sonra Xanım ona vicdansız demiş, o, da ona vicdansız nəslindir demişdir. Həmin vaxt orada kənd sakinlərindən Babayev Elçin və Babayev Həsənağa olmuşlar. O, X.R.Ulutürkün xiyabanının yanında şəhidlər bulağı tikdirmək üçün oraya mişar daşları tökdürmüşdür. Göstərilənlərə əsasən barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Zərərçəkmiş şəxs X7 məhkəməyə verdiyi izahatında göstərdi ki, Neftçala rayonu, Yuxarı Qaramanlı bələdiyyəsinin sədri vəzifəsində işləyir. 20 oktyabr 2022-ci il tarixdə işlədiyi ərazinin Pirəbbə kəndində abadlıq təmizlik işləri apararkən Pirəbbə kəndində yaşayan Şəxs onlara yaxınlaşaraq heç bir səbəb göstərmədən onu, Bəhruzun, Könülün və başqa şəxslərin yanında nalayiq söyüşlərlə söymüşdür. O, da ona bildirmişdir ki, qadındır danışığına fikir versin və hərəkətlərini nizamlasın. O, əksinə daha da qərəzli şəkildə “tüpürüm sənin qadınlığına”, “tüpürüm sənin vicdanına” deyərək ona qarşı təhqiramiz ifadələr işlətmişdir. Mübahisə təxminən on dəqiqə davam etmiş, ətrafda dörd nəfər adam olmuşdur. Onu söyüb təhqir etdiyi üçün Şəxs bağışlamır və onun barəsində qanunamüvafiq tədbir görülməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 məhkəməyə verdiyi izahatında göstərdi ki, 20 oktyabr 2022-ci il tarixdə saat təxminən 17 radələrində oğlu Elçinlə yaşadığı Neftçala rayonu Pirəbbə kəndində X16 abidəsinin yaxınlığında heyvanlarını otararkən bələdiyyə sədri Xanım Kazımovanı abidənin ətrafında abadlıq işləri apardığını, oraya tökülmüş mişar daşlarını cərgəyə vurdurduğunu görmüş, lakin bir az sonra oraya gələn Şəxs ona irad bildirdiyini niyə ondan icazəsiz daşları cərgəyə vurdurduğunu və bununla bağlı aralarında mübahisə yarandığının şahidi olmuşdur. Mübahisə zamanı Xanım ona demişdir ki, X16 90 illik yubileyi ilə əlaqədar abadlıq işləri aparır getsin işi ilə məşğul olsun. Sonra xanım ona “vicdansız” demiş, o da “vicdansız nəslidir” ifadəsini işlətmidir. Məhkəmə iclasında dindirilmiş şahidlər X5, X10 və X9 şahid X1 verdiyi ifadəyə uyğun ifadələr vermişlər. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, zərər çəkmiş şəxsi və şahidləri dinləyib, iş materiallarını nəzərdən keçirib, toplanmış sübutların cəminə hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 510cu maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 8-ci maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinin mahiyyətindən görünür ki, şəxsin əməlində inzibati xətanın tərkibinin olması halı səlahiyyətli orqan tərəfindən sübuta yetirilməlidir. Beləliklə, Şəxs əməlində İXM-nin 510-cu maddəsinin tərkibinin mövcud olmasının sübuta yetirilməsi vəzifəsi polis orqanının üzərinə düşür. Məsələ ilə bağlı qeyd olunur ki, Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi xırda xuliqanlığa, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə məsuliyyət nəzərdə tutur. Xırda xuliqanlığın bilavasitə obyekti ictimai qayda, həmin xətanın obyektiv cəhətinin vacib əlaməti isə təqsirkar tərəfindən ictimai qaydanın pozulmasıdır. Xuliqanlıq müxtəlif formalarda törədilə bilər. Lakin hər bir halda bu əməl nəticəsində ictimai qayda pozulmalıdır. İctimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı pozan hərəkətlər dedikdə isə qanunla qorunan ictimai və ya şəxsi mənafelərə zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının pozulmasında ifadə olunan hərəkətlər başa düşülməlidir (məsələn, insanların dincliyini pozma, ictimai yerlərdə insanlara saymazlıq ifadə edən hərəkətlər etmə və s.). Xuliqanlıq zamanı təqsirkarın hərəkətləri şəxsi motivlərə görə konkret şəxsə qarşı deyil, çox zaman cəmiyyətin heç tanımadığı hər hansı bir üzvünə qarşı yönəlmiş olur. Bu hərəkətləri ilə təqsirkar özünün “müstəsnalığını” kobud və ətrafdakı şəxslərin mənafelərinə, o cümlədən dincliyinə zidd qaydada nümayiş etdirməyə çalışır. İctimai qaydanı pozmadan və cəmiyyətə qarşı hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində və s. başlanmış mübahisə isə xuliqanlıq kimi qiymətləndirilə bilməz. İşin faktik halları ilə müəyyən olunur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs zərərçəkmiş şəxslə ona aid olan mişar daşlarının yerini ona demədən dəyişdirdiyi və onları sıraya vurdurduğu gördükdən sonra onunla mübahisə etmişdir. Göründüyü kimi hadisənin baş verməsinin konkret səbəbi olub ki, bu da barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxslə orada abadlıq işləri aparan bələdiyyə sədri arasında yaranmış mübahisə ilə bağlıdır. İşin faktik hallarından həmçinin görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxslə zərərçəkmiş şəxs arasında xeyli müddətdir ki, şəxsi ədavət mövcuddur. Bütün bunlar və işin digər faktik halları məhkəməyə belə qənaətə gəlməyə əsas verir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müvafiq hərəkətləri hər bir halda ictimai qaydanın pozulmasına yönəlməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin ictimai qaydanı pozmaq niyyəti olmayıb. Ona görə də Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinin obyektiv cəhəti mövcud deyil. Belə olan halda onun əməlində həmin maddənin tərkibinin olmasından da söhbət gedə bilməz. Azərbaycan Respublikası İXM-nin 8.2 və 8.3-cü maddələrinə əsasən «İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir», «İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur». Azərbaycan Respublikası İXM-nin 53.0.2-ci maddəsinə əsasən «inzibati xəta tərkibi olmadıqda» inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Eyni Məcəllənin 105.1-ci maddəsinə əsasən «Bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir». Qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını və işin faktik hallarını nəzərə alaraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Neftçala Rayon Məhkəməsi vasitəsi ilə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №3(053)-528/2022
Neftçala Rayon Məhkəməsi Qərar — İş №3(053)-528/2022
25.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver