Məhkəmə qərarları › İş №3(053)-562/2025

Neftçala Rayon Məhkəməsi Qərar — İş №3(053)-562/2025

22.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Neftçala rayonu İş № 3(053)-562/2025 22.01.2026 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Qasımzadə Ləman Fəxrəddin qızının sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, şikayətçi X1 iştirakı ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BDYPİ-nin xx.xx.2025-ci il tarixli, EQ 32061572 saylı inzibati xəta haqqında protokolundan X2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 şikayətlə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BDYPİ-nin xx.xx.2025-ci il tarixli, xx.xx.2025-ci il tarixli, EQ 32061572 saylı inzibati xəta haqqında protokolun ləğv edilməsini xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsinə əsasən 50 manat məbləğində inzibati tənbeh vermə haqqında qərar çıxarılmışdır. Qeyd edir ki, ünvan 1 ünvanında rəsmi qeydiyyatda olmaqla orada yaşayır. Mülkiyyətində 10LG105 dövlət qeydiyyat nömrə nişanlı BMW X5 markalı avtomobil vardır. Belə ki barəsində çıxarılmış xx.xx.2025-ci il tarixli EQ 32061572 seriyalı protokoldan görünür ki, xx.xx.2025-ci il tarixində saat 04:31:49-də Bakı, X4 5 (Buzovna).1.GPS:40.97.50.112 adlanan yerdə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş müddətdə texniki baxışdan keçirmədən idarə olunan 49BH766 dövlət qeydiyyat nömrə nişanlı QAZ24 minik markalı avtomobilin inzibati cəriməsi həmin avtomobilin sürücüsü üçün müəyyən olunmalı olduğu halda, səhvliklə onun barəsində 50 manat məbləğində inzibati tənbeh tədbiri seçilmişdir. Həmçinin bildirir ki, onun mülkiyyətində BMW X5 minik, UAZ452 yük sərnişin, və Mercedes C240 markalı avtomobillər mövcuddur. Qeyd edir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BDYPİ-nin rəsmi olaraq poçt vasitəsi ilə çıxarış göndərilmişdir. Göndərilən çıxarışdan görünür ki, xx.xx.2025-ci il tarixində saat 04:31:49də Bakı, X4 5 (Buzovna).1.GPS:40.97.50.112-ə uyğun çıxarılmış elektron qərar ona aid deyildir, yalnışlıqla onun barəsində çıxarılmış qərardır. Bundan əlavə olaraq qeyd edir ki, bu hal dəfələrlə təkrarlanmışdır. 49BH766 dövlət qeydiyyat nömrə nişanlı avtomobil ona aid olmadığı halda barəsində dəfələrlə elektron qərar çıxarılmışdır. Dəfələrlə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi DYPBİ-i barəsində yalnışlıqla elektron qaydada çıxarılmış qəraraların silinməsi ilə bağlı ünvanladığı müraciətləri uğurlu olmuş və barəsində yalnışlıqla çıxarılmış elektron qərarlar silinmişdir. Lakin sonuncu dəfə ünvanladığı müraciətə cavab olaraq AR DİN-in BDYPİ tərəfindən ona bu halın son verilməsi üçün Saatlı Rayon Notariat ofisinə müraciət etməsi tövsiyyə olundu. Poçt vasitəsi ilə elektron qərar rəsmi olaraq ona xx.xx.2025-ci il tarixdə təqdim edilmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi İ.G.Muradov ərizəsinin mahiyyətinə uyğun izahat verərək, şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BDYPİ-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısını dinləyib, şikayət ərizəsini və digər iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli, İXP 32061572 saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, İ.G.Muradov idarə etdiyi 49BH766 dövlət qeydiyyat nömrə nişanlı QAZ24 minik markalı avtomobil ilə 04:31:49-də Bakı, X4 5 (Buzovna).1.GPS:40.97.50.112 ünvanında yolayrıcını keçmə qaydalarını pozmaqla Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, İ.G.Muradovun nə mülkiyyətində nə də etibarnamə əsasında idarə etdiyi avtomobillər sırasında “ QAZ24” minik markalı, 49BH766 dövlət qeydiyyat nömrə nişanlı avtomobil mövcud deyildir. Belə ki, İ.G.Muradovun mobil telefonunda mobil notariat proqramına baxış keçirilmiş, həmin sənədlər çıxarılaraq iş materiallarına əlavə edilmişdir. Həmin sənədlərə əsasən G.Muradovun mülkiyyətində olan avtomobillər ** FU *** dövlət qeydiyyat nişanlı, Mercedes Benz C240 minik markalı, ** LG *** dövlət qeydiyyat nişanlı, BMW X-5 minik markalı və ** UB *** dövlət qeydiyyat nişanlı, UAZ 452 Yük Sərnişin markalı nəqliyyat vasitələridir. Etibarnamə əsasına idarə etdiyi avtomobillər mövcud deyildir. Qeyd edilən qərar qəbul edilərkən İ.G.Muradova istinad edilən inzibati xətanın törədilməsini təsdiq edən heç bir sübut araşdırılmamış, bundan əlavə hazırki işə məhkəmədə baxılarkən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BDYPİ-nin nümayəndəsi məhkəmə prosesində iştirak etməmiş və İ.G.Muradova istinad edilən inzibati xətanın törədilməsini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş şəxs İ.G.Muradov isə ona istinad edilən inzibati xəta hadisəsini törətmədiyini bildirmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı şəxsin inzibati xəta törədibtörətməməsini sübut etmək vəzifəsi səlahiyyətli dövlət orqanının üzərinə düşür. İndiki halda isə İ.G.Muradova istinad edilən inzibati xəta hadisəsinin törədilməsini təsdiq edən heç bir mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, İ.G.Muradovın təqsiri Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada sübuta yetmədiyi üçün o, təqsirsiz hesab edilməli və barəsində başlanılmış inzibati iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinin tələbinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, 53.0.2-ci maddəsinə əsasən isə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə, məhkəmə hesab edir ki, şikayətçi İ.G.Muradovun əməlində inzibati xəta tərkibi olmadığından onun şikayəti təmin edilməli, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BDYPİ-nin xx.xx.2025-ci il tarixli, İXP 32061572 saylı inzibati xəta haqqında protokolu əsasında qəbul edilmiş xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və başlanmış inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 şikayəti təmin olunsun. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BDYPİ-nin xx.xx.2025-ci il tarixli, İXP 32061572 saylı inzibati xəta haqqında protokolu əsasında qəbul edilmiş xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və başlanmış inzibati iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Neftçala Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ləman Qasımzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar