Məhkəmə qərarları › İş №3(053)-565/2025

Neftçala Rayon Məhkəməsi Qərar — İş №3(053)-565/2025

12.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Neftçala rayonu İş № 3(053)-565/2025 12.01.2026 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Neftçala Rayon Məhkəməsinin hakimi Qasımzadə Ləman Fəxrəddin qızının sədrliyi, Məhkəmə iclas katibi Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, Neftçala rayon İcra və probasiya şöbəsinin icra məmuru X1 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1986-cı il tarixdə Neftçala şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, ünvan 1 ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Neftçala rayon İcra və probasiya şöbəsinin icra məmuru X1 xx.xx.2025-ci il tarixdə tərtib etdiyi MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolun məzmunundan, habelə inzibati xəta haqqında iş üzrə toplanmış digər materiallardan görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş xx.xx.2024-cü il tarixli, e-2(011)-5619/2024 nömrəli icra vərəqəsinə əsasən tərəflərin birgə nikahından doğulmuş xx.xx.2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanmasından ötrü xx.xx.2024-ci il tarixdən başlayaraq cavabdeh Şəxs hər ay 235 manat sabit pul məbləğində aliment tutularaq cavabdeh Zərərçəkmiş şəxs xeyrinə ödənilməlidir. İnzibati xəta haqqında protokoldan və icra işindən görünür ki, icra sənədləri Neftçala rayon İcra və probasiya şöbəsinə daxil olmuş, icraata başlanaraq borclu Şəxs qərar və bildiriş göndərilmişdir. Borcluya dəfələrlə xəbərdarlıq edildiyinə baxmayaraq o, icra sənədi üzrə hal-hazırda ümumilikdə 940 manat aliment borcundan heç bir ödəniş etməməklə məhkəmə qərarının icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Hal-hazırda icra sənədi üzrə Şəxs 940 manat məbləğində aliment borcu vardır. Neftçala rayon İcra və probasiya şöbəsinin icra məmuru X2 işə məhkəmədə baxılması zamanı inzibati xəta haqqında protokolda göstərilənlərə uyğun məzmunlu izahat vermişdir. Hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcuddur. Göstərilənlərə əsasən ona qanunla nəzərdə tutulan inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs icra sənədi üzrə borcunu ödəmədiyini maddi imkansılığı ilə izah edir. Hazırda heç bir yerdə işləmədiyi, fərdi əməklə məşğul olduğu üçün həmin borcu ödəməyə maddi imkanı yoxdur. Lakin hər ay imkanı olduqca borcundan ödədiyini həmçinin sonuncu dəfə xx.xx.2025-ci il tarixində 250 manat, xx.xx.2025-ci il tarixində isə 200 manat ödəniş etmişdir. Hazırda isə 350 manat ödəniş etmişdir. Odur ki, onun barəsində olan inzibati xəta haqqında işə xitam verilməsini xahiş etmişdir. Məhkəmə icra məmurunu, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyib, icra işini və hazırkı işin materiallarını nəzərdən keçirib, toplanmış sübutların cəminə hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin tərkibi obyektiv cəhətdən yalnız o halda yarana bilər ki, şəxs məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməsin və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədini üzrsüz səbəbdən icra etməsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs işə məhkəmədə baxılması zamanı tələbkarın xeyrinə 350 manat ödəniş etdiyini bildirmiş, müvafiq qəbzi məhkəməyə təqdim etmişdir. Borclunun daha artıq miqdarda ödəniş etmək imkanına malik olması, lakin borcunu üzrsüz səbəbdən ödəməməsi halları işin məhkəmə baxışı zamanı müəyyən edilməmişdir. Göstərilənlərə əsasən və işin faktiki hallarını nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, borclu Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsinin tərkibi obyektiv cəhətdən mövcud deyil. Azərbaycan Respublikası İXM-nin 114.2.1-ci maddəsinə əsasən «bu Məcəllənin 53cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda» inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən «inzibati xəta tərkibi olmadıqda» inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Ləman Qasımzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar