Məhkəmə qərarları › İş №3(053)-69/2024

Neftçala Rayon Məhkəməsi Qərar — İş №3(053)-69/2024

27.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Neftçala rayonu İş № 3(053)-69/2024 27.02.2024 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Mən – Neftçala Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu Rəhmanov Elxan Abbasağa oğlunun katibliyi ilə xx xxxx 1985-ci ildə Neftçala rayonu, Xolqaraqaşlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Neftçala şəhəri, Heydər Əliyev prospekti ünvanı üzrə qeydiyyatda olan və yaşayan, 26 fevral 2024cü il saat 21.00-dan etibarən inzibati qaydada tutulmuş Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİM: Neftçala Rayon Polis Şöbəsi tərəfindən təqdim olunmuş 26 fevral 2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs 26 fevral 2024-cü ildə saat 10.15-də Neftçala–Salyan avtomobil yolunda, həmin tarixdə saat 20.40-da Neftçala şəhəri, Heydər Əliyev prospektində, həmçinin eyni gündə saat 20.55-də Neftçala Rayon Polis Şöbəsinin inzibati binasının qarşısında ucadan ünvansız söyüşlər söyüb ictimai qaydanı və asayişi pozmuş, həmçinin polis əməkdaşlarının qanuni tələblərinə qəsdən məhəl qoymayaraq tabesizlik göstərmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs yuxarıda təsvir olunmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilərək qeyd etmişdir ki, özünə məxsus olan «Mercedes Benz» markalı ** ND *** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə taksi fəaliyyəti ilə məşğul olur və əsasən Bakı şəhərinə sərnişin daşıyır. 26 fevral 2024-cü ildə saat 10.15 radələrində idarə etdiyi həmin avtomobil ilə Neftçala–Salyan yolunda saatda təxminən 70-80 km. sürətlə Salyan rayonu istiqəmtində hərəkətdə olarkən fikirli olduğu üçün davamlı ötmə əməliyyatı aparmış və bu zaman ərazidə xidmət aparan Neftçala RPŞnin DYPB-nin yol patrul xidmətinin inspektoru Şahid tərəfindən saxlanılmışdır. Polis əməkdaşı ona qayda pozuntusu törətdiyini və bu səbəbdən barəsində inzibati xəta haqqında protkol tərtib edəcəyini bildirmişdir. Qayda pozuntusunu qəsdən törətmədiyini, fikirli olduğundan qeyd edilən pozuntuya yol verdiyini bildirib, polis inspektorundan bu dəfə onu bağışlamasını, barəsində protokol tərtib etməməsini xahiş etmişdir. Bu zaman inspektor onunla razılaşmayıb xidməti vəzifəsini yerinə yetirəcəyini və qanuni tədbir görəcəyini bildirmişdir. Bu səbəbdən aralarında mübahisə yaranmış və əsəbləşərək polis inspektoru Şahid qarşı nalayiq ifadələr işlətmiş, daha sonra avtomobilinə minib Bakı şəhərinə getmişdir. Bir qədər sonra onun telefonuna 80 manat cərimə olunması ilə bağlı «sms» gəlmişdir. Həmin gün Bakı şəhərindən qaytdıqdan sonra saat 20.40-da Neftçala şəhəri, Heydər Əliyev prospektində Şahidlə rastlaşmışdır. Natiqə nə üçün maddi vəziyyətini və xahişini nəzərə almayaraq cərimə yazdığını irad tutmuşdur. Natiq isə artıq protokolu tərtib etdiyini bildirmişdir. Yenə də əsəbləşmişdir, lakin həmin vaxt söyüş söyməmişdir. Buna baxmayaraq Natiq post-patrul xidmətinə zəng edərək məlumat vermişdir. Bir neçə dəqiqə keçməsinə baxmayaraq post-patrul xidmətinin əməkdaşları hadisə yerinə gəlməmişdir. Bundan sonra Natiq ona barəsində raport yazacağını deyib xidməti maşını işə salaraq Neftçala RPŞ-nə getdiyini bildirmiş, həmçinin ona arxasınca polis şöbəsinə gəlməsi barədə göstəriş vermişdir. Ona görə də idarə etdiyi avtomobillə DYPB-nin xidməti avtomobilinin arxasınca Neftçala RPŞ-nə gəlmişdir. Polis şöbəsinin qarşısında da Şahid yenə də xahiş edib ki, heç olmasa raportu yazmasın. Natiq isə ona məhəl qoymadığını üçün yenidən əsəbləşərək səs-küy yaratmış və bu zaman ondan saktiləşməsini tələb edən Neftçala RPŞ-nin polis əməkdaşlarının tələblərinə məhəl qoymayaraq hərəkətlərini davam etdirmişdir. Qeyd edir ki, əsəbləşdiyi üçün bu cür xətalara yol veribdir. Hazırda isə əməlindən peşmandır. Ona qanunla mümkün olan güzəştlər edilməsini məhkəmədən xahiş edir. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Neftçala Rayon Polis Şöbəsinin DYPB-nin yol patrul xidmətinin inspektoru Şahid məhkəməyə verdiyi izahatında göstərmişdir ki, 26 fevral 2024-cü il tarixdə saat 10.15 radələrində Neftçala–Salyan yolunda xidmət apararkən «Mercedes Benz» markalı 99 ND228 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün davamlı ötmə əməliyyatı apardığını mühahidə edib onu saxlatdırmışdır. Sürücünün Şəxs olduğunu müəyyən edib, ona hüquq və vəzifələrini, o cümlədən törətdiyi qayda pozuntusunu izah edərək barəsində inzibati xəta haqqında protokol tərtib edəcəyini bildirmişdir. Bortkompüter vasitəsilə protokol tərtib edərkən Şəxs nalayiq ifadələr işlətmiş, həmçinin onun qanuni tələblərinə tabe olmayaraq avtomobilinə əyləşmiş, habelə avtomobili işə salaraq hadisə yerindən çıxıb getmişdir. Həmin gün saat 20.40-da Neftçala şəhəri, H.Əliyev prospektindəki X1rşısında xidmət apararkən Şəxs yenidən ona yaxınlaşaraq onu söyüb təhqir etməyə, həmçinin polisin ünvanına nalayiq ifadələr işlətməyə başlamışdır. O, Şəxs nizam-intizama dəvət etsə də sonuncu onun tələblərinə məhəl qoymayaraq tabesizlik göstərmişdir. Bu zaman o, hərəkətləri ilə ətrafdakıların diqqətini cəlb etmiş və onların hadisə yerinə toplaşmasına səbəb olmuşdur. Abidin saktiləşmədiyini görüb xidməti avtomobili sürərək raport yazması məqsədilə Neftçala RPŞ-nə getmişdir. Bu zaman Şəxs də idarə etdiyi avtomobili ilə onun arxasınca düşmüş və bir neçə dəfə xidməti avtomobilə qəza şəraiti yaratmışdır. Polis şöbəsinə çatdıqdan sonra avtomobildən düşüb yenə də nalayiq ifadələr işlədərək səs-küy yaradan Şəxs polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq qanunsuz hərəkətlərini davam etdirmişdir. Ona görə də raport yazaraq Neftçala RPŞ-nin rəhbərliyinə hadisə barədə məruzə etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, şahidi dinləyib, iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi halı sübuta yetirilmiş sayılmalıdır. Bu hal barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin özünün etirafı ilə yanaşı iş üzrə toplanmış digər sübutlarla da təsdiq edilir. Ona görə də o, həmin maddələrlə təqsirli bilinərək, məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinə əsasən «Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər». İşin faktik hallarını və inzibati xətalar qanunvericiliyinin yuxarıda göstərilən müddəasının tələblərini nəzərə alaraq hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinməli və ona həmin Məcəllənin daha ciddi sayılan 535.1-ci maddəsinin sanksiyası çərçivəsində inzibati tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən «Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». Hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin öz əməlini etiraf etməsi və peşman olması iş üzrə məsuliyyəti yüngülləşdirən hallar kimi qiymətləndirilməlidir. İş üzrə məsuliyyəti ağırlaşdıran hal müəyyən edilməmişdir. İşin faktiki hallarını nəzərə alaraq hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə «inzibati həbs» növündə inzibati tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinsin, Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinə əsasən barəsində həmin Məcəllənin 535.1-cı maddəsinin sanksiyası çərçivəsində 08 (səkkiz) gün müddətinə inzibati həbs tətbiq olunsun. Həbsdə saxlanılması müddətinin əvvəli 26 fevral 2024-cü il saat 21.00-dan hesablansın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar