Məhkəmə qərarları › İş №3(053)-72/2023

Neftçala Rayon Məhkəməsi Qərar — İş №3(053)-72/2023

13.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Neftçala rayonu İş № 3(053)-72/2023 13.04.2023 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Neftçala Rayon Məhkəməsinin hakimi Quliyev Samir İdris oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X1 iştirakı ilə "xxxx" MMC-nin Azərbaycan Respublikası İXM-nin 271-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin vəzifəli şəxsi tərəfindən "xxxx" MMC-nin Azərbaycan Respublikası İXM-nin 271-ci maddəsi ilə təqsirləndirilməsinə dair 09 mart 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunub. İnzibati xəta haqqında protokolda qeyd olunur ki, Salyan-Neftçala magistral avtomobil yolunun Neftçala rayonu, Aşağı Surra kəndindən keçən hissəsində, yolun kənarında fəaliyyət göstərən "xxxx" MMC-yə aid marketin fəaliyyəti zamanı orada formalaşan tullantılar kollektora atılaraq qalaqlanmış və yandırılmışdır. İşə məhkəmə iclasında baxılması zamanı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X2 inzibati xəta haqqında protokolda göstərilənlərə uyğun məzmunlu ifadə vermişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs barəsində inzibati tənbeh verilməsini məhkəmədən xahiş edir. İşin məhkəmə baxışının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq göndərilmiş "xxxx" MMC-nin nümayəndəsi gəlməmiş (məktubun qəbulundan imtina edilib) və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İnzibati xəta haqqında protokola 16 fevral 2023-cü il tarixli, 77346 nömrəli akt əlavə edilmişdir. Aktın məzmunundan görünür ki, Neftçala rayonu, Aşağı Surra kəndində, Salyan-Neftçala magistral yolunun kənarında fəaliyyət göstərən "xxxx" marketin yaxınlığında yerləşdirilmiş dəmir çəlləkdə tullantılar yandırılmış, eyni zamanda əraziyə baxış vaxtı "xxxx" marketin fəaliyyəti zamanı formalaşan müxtəlif cür tullantılar marketin arxasından keçən, qurunt sularının axıdılması üçün istifadə olunan dren kollektorunun içərisinə yığılaraq orada mütəmadi olaraq yandırılaraq ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməmişdir. Bununla bağlı iş materiallarına dəmir çəlləyin, və "xxxx" marketin arxa tərəfindən keçən dren kanalının ətrafına qalaqlanmış tullantıların fotoşəkilləri və inzibati xətanın törədilməsi zamanı 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən görüntünü əks etdirən 01 (bir) ədəd disk əlavə edilmişdir. Məhkəmə iclasında bu fotoşəkillərə, eləcədə də diskdə olan videoyazıya baxış keçirdikdə açıq-aşkar görünür ki, tullantıların atılması üçün müvafiq qutular (konteynerlər) ərazidə yoxdur, tullantılar isə marketin arxa tərəfinə yığılaraq qalaqlanmış vəziyyətdə yerləşir və "xxxx" marketin işçisi tərəfindən yandırılır. İş materiallarında olan Neftçala rayonu, Aşağı Surra kənd sakini "xxxx" marketin satıcısı kimi izahatı alınmış X3 izahatında bildirmişdir ki, "xxxx" marketdə satıcı işləyir. O, xx.xx.2023-cü il tarixli izahatında qeyd etmişdir ki, adı gedən marketdə əmələ gələn tullantılar işçilər tərəfindən "xxxx" MMC-yə aid marketin arxasında olan kollektora atılaraq yandırılır. Tullantıların daşınması üçün müqavilələri yoxdur. Bu barədə rəhbərliyə məlumat verəcəkdir. Bu ərazinin "xxxx" MMC tərəfindən tullantılarla çirkləndirilməsi halı isə iş materialları ilə öz təsdiqini tapmışdır. İş materialları ilə hüquqi şəxs "xxxx" MMC-nin yuxarıda təsvir olunmuş inzibati xətanı törətməsi halı təsdiq olunur. Ona görə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası İXM-nin 271-ci maddəsi ilə təqsirli bilinərək, məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.3-cü maddəsinə əsasən Hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 114 – 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası İXM-nin 271-ci maddəsi ilə təqsirli bilinərək 6.500 (altı min beş yüz) manat miqdarında cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Samir Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar