Azərbaycan Respublikası adından QƏRAR Neftçala rayonu İş № 3(053)-83/2025 06.02.2025 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Mən, Neftçala Rayon Məhkəməsinin hakimi Quliyev Samir İdris oğlu Qəmbərov Əli Qəmbər oğlunun katibliyi ilə xx xxxxxxxx 1985-ci ildə Neftçala şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, sahibkarlıq fəaliyyəti ilə məşğul olan, 3-cü qrup əlil, ünvan 1 ünvanı üzrə qeydiyyatda olan və həmin ünvanda yaşayan, 05 fevral 2025-ci il tarixdə, saat 13:00-da inzibati qaydada tutulmuş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİM: Neftçala Rayon Polis Şöbəsi tərəfindən təqdim olunmuş 05 fevral 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs 05 fevral 2025-ci il tarixdə, saat 13 radələrində Neftçala şəhəri, H.Əliyev prospekti 11-də qanunsuz inşa etdiyi obyektin Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən müvafiq Qərara əsasən söküntüsünə başlanarkən onlara maneçilik törədən zaman Neftçala RPŞ-nin polis əməkdaşları tərəfindən nizam- intizama dəvət edilsə də polis əməkdaşlarının çoxsaylı qanuni tələblərinə qəsdən tabe olmamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xəta haqqında protokolda göstərilənlərə uyğun məzmunlu izahat verərək əməlindən peşman olmadığını bildirmişdir. O cümlədən bildirir ki, 05 fevral 2025-ci il tarixdə, saat 13 radələrində Azərbaycan Respublikası FHN-nin Tikintidə Təhlükəsizlik Agentliyinin əməkdaşlarının Neftçala şəhəri, H.Əliyev prospektində yerləşən, anası X2 məxsus 38 kv.metr olan obyekti sökmək üçün gəldiklərini eşidib, iş yerindən özünə məxsus “KİA RİO” minik markalı, **-CX-*** dövlət qeydiyyat nişanlı avtomobilinə əyləşib, həmin sökülməkdə olan obyektə gəlmiş və avtomobili həmin obyektin içinə salaraq qapılarını içəridən kilidləyib, tikintinin sökülməsinə etirazını bildirmişdir. Habelə polis əməkdaşlarının söküntüsü aparılmalı olan ərazidən çıxması barədə təkidli tələblərinə tabe olmamışdır. Bundan sona o, idarə etdiyi “KİA RİO” minik markalı, **-CX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsində xüsusi qabda saxladığı yanacaq mayesini üzərinə tökərək yandırmaq istəyən zaman polis əməkdaşları ona məxsus olan avtomobilin qabaq ön yan şüşəsini əllərində olan dəmir qurğu ilə sındıraraq onu avtomobildən çıxarıb, əlində olan yanacaq mayesi olan şüşəni onun əlindən alıb, onu Neftçala RPŞ-nə aparmışlar. Polis əməkdaşları onu dəfələrlə nizam-intizama dəvət etsələr də o, FHN-nin əməkdaşlarının qeyri-qanuni hesab etdiyi Qərarına bu formada etirazını bildirmişdir. Həmçinin qeyd edir ki, FHN-nin müvafiq Qərarından tikilinin sahibi olan anası X1 İnzibati Məhkəməsinə şikayət ərizəsi ünvanlamış və işin baxılması 11 fevral 2025-ci il tarixə Şirvan İnzibati Məhkəməsinin binasına təyin edilmişdir. Əlavə olaraq qeyd edir ki, dəfələrlə əsəbləri ilə bağlı müalicələr almışdır. O, polis əməkdaşlarına heç bir günahının olmadığını bildirib, FHN-nin əməkdaşlarına etiraz etmişdir. Bundan əlavə o, məhkəmə qərarı olmadan anasına məxsus tikintisi aparılan obyektin sökülməsini qanunsuz hesab etdiyini vurğulamış, söküntünün həyata keçirilməsinin Neftçala rayon İcra Hakimiyyətinin müdaxiləsi nəticəsində baş verdiyini qeyd etmişdir. Habelə Şəxs əsəbi halda əlində saxladığı yandırıcı mayeni üzərinə tökərək özünü yandırmağa cəhd etdiyi zaman polis əməkdaşlarının müdaxiləsi nəticəsində bu halın baş verməməsinə görə polis əməkdaşlarına minnətdarlığını ifadə etmiş, əsəbi gərginlik halında olması səbəbindən qeyd olunanların baş verdiyini bildirmişdir. Şəxs törətdiyi əmələ görə qanunla müəyyən olunmuş cəriməni ödəməyə hazır olduğunu, barəsində başqa cəza növünün seçilməməsini xahiş etmişdir. İş üzrə şahid qismində dindirilmiş Neftçala RPŞ-nin əməkdaşı X5 hadisə ilə bağlı bildirmişdir ki, Azərbaycan Respublikası FHN-nin Tikintidə Təhlükəsizlik Agentliyinin Qərarı ilə söküntüsü aparılmalı olan obyektin qarşısında rəhbərliyin tapşırığına əsasən xidmətdə olmuşdur. O, həmin yerdə olarkən Şəxs avtomobilini söküntüsü aparılmalı olan obyektin içərisinə sürərək, avtomobilin qapılarını bağlayıb, içəridə oturmuş və polis əməkdaşlarının ona edilən çoxsaylı qanuni tələblərinə baxmayaraq tabesizlik göstərmiş, qapını açmamış və obyekti tərk etməmişdir. Daha sonra Şəxs idarə etdiyi avtomobil digər texniki vasitə tətbiq edilməklə obyektdən çıxarılmışdır. Bundan sonra Şəxs əlindəki qabda olan yandırıcı mayeni üzərinə tökmək istəyən zaman polis əməkdaşları avtomobilin qabaq yan sol şüşəsini sındıraraq onun əlində olan yandırıcı mayeni almış və vətəndaşın həyatına yaranacaq real təhlükəni aradan qaldırmışlar. Daha sonra Şəxs Neftçala RPŞ-nə aparılmışdır. İş üzrə şahid qismində dindirilmiş Neftçala RPŞ-nin əməkdaşı X3 da eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclası zamanı hadisəni özündə əks etdirən videogörüntüyə baxış keçirilmişdir. Həmin videogörüntü 6 dəqiqə 50 saniyə davam edir. Videogörüntüdə çoxsaylı polis əməkdaşlarının söküntüsü aparılmalı olan obyektin içərisində Şəxs tərəfindən saxlanılmış avtomobilin ətrafında olmaları, daha sonra həmin avtomobilin traktora qoşularaq polis əməkdaşlarının köməkliyi ilə obyektdən çıxarılması, real təhlükə anında polis əməkdaşı tərəfindən avtomobilin qabaq yan sol şüşəsinin sındırılaraq Şəxs əlindən yandırıcı mayenin alınaraq yerə atılması və Şəxs avtomobildən çıxarılması, daha sonra onun polisin xidməti nəqliyyat vasitəsinə qoyularaq hadisə yerindən aparılması əks olunmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və şahidləri dinləyib, iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlirəm ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin tərkibinin mövcud olması halı sübuta yetirilmiş sayılmalıdır. Bu hal yuxarıda göstərilən ifadələrlə yanaşı iş üzrə toplanmış digər sübutlarla da təsdiq edilir. Beləliklə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinərək, məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən «Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». Hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin öz əməlini səmimi etiraf etməsi və 3-cü qrup əlil olması iş üzrə məsuliyyəti yüngülləşdirən hallar kimi qiymətləndirilməlidir. İş üzrə məsuliyyəti ağırlaşdıran hal müəyyən edilməmişdir. İşin faktiki hallarını nəzərə alaraq hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə «inzibati həbs» növündə inzibati tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.4-cü maddəsinə əsasən «bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz». Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 14 (on dörd) gün müddətinə inzibati həbs tətbiq olunsun. Həbsdə saxlanılması müddətinin əvvəli inzibati qaydada tutulduğu vaxtdan, yəni 05 fevral 2025-ci il, saat 13:00-dan hesablansın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Samir Quliyev
Məhkəmə qərarları › İş №3(053)-83/2025
Neftçala Rayon Məhkəməsi Qərar — İş №3(053)-83/2025
06.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver