Məhkəmə qərarları › İş №3(053)-89/2025

Neftçala Rayon Məhkəməsi Qərar — İş №3(053)-89/2025

17.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Neftçala rayonu İş № 3(053)-89/2025 17.02.2025 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Mən – Neftçala Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu Mazanov Kamran Ramazan oğlunun katibliyi, Neftçala rayon İcra və probasiya şöbəsinin icra məmuru X1 iştirakı ilə xx xxxx 2001-ci ildə Neftçala şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Neftçala rayonu, Kürkənd kəndində qeydiyyatda olan və həmin kənddə yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİM: Neftçala rayon İcra və probasiya şöbəsinin icra məmuru X1 17 fevral 2025-ci ildə tərtib etdiyi MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolun məzmunundan, habelə inzibati xəta haqqında iş üzrə toplanmış digər materiallardan görünür ki, Neftçala Rayon Məhkəməsi tərəfindən 18 yanvar 2024-cü ildə verilmiş 2(053)-253/2024 nömrəli icra vərəqəsinə əsasən borclu Şəxs 5.100 (beş min yüz) manat miqdarında maddi zərərin əvəzi tutularaq tələbkar Zərərçəkmiş şəxs ödənilməlidir. İcra sənədindəki həmin tələbi borclu Şəxs icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra etməyib. İnzibati xəta haqqında protokoldan və icra işindən görünür ki, icra sənədi Neftçala rayon İcra və probasiya şöbəsinə daxil olmuş, icraata başlanaraq borcluya müvafiq olaraq qərar və bildiriş təqdim edilmişdir. Eyni zamanda borclunun əmlak vəziyyəti və gəlirinin yoxlanılması üçün aidiyyəti orqanlara sorğular göndərilmiş, lakin tələbin yönələ biləcəyi əmlakını və gəlirini müəyyən etmək mümkün olmamışdır. Borcluya dəfələrlə xəbərdarlıq edildiyinə baxmayaraq o, borcunu ödəməmiş, icra məmurunun çağırışlarına gəlməmiş, bu səbəbdən barəsində axtarış elan olunmuş, məhkəmə qərarının icrası ilə bağlı icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirməmişdir. Hazırda borclunun 5.100 manat borcu var. Neftçala rayon İcra və probasiya şöbəsinin icra məmuru X2 işə məhkəmədə baxılması zamanı inzibati xəta haqqında protokolda göstərilənlərə uyğun məzmunlu izahat vermişdir. Hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcuddur. Göstərilənlərə əsasən ona qanunla nəzərdə tutulan inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs işə məhkəmədə baxılması zamanı hal-hazırda heç bir yerdə işləmədiyini və səhhətində problemlər olduğunu bildirmişdir. Bu səbəbdən borcu ödəmək üçün maddi imkanı yoxdur. Qeyd etdiyi halların nəzərə alınmasını məhkəmədən xahiş edir. Tələbkar Vəlizadə X4 Rayon Məhkəməsinə ünvanladığı ərizəsində borclunun müxtəlif bəhanələr gətirərək ona olan borcunu ödəməkdən boyun qaçırdığını bildirib, məhkəmə iclasının onun iştirakı olmadan keçirilərək Şəxs inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və icra məmurunu dinləyib, tələbkarın ərizəsini, inzibati xəta haqqında protokolu, ona əlavə edilmiş sənədləri və icra işini nəzərdən keçirərək belə qənaətə gəlirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcuddur. Belə ki, o, icra sənədindəki tələbi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra etməyib. Məhkəmə bu qənaətə gələrkən həmçinin borcun miqdarını da nəzərə alır. Qeyd olunur ki, Şəxs ötən müddət üzrə ödəməli olduğu 5.100 manat borcundan heç bir ödəniş etməmişdir. Göstərilənlərə əsasən hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən «Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 08 (səkkiz) gün müddətinə inzibati həbs tətbiq olunsun. Həbsdə saxlanılması müddətinin əvvəli 17 fevral 2025-ci il saat 19:30-dan hesablansın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar