Məhkəmə qərarları › İş №3(054)-102/2023

Oğuz Rayon Məhkəməsi Qərar — İş №3(054)-102/2023

19.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Oğuz rayonu İş № 3(054)-102/2023 19.06.2023 OĞUZ RAYON MƏHKƏMƏSİ Oğuz Rayon Məhkəməsinin hakimi Zeynalova Səadət Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, Oğuz rayon İcra Şöbəsinin icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi Vəkil, zərər çəkmiş şəxsin nümayəndəsi X2 iştirakı ilə xx.xx.1989-cu il tarixdə Oğuz rayonu Xaçmaz kəndində anadan olmuş, həmin kənddə qeydiyyatda olan, faktiki Bakı şəhəri, Nizami rayonu, 8-ci km qəsəbəsində yaşayan, subay, orta təhsili, işsiz, öz deməsinə görə il ərzində eyni inzibati xətaya görə inzibati məsuliyyətə cəlb edilməmiş, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs haqqında Oğuz rayon İcra və Probasiya Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala Oğuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: İddiaçı "xxxx" MMC-nin cavabdeh Şəxs qarşı borc məbləğinin ödənilməsi tələbinə dair mülki iş üzrə Oğuz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2 (054) - 391 / 2021 nömrəli qətnaməsinə əsasən cavabdeh Şəxs cəmi 853 manat tutularaq iddiaçı "xxxx" MMC-nin hesabına ödənilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir. Borclu Şəxs Oğuz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2 (054) - 391 / 2021 nömrəli məhkəmə qətnaməsinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə onun barəsində Oğuz rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Oğuz rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 izahat verərək bildirdi ki, Oğuz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2 (054) - 391 / 2021 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsinə dair icra sənədi üzrə tələbin könüllü olaraq icra edilməsi barədə Oğuz rayon İcra və Probasiya Şöbəsi tərəfindən borclu Şəxs bildiriş göndərilmişdir. Borcludan izahat alınmış, icra sənədi üzrə öhdəliyi və məsuliyyəti ona izah edilmişdir. Eyni zamanda, Oğuz rayon İcra və Probasiya Şöbəsi tərəfindən müvafiq orqanlara sorğular göndərilmiş, lakin borcluya məxsus, tələbin ödənilə biləcəyi pul vəsaiti və digər qiymətli əşyalar aşkar edilməmişdir. Borclu icra məmurunun çağırışlarına da vaxtlı-vaxtında gəlməmiş, onun yerini müəyyən etmək mümkün olmamış, bu səbəbdən də onun barəsində axtarış elan edilmişdir. Bundan sonra o, polis əməkdaşları vasitəsilə Oğuz rayon İcra və Probasiya Şöbəsinə gətirilmişdir. Borclu indiyədək tələbkara cəmi 150 manat ödəmişdir və hazırda onun tələbkara 703 manat borcu qalmışdır. Borclu qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Qeyd etdikləri nəzərə alınmaqla borclu Şəxs inzibati qaydada tənbeh edilməsini məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, o, maddi imkansızlıq üzündən tələbkara olan borcunu vaxtında ödəyə bilməmişdir. O, xəstədir və yalnız təsadüfi işlərdə işləyərək gəlir əldə edir. Onun tələbkara 703 manat borcu qalmışdır. Hazırki vəziyyətdə də borcunu tam olaraq ödəməyə maddi imkanı yoxdur. Borcundan 150 manat ödəmişdir və bu gün əlavə olaraq 100 manat ödəniş edə bilər, qalan borcu maddi imkanları daxilində hissəhissə ödəməyə söz verir. Bakı şəhərində yerləşən məşhur otellərdən birinə işə dəvət edilmişdir. Buna görə də, ona daha yüngül inzibati tənbehin tətbiq edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi Vəkil qeyd etdi ki, borclu hazırda xəstədir və borcunu tam şəkildə bağlamaq üçün maddi imkanı yoxdur. Borcun miqdarı o qədər də çox deyildir və borclu tezliklə iş taparaq qalan borcunu da tədricən ödəyəcəkdir. Borclunun icra sənədinin icrasından boyun qaçırmaq niyyəti yoxdur. Qeyd edilən əsaslara görə hüquqlarını müdafiə etdiyi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Zərər çəkmiş şəxs (tələbkar) "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X4 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, borclunun tələbkara cəmi 703 manat ödənilməmiş borcu qalmışdır. Hazırda tələbkar həmin məbləğin ödənilməsini tələb edir, borclu isə öz borcunu ödəməkdən boyun qaçırır. Qeyd etdiklərinə əsasən iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, borclu Şəxs Oğuz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2 (054) - 391 / 2021 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsinə dair icra sənədi üzrə tələbkara olan 853 manat borc məbləğindən indiyədək cəmi 150 manat ödəmişdir və hazırda onun 703 manat borcu qalmışdır. Eyni zamanda, borclu icra məmurunun çağırışlarından yayınmış, bununla da icra məmurunun qanuni tələblərinə əməl etməmişdir. Borclunun barəsində axtarış elan edildikdən sonra o, polis əməkdaşları vasitəsilə Oğuz rayon İcra və Probasiya Şöbəsinə gətirilmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin izahatlarını, müdafiəçinin fikrini dinləyərək hesab edir ki, borclu Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. O həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilərək inzibati tənbeh edilməlidir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun tərəfindən törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şəxs tərəfindən törədilmiş inzibati xətada onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar aşkar edilməmişdir. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini və təqsirinin dərəcəsini, borcun miqdarını, habelə, habelə hazırki vəziyyətdə Şəxs inzibati həbs tətbiq edilməsinin işin faktiki hallarına uyğun olmadığını nəzərə alaraq onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati cərimə tətbiq etməyi məqsədə müvafiq hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30, 43, 106-115, 117ci maddələrini rəhbər tutaraq məhkəmə, qəraraaldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Oğuz rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim :Səadət Zeynalova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar