Məhkəmə qərarları › İş №3(054)-103/2025

Oğuz Rayon Məhkəməsi Qərar — İş №3(054)-103/2025

05.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Oğuz rayonu İş № 3(054)-103/2025 05.06.2025 OĞUZ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, İnzibati tənbeh vermə haqqında qərardan şikayət verən şəxs X5, onun vəkili X2, Oğuz Rayon İcra Hakimiyyətinin nümayəndəsi - Oğuz Rayon İcra Hakimiyyətinin Hüquq şöbəsinin müdiri X3 iştirakı ilə Oğuz Rayon İcra Hakimiyyətinin xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından X5 şikayətinə Oğuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: Oğuz rayon Kərimli kənd sakini X1 Rayon İcra Hakimiyyətinin xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 395.1-ci maddəsinə əsasən 800 (səkkiz yüz) manat məbləğində inzibati cərimə edilmişdir. X9 məhkəməyə müraciət edərək 3 Oğuz Rayon İcra Hakimiyyətinin xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilən şəxs X9 şikayətində qeyd etmişdir ki, Oğuz Rayon İcra Hakimiyyətinin Hüquq Şöbəsinin müdiri X3 xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının qanunsuz və əsassız hesab edir və ləğv edilməsini xahiş edir. Belə ki, qeyd edilən qərar qəbul olunan zaman və sonradan onun məlumatı olmamış, qərarda göstərilənlərin nədən ibarət olması ona aydın deyil. Qeyd edilən qərar və həmin qərarın verilməsi üçün əsas olmuş protokol ona təqdim olunmamış, protokoldan və qərardan onun xəbəri yoxdur və imza etməmişdir. xx.xx.2025-ci il tarixdə o, Oğuz Rayon İcra Hakimiyyəti başçısı tərəfindən göndərilən xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı aldıqdan sonra şikayət etdiyi qərarın mövcud olduğunu bilmişdir. Protokol və qərar qəbul edilərkən qanuni tələb və etirazlarını bildirmək imkanının olub-olmaması, protokol və qərarda imza etmədiyi nəzərə alınmamışdır. Protokol və qərar qanunun tələblərinə uyğun şəkildə tərtib edilməmişdir. Oğuz rayonunun Kərimli kəndi ərazisində Oğuz-Bakı magistral yolu üzərində “Çərşənbə baba” adlı pir yerləşir. Əvvəlki illərdə həmin pirdə kəndin imkansız sakinləri oturmuşlar. Onlar pirə verilən nəzirlə ailələrini dolandırmışlar. 1958-ci ildə vaxtilə kalxozda briqadir, anbarda işləmiş X6 pirin onun babasına məxsus olduğunu iddia edərək uşaqlarını oraya yerləşdirmişdir. Sonradan buraya həmin ailəyə yaxın olan digər insanlar da cəlb edilmişlər. Kənd sakinləri və hakimiyyət nümayəndələrinin iştirakı ilə 14 iyul 2007-ci il tarixdə kənd dini icması yaradılmışdır. Həmin vaxtdan ziyarətgah da Kərimli kənd məscidi dini icmasına təhvil verilmişdir. İcma tərəfindən kənddə böyük tikinti-abadlıq və quruculuq işləri görülmüş, imkansız kasıb ailələrə və şəhid ailələrinə yardımlar edilmişdir. Hal-hazırda bu işlər davam etdirilir. Dini icma yaradıldıqdan sonra pirin həyətində təmizlik və abadlıq işləri aparılmışdır. Bu zaman qazılaraq torpağa basdırılmış baş daşı aşkar olunmuşdur. Həmin daşın üzərində olan ərəbcə yazıların oxunması üçün AMEA-nın Etnoqrafiya İnstituna müraciət olunmuş və rəsmi qaydada daşın üzərindəki yazılar oxunmuşdur. İnstitut tərəfindən verilmiş arayışda bu qəbrin Seyid Əli və övladlarına aid olduğu bildirilmişdir. Daşın arxa üzündə at üstündə insan rəsmi həkk olunmuşdur. O, ziyarətgahda qeyd edilən qəbir daşını bərpa etmişdir. Həmin ziyarətgaha sahiblənmək istəyən şəxslər demək olar ondan hər gün şikayət edirlər. Hesab edir ki, barəsində verilmiş qərar həmin qərəzli şikayətlər əsasında olmuşdur. Ona görə də hesab edir ki, barəsində tərtib olunmuş protokol və qərar əsassızdır və qeyd edilən səbəblərdən ləğv edilməlidir. Həmin qərarı aldıqdan dərhal sonra o, hazırki şikayətlə Oğuz Rayon Məhkəməsinə müraciət etmək qərarına gəlmişdir. Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilən şəxs X9 məhkəmə iclasında şikayətin məzmununa uyğun izahat verməklə yanaşı bildirdi ki, o, Oğuz rayonu Kərimli kəndində yaşayır və Oğuz rayonu Kərimli kənd məscidi dini icmasının sədri vəzifəsində çalışır. Oğuz rayonu Kərimli kənd qəbiristanlığındakı tikililəri o, 2007-ci ildə tikdirmişdir və tikililərin sənədləri də mövcuddur. Həmin tikililər namaz otağı, qurban kəsilmə yeri və qarovul otağından ibarətdir. Sonradan həmin əmlak bələdiyyəyə keçmiş və bu zaman da bələdiyyə tikililərlə bağlı heç bir münasibət bildirməmişdir. Hazırda isə bələdiyyə onun barəsində polis şöbəsinə şikayət etmişdir. O, bu məsələ ilə əlaqədar Oğuz rayon Polis Şöbəsinə çağırılmış, orada olarkən rəis müavini Vüsal adlı şəxs ondan 5000 manat pul tələb etmişdir. O, etiraz etdikdə isə bunun ona baha başa gələcəyini bildirmişdir. Bundan sonra onun barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş, həmin protokol əsasında isə inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Eyni zamanda, üzərində titkili olan torpaq sahəsi ümumi istifadədədir və dini icma öz nizamnaməsi əsasında fəaliyyət göstərdiyindən tikili də ictimai məqsədlər üçün nəzərdə tutulmuşdur. Göstərilən səbəblərdən o həmin protokol və qərarı əsassız hesab edir. Qeyd etdiklərinə əsasən şikayətimin təmin edilməsini məhkəmədən xahiş edir. İnzibati tənbeh vermə haqqında qərardan şikayət verən şəxsin vəkili X7 şikayətin məzmununa uyğun izahat verərək bildirdi ki, X1 rayonu Kərimli kənd qəbiristanlığında yerləşən tikililəri 2007-ci ildə tikdirmişdir. O həmin vaxt Oğuz Rayon İcra Hakimiyyətinə müraciət etmişdir və bununla bağlı sənədləri də mövcuddur. Bundan əlavə həmin tikililərin nəzir qutusuna atılan pullar hesabına tikilməsi barədə hesabat da vardır. Əmir Kərimov və Mirsaleh Sadıqov arasında olan mübahisə ilə əlaqədar Mirsaleh Sadıqov azadlığa çıxdıqdan sonra, yəni 2019-cu ildən indiyədək hər dəfə Oğuz rayon Polis Şöbəsinin rəisi dəyişiləndə Əmir Kərimov barəsində əsassız və qərəzli şikayətlər edir. Tikililər 2007-ci ildə tikilməsinə baxmayaraq inzibati xəta haqqında protokolun 2025-ci ildə tərtib edilməsi qanuna uyğun deyildir. Bu illər ərzində heç bir tədbirin görülməməsi maraq doğurur. Halbuki həmin tikili barəsində bələdiyyənin uzun illərdir xəbəri olmuşdur. Bundan əlavə, ümumi istifadədə olan torpaqlarda tikinti işləri aparılması üçün heç bir icazə tələb edilmir. Həmin tikili Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində nəzərdə tutulmuş, məlumatlandırma icraatı aparılmalı olan və ya tikintisinə icazə tələb edilən tikililərin xüsusiyyətlərinə uyğun gəlmir. Əmir Kərimov həmin tikilini şəxsi maraqları üçün istifadə etmir və hesab edir ki, ümumi rifah üçün aparılmış tikintiyə görə vətəndaş cərimə oluna bilməz. Eyni zamanda həmin illər ərzində tikililərə kifayət qədər yüksək məbləğdə vəsait xərclənmişdir. Hazırda polis şöbəsində tərtib edilən protokolun surəti də Əmir Kərimova təqdim edilməmiş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100-cü maddəsi kobud şəkildə pozulmuşdur. Hesab edir ki, Əmir Kərimov barəsində inzibati xəta haqqında protokol əsassız tərtib edilmiş, qərar isə əssasız qəbul edilmişdir. Qeyd etdiklərinə əsasən şikayətinin təmin edilməsini məhkəmədən xahiş edir. Oğuz Rayon İcra Hakimiyyətinin nümayəndəsi - Oğuz Rayon İcra Hakimiyyətinin Hüquq şöbəsinin müdiri X8 məhkəmə iclasında izahat verərək bildirdi ki, X9 tərəfindən Oğuz rayonu Kərimli kənd qəbiristanlığında tikilmiş tikililərin layihəsi və təyinatı məlum deyildir. Həmin tikililər Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində nəzərdə tutulmuş, tikintisinə icazə tələb edilməyən tikililər sırasına aid deyildir və Məcəllənin 79 və 80-ci maddələrinin tələblərinə uyğun gəlmir. Buna görə də qanunvericiliyə uyğun olaraq həmin tikililər üçün icazə tələb olunur. Eyni zamanda, həmin tikililər xüsusi mülkiyyətdə deyil, bələdiyyənin mülkiyyətində olan torpaq sahələrində tikilmişdir. Həmin tikililərdən dini icmanını “ofisi” kimi istifadə edilir. Halbuki, dini icma qeydiyyatdan keçmiş məsciddə fəaliyyət göstərilməlidir. Dini icmanın iclas protokolu isə qanunsuz tikinti işləri aparılması üçün əsas ola bilməz. Qəbiristanlıqlar bələdiyyənin balansında olduğundan orada yardımçı tikililər şəxsi vəsait hesabına deyil, bələdiyyə tərəfindən tikilməlidir. Bundan başqa, 2024-cü ildə qəbiristanlıqda başqa qanunsuz tikili ilə bağlı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Təqdim edilmiş fotoşəkillərdən də göründüyü kimi tikili hazırda mövcuddur, lakin heç bir sənədi yoxdur. Həmçinin tikili barədə əvvəlcədən məlumatları olmamış, polis tərəfindən protokol tərtib edildikdən sonra bu barədə xəbərləri olmuşdur. Əmir Kərimovun inzibati xəta haqqında protokol tərtib edilən zaman xəbəri olmuşdur. İnzibati xəta hadisəsinin baş vermə faktı təsdiq edilir. Bu səbəbdən Oğuz rayon Polis Şöbəsi tərəfindən X9 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 395.1-ci maddəsi ilə xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş, həmin protokol əsasında da Oğuz Rayon İcra Hakimiyyəti tərəfindən xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarn qəbul edilmişdir. Buna görə də, hazırki şikayəti əsassız hesab edir. Qeyd etdikləri nəzərə alınmaqla X5 xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətin təmin edilməməsini məhkəmədən xahiş edir. Oğuz Rayon İcra Hakimiyyətinin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş, X5 güman edilən inzibati xəta hadisəsini törətdiyi yerdə çəkilmiş fotoşəkillərə məhkəmə iclasında tərəflərin iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı inzibati xəta haqqında protokolun tərtib olunmasına əsas olmuş tikilinin fotoşəkildəki tikili olduğu proses iştirakçıları tərəfindən təsdiq edilmişdir. İş materiallarına əlavə edilmiş, Oğuz rayon X4 rayon Polis Şöbəsinə ünvanlanmış xx.xx.2025-ci il tarixli 04 nömrəli məktubundan görünür ki, Kərimli Bələdiyyəsi polis şöbəsinə müraciət edərək Kərimli kənd məscidi dini icmasının sədri X5 Kərimli kəndində yerləşən ziyaətgahda (Çərşənbə baba) inşa etdiyi qanunsuz tikililəri sökmədiyini, dəfələrlə rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq icmaının sədrinin buna məhəl qoymadığını bildirmiş, dini icmanın sədri X5 ziyarətgahda qanunsuz olaraq inşa etdiyi tikilinin sökülməsinə və oradan çıxarılmasına köməklik göstərilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş, Oğuz rayon Polis Şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, həmin tarixdə X9 barəsində Oğuz rayon Kərimli kənd qərisitanlığında özbaşına tikinti işləri apardığına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 395.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İş materiallarına əlavə edilmiş, Oğuz Rayon İcra Hakimiyyətinin Hüquq şöbəsinin müdiri X8 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X9 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 395.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək 800 manat məbləğində inzibati cərimə edilmişdir. Məhkəmə barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilən şəxsin, onun vəkilinin və Oğuz Rayon İcra Hakimiyyətinin nümayəndəsinin izahatlarını dinləyib iş materiallarını nəzərdən keçirərək hesab edir ki, X5 hazırki şikayəti təmin edilməməlidir. Belə ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 7.2-ci maddəsinə əsasən ümumi istifadədə olan küçələrin, meydanların, bələdiyyə yollarının və təsərrüfatdaxili yolların, parkların, meşə-parkların, bulvarların, çimərliklərin, sahillərin, keçidlərin, sututarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı torpaqlar, tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar, əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatı təyinatlı, eləcə də meşə və su fondu torpaqları xüsusi mülkiyyətə verilə bilməz. “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 4-cü maddəsinin 2-ci hissəsinə əsasən qəbiristanlıqların salınması və idarə olunması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalara uyğun olaraq həyata keçirilir. Həmin qaydaların tələblərini pozan şəxslər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 522 nömrəli qərarı ilə təsdiq edilmiş “Qəbiristanlıqların salınması və idarə olunması Qaydaları”nın 5.1-ci maddəsinə əsasən qəbiristanlıqların salınması, istismarı, abadlaşdırılması və genişləndirilməsi Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin, bu Qaydaların və şəhərsalma və tikinti sahəsində digər normativ hüquqi aktların tələblərinə uyğun tənzimlənir. Həmin Qaydalarım 12.2-ci maddəsinə əsasən qəbiristanlıqların normal fəaliyyətinin təşkil edilməsi məqsədi ilə bələdiyyə qəbiristanlığın ştat cədvəlini və xərclər smetasını təsdiq edir; qəbiristanlığın müdiriyyətini Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq işə qəbul və işdən azad edir; qəbiristanlığın qorunması, saxlanılması və abadlaşdırılması ilə bağlı işlərin görülməsini təmin edir; mövcud qəbiristanlıqların ərazisinin genişləndirilməsinə və yeni qəbiristanlığın salınmasına dair bu Qaydaların 11-ci hissəsinə və torpaq qanunvericiliyinə uyğun olaraq təkliflər verir; əhalinin aztəminatlı təbəqəsindən olan şəxslərin dəfn mərasimlərinin təşkilinə yardım göstərir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 74.1-ci maddəsinə əsasən bu Məcəllənin 79-80-ci maddələrində nəzərdə tutulmuş tikinti obyektləri istisna olmaqla, digər obyektlərin tikintisinə icazə tələb olunur. Həmin Məcəllənin 79.1-ci maddəsinə əsasən mülkiyyətdə, icarədə və ya istifadədə olan torpaq sahəsində hündürlüyü ən çoxu 5 metr, sahəsi 100 kvadratmetr olan bir mərtəbəli yardımçı tikililərin, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq fəaliyyəti ilə bağlı obyektlərin (79.1.1); xüsusi mülkiyyətdə olan torpaq sahələrində həcmi ən çoxu 60 kubmetr və dərinliyi ən çoxu 5 metr olan quyuların, yeraltı su və çirkab su anbarlarının (rezervuarların), habelə həcmi ən çoxu 200 kubmetr olan hovuzların (79.1.2); hündürlüyü ən çoxu 2 metr 20 santimetr olan və qonşu torpaq sahəsi ilə sərhəddə və ya küçə boyunca hasarların (təbii və süni daşdan olan hasarlar da daxil olmaqla) (79.1.3); hündürlüyü ən çoxu 8 metr olan enerji və ya işıqlandırma dirəklərinin, antena qüllələrinin və ya tutumu ən çoxu 10 kubmetr olan su çənləri qüllələrinin (79.1.4); bu Məcəllənin 81.1-ci maddəsində nəzərdə tutulmuş ölçülərdən az olan reklam qurğularının, habelə kiçik memarlıq formalarının (köşklər, örtüklər və buna bənzər digər obyektlərin), açıq idman və ya oyun meydançalarının, açıq avtomobil dayanacaqlarının (79.1.5.); tutumu 100 nəfərə qədər olan müvəqqəti tikililərin (79.1.6); fasadının mövcud qabaritləri dəyişdirilmədən təmir edilən tikinti obyektlərinin (79.1.7); təmir edilən yol və ya mühəndis-kommunikasiya təminatı xətlərinin (79.1.8); bu Məcəllənin 70.2-ci maddəsinin tələblərinə əməl edilməklə, yaşayış evlərinin həyətyanı sahələrində hündürlüyü ən çoxu 3 metr və sahəsi ən çoxu 100 kvadratmetr olan yardımçı tikililərin (79.1.9); hündürlüyü ən çoxu 3 metr və sahəsi ən çoxu 300 kvadratmetr olan istixanaların və oranjereyaların (79.1.10); mövcud tikinti obyektinin torpaq sahəsində (tikinti sahəsi istisna olmaqla), yaxud fərdi yaşayış evinin həyətyanı torpaq sahəsində elektrik mühərrikli nəqliyyat vasitələri üçün yerləşdirilən elektrik enerjisi doldurucularının (79.1.11) tikintisinə icazə tələb olunmur. Həmin Məcəllənin 79.2-ci maddəsinə əsasən bu Məcəllənin 79.1.1, 79.1.2 və 79.1.9-cu maddələrində nəzərdə tutulan ölçülərin hədlərini keçən obyektlərin tikintisinə məlumatlandırma icraatı şamil olunur. Həmin Məcəllənin 80.1-ci maddəsinə əsasən mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən (binanın hündürlüyü “0” səviyyəsindən, yəni birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək (çardaqaltı döşəmənin alt hissəsi) və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin, habelə bu Məcəllənin 79.2-ci maddəsində nəzərdə tutulan tikinti obyektlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin hazırlanması tələb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 395.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun icazəsi alınmadan Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində müəyyən edilmiş tikintisinə icazə tələb olunan tikinti obyektlərinin inşa edilməsinə görə fiziki şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 38.2-ci maddəsinə əsasən bu Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulan müddətlər uzanan inzibati xətalara münasibətdə xətanın aşkara çıxarıldığı gündən hesablanır. X9 şikayətində xx.xx.2025-ci il tarixli MN ******* nömrəli protokolu əsasında Oğuz Rayon İcra Hakimiyyətinin Hüquq şöbəsinin müdiri X8 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı mübahisələndirsə də, iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, Əmir Kərimov tərəfindən qeyd edilən inzibati xəta hadisəsi həqiqətən törədilmişdir. Belə ki, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 79 və 80-ci maddəsində göstərilən tələblər mülkiyyətdə, icarədə və ya istifadədə olan torpaq sahəsində olan tikililərə şamil edilir. Hazırki vəziyyətdə qəbiristanlıqlar bələdiyyə mülkiyyətində olduğundan orada aparılan tikinti və təmir işləri Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 522 nömrəli qərarı ilə təsdiq edilmiş “Qəbiristanlıqların salınması və idarə olunması Qaydaları”nın və şəhərsalma və tikinti sahəsində digər normativ hüquqi aktların tələblərinə uyğun aparılmalıdır. Lakin sözügüdən tikililərin qanunvericiliyin tələblərinə cavab verməyi və X5 ümumiyyətlə belə bir tikinti aparmaq səlahiyyəti olmağı ilə bağlı hər hansı rəsmi sənəd mövcud deyildir. Əmir Kərimov tərəfindən məhkəməyə tikinti materialları alınması ilə bağlı akt təqdim edilsə də, həmin akt özlüyündə tikilinin qanuni olduğunu deyil, sadəcə vəsaitin xərclənmə təyinatını təsdiq edir. Eyni zamanda, Oğuz rayon Kərimli kənd qəbiristanlığında yerləşən tikililər həqiqətən 2007-ci ildə tikilmiş olsa belə, hazırda da onların mövcudluğu davam etdiyindən Əmir Kərimov tərəfindən törədilmiş inzibati xəta uzanan inzibati xətalara aiddir və məsuliyyətə cəlb edilmə müddəti onun aşkara çıxarılaraq inzibati xəta haqqında protokolun tərtib edildiyi vaxtdan, yəni xx.xx.2025-ci il tarixdən hesablanmalıdır. Bundan başqa, Əmir Kərimov həmin tikili barədə müvafiq orqanda məlumatların əvvəlcədən olduğunu bildirərək Oğuz Rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti Şöbəsinin müdirinə ünvanladığı xx.xx.2007-ci il tarixli məktubu məhkəməyə təqdim etsə də, həmin məktubun aidiyyəti şəxsə çatdırılması barədə hər hansı sənəd əlavə etmədiyindən, qeyd edilən məktubun həqiqətən çatdırılıbçatdırılmadığı şübhə doğurur. Eyni zamanda Əmir Kərimov şikayətində xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokol barədə xəbər edilməməsini bildirsə də, həmin protokoldan görünür ki, o, protokola şəxsən imza etmişdir. X5 barəsində tərtib olunmuş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2025ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın qanunsuz və ya əsassız olmasına dəlalət edən hallar məhkəmə araşdırması zamanı da müəyyən edilməmişdir. X5 məhkəmə iclasında verdiyi izahatında qeyd etdiyi digər xüsusatlar isə onun barəsində tərtib edilən inzibati xəta haqqında protokol və bu protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsas deyildir. İşin məhkəmədə müəyyən edilmiş faktiki hallarından görünür ki, X9 barəsində hazırki inzibati xəta haqqında protokol qanuni əsaslarla tərtib edilmiş və o qeyd olunan inzibati xətaya görə qanunvericilikdə müəyyən edilmiş inzibati tənbeh çərçivəsində, həmin inzibati tənbehi tətbiq etmək səlahiyyəti olan orqan tərəfindən inzibati məsuliyyətə cəlb edilərək inzibati qaydada tənbeh edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinin məzmununa görə inzibati xəta haqqında protokoldan verilən şikayətə və ya protestə baxılarkən qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar mövcud olmadıqda həmin qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Məhkəmə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134-cü maddəsinin tələbinə əsasən qərara gəlir ki, Oğuz Rayon İcra Hakimiyyəti tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar mövcud olmadığından X5 hazırki şikayətinin təmin edilməməsi barədə qərar qəbul edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137ci maddələrini rəhbər tutaraq məhkəmə, qəraraaldı: X5 Oğuz Rayon İcra Hakimiyyətinin xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbehin tətbiq edilməsi haqqında qərarından şikayəti təmin edilməsin. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim : Emin Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar