Məhkəmə qərarları › İş №3(054)-104/2023

Oğuz Rayon Məhkəməsi Qərardad — İş №3(054)-104/2023

23.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Oğuz rayonu İş № 3(054)-104/2023 23.06.2023 OĞUZ RAYON MƏHKƏMƏSİ Oğuz Rayon Məhkəməsinin hakimi X1, Şəxs haqqında Oğuz rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə daxil olan inzibati xəta haqqında materiala Oğuz Rayon Məhkəməsinin inzibati binasında baxaraq, m ü ə y y ə n e t d i m: Şəxs idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını pozduğuna görə xx.xx.2023-cü il tarixli EQ 13034239 nömrəli qərarla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək inzibati cərimə edilməsinə baxmayaraq qeyd olunan inzibati qərarı qanuni qüvvəyə mindiyi vaxtdan 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etmədiyinə görə Şəxs barəsində inzibati material baxılması üçün Oğuz Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında materialı araşdıraraq hesab edirəm ki, inzibati xəta haqqında material geri qaytarılmalıdır. Belə ki, hazırki iş üzrə Oğuz rayon Polis Şöbəsinin xx.xx.2023-cü il tarixli müşayiət məktubunda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə protokol tərtib olunaraq baxılıb tədbir görülməsi üçün aidiyyəti üzrə məhkəməyə göndərildiyi qeyd edilsə də, iş materiallarında xx.xx.2023-cü il tarixli EQ 13034239 nömrəli inzibati tənbeh vermə haqqında qərarla bağlı tərtib edilmiş hər hansı protokol aşkar edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir, inzibati xəta haqqında protokolda protokolun tərtib edildiyi tarix və yer; protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi; inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar göstərilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol (prokurorun inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarı və ya bu Məcəllənin 102.6-cı maddəsində nəzərdə tutulmuş qaydada tərtib etdiyi protokol) tərtib edildiyi vaxtdan 48 saatadək müddətdə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Həmin Məcəllənin 43-cü maddəsinə əsasən bu məcəllənin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında işə rayon (şəhər) məhkəmələri baxırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə nəqliyyat vasitələrini idarə etmək hüququnun altı aydan bir ilədək müddətə məhdudlaşdırılması nəzərdə tutulmuşdur. Qeyd olunan hüquq normalarının tələbinə əsasən Şəxs yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməməsinə görə onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə protokol tərtib edilməli və aidiyyəti üzrə məhkəməyə göndərilməli olduğu halda, həmin şəxs barəsində belə bir protokol tərtib edilməmiş, onun barəsində digər sənədlər məhkəməyə göndərilsə də, iş materiallarında belə bir protokol aşkar olunmamışdır. Qeyd olunan əsaslara görə hazırki inzibati xətaya dair material məhkəməyə göndərilərkən məhkəmənin baxmaq səlahiyyətində olduğu inzibati xəta haqqında protokol aşkar olunmadığından inzibati xəta haqqında material geri qaytarılması barədə qərardad qəbul edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61, 109, 110, 111, 118-ci maddələrini rəhbər tutaraq, qəraraaldım: Şəxs barəsində Oğuz rayon Polis Şöbəsi tərəfindən məhkəməyə göndərilmiş inzibati xəta haqqında material Oğuz rayon Polis Şöbəsinə qaytarılsın. Hakim : Səadət Zeynalova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar