Məhkəmə qərarları › İş №3(054)-109/2024

Oğuz Rayon Məhkəməsi Qərar — İş №3(054)-109/2024

08.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Oğuz rayonu İş № 3(054)-109/2024 08.05.2024 OĞUZ RAYON MƏHKƏMƏSİ Oğuz Rayon Məhkəməsinin hakimi Zeynalova Səadət Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs - Oğuz rayon X4 Patrul Xidməti inspektoru, polis serjantı X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi Vəkil iştirakı ilə xx.xx.2006-cı il tarixdə Qazaxıstan Respublikasının Qaraqanda vilayətinin Oktyabr rayonunda anadan olmuş, Şəki rayonu Qozlubulaq kəndində qeydiyyatda olmaqla faktiki olaraq ünvan 1 ünvanında yaşayan, subay, orta təhsilli, işsiz, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs barəsində Oğuz rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1, 332.2, 342.5 və 511.1.3-cü maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala Oğuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: Şəxs barəsində Oğuz rayon Polis Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1, 332.2, 342.5 və 511.1.3-cü maddələri ilə xx.xx.2024-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs - Oğuz rayon X4 Patrul Xidməti inspektoru, polis serjantı X2 məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, xx.xx.2024-cü il tarixdə o, Oğuz şəhəri ərazisində xidmətdə olarkən saat 21:35 radələrində sonradan adını bildiyi Şəxs idarə etdiyi avtomobilin xarici işıq siqnallarından birinin yanmadığını görmüş və xidməti avtomobildə olan mikrofon vasitəsilə avtomobili saxlamaq işarəsi vermişdir. Buna baxmayaraq Şəxs avtomobili saxlamamış və sürətlə uzaqlaşmağa çalışmışdır. O, Şəxs avtomobilinin saxlanılmasını təmin etmək məqsədi ilə həmin avtomobili təqib etmişdir. Bu zaman Şəxs avtomobili qəflətən sürətləndirmiş və təhlükəli manevrlər etməyə başlamışdır. Bir qədər sonra isə yayına bilməyəcəyini başa düşüb avtomobili saxlamışdır. Bundan sonra Şəxs həmin avtomobili idarə etmək üçün etibarnaməsi və nəqliyyat vasitəsini idarə etmək hüququnun olmadığı da müəyyən edilmişdir. Həmin faktlar əsasında araşdırma aparılmış və toplanmış material üzrə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1, 332.2, 342.5 və 511.1.3-cü maddələri ilə müvafiq protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, o faktiki olaraq Oğuz şəhərində ailə üzvləri ilə birlikdə yaşayır. Atası ağır xəstə olduğundan o xx.xx.2024-cü il tarixdə dərman almaq məqsədi ilə avtomobillə Oğuz şəhəri ərazisində bazarın qarşısında hərəkətdə olarkən əks istiqamətdən gələn xidməti polis avtomobili ilə rastlaşmış, sonra isə həmin ərazidən uzaqlaşmışdır. Lakin bu zaman polis əməkdaşlarının “saxla” əmrini eşitməmişdir. Sonradan polis əməkdaşlarının onu təqib etdiyini görmüş olsa da, onlar “saxla” əmrini vermədikləri üçün avtomobili idarə etməyə davam etmişdir. Polis əməkdaşlarından müvafiq göstəriş gələn zaman isə dərhal nəqliyyat vasitəsinin hərəkətini dayandırmışdır. Onun hadisə baş verən zaman nəqliyyat vasitəsini idarə etmək hüququ və həmin avtomobili idarə etmək üçün etibarnaməsi olmamışdır. O, səhvini başa düşmüşdür və bir də belə hərəkətlərə yol verməyəcəkdir. Lakin avtomobilin xarici işıq siqnalındakı nasazlıqdan xəbəri olmamışdır. Bundan başqa, o, polis əməkdaşları tərəfindən təqib edilərkən sürət həddini aşmamış və heç bir təhlükəli manevr də etməmişdir. Hesab edir ki, onun tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsində müəyyən edilən inzibati xətaya yol verilməmişdir. Ona görə də barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Oğuz rayon X4 Patrul Xidməti tərəfindən məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə edilmiş, güman edilən inzibati xəta hadisəsi baş verərkən qeydə alınan polisin xidməti avtomobilində olan videomüşahidə vasitəsinin (videokameranın) görüntüləri əks olunan diskə məhkəmə iclasında tərəflərin iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, Şəxs idarə etdiyi ** TO *** dövlət qeydiyyat nişanlı avtomobilin xarici işıq cihazlardan biri işlək vəziyyətdə olmadığından polis əməkdaşı polisin xidməti avtomobili ilə geriyə dönərək Şəxs təqib etməyə başlayır. Şəxs polis əməkdaşları onu təqib edərkən avtomobili sürətləndirsə də, polis əməkdaşı operativ nəqliyyat vasitəsinin sayrışan işıqlarını qoşduqdan bir qədər sonra avtomobilin hərəkətini dayandırır. Lakin həmin görüntülərdən sürtünmə səsi və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxıldığı müəyyən edilmir. Məhkəmə iş materiallarını nəzərdən keçirib işdə iştirak edən şəxslərin izahatlarını və müdafiəçinin fikrini dinləyərək qərar gəlir ki, inzibati xəta haqqında iş üzrə icraata inzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi hissəsində xitam verilməlidir. Belə ki, Şəxs barəsində Oğuz rayon Polis Şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokolda Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1, 332.2, 342.5 və 511.1.3-cü maddələrində nəzərdə tutulan inzibati xətaları törətdiyi qeyd edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 21:35 radələrində ** TO *** dövlət qeydiyyat nişanlı avtomobili xarici işıq cihazı nasaz vəziyyətdə, etibarnaməsi və nəqliyyat vasitəsini idarə etmə hüququ olmadan idarə etmişdir. Polis əməkdaşı onu təqib edərkən o, avtomobili sürətləndirsə də, polis əməkdaşı operativ nəqliyyat vasitəsinin sayrışan işıqlarını qoşduqdan bir qədər sonra avtomobilin hərəkətini dayandırmışdır. Onun mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılması və ya yolun səthində çoxsaylı təkər izlərini buraxması məhkəməyə təqdim edilmiş videogörüntüdə və məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Eyni zamanda inzibati xəta haqqında protokolu tərtib edtmiş şəxs tərəfindən də həmin faktı təsdiq edəcək mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 100.1-ci maddəsinə əsasən inzibati xəta haqqında protokolda protokolun tərtib edildiyi tarix və yer; protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi; inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar göstərilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən inzibati xəta hadisəsi, inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri, inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar, inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı, inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar, işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait inzibati xəta haqqında iş üzrə müəyyən edilməli hallardandır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 511.1-ci maddəsinə əsasən “Avtoxuliqanlıq” dedikdə mexaniki nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının davamlı olaraq pozulması ilə müşayiət olunan aşkar surətdə iki və ya daha artıq mexaniki nəqliyyat vasitəsinin iştirakı ilə sürət yarışının həyata keçirilməsi (511.1.1), mexaniki nəqliyyat vasitəsinin bir və ya daha çox təkərinin yolun səthindən qaldırmaqla idarə edilməsi (511.1.2) və mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılması və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılması (511.1.3) kimi hərəkətlər başa düşülür. “Yоl hərəkəti hаqqındа” Аzərbаycаn Rеspublikаsı Qаnununun 85-ci maddəsinin 2-ci bəndinin “Qeyd” hissəsinə əsasən nəqliyyat vasitəsinin qanunsuz ələ keçirilməsi (qaçırılması) və ya sürücünün cinayət törətməkdə şübhəli olması barədə dəqiq məlumat olduqda, yaxud nəqliyyat vasitəsinin sürücüsü öz hərəkətləri ilə insan həyatına və sağlamlığına real təhlükə yaratdıqda, nəqliyyat vasitəsinin dayandırılması tələbini yerinə yetirməyən sürücünün nəqliyyat vasitəsi təhlükəsizlik şərtlərinə əməl edilməklə və müvafiq icra hakimiyyəti orqanının yuxarı vəzifəli şəxsinə radio-cihaz vasitəsilə məlumat verilməklə təqib edilə bilər, həmin nəqliyyat vasitəsinin dayandırılmasına başqa imkan olmadıqda isə bu məqsədlə məcburi dayandırma vasitələrindən istifadə edilə bilər. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından müəyyən edilir ki, Şəxs ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının davamlı olaraq pozulması ilə müşayiət olunan hərəkətlərə yol verməmişdir. Onun bir neçə inzibati xətanı eyni vaxtda törətməsi də (nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə etməsi, etibarnaməsinin olmaması və xarici işıq cihazları nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarı) yol hərəkəti qaydalarının davamlı olaraq pozma kimi qiymətləndirilə bilməz. Bundan başqa, baxış keçirilən video görüntüdən də müəyyən edildiyi kimi Şəxs idarə etdiyi nəqliyyat vasitəsini qəflətən sürətləndirməsi avtoxuliqanlıq niyyəti ilə deyil, polis əməkdaşlarının onu təqib etməsi ilə əlaqədar olmuşdur. Eyni zamanda, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsinin dispozisiyasında göstərilən əməllərin dairəsi dəqiq müəyyən edilməklə məhdud saydadır və formal mülahizələr əsasında genişləndirilə bilməz. Yəni törədilən əməldə qeyd olunan maddənin dispozisiyasında göstərilən alternativ inzibati xəta tərkiblərinin ən azı birinin bütün əlamətləri olmalıdır. Hazırki iş üzrə isə Şəxs tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının davamlı olaraq pozulması ilə müşayiət olunan mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılması və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılması öz təsdiqini tapmır. Şərh olunan əsaslara görə məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsinin törədilməsi sübuta yetrilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan hər hansı biri mövcud olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar çıxarılır. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsinin olması sübut olunmadığından Şəxs barəsində olan inzibati xəta haqqında işin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsində nəzərdə tutulan hissəsi üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə qırx manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 332.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə yüz manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 342.5-ci maddəsinə əsasən xarici işıq cihazları və ya qabaq şüşənin şüşə silgəcləri və şüşəyuyanları və ya təkərləri və şinləri və ya mühərriki, yaxud konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarına görə əlli manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Qeyd olunan hüquq normalarının tələblərinə əsasən məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1, 332.2 və 342.5-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsi tətbiq edilməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.2-ci maddəsində nəzərdə tutulmuş, daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində inzibati tənbeh edilməlidir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun tərəfindən törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şəxs tərəfindən törədilmiş inzibati xətada onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar aşkar edilməmişdir. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətaların xarakterini, onun şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alaraq barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.2-ci maddəsində nəzərdə tutulan 100 (yüz) manat inzibati cərimə tətbiq etməyi qanunamüvafiq hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25, 43, 53, 106- 115, 117-ci maddələrini rəhbər tutaraq məhkəmə, qəraraaldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Oğuz rayon X4 Patrul Xidməti tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1, 332.2 və 342.5-ci maddələri ilə təqsirli bilinərək barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsi tətbiq edilməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.2-ci maddəsində nəzərdə tutulmuş, daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində 100 (yüz) manat məbləğində inzibati cərimə edilsin. Şəxs barəsində Oğuz rayon Polis Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim : Səadət Zeynalova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar