Azərbaycan Respublikası adından QƏRAR Oğuz rayonu İş № 3(054)-11/2022 14.01.2022 OĞUZ RAYON MƏHKƏMƏSİ Oğuz Rayon Məhkəməsinin hakimi Süleymanov Kamran Şakir oğlunun sədrliyi, Mikayılzadə Əsmər Mehman qızının katibliyi, Oğuz rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 iştirakı ilə xx.xx.1982-ci il tarixdə Oğuz rayonu Xaçmaz kəndində anadan olmuş, həmin kənddə yaşayan, evli, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs haqqında Oğuz rayon İcra və Probasiya Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala Oğuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Bakı şəhər Nəsimi rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinin 22.09.2020-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında qərarına əsasən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə təqsirli bilinib 100 (bir yüz) manat miqdarında inzibati cərimə edilmişdir. Qərar üzrə icra sənədi Oğuz rayon İcra və Probasiya Şöbəsinin icraatındadır. Şəxs inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qanuni qüvvəyə minmiş qərarı qanunla müəyyən edilmiş əsaslar olmadan icra etmədiyinə görə onun barəsində Oğuz rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsi ilə 26.04.2021-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Oğuz rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 izahat verərək göstərdi ki, Bakı şəhər Nəsimi rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinin 22.09.2020-ci il tarixli MN ******* nömrəli qanuni qüvvəyə minmiş qərarına dair icra sənədi üzrə inzibati cərimənin könüllü olaraq ödənilməsi barədə Oğuz rayon İcra və Probasiya Şöbəsi tərəfindən Şəxs bildiriş göndərilmiş, lakin o, icra sənədini qanunla müəyyən edilmiş əsaslar olmadan tam şəkildə icra etməmişdir. İcra sənədi üzrə müvafiq orqanlara sorğular göndərilmiş, lakin Şəxs məxsus, tələbin yönəldilə biləcəyi pul vəsaiti və digər qiymətli əşyalar aşkar edilməmişdir. Şəxs qanuni qüvvəyə minmiş qərarı qanunla müəyyən edilmiş əsaslar olmadan icra etmədiyinə görə onun barəsində inzibati qaydada protokol tərtib edilmişdir. Şəxs 100 (bir yüz) manat miqdarında inzibati cərimə məbləğini hazırda müvafiq hesaba tam şəkildə ödəmiş və onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi zərurəti aradan qalxmışdır. Qeyd etdiklərinə əsasən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Həmin Məcəllənin 61.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxarkən hakim, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakını məcburi hesab edə bilər. Həmin Məcəllənin 61.5-ci maddəsinə əsasən inzibati həbs, Azərbaycan Respublikasının hüdudlarından kənara əcnəbiləri və vətəndaşlığı olmayan şəxsləri inzibati qaydada çıxarma və ya ictimai işlər nəzərdə tutan inzibati xətalar haqqında işlərə baxılarkən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı məcburidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin inzibati tənbehin növlərini müəyyən edən 22-ci maddəsində nəzərdə tutan inzibati tənbehin növləri sırasında inzibati həbs, Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarma və ictimai işlər daha ağır inzibati tənbeh növlərinə aid olduğundan qanunvericilik həmin tənbeh növlərinin nəzərdə tutulduğu inzibati xətalar haqqında işlərə baxılarkən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakını məcburi hesab etmişdir. Qeyd olunan hüquq normalarının məzmunundan göründüyü kimi, bununla da qanunvericilik daha ağır inzibati tənbeh növlərinin tətbiqi mümkün olduğu hallarda, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin öz hüquq və vəzifələrindən istifadə edərək inzibati xəta haqqında protokolun məzmunu barəsində mülahizələrini təqdim etmək, etirazlarını irəli sürmək imkanlarının mütləq şəkildə real olmasını nəzərə almışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların və bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə istisna olmaqla, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarının qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər tətbiq olunur. Qeyd olunan hüquq normalarının məzmunundan göründüyü kimi, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsi ilə olan işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılmalıdır. Lakin hazırki işdən görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsi ilə məhkəməyə verilsə də, o, inzibati cərimə məbləğini məhkəmə qərar qəbul edənədək tam şəkildə ödədiyinə görə onun barəsində həmin maddədə nəzərdə tutulan inzibati tənbehin, yəni ictimai işlər inzibati tənbehinin tətbiq olunmaq imkanı yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1 və 112.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında işə baxılarkən iş üzrə icraatda iştirak edən şəxslərin gəlməmələrinin səbəbləri araşdırılır və həmin şəxslərin iştirakı olmadan işə baxılma və ya işə baxılmanın başqa vaxta keçirilməsi məsələsi həll edilir. Həmin Məcəllənin 112.3-cü maddəsinə əsasən bu Məcəllənin 109.3-cü maddəsinə müvafiq olaraq iştirakı məcburi olan şəxsin gətirilməsi barədə qərardad çıxarılır. İctimai işlər inzibati tənbehinin nəzərdə tutulduğu inzibati xətalar haqqında işlərə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı olmadan baxılması qanunvericilikdə nəzərdə tutulmadığı kimi, inzibati məsuliyyətə cəlb edilməsi zərurəti aradan qalxmış şəxsin məhkəməyə məcburi şəkildə gətirilməsi də qanunvericiliyin tələbinə uyğun deyildir və həmin şəxsin qanunvericilikdə nəzərdə tutulan hüquqlarının qorunması baxımından da məqsədəmüvafiq hesab edilmir. Azərbaycan Respublikasının inzibati xətalar haqqında qanunvericiliyinin məqsədi, onun vəzifələri və prinsipləri barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi maddi, mənəvi və fiziki məhrumiyyətlərə düçar etmək deyil, törədilmiş inzibati xətaya görə inzibati tənbeh tədbiri tətbiq etməklə, inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xətaların törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati xətalara dair işlərin icraatı üzrə qanunvericilikdə maddi hüquq normalarının tətbiqi ilə yanaşı, prosessual hüquq normalarının tələblərinin tətbiq edilməsi, ilk növbədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin prosessual hüquqlarının müdafiəsi xarakteri daşımaqla həmin şəxsin qanunla qorunan mənafeyinə xidmət edir. Qanunvericiliyin bununla bağlı normaları, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati icraatda iştirakını təmin etməklə onun barəsində hər hansı məcburetmə tətbirinin tətbiqini deyil, həmin şəxsin öz prosessual hüquqlarından daha asan və sərbəst şəkildə istifadə etməsinə zəmin yaratmaq imkanlarının reallaşdırılmasını nəzərdə tutur. Məhkəmə Oğuz rayon İcra və Probasiya Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsi ilə tərtib edilmiş 26.04.2021-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə hazırda Şəxs inzibati məsuliyyətə cəlb edilməsi zərurəti qalmadığını və buna hər hansı əsas da olmadığını, hazırki vəziyyətdə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı olmadan da iş üzrə tam, hərtərəfli, obyektiv və qərəzsiz araşdırma aparılaraq yekun qərar qəbul edilməsinə hər hansı maneə olmadığını nəzərə alaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edib Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən hazırki işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı olmadan baxılmasını qərara almışdır. İş materiallarına əlavə edilmiş Oğuz rayon İcra və Probasiya Şöbəsinin 13.01.2022-ci il tarixli 5372/21 nömrəli məktubundan və həmin məktuba əlavə edilmiş ödəniş qəbzinin surətindən görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 100 (bir yüz) manat miqdarında inzibati cərimə məbləğini 13.01.2022-ci il tarixdə tam şəkildə ödəmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib icra məmurunun izahatını dinləyərək qərara gəlir ki, Şəxs inzibati məsuliyyətdən azad olunmalıdır. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, Şəxs Bakı şəhər Nəsimi rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinin 22.09.2020-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə təqsirli bilinib 100 (bir yüz) manat miqdarında inzibati cərimə edilmişdir. Həmin cərimə məbləği ödənilməmiş qalmışdır. Şəxs inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qanuni qüvvəyə minmiş qərarı qanunla müəyyən edilmiş əsaslar olmadan tam şəkildə icra etmədiyinə görə onun barəsində Oğuz rayon İcra və Probasiya Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsi ilə inzibati protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Şəxs 100 (bir yüz) manat miqdarında cərimə məbləğini hazırda müvafiq hesaba tam şəkildə ödəmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsinin qeyd hissəsinin məzmununa görə bu Məcəllənin 529.1-ci və ya 529.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs müvafiq cəriməni, dəbbə pulunu (bu Məcəllə ilə müəyyən edilmiş hallarda), 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs isə müvafiq cəriməni, dəbbə pulunu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqqı inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödədikdə inzibati məsuliyyətdən azad olunur. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibinin əlamətləri olsa da o, inzibati cərimə məbləğini məhkəmə qərar qəbul edənədək tam şəkildə ödədiyinə görə onun inzibati məsuliyyətə cəlb edilməsi zərurəti aradan qalxmışdır. Həmin əsaslara görə məhkəmə qərara gəlir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529-cu maddəsinin tələbləri baxımından Şəxs inzibati məsuliyyətdən azad olunması barədə qərar qəbul edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 105, 110-115, 529-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs barəsində Oğuz rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsi ilə tərtib edilmiş 26.04.2021-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolla başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin və Şəxs həmin maddədə nəzərdə tutulan inzibati məsuliyyətdən azad olunsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim : Kamran Süleymanov
Məhkəmə qərarları › İş №3(054)-11/2022
Oğuz Rayon Məhkəməsi Qərar — İş №3(054)-11/2022
14.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver