Məhkəmə qərarları › İş №3(054)-11/2025

Oğuz Rayon Məhkəməsi Qərar — İş №3(054)-11/2025

16.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Oğuz rayonu İş № 3(054)-11/2025 16.01.2025 OĞUZ RAYON MƏHKƏMƏSİ Oğuz Rayon Məhkəməsinin hakimi Zeynalova Səadət Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, Oğuz rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi Vəkil, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs iştirakı ilə xx.xx.1981-ci il tarixdə Oğuz rayonu Xalxal kəndində anadan olmuş, həmin kənddə qeydiyyatda olmaqla yaşayan, orta təhsili, subay, işsiz, il ərzində eyni inzibati xətaya görə inzibati məsuliyyətə cəlb edilməmiş, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs haqqında Oğuz rayon İcra və Probasiya Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala Oğuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: Oğuz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2 (054) - 36 / 2021 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən xx.xx.2020-ci il tarixdən başlayaraq cavabdeh Şəxs hər ay hər uşaq üçün 120 (bir yüz iyirmi) manat-cəmi 240 (iki yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq xx.xx.2011-ci il tarixdə anadan olmuş X3 və xx.xx.2017-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün iddiaçı Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Qətnamə üzrə icra sənədi hazırda Oğuz rayon İcra və Probasiya Şöbəsinin icraatındadır. Oğuz rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 tərəfindən borclu Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Oğuz rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 izahat verərək bildirdi ki, Oğuz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2 (054) - 36 / 2021 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsinə dair icra sənədi üzrə tələbin könüllü olaraq ödənilməsi barədə Oğuz rayon İcra və Probasiya Şöbəsi tərəfindən borcluya bildiriş göndərilmiş, lakin borclu icra sənədi üzrə tələbi vaxtında icra etməmişdir. Oğuz rayon İcra və Probasiya Şöbəsi tərəfindən müvafiq orqanlara sorğular göndərilmiş, lakin borcluya məxsus, tələbin ödənilə biləcəyi pul vəsaiti və digər qiymətli əşyalar aşkar edilməmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Borclu qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir və onun hazırda tələbkara 12000 manat aliment borcu vardır. Qeyd etdikləri nəzərə alınmaqla borclu Şəxs inzibati qaydada tənbeh edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, o, daimi olaraq heç bir yerdə işləmir. Onun hazırda tələbkara 12000 manat aliment borcu yaranmışdır. Hazırki vəziyyətdə yaranmış aliment borcunu tam olaraq ödəməyə maddi imkanı yoxdur, maddi imkanları daxilində - ayda təxminən, 300 manat ödəniş etməklə aliment borcunun ödənilməsində yaranmış gecikməni aradan qaldırmağa çalışacaqdır. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi Vəkil qeyd etdi ki, borclunun icra sənədinin icrasından boyun qaçırmaq niyyəti yoxdur, ailə vəziyyəti və işsiz olması ilə əlaqədar borcunu ödəyə bilməmişdir, lakin vaxt verilərsə qalıq borcu hissə-hissə ödəyəcəkdir. Qeyd edilən əsaslara görə hüquqlarını müdafiə etdiyi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs maddi vəziyyəti nəzərə alınmaqla ona qanun çərçivəsində güzəşt edilməsini məhkəmədən xahiş edir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, borclunun hazırda ona cəmi 12000 manat gecikdirilmiş aliment borcu vardır. O hazırda həmin məbləğin ödənilməsini tələb edir, borclu isə məsuliyyətsizlik edərək aliment borcunu ödəməkdən boyun qaçırır. Eyni zamanda, borclu uşaqları ondan almış və uşaqlarla görüşməyinə də imkan yaratmır. O, uşaqların geri qaytarılmasını və hazırki mərhələdə ən azı 5000 manat ödəniş edilməsini tələb edir. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında tədqiq edilən sübutlarla müəyyən edildi ki, Oğuz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2 (054) - 36 / 2021 nömrəli qətnaməsinə əsasən borclu Şəxs hər ay hər uşaq üçün 120 (bir yüz iyirmi) manat-cəmi 240 (iki yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq tələbkar Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Həmin məhkəmə qərarı üzrə borclunun hazırda tələbkara cəmi 12000 manat aliment borcu yaranmışdır. Məhkəmə iş materiallarını nəzərdən keçirib icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin izahatlarını, müdafiəçinin fikrini dinləyərək hesab edir ki, borclu Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. O həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilərək inzibati tənbeh edilməlidir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun tərəfindən törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şəxs tərəfindən törədilmiş inzibati xətada onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar aşkar edilməmişdir. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini və təqsirinin dərəcəsini, habelə ona inzibati cərimə tətbiq edilməsinin işin faktiki hallarına uyğun olmadığını nəzərə alaraq barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati həbs etməyi, tələbkara ödənilməli olan alimentin miqdarını nəzərə alaraq inzibati həbs müddətinin 10 (on) gün müddətində müəyyən edilməsini məqsədə müvafiq hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30, 43, 106- 115, 117-ci maddələrini rəhbər tutaraq məhkəmə, qəraraaldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Oğuz rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 gün müddətində inzibati həbs edilsin. İnzibati həbsin əvvəli qərarın elan edildiyi vaxtdan – xx.xx.2025-ci il tarixdən saat 18:20-dən hesablansın. Qərarın icrası Oğuz rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim : Səadət Zeynalova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar