Məhkəmə qərarları › İş №3(054)-119/2022

Oğuz Rayon Məhkəməsi Qərar — İş №3(054)-119/2022

14.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Oğuz rayonu İş № 3(054)-119/2022 14.07.2022 OĞUZ RAYON MƏHKƏMƏSİ Oğuz Rayon Məhkəməsinin hakimi Süleymanov Kamran Şakir oğlunun sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, Oğuz rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X8, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərər çəkmiş şəxs X3 iştirakı ilə xx.xx.1965-ci il tarixdə Oğuz rayonu Top kəndində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan, faktiki olaraq Oğuz rayonu Top kəndində yaşayan, evli, öz deməsinə görə ali təhsili, fərdi əmək fəaliyyəti ilə məşğul olan və il ərzində eyni inzibati xətaya görə inzibati məsuliyyətə cəlb edilməmiş, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs haqqında Oğuz rayon İcra və Probasiya Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala Oğuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: İddiaçı X3 cavabdeh Şəxs qarşı uşaq tələbi barədə mülki iş üzrə Oğuz Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2 (054) - 349 / 2018 nömrəli qətnaməsinə əsasən iddia tələbi təmin edilərək X3 mərhum X1 ilə birgə nikahından 26 oktyabr 2014-cü il tarixdə anadan olmuş X6 və 05 aprel 2016-cı il tarixdə anadan olmuş X9 adlı uşaqların cavabdeh Şəxs alınaraq iddiaçı X5 verilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir. Qətnamə üzrə icra sənədi hazırda Oğuz rayon İcra və Probasiya Şöbəsinin icraatındadır. Borclu Şəxs qeyd olunan məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə və tələbi icra etmədiyinə görə onun barəsində Oğuz rayon İcra və Probasiya Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə xx.xx.2022-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokolu tərtib edən Oğuz rayon İcra və Probasiya Şöbəsinin böyük icra X10 məhkəmə iclasında izahat verərək göstərdi ki, Oğuz Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2 (054) - 349 / 2018 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsinə dair icra sənədi üzrə tələbin könüllü olaraq icra edilməsi barədə Oğuz rayon İcra və Probasiya Şöbəsi tərəfindən borclu Şəxs bildiriş göndərilmişdir. Borcludan izahat alınmış, icra sənədi üzrə öhdəlikləri və məsuliyyəti ona izah edilmişdir. Borclu Şəxs 2021-ci ildə qeydiyyat ünüvanını dəyişərək ünvan 1 ünvanında qeydiyyata alındığına görə icra sənədi ərazi aidiyyəti üzrə Bakı şəhəri Nizami rayon İcra Şöbəsinə göndərilmişdir. Həmin icra qurumu tərəfindən də icra sənədinin icrasına yönələn müəyyən icra tədbirləri həyata keçirilmiş, borclu Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək oğlu xx.xx.2021-ci il tarixli məhkəmə qərarı ilə 500 (beş yüz) manat miqdarında inzibati cərimə edilmiş, lakin icra sənədini yenə də icra etməmişdir. Borclu ünvan 1 ünvanında qeydiyyatda olsa da, faktiki olaraq Oğuz rayonunda yaşadığına görə icra sənədi Oğuz rayon İcra və Probasiya Şöbəsinə qaytarılmışdır. İcra sənədi Oğuz rayon İcra və Probasiya Şöbəsinin icraatında olduğu müddət ərzində icra sənədinin icrasına yönələn müvafiq icra tədbirləri həyata keçirilmiş, icra üçün yenidən müddət təyin edilmişdir. Lakin borclu Şəxs yenə də icradan yayınmış, hətta uşaqları gizlətmişdir. Uşaqların yerinin müəyyən edilməsi üçün qanunamüvafiq icra tədbirləri həyata keçirilmiş, lakin onların yerini müəyyən etmək mümkün olmamışdır. Borclu icra məmurunun çağırışlarına da vaxtlı-vaxtında gəlməmiş, onun yerini müəyyən etmək mümkün olmamışdır. Bu səbəbdən də “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən xx.xx.2022-ci il tarixli qərara əsasən həm borclunun, həm də uşaqların barəsində axtarış elan edilmişdir. Bundan sonra borclu polis əməkdaşları vasitəsilə Oğuz rayon İcra və Probasiya Şöbəsinə gətirilsə də, uşaqların yerini indiyədək müəyyən etmək mümkün olmamışdır. Borclu özü isə uşaqların ünvanını bildirməkdən imtina etdiyini, icra sənədini heç vaxt icra etməyəcəyini bildirmişdir. Borclu qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Qeyd etdikləri nəzərə alınmaqla borclu Şəxs inzibati qaydada tənbeh edilməsini məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan borclu Şəxs məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, qeyd olunan məhkəmə qətnaməsinə dair icra sənədi üzrə icra prosesləri zamanı uşaqlar atalarının himayəsində yaşamaq istəmədiklərini bildirmişlər. Uşaqların ondan alınaraq tələbkara verilməsi ilə bağlı məhkəmə qətnaməsi qanuni qüvvəyə minmiş olsa da, o, uşaqların tələbkara verilməsini qanunsuz və əsassız hesab edir. O özü hazırda ünvan 1 ünvanında qeydiyyatdadır. Uşaqlar da həmin ünvanda yaşayırlar. Onun barəsində axtarış elan edilməsindən xəbəri yoxdur. Bu gün də icra qurumuna polis əməkdaşları vasitəsilə deyil, özü gəlmişdir. Həmin icra sənədinin Oğuz rayon İcra və Probasiya Şöbəsi tərəfindən icra edilməsinin və onun barəsində inzibati xəta haqqında protokol tərtib edilməsinin səbəbi ona aydın deyil. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Zərər çəkmiş şəxs X7 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, borclu hazırda da uşaqları ona qaytarmaqdan, bunula da, icra sənədinin icrasından müxtəlif bəhanələrlə üzürsüz səbəbdən yayınır. Ona görə də o, Oğuz rayon İcra və Probasiya Şöbəsi tərəfindən Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə onun inzibati qaydada tənbeh edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, borclu Şəxs Oğuz Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2 (054) - 349 / 2018 nömrəli qətnaməsi xx.xx.2020-ci il tarixdə qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir. Qeyd olunan məhkəmə qətnaməsinin qəbul edildiyi vaxtdan sonra keçən 4 (dörd) ildən artıq, qətnamənin qanuni qüvvəyə mindiyi və icraya yönəldildiyi vaxtdan sonra keçən 2 (iki) ilə yaxın müddət ərzində borclu icra sənədini üzrsüz səbəbdən icra etməmişdir. Eyni zamanda, borclu icra məmurunun çağırışlarından da yayınmış, bununla da icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Borclunun barəsində axtarış elan edildikdən sonra o, polis əməkdaşları vasitəsilə Oğuz rayon İcra və Probasiya Şöbəsinə gətirilmişdir. Borclu qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə dair icra sənədini icra etməkdən hazırda da heç bir üzürlü səbəb olmadan imtina edir. Borclu Şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə dair icra sənədini indiyədək icra etməməsini uşaqların atalarının himayəsində yaşamaq istəmədikləri ilə izah etməyə çalışımış, izahatında qeyd etdiyi xüsusatların əsası kimi isə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Əksinə, azyaşlı uşaqların məhz Aydın Mikayılovun yanında qalmalı olduqları və bunun bilavasitə uşaqların da mənafeyinə uyğun olduğu ayrı-ayrı vaxtlarda müxtəlif instansiyalar tərəfindən qəbul edilmiş məhkəmə qətnamələri ilə də təsbit edilmişdir. Belə ki, iş materiallarından görünür ki, xx.xx.2014-cü il tarixdə anadan olmuş X6 və xx.xx.2016-cı il tarixdə anadan olmuş X9 adlı uşaqların Şəxs alınaraq X5 verilməsi məsələsi məhkəmə qaydasında müəyyən edilmiş, bununla bağlı qəbul edilmiş məhkəmə qətnaməsi qanuni qüvvəyə minərək icraya yönəldilmişdir. Buna baxmayaraq Şəxs hazırki vəziyyətdə də qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə dair icra sənədini icra etməkdən imtina edir. Bundan əlavə, borclu Şəxs icra sənədini icra etməməsini uşaqların atalarının himayəsində yaşamaq istəmədikləri ilə əlaqələndirməklə yanaşı, hazırki məhkəmə iclasında verdiyi izahatında da göstərdi ki, qeyd edilən icra sənədinin əsasını təşkil edən məhkəmə qətnaməsi qanuni qüvvəyə minmiş olsa da, o, uşaqların tələbkara verilməsini qanunsuz və əsassız hesab edir. Məhkəmə hesab edir ki, bununla da, borclu icra sənədinin icrasını ləngitməklə yanaşı, həmin icra sənədinin əsasını təşkil edən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş halları şübhə altına almağa çalışır. Məhkəmə qeyd edilən hallara məcmu halında və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibinin əlamətləri ilə əlaqəli şəkildə qiymət verərək həmin halları qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin üzrsüz səbəbdən yerinə yetirilməməsi kimi qiymətləndirir. Məhkəmə iş materiallarını nəzərdən keçirib icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərər çəkmiş şəxsin izahatlarını dinləyərək hesab edir ki, borclu Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. O həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilərək inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə Şəxs barədə inzibati tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şəxs tərəfindən törədilmiş inzibati xətada onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar aşkar edilməmişdir. Məhkəmə Şəxs şəxsiyyətini və təqsirinin dərəcəsini, habelə, bundan əvvəl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərkən ona inzibati cərimə tətbiq edildiyini, lakin həmin inzibati tənbehdən heç bir müsbət nəticə çıxarmayaraq icra sənədini indiyədək də icra etmədiyini, hazırda da ona inzibati cərimə tətbiq edilməsinin işin faktiki hallarına uyğun olmadığını nəzərə alaraq barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati həbs tətbiq etməyi, onun tərəfindən törədilmiş inzibati xətanın xarakterini nəzərə alaraq inzibati həbs müddətinin 15 (on beş) gün müddətində müəyyən edilməsini qanunamüvafiq hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30, 43, 106-115, 117-ci maddələrini rəhbər tutaraq məhkəmə, qəraraaldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Oğuz rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X10 tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 15 (on beş) gün müddətində inzibati həbs edilsin. İnzibati həbsin əvvəli qərarın elan edildiyi vaxtdan - xx.xx.2022-ci il tarixdən saat 19:10-dan hesablansın. Qərarın icrası Oğuz rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim : Kamran Süleymanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar