Məhkəmə qərarları › İş №3(054)-120/2022

Oğuz Rayon Məhkəməsi Qərar — İş №3(054)-120/2022

15.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Oğuz rayonu İş № 3(054)-120/2022 15.08.2022 OĞUZ RAYON MƏHKƏMƏSİ Oğuz Rayon Məhkəməsinin hakimi Süleymanov Kamran Şakir oğlunun sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, İnzibati tənbeh vermə haqqında qərardan şikayət verən şəxs X1 iştirakı ilə xx.xx.1995-ciil tarixdə Oğuz rayonu Bayan kəndində anadan olmuş, həmin kənddə yaşayan, subay, orta təhsilli, işsiz, fərdi identifikasiya nömrəsi 68PP890 X1 Oğuz rayon Polis Şöbəsinin DYP Bölməsinin xx.xx.2022-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayətinə Oğuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: X4 məhkəməyə müraciət edərək Oğuz rayon Polis Şöbəsinin DYP Bölməsinin xx.xx.2022ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İnzibati tənbeh vermə haqqında qərardan şikayət verən şəxs X4 şikayətində qeyd etmişdir ki, o, Oğuz rayonu Bayan kəndində yaşayır və “VAZ 21074 MİNİK” markalı ** XK *** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsusdur. xx.xx.2022-ci il tarixdə özünə məxsus avtomobillə Qaraməryəm-İsmayıllı-Şəki yolunun 111-ci kilometrində hərəkət edərkən onun avtomobili BDYPİ-nin V X13 Xidməti inspektoru X5 tərəfindən saxlanılmışdır. Onun idarə etdiyi nəqliyyat vasitəsinin ban şüşələrinə qanunla tətbiqinə icazə verilməyən örtüklərin çəkilməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.4-cü maddəsinin tələblərini pozduğu bildirilmiş və barəsində xx.xx.2022-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir.Həmin protokol əsasında barəsində Oğuz rayon Polis Şöbəsinin DYP X3 üzrə baş inspektoru X6 tərəfindən xx.xx.2022-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında elektron qərar qəbul edilmiş, qeyd edilən qərar əsasında onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.4-cü maddəsinə əsasən 150 manat miqdarında cərimə tətbiq edilmişdir. Onun istifadəsində olan möbil nömrəyə SMS göndərilərək cərimə edildiyi bildirilmişdir. O, barəsində tərtib edilən protokola etiraz edərək hər hansı qanun pozuntusuna yol vermədiyini, idarə etdiyi avtomobildə mövcud olmuş pərdələrin qüvvədə olan qanunvericiliyə əsasən barəsində protokol tərtib edilməsinə və cərimə tətbiq edilməsinə əsas vermədiyini bildirmişdir. Heç bir təqsiri olmadığı halda, qeyd olunan qərar əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb olunaraq 150 manat miqdarında inzibati cərimə edilməsindən narazı və şikayətçidir. Qeyd etdikləri nəzərə alınmaqla Oğuz rayon Polis Şöbəsinin DYP Bölməsinin xx.xx.2022-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş edir. İnzibati tənbeh vermə haqqında qərardan şikayət verən şəxs X4 məhkəmə iclasında şikayətin məzmununa uyğun izahat verərək göstərdi ki, o, heç bir qanun pozuntusuna yol verməmişdir. Doğrudur, o, idarə etdiyi avtomobilin arxa şüşəsinə və arxa qapıların şüşələrinə pərdə çəkmişdir. Həmin pərdələr tünd rəngli olmaqla işığı buraxmır. Ancaq qanunvericiliyə əsasən avtomobilin sağ və sol tərəflərində güzgü olduqda arxa qapıların şüşələrində plyonka və pərdəyə icazə verilir. Qanunla buna hər hansı məhdudiyyət yoxdur. O da yay mövsümündə həmişə avtomobili bu cür idarə etmiş, lakin indiyədək bununla bağlı ona irad bildirilməmiş, barəsində hər hansı protokol tərtib edilməmişdir. Avtomobillərdə plyonka və pərdə eyni xüsusiyyətə malik əşyalar sayılır. Hesab edir ki, əgər avtomobilin şüşəsinə plyonka vurmağa icazə verilirsə, onda şüşəyə pərdə vurmağa da icazə vardır. Buna baxmayaraq Oğuz rayon Polis Şöbəsinin DYP Bölməsinin xx.xx.2022-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı əsasında o, əsassız olaraq 150 manat miqdarında inzibati cərimə edilmişdir. Ona görə də o, Oğuz rayon Polis Şöbəsinin DYP Bölməsinin xx.xx.2022-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi ilə bağlı şikayətlə məhkəməyə müraciət etmişdir. Qeyd etdiklərinə əsasən şikayətinin təmin edilməsini məhkəmədən xahiş edir. xx.xx.2022-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı tərtib edən orqan - Oğuz rayon Polis Şöbəsinin DYP Bölməsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlmədiyinin səbəbləri barədə məlumat verməmiş, məhkəməyə hər hansı etiraz və ya vəsatət təqdim etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən işə Oğuz rayon Polis Şöbəsinin DYP Bölməsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını qərara almışdır. İş materiallarına əlavə edilmiş BDYPİ-nin V X13 Xidməti inspektoru X5 tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, həmin tarixdə X4 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.4-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İş materiallarına əlavə edilmiş bildirişdən görünür ki, xx.xx.2022-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokola baxılması ilə əlaqədar Oğuz rayon X7 X12 tərəfindən X2 bildiriş göndərilərək Oğuz rayon X7 X10 gəlməsi xahiş edilmişdir. İş materiallarına əlavə edilmiş Oğuz rayon Polis Şöbəsinin DYP X3 üzrə baş inspektoru X6 tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək 150 manat miqdarında inzibati cərimə edilmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib inzibati tənbeh vermə haqqında qərardan şikayət verən şəxsin izahatını dinləyərək hesab edir ki, şikayət təmin edilməməlidir. X4 hazırki şikayətində minik avtomobillərinin arxa şüşələrinə örtük (pərdə və ya plyonka) çəkilməsinə, sənaye üsulu ilə hazırlanan jalüz asmağa yol verildiyini və buna görə qanunvericilikdə heç bir inzibati məsuliyyət nəzərdə tutulmadığını, bu səbəbdən onun tərəfindən hər hansı inzibati xətaya yol verilmədiyini qeyd etsə də, X1 istinad etdiyi hüquq norması hazırda qüvvədən düşmüşdür. Belə ki, X1 hazırki şikayətində istinad etdiyi, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanuna 1 saylı Əlavənin Vİİ bəndinin “Qeyd” hissəsinin hazırda qüvvədə olan redaksiyasına əsasən işığı buraxması dövlət standartlarının tələblərinə uyğun olan, sənaye üsulu ilə hazırlanan rəngli şüşələrin (güzgü-şüşələrdən başqa) tətbiqinə icazə verilir. Qeyd olunan Qanuna 1 saylı Əlavənin Vİİ bəndinin “Qeyd” hissəsinin əvvəlki redaksiyasına əsasən “avtomobillərin və avtobusların qabaq şüşəsinin yuxarı hissəsində rəngli, şəffaf plyonka bərkidilə bilər. İşığı buraxması dövlət standartlarının tələblərinə uyğun olan, sənaye üsulu ilə hazırlanan rəngli şüşələrin (güzgü-şüşələrdən başqa) tətbiqinə icazə verilir. Hər iki tərəfdə arxanı göstərən xarici güzgülər olduqda avtobusun pəncərələrindən pərdə asmağa, eləcə də minik avtomobillərinin arxa şüşələrinə örtük (pərdə və ya plyonka) çəkməyə və ya sənaye üsulu ilə hazırlanan jalüz asmağa yol verilir” müddəası qeyd edilmişdi. Həmin müddəa xx.xx.2021-ci il tarixli 269-VİQD nömrəli Azərbaycan Respublikasının Qanununa əsasən dəyişdirilərək hazırki redaksiyada verilmişdir. xx.xx.2022-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokolda X4 tərəfindən törədildiyi qeyd edilən inzibati xəta hadisəsi isə həmin dəyişiklikdən 1 ildən də artıq müddət keçəndən sonra baş vermişdir. Azərbaycan Respublikasının Dövlət Standartları üzrə AZS ***-**** saylı standartın 3.2.4-cü maddəsinə və ona edilən dəyişikliyə əsasən sürücü üçün görünüşü təmin edən şüşələrin işıq buraxma qabiliyyəti küləyə qarşı şüşələr üçün 75%-dən, küləyə qarşı olmayan digər şüşələr üçün 70%-dən az olmamalıdır. İki yan güzgünün quraşdırıldığı zaman arxa şüşənin işıqburaxma qabiliyyəti normallaşdırılmır. İşıqburaxma qabiliyyəti 70 %-dən az olan şüşələr əlavə olaraq V işarəsi ilə markalanmalıdır Göründüyü kimi, həmçinin, inzibati tənbeh vermə haqda qərardan şikayət verən şəxs X1 özünün də bildirdiyi kimi, onun idarə etdiyi nəqliyyat vasitəsinin arxa şüşələrində istifadə etdiyi pərdələr, ümumiyyətlə, işıq buraxmamış və bununla da, avtomobilin küləyə qarşı olmayan yan şüşələrinə quraşdırılmış pərdələr yan şüşələrə quraşdırılmasına icazə verilən vasitə olmamaqla, işıq buraxması dövlət standartlarının tələblərinə uyğun deyidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.4-cü maddəsinə əsasən nəqliyyat vasitəsinin ban şüşələrinə qanunla tətbiqinə icazə verilməyən örtüklərin çəkilməsinə görə 150 manat məbləğində cərimə nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin inzibati xəta haqqında iş üzrə qərara yenidən baxılması qaydalarını müəyyən edən 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. X4 şikayətində onun barəsində tərtib olunmuş xx.xx.2022-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokolu və bu protokol əsasında qəbul edilmiş xx.xx.2022-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı mübahisələndirsə də, hazırki məhkəmə iclasında tədqiq olunmuş faktlarla və qeyd edilən hüquq normalarının tələbləri baxımından onun həmin protokolda göstərilən inzibati xətaya, həqiqətən də, yol verdiyi müəyyən edilmişdir. X1 barəsində tərtib olunmuş xx.xx.2022-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokolu və bu protokol əsasında qəbul edilmiş xx.xx.2022ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın qanunsuz və ya əsassız olmasına dəlalət edən hallar məhkəmə araşdırması zamanı da müəyyən edilməmişdir. X1 istinad etdiyi hüquq norması artıq qüvvədə olmadığından onun hazırki şikayətində və məhkəmə iclasında verdiyi izahatında qeyd etdiyi xüsusatlar da barəsində tərtib edilən inzibati xəta haqqında protokol və bu protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsas deyildir. İşin məhkəmədə müəyyən edilmiş faktiki hallarından müəyyən edilir ki, X4 barəsində hazırki inzibati tənbeh vermə haqqında qərar qanuni əsaslarla tərtib edilmiş və o, qeyd olunan inzibati xətaya görə qanunvericilikdə müəyyən edilmiş inzibati tənbeh çərçivəsində, eyni zamanda, həmin inzibati tənbehi tətbiq etmək səlahiyyəti olan orqan tərəfindən inzibati məsuliyyətə cəlb edilərək inzibati qaydada tənbeh edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinin məzmununa görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar mövcud olmadıqda həmin qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Məhkəmə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134-cü maddəsinin tələbinə əsasən qərara gəlir ki, Oğuz rayon Polis Şöbəsinin DYP X3 üzrə Baş İnspektoru polis baş leytenantı X6 tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar mövcud olmadığından X1 hazırki şikayətinin təmin edilməməsi barədə qərar qəbul edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 136-cı maddələrini rəhbər tutaraq məhkəmə, qəraraaldı: X1 Oğuz rayon Polis Şöbəsinin DYP Bölməsinin xx.xx.2022-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayəti təmin edilməsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim : Kamran Süleymanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar