Məhkəmə qərarları › İş №3(054)-120/2023

Oğuz Rayon Məhkəməsi Qərar — İş №3(054)-120/2023

25.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Oğuz rayonu İş № 3(054)-120/2023 25.06.2023 OĞUZ RAYON MƏHKƏMƏSİ Oğuz Rayon Məhkəməsinin hakimi Zeynalova Səadət Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, Oğuz rayon İcra və Probasiya Şöbəsinin rəisi X6, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi Vəkil iştirakı ilə xx.xx.1999-cu il tarixdə Oğuz rayonu Şirvanlı kəndində anadan olmuş, həmin kənddə yaşayan, orta təhsili, işsiz, öz deməsinə görə il ərzində eyni inzibati xətaya görə inzibati məsuliyyətə cəlb edilməmiş, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs barəsində Oğuz rayon İcra və Probasiya Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala Oğuz Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: Oğuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2 (054) - 15 / 2023 nömrəli qətnaməsinə əsasən xx.xx.2022-ci il tarixdən başlayaraq cavabdeh Şəxs hər ay 180 (bir yüz səksən) manat sabit pul məbləğində aliment tutularaq xx.xx.2021-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün iddiaçı X2 ödənilməsi qət edilmişdir. Qətnamə üzrə icra sənədi hazırda Oğuz rayon İcra və Probasiya Şöbəsinin icraatındadır. Oğuz rayon İcra və Probasiya Şöbəsinin rəisi X7 tərəfindən borclu Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Oğuz rayon İcra və Probasiya Şöbəsinin rəisi X7 izahat verərək göstərdi ki, Oğuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2 (054) - 15 / 2023 nömrəli qətnaməsinə dair icra sənədi üzrə tələbin könüllü olaraq ödənilməsi barədə Oğuz rayon İcra və Probasiya Şöbəsi tərəfindən borclu Şəxs bildiriş göndərilmiş, lakin borclu icra sənədini vaxtında və tam şəkildə icra etməmişdir. İcra sənədi Oğuz rayon İcra və Probasiya Şöbəsinin icraatında olduğu müddət ərzində borclunun əmlak vəziyyətini yoxlamaq üçün müvafiq orqanlara sorğular göndərilmiş, lakin borcluya məxsus, tələbin ödənilə biləcəyi pul vəsaiti və digər qiymətli əşyalar aşkar edilməmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Borclu Oğuz rayon İcra və Probasiya Şöbəsinə dəvət edilsə də, icra məmurunun çağırışlarına da gəlməmişdir. Borclunun yerini müəyyən etmək mümkün olmamış, bu səbəbdən də onun barəsində xx.xx.2023-cü il tarixli qərarla axtarış elan edilmişdir. Həmin qərar əsasında borclu polis əməkdaşları vasitəsilə Oğuz rayon İcra və Probasiya Şöbəsinə gətirilmişdir. Borclu barəsində inzibati qaydada protokol tərtib edilərkən onun tələbkara 645 manat ödənilməmiş aliment borcu olmuşdur. Hazırda borclu 300 manat ödəmiş və onun tələbkara 345 manat ödənilməmiş aliment borcu qalmışdır. Qeyd etdiklərinə əsasən iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək göstərdi ki, uzun müddətdir ki işsiz olduğuna görə aliment borcunun ödənilməsində gecikmə yaranmışdır. Tələbkara olan aliment borcundan bu gün 300 manat ödəniş etmiş və hazırki vəziyyətdə onun tələbkara cəmi 345 manat gecikdirilmiş aliment borcu qalmışdır. O, hazırda kənd təsərrüfatı texnikası idarə edir və aliment borcunun ödənilməsində yaranmış gecikməni tezliklə aradan qaldıracaqdır. Eyni zamanda qeyd edir ki, o, qeydiyyatda olduğu ünvanda, yəni Oğuz rayonu Xaçmaz kəndində deyil, bir müddət faktiki olaraq başqa ünvanda yaşadığına görə icra qurumunun çağırışlarına da gələ bilməmiş, barəsində axtarış elan edildiyini bildikdən sonra dərhal icra qurumuna gəlmişdir. Qeyd etdiklərinə əsasən barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi Vəkil qeyd etdi ki, borclunun icra sənədinin icrasından boyun qaçırmaq niyyəti yoxdur, ailə vəziyyəti və son dövrlərə qədər işsiz olması ilə əlaqədar borcunu ödəyə bilməmişdir, lakin bugün tələbkara 300 manat ödəniş etmişdir və qalan 345 manat qalıq borcunu da hissə-hissə ödəyəcəkdir. Qeyd edilən əsaslara görə hüquqlarını müdafiə etdiyi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Zərər çəkmiş şəxs X3 hazırki işə baxılması üzrə məhkəmə iclasına gəlməmiş, məhkəmə iclas zalında prosesin gedişində onunla telefon vasitəsilə əlaqə saxladıqda borclunun ona olan gecikdirilmiş aliment borcunun tam şəkildə ödənilməsini tələb etdiyini bildirdi. Məhkəmə iş materiallarını nəzərdən keçirib işdə iştirak edən şəxslərin izahatlarını, müdafiəçinin fikrini dinləyərək qərar gəlir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Oğuz Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli 2 (054) - 15 / 2023 nömrəli qətnaməsinə əsasən cavabdeh Şəxs hər ay cəmi 180 (bir yüz səksən) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X2 ödənilməsi qət edilmişdir. Qətnamə üzrə icra sənədi Oğuz rayon İcra və Probasiya Şöbəsinin icraatındadır. Oğuz rayon İcra və Probasiya Şöbəsi tərəfindən borclu Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati qaydada protokol tərtib edilmiş, həmin protokolda qeyd edilmişdir ki, borclunun tələbkara olan gecikdirilmiş aliment borcu 645 manat təşkil edir. İşin məhkəmədə müəyyən edilmiş faktiki hallarından görünür ki, hazırki vəziyyətdə borclunun tələbkara ödənilməli olan gecikdirilmiş aliment borcu cəmi 345 manat təşkil edir. Borclunun uzun müddət işsiz olması və maddi vəziyyətinin səviyyəsi onu qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası ilə əlaqədar öhdəliklərdən azad etməsə də, məhkəmə qərarının icra edilməsində müəyyən çətinliklər yaranmasına səbəb olur. Bundan əlavə, inzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərdən və işin məhkəmədə müəyyən edilmiş hallarından da görünür ki, borclu tələbkara hər ay 180 manat miqdarında alimenti müntəzəm olaraq ödəməsə də, maddi imkanlarından asılı olaraq müəyyən gecikmələrlə həmin məbləği ödəyir. Bundan əlavə, inzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərdən də görünür ki, borcluya məxsus, tələbin ödənilə biləcəyi pul vəsaiti və digər qiymətli əşyalar aşkar edilməmişdir. Eyni zamanda, borclu tələbkara olan aliment borcunun 300 manatdan ibarət hissəsini bu gün ödəmişdir və qalan borcu da tezliklə ödəyərək gecikməni tam şəkildə aradan qaldıracağını bildirir. Borclu Şəxs barəsində axtarış elan edilərək onun icra qurumuna gətirilməsinin məqsədi də tələbkara olan borcun ödənilməsini təmin etməkdən ibarət olmuşdur. Borclunun maddi imkansızlıq üzündən, yəni özündən asılı olmayan səbəblərə görə icra sənədini icra edə bilməməsi isə məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya onun icra sənədinin icra edilməməsində təqsirli olması kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi nəzərdə tutulur. Şərh olunan əsaslara görə məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsinin törədilməsi istisna edilir və hazırki vəziyyətdə onun əməlində həmin maddədə nəzərdə tutulan inzibati xəta tərkibinin əlamətləri yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan hər hansı biri mövcud olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar çıxarır. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, hazırki vəziyyətdə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibinin əlamətləri olmadığından onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 105, 114-cü maddələrini rəhbər tutaraq məhkəmə, qəraraaldı: Şəxs barəsində Oğuz rayon İcra və Probasiya Şöbəsinin rəisi X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib etdiyi xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolla başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim : Səadət Zeynalova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar