Məhkəmə qərarları › İş №3(054)-120/2025

Oğuz Rayon Məhkəməsi Qərar — İş №3(054)-120/2025

26.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Oğuz rayonu İş № 3(054)-120/2025 26.05.2025 OĞUZ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, Oğuz rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi Vəkil, Zərərçəkmiş şəxs iştirakı ilə xx.xx.1988-ci il tarixdə Kəlbəcər rayonu Keşdək kəndində anadan olmuş, həmin kənddə qeydiyyatda olmaqla faktiki olaraq Oğuz rayonu Calut-2 qəsəbəsində yaşayan, ali təhsilli, evli, fəhlə, əvvəllər Oğuz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3 (054) - 24 / 2025 nömrəli qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmiş, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs barəsində Oğuz rayon İcra və Probasiya Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala Oğuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: İddiaçı Zərərçəkmiş şəxs cavabdeh Şəxs qarşı pul tələbinə dair mülki iş üzrə Oğuz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2 (054) - 21 / 2022 nömrəli qətnaməsinə əsasən cavabdeh Şəxs cəmi 8807 manat tutularaq iddiaçı Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra sənədi icra edilməsi üçün aidiyyəti üzrə Oğuz rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Həmin icra sənədi hazırda Oğuz rayon İcra və Probasiya Şöbəsinin icraatındadır. Borclu Şəxs tələbkara olan borcunu ödəmədiyindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanı inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törətdiyinə görə onun barəsində Oğuz rayon İcra və Probasiya Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Oğuz rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X2 izahat verərək bildirdi ki, Oğuz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2 (054) - 21 / 2022 nömrəli qətnaməsinə dair icra sənədi üzrə tələbin könüllü olaraq ödənilməsi barədə Oğuz rayon İcra və Probasiya Şöbəsi tərəfindən borclu Şəxs bildiriş göndərilmiş, lakin borclu icra sənədini vaxtında və tam şəkildə icra etməmişdir. İcra sənədi Oğuz rayon İcra və Probasiya Şöbəsinin icraatında olduğu müddət ərzində borclunun əmlak vəziyyətini yoxlamaq üçün müvafiq orqanlara sorğular göndərilmişdir. Borclunun adına daşınmaz əmlaklar, avtomobil, banklarda əmanəti, qızıl-zinət əşyaları və ya tələbin yönəldilə biləcəyi pul vəsaiti və hər hansı başqa əmlakın olması müəyyən edilməmişdir. Eyni zamanda borclu Oğuz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3 (054) - 115 / 2025 nömrəli qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək 8 gün müddətində inzibati həbs edilmişdir. Borclu Oğuz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2 (054) - 21 / 2022 nömrəli qətnaməsinə dair icra sənədinin icrası ilə əlaqədar indiyədək müəyyən qədər ödənişlər etmiş və sonuncu dəfə inzibati həbs edildikdən sonra 2000 manat ödəmişdir. Borclu icra məmurunun çağırışlarına da gəlməmiş, bu səbəbdən xx.xx.2025-ci il tarixdə onun barəsində axtarış elan edilmiş, borclu polis əməkdaşları vasitəsilə icra qurumuna gətirilmişdir. Borclu icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək icra sənədinin icrasını təmin etmədiyinə görə onun inzibati qaydada tənbeh edilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, o, daimi olaraq heç yerdə işləmir, bəzən təsadüfi işlərdə çalışaraq günəmuzd qazanc əldə edir. Eyni zamanda o, məhkəmənin qanuni qüvvəyə minmiş hökmünə əsasən 2021-ci ildən xx.xx.2023-cü il tarixədək cəzaçəkmə müəssisəsində cəza çəkmişdir. Maddi imkansızlıq üzündən tələbkara olan borcun ödənilməsində çətinlik çəkir. O, 2024-cü ilin avqust ayında tələbkarla borcunu aylıq 200 manat olmaqla ödəmək şərti ilə razılığa gəlmişdir. O, bu razılığa baxmayaraq 2000 manat vəsaiti birdəfəyə tələbkara ödəmişdir. O, 3 gündür ki, pul göndərmək üçün tələbkardan kart hesab nömrəsi istəyir, lakin tələbkar pulun ödənilməsini təmin etməyi üçün hesab nömrəsi verməkdən imtina edir. O, borcun ödənilməsindən boyun qaçırmır və qanuni qüvvəyə minmiş məhkəmə qərarının icra edilməli olduğunu başa düşür. Onun qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrasından boyun qaçırmaq niyyəti də yoxdur. O, hətta bugün 200 manat ödəniş də edə bilər. O, heç vaxt icra məmurunun qanuni tələblərinə tabesizlik göstərməmiş, icra məmuru tərəfindən hər dəfə çağırıldıqda dərhal icra qurumuna gəlmişdir. İcra məmuru tərəfindən barəsində axtarış elan edilməsindən də məlumatı olmamışdır. Hesab edir ki, onun tərəfindən hər hansı inzibati xətaya yol verilməmişdir. Ona görə də barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi Vəkil qeyd etdi ki, borclunun hazırda ödənilməmiş qalan borcunu tam şəkildə ödəməyə maddi imkanı yoxdur. Borclu tələbkarla gəldiyi razılığa uyğun olaraq hər ay 200 manat ödənişi həyata keçirir. Eyni zamanda borclunun himayəsində azyaşlı övladları vardır. Borclunun icra sənədinin icrasından boyun qaçırmaq niyyəti də yoxdur. Qeyd etdiklərinə əsasən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs izahat verərək bildirdi ki, borclu onu aldadaraq ona qarşı dələduzluq etmişdir. Bu səbəbdən borclu da məhkum olunmuşdur. Borclu sonuncu dəfə inzibati həbs edildikdən sonra 2000 manat ödəmişdir. O, əvvəllər 200 manat ödənilməsi ilə bağlı borclu ilə razılaşmış olsa da, borcludan borcun tam şəkildə ödənilməsini tələb edir. Eyni zamanda borclu borcundan ödəniş etmək üçün onun kart hesab məlumatlarını istəsə də, onun artıq borcluya inamı olmadığından bundan imtina etmiş və məhkəmədə görüşəcəklərini demişdir. Qeyd etdiklərinə əsasən iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. İş materiallarına əlavə edilmiş, Oğuz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3 (054) - 24 / 2025 nömrəli inzibati xəta haqqında iş üzrə qərarının surətindən müəyyən edilir ki, Şəxs xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək 8 gün müddətində inzibati həbs edilmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib işdə iştirak edən şəxslərin izahatlarını, müdafiəçinin fikrini dinləyərək qərar gəlir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Həmin Qanunun 84.1-ci maddəsinə əsasən icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə görə, icra sənədinin itirilməsinə və ya onun vaxtında göndərilməməsinə görə, habelə borclunun iş yeri və ya yaşayış yeri, onun gəlirləri və əmlak vəziyyəti haqqında dəqiq olmayan məlumat təqdim edilməsinə görə böyük icra məmuru təqsirkar şəxslərin inzibati məsuliyyətə cəlb olunması üçün qanunvericiliyə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. İş materiallarından və işin məhkəmədə müəyyən edilmiş faktiki hallarından görünür ki, borclu Şəxs tələbkara ödənilməli olan vəsaiti indiyədək ödəməmişdir və həmin məbləğ də kifayət qədər böyük məbləğdir. Borclu Şəxs qanuni qüvvəyə minmiş məhkəmə məhkəmə qərarı üzrə icra sənədini indiyədək icra etmədiyinə - Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanı inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törətdiyinə görə Oğuz rayon İcra və Probasiya Şöbəsi tərəfindən onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Borclu Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda borclunun öz borcunu ödəmədiyi, onun axtarış qərarı əsasında icra qurumuna gəldiyi qeyd edilmişdir. Lakin həmin protokolda və ona əlavə edilmiş sənədlərdə borclunun icra sənədinin icrası ilə əlaqədar icra məmurunun konkret olaraq hansı tələblərini üzürsüz səbəbdən yerinə yetirməməsi halları qeyd edilməmişdir. Belə hallar məhkəmə araşdırması zamanı da öz təsdiqini tapmamışdır. İcra məmuru məhkəmə iclasında verdiyi izahatında borclunun icra məmurunun çağırışlarına gəlmədiyini və həmin əsasla xx.xx.2025-ci il tarixdə onun barəsində axtarış elan edildiyini, borclu isə icra məmuru tərəfindən rəsmi olaraq çağırıldığı vaxtlarda hər zaman icra qurumuna gəldiyini bildirir. Eyni zamanda, iş materiallarında olan, xəbərdarlıq məktublarından görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə, yəni onun barəsində Oğuz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3 (054) - 24 / 2025 nömrəli inzibati xəta haqqında iş üzrə qərarı çıxarıldığı gün xəbərdarlıq məktubu verilmişdir və iş materiallarından xx.xx.2025-ci il tarixədək icra qurumuna çağırılmış olması müəyyən edilmir. Bununla bağlı müvafiq sənədlər də məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi nəzərdə tutulur. Qeyd olunan hüquq normalarının məzmunundan göründüyü kimi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclu tərəfindən üzrsüz səbəbdən icra olunmaması halında və ya icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi halında təqsirkar şəxslərə münasibətdə yaranır. Həmin Məcəllənin 528.1-1-ci maddəsində bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsi nəzərdə tutulur. Hazırki inzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərdən, həmçinin, işin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, hazırda borclunun iş yeri və sabit gəlir mənbəyi, borcluya məxsus, tələbin yönəldilə biləcəyi pul vəsaiti və digər qiymətli əşyalar aşkar edilməmişdir. Borclunun maddi imkansızlığı onu qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası ilə əlaqədar öhdəliklərdən azad etməsə də, məhkəmə qərarının icra edilməsində müəyyən çətinliklər yaranması ilə nəticələnmişdir. Ancaq hazırki vəziyyətdə borclu tələbkara olan borcun hissə-hissə də olsa, ödənilməsi ilə bağlı müəyyən hərəkətləri etməyə çalışır. Borclunun maddi imkansızlığı üzündən, yəni özündən asılı olmayan səbəblərə görə icra sənədinin vaxtında icra edilməməsi isə məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya onun icra sənədinin icra edilməməsində təqsirli olması kimi qiymətləndirilə bilməz. Eyni zamanda, icra məmuru tərəfindən borclunun xx.xx.2025-ci il tarixdən sonra icra qurumuna çağırılmış olması da öz təsdiqini tapmamış, bununla da onun barəsində xx.xx.2025-ci il tarixdə axtarış elan edilməsinin hansı zərurətdən yarandığı icra məmuru tərəfindən hazırki iş materiallarında əsaslandırılmamışdır. Qanunvericiliyin tələbinə əsasən icra sənədi könüllü icra müddətində bir dəfəyə ödənilməlidir. Tələbin hissə-hissə icra edilməsi isə yalnız qanunvericilikdə nəzərdə tutulmuş hallarda və əsaslarla mümkündür. Borclunun icra sənədini qanunla müəyyən edilmiş müddətdə icra edə bilməməsi, onun tələbin yönəldilə biləcəyi hər hansı əmlakının və ya gəlirlərinin olmaması isə hazırki halda icra məmurunun özü tərəfindən müəyyən edilmişdir. Borclunun məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinə əməl etmədiyi və təqsirkar olduğu iş materialları ilə təkzib olunmuşdur. Eyni zamanda xx.xx.2023-cü il tarixdə tələbkar və borclu xx.xx.2023-cü il tarixdən başalayaraq hə ay 200 manat olmaqla və iki aydan bir ***-**** manat olmaqla əlavə ödənişlə bağlı razılığa gəlmişlər. Bundan sonra borclu müəyyən qədər ödənişlər etmiş, məhkəmənin xx.xx.2025-ci il tarixli qərarından sonra isə 2000 manat ödəniş etmişdir. Göründüyü kimi xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək olan müddət ərzində borclu Oğuz rayon İcra və Probasiya Şöbəsi tərəfindən çağrılmış olmasa da, ödəniş etmiş və icra sənədinin icrasından boyun qaçırmadığını göstərmişdir. İcra məmuru tərəfindən tərtib edilmiş hazırki protokolda borclunun icra sənədinin icrasını təmin etmədiyi qeyd edilsə də, onun təqsirinin nədən ibarət olması və nədə ifadə olunması protokolda öz əksini tapmamış, borclunun icra sənədinin icra olunmamasında təqsiri müəyyən olunmamışdır. Bundan əlavə, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, borclu Şəxs fərdi işlərdə işləyibişləmədiyi, digər əmək fəaliyyəti ilə məşğul olub-olmadığı, gəlirlərinin mənbəyi və miqdarı müəyyən edilməmiş, bununla bağlı müvafiq icra tədbirləri həyata keçirilməmiş və zəruri sənədlər inzibati materiala əlavə edilməmişdir. Eyni zamanda, Oğuz Rayon Məhkəməsinin 3 (054) - 24 / 2025 nömrəli qərarı qəbul edildiyi vaxtdan cəmi 3 ay keçdikdən sonra hazırki protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə məsuliyyət müəyyən edilsə də, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə şəxs inzibati məsuliyyətə cəlb edildikdən ağlabatan müddət keçdikdən sonra borclu tərəfindən icra sənədinin icrası üçün heç bir hərəkət edilmədikdə əməlin təkrar törədilməsinə görə həmin Məcəllənin 528.1-1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilməlidir. Şərh olunan əsaslara görə məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən hazırki vəziyyətdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsinin törədilməsi istisna edilir və onun əməlində həmin maddədə nəzərdə tutulan inzibati xəta tərkibinin əlamətləri yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan hər hansı biri mövcud olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar çıxarır. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, hazırki vəziyyətdə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibinin əlamətləri olmadığından Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 105, 114-cü maddələrini rəhbər tutaraq məhkəmə, qəraraaldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Oğuz rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X2 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli nömrəli inzibati xəta haqqında protokolla başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim : Emin Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar