Məhkəmə qərarları › İş №3(054)-124/2024

Oğuz Rayon Məhkəməsi Qərar — İş №3(054)-124/2024

31.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Oğuz rayonu İş № 3(054)-124/2024 31.05.2024 OĞUZ RAYON MƏHKƏMƏSİ Oğuz Rayon Məhkəməsinin hakimi Zeynalova Səadət Nazim qızının sədrliyi, Rəşidzadə Dərya Təngiz qızının katibliyi, Oğuz rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi Vəkil iştirakı ilə xx.xx.1987-ci il tarixdə Oğuz rayonu Xaçmaz kəndində anadan olmuş, həmin kənddə yaşayan, subay, orta təhsili, işsiz, əvvəllər Oğuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3 (054) - 25 / 2024 nömrəli qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmiş, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs haqqında Oğuz rayon İcra və Probasiya Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala Oğuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: Yevlax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2 (039) - 1112 / 2023 nömrəli qərardadına əsasən xx.xx.2016-cı il təvəllüdlü X7 və xx.xx.2019-cu il təvəllüdlü X1 üçün müvəqqəti, yəni xx.xx.2023-cü il tarixdən başlayaraq və iş üzrə yekun məhkəmə qətnaməsi qəbul edilənədək, hər ay hər uşaq üçün 150 manat sabit pul məbləğində alimentin cavabdeh Şəxs tutularaq iddiaçı X3 xeyrinə ödənilməsi qərara alınmışdır. Yevlax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2 (039) - 1112 / 2023 nömrəli qətnaməsinə əsasən cavabdeh Şəxs Yevlax Rayon Məhkəməsinin müvəqqəti alimentin tutulması barədə xx.xx.2023-cü il tarixli 2 (054) - 1112 / 2023 nömrəli qərardadı əsasında ödənilmiş aliment nəzərə alınaraq xx.xx.2016-cı il təvəllüdlü X7 və xx.xx.2019-cu il təvəllüdlü X6 18 yaşlarına çatana qədər saxlanılmaları üçün hər ay hər uşaq üçün 160 manat məbləğində alimentin iddiaçı X3 xeyrinə tutulması qət edilmişdir. İddiaçı X3 cavabdeh Şəxs qarşı cehiz və qızıl-zinət əşyaları, yaxud onların dəyərinin cavabdehdən alınıb ona verilməsi tələbinə dair mülki iş üzrə Oğuz Rayon Məhkəməsinin xx.xx.2023-cü tarixli 2 (054) - 305 / 2023 nömrəli qətnaməsinə əsasən cavabdeh Şəxs qiyməti 350 manat olan 1 ədəd Koreya istehsalı, LG LED markalı, 72 diaqonallı televizordan ibarət cehiz əmlakı, Rusiya istehsalı olan, 583 əyarlı, 3,8 qram çəkidə 1 ədəd aypara formasında ətrafı brilyant qaşlarla bəzədilmiş nişan üzüyü- ümumi qiyməti 323 manat, Türkiyə istehsalı olan, 585 əyarlı, 9,2 qram çəkidə paxlava formalı, fianit qaşlarla bəzədilmiş sırğa-üzük dəstiümumi qiyməti 782 manat, Türkiyə istehsalı olan, 585 əyarlı, 18 qram çəkidə boyunbağı və qolbağıdan ibarət zəncirvarı formada qızıl dəst (komplekt)-ümumi qiyməti 1530 manat, cəmi dəyəri 2635 manatdan ibarət qızıl-zinət əşyaları naturada, əşyalar naturada mövcud olmadıqda qızıl-zinət əşyalarının dəyəri 2635 manat və televizora görə 350 manat, cəmi 2985 (iki min doqquz yüz səksən beş) manat, ödənilmiş dövlət rüsumuna görə 49,85 (qırx doqquz manat səksən beş qəpik) manat alınaraq iddiaçı X4 verilməsi qət edilmişdir. İddiaçı X3 cavabdeh Şəxs qarşı cehiz və qızıl-zinət əşyaları, yaxud onların dəyərinin cavabdehdən alınıb ona verilməsi tələbinə dair mülki iş üzrə Oğuz Rayon Məhkəməsinin xx.xx.2023-cü tarixli 2 (054) - 305 / 2023 nömrəli qətnaməsində eyni zamanda iş üzrə aparılmış tədqiqatın dəyəri olan 50 manat ekspertiza xərcinin cavabdeh Şəxs tutulub dövlət büdcəsinə keçirilməsi qət edilmişdir. Həmin icra sənədləri Oğuz rayon İcra və Probasiya Şöbəsinin icraatındadır və xx.xx.2024-cü il tarixli qərara əsasən icra sənədləri bir icraatda birləşdirilmişdir. Borclu Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanı inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində Yevlax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2 (054) - 1112 / 2023 nömrəli qərardadı üzrə icra sənədinə münasibətdə təkrar törətdiyinə və borclu barəsində olan digər icra sənədləri də bir icraatda birləşdirildiyinə görə onun barəsində Oğuz rayon İcra və Probasiya Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Oğuz rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X5 məhkəmə iclasında izahat verərək bildirdi ki, Yevlax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2 (039) - 1112 / 2023 nömrəli qərardadına, Yevlax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2 (039) - 1112 / 2023 nömrəli qətnaməsinə, Oğuz Rayon Məhkəməsinin xx.xx.2023-cü tarixli 2 (054) - 305 / 2023 nömrəli qətnaməsinə dair icra sənədləri üzrə tələbin könüllü olaraq ödənilməsi barədə Oğuz rayon İcra və Probasiya Şöbəsi tərəfindən borcluya bildiriş göndərilmiş, lakin borclu icra sənədi üzrə tələbi vaxtında icra etməmişdir. Oğuz rayon İcra və Probasiya Şöbəsi tərəfindən müvafiq orqanlara sorğular göndərilmiş, lakin borcluya məxsus, tələbin ödənilə biləcəyi pul vəsaiti və digər qiymətli əşyalar aşkar edilməmişdir. Borclu Oğuz rayon İcra və Probasiya Şöbəsinə dəvət edilsə də, icra məmurunun çağırışlarına gəlməmişdir. Borclunun yerini müəyyən etmək mümkün olmamış, bu səbəbdən də onun barəsində axtarış elan edilmişdir. Həmin qərar əsasında borclu polis əməkdaşları vasitəsilə Oğuz rayon İcra və Probasiya Şöbəsinə gətirilmişdir. Borclu qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini qəsdən yerinə yetirməmişdir və onun hazırda tələbkara 4160 manat aliment borcu, 3034,85 manat ödənilməmiş borcu qalmışdır. Qeyd etdikləri nəzərə alınmaqla borclu Şəxs inzibati qaydada tənbeh edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, o daimi olaraq heç bir yerdə işləmir, bəzən təsadüfi işlərdə çalışaraq günəmuzd qazanc əldə edir. Birgə nikah dövründə əldə olunan əmlak elə birgə nikah dövründə də satılmışdır. Ona görə də həmin əmlakları tələbkara qaytarmaq mümkün deyil. O, borcundan maddi imkanları daxilində ödəniş etsə də, tələb olunan məbləğ yüksək olduğundan bütün borcunu ödəyə bilməmişdir. O, hazırda da həmin məbləği ödəyə bilmir, lakin 4 gün vaxt verilərsə borcundan 700 manat ödəyə bilər. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi Vəkil qeyd etdi ki, borclu uzun müddət işsiz olması və maddi imkanının olmaması səbəbindən borcunu ödəyə bilməmişdir. Borclunun icra sənədinin icrasından boyun qaçırmaq niyyəti yoxdur. Qeyd edilən əsaslara görə hüquqlarını müdafiə etdiyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs maddi vəziyyəti nəzərə alınmaqla ona qanun çərçivəsində güzəşt edilməsini məhkəmədən xahiş edir. Zərər çəkmiş şəxs X8 hazırki işə baxılması üzrə məhkəmə iclasına gəlməmiş, icra məmurunun deməsinə görə onunla telefon vasitəsilə əlaqə saxladıqda borclunun ona olan borcunun tam şəkildə ödənilməsini tələb etdiyini bildirmişdir. İş materiallarına əlavə edilmiş,Oğuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3 (054) - 25 / 2024 nömrəli inzibati xəta haqqında iş üzrə qərarının surətindən müəyyən edilir ki, Şəxs xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək 8 gün müddətində inzibati həbs edilmişdir. Məhkəmə iclasında tədqiq edilən sübutlarla müəyyən edildi ki, Yevlax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2 (039) - 1112 / 2023 nömrəli qərardadına əsasən iş üzrə yekun məhkəmə qətnaməsi qəbul edilənədək, hər ay hər uşaq üçün 150 manat sabit pul məbləğində alimentin cavabdeh Şəxs tutularaq iddiaçı X3 xeyrinə ödənilməsi qərara alınmışdır.Yevlax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2 (039) - 1112 / 2023 nömrəli qətnaməsinə əsasən hər ay hər uşaq üçün 160 manat məbləğində alimentin, Oğuz Rayon Məhkəməsinin xx.xx.2023-cü tarixli 2 (054) - 305 / 2023 nömrəli qətnaməsinə əsasən cəmi 2985 (iki min doqquz yüz səksən beş) manat, ödənilmiş dövlət rüsumuna görə 49,85 (qırx doqquz manat səksən beş qəpik) manat alınaraq cavabdeh Şəxs tutularaq iddiaçı X3 xeyrinə verilməsi qət edilmişdir. Oğuz Rayon Məhkəməsinin xx.xx.2023-cü tarixli 2 (054) - 305 / 2023 nömrəli qətnaməsində eyni zamanda iş üzrə aparılmış tədqiqatın dəyəri olan 50 manat ekspertiza xərcinin cavabdeh Şəxs tutulub dövlət büdcəsinə keçirilməsi qət edilmişdir. Həmin icra sənədləri Oğuz rayon İcra və Probasiya Şöbəsinin icraatındadır və bir icraatda birləşdirilmişdir. O həmin icra sənədləri üzrə qismən ödəniş etmiş və hazırda onun tələbkara cəmi 4160 manat aliment borcu, 3034,85 manat ödənilməmiş borcu qalmışdır. İcra məmuru həmin icra sənədlərinin icrası ilə əlaqədar müvafiq tədbirlər görmüş, lakin borclu icra məmurunun çağırışlarına gəlməkdən yayınmış, yalnız onun barəsində axtarış elan edildikdən sonra polis əməkdaşları vasitəsilə Oğuz rayon İcra və Probasiya Şöbəsinə gətirilmişdir. Bununla da borclu qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirməmiş, həmin qərarlar üzrə icra sənədlərini qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs İsayev X9 Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2 (039) - 1112 / 2023 nömrəli qərardadı üzrə icra sənədi üzrə Oğuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3 (054) - 25 / 2024 nömrəli inzibati xəta haqqında iş üzrə qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək inzibati tənbeh edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsi nəzərdə tutulur. Məhkəmə iş materiallarını nəzərdən keçirib icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını və müdafiəçinin fikrini dinləyərək hesab edir ki, borclu Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. O həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilərək inzibati tənbeh edilməlidir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şəxs tərəfindən törədilmiş inzibati xətada onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar aşkar edilməmişdir. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini və təqsirinin dərəcəsini, habelə ona inzibati cərimə tətbiq edilməsinin işin faktiki hallarına uyğun olmadığını nəzərə alaraq barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulan inzibati həbs növündə tənbeh tətbiq etməyi, inzibati həbs müddətinin 15 gün müddətində müəyyən edilməsini məqsədə müvafiq hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30, 43, 106- 115, 117-ci maddələrini rəhbər tutaraq məhkəmə, qəraraaldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Oğuz rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X5 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə təqsirli bilinib 15 gün müddətində inzibati həbs edilsin. İnzibati həbsin əvvəli qərarın elan edildiyi vaxtdan –xx.xx.2024-cü il tarixdən saat 18:30-dan hesablansın. Qərarın icrası Oğuz rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim :Səadət Zeynalova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar