Məhkəmə qərarları › İş №3(054)-127/2024

Oğuz Rayon Məhkəməsi Qərar — İş №3(054)-127/2024

03.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Oğuz rayonu İş № 3(054)-127/2024 03.06.2024 OĞUZ RAYON MƏHKƏMƏSİ Oğuz Rayon Məhkəməsinin hakimi Zeynalova Səadət Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs - Oğuz rayon X3 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1987-ci il tarixdə Oğuz rayonu Xalxal kəndində anadan olmuş, həmin kənddə yaşayan, subay, orta təhsilli, işsiz, Oğuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3 (054) – 203 / 2023 nömrəli, xx.xx.2023-cü il tarixli 3 (054) – 213 / 2023 nömrəli qərarları ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək müvafiq olaraq 10 (on) gün və 15 (on beş) gün müddətində, məhkəmənin xx.xx.2024-cü il tarixli 3 (054) – 252 / 2023 nömrəli nömrəli qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510cu və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilərək 18 (on səkkiz) gün, məhkəmənin xx.xx.2024-cü il tarixli 3 (054) – 54 / 2024 nömrəli nömrəli qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510cu maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək 15 (on beş) gün müddətində inzibati həbs edilmiş, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs haqqında Oğuz rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə daxil olmuş inzibati xəta haqqında materiala Oğuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: Şəxs xx.xx.2024-cü il tarixdə yaşadığı ünvanda və Polis Şöbəsinin inzibati binasında polis əməkdaşlarını təhqir etməsi, bununla da ictimai qaydanı pozan xırda xuliqanlıq hərəkətləri etməsi, eyni zamanda, onu intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmaması faktı üzrə onun barəsində Oğuz rayon Polis Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs - Oğuz rayon X3 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X2 məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, xx.xx.2024-cü il tarixdə günorta saatlarında Şəxs keçmiş həyat yoldaşı və digər ailə üzvləri ona zəng edərək Şəxs içkili vəziyyətdə onları narahat edən hərəkətlər etdiyini bildirmişlər. Həmin məsələnin aydınlaşdırılması məqsədi ilə o, Şəxs zəng edərək harada olduğunu soruşmuş, Zahir isə avtobusla Qəbələ şəhərindən gəldiyini bildirmişdir. O, bu məlumatı vermək məqsədi ilə Şəxs keçmiş həyat yoldaşına zəng etmiş, lakin o, Zahirin yalan danışdığını və hazırda onun yanında olduğunu demişdir. Həmin gün axşam saatlarında Şəxs Azərbaycan Respublikası DİN “102” xidmətinə zəng edərək onun və digər polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlədərək onları təhqir etmişdir. Həmin şikayət əsasında toplanmış materialın araşdırılması məqsədi ilə o və digər polis əməkdaşları Şəxs yaşadığı ünvana getmiş, orada olarkən Şəxs sərxoş vəziyyətdə onlara qarşı nalayiq ifadələr işlədərək onları təhqir etmiş, onu nizam-intizama dəvət etsələr də buna məhəl qoymamış, öz qanunsuz hərəkətlərini polisin xidməti avtomobilində və Polis Şöbəsinin inzibati binasında da ucadan səs-küy salmaqla və ünvanlı-ünvansın nalayiq ifadələr işlədərək davam etdirmiş, bununla da ictimai qaydanı pozan xırda xuliqanlıq hərəkətləri etmiş, eyni zamanda, onu intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Həmin faktlar əsasında araşdırma aparılmış və toplanmış material üzrə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə müvafiq protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, o, Oğuz rayonu Xalxal kəndində yaşayır və bir müddət əvvəl arvadı ilə boşanmışdır. xx.xx.2024-cü il tarixdə yaşadığı evdə spirt tərkibli enerji içkisi qəbul etmişdir. Həmin gün Cəmil adlı polis əməkdaşının keçmiş arvadı olan Səbinə ilə telefon əlaqəsi saxlamasına əsəbiləşərək içkili halda Azərbaycan Respublikası DİN “102” xidmətinə zəng edərək polis əməkdaşı barədə şikayət etmişdir. O, içkili vəziyyətdə etdiyi hərəkətlərə görə əməlindən səmimi peşman olmuşdur və bir daha belə hərəkətlərə yol verməyəcəkdir. Qeyd etdikləri nəzərə alınmaqla ona qanun çərçivəsində güzəşt edilməsini məhkəmədən xahiş edir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati qaydada tutma protokolundan müəyyən edilir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2024-cü il tarixdə saat 12:00-da inzibati qaydada tutulmuş, xx.xx.2024-cü il tarixdə saat 11:00-da tutulmadan azad edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli 134 nömrəli tibbi müayinə protokolundan müəyyən edilir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2024cü il tarixdə saat 01:15-də tibbi müayinədən keçirilərkən onun orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində olduğu müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş Oğuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3 (054) – 203 / 2023 nömrəli inzibati xəta haqqında iş üzrə qərarının surətindən müəyyən edilir ki, Şəxs xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək 10 gün müddətində inzibati həbs edilmişdir. İş materiallarına əlavə edilmiş Oğuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3 (054) – 213 / 2023 nömrəli inzibati xəta haqqında iş üzrə qərarının surətindən müəyyən edilir ki, Şəxs xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək 15 gün müddətində inzibati həbs edilmişdir. İş materiallarına əlavə edilmiş Oğuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3 (054) – 252 / 2023 nömrəli inzibati xəta haqqında iş üzrə qərarının surətindən müəyyən edilir ki, Şəxs xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilərək 18 gün müddətində inzibati həbs edilmişdir. İş materiallarına əlavə edilmiş Oğuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3 (054) – 54 / 2024 nömrəli inzibati xəta haqqında iş üzrə qərarının surətindən müəyyən edilir ki, Şəxs xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək 15 gün müddətində inzibati həbs edilmişdir. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, Şəxs xx.xx.2024-cü il tarixdə yaşadığı ünvanda və Polis Şöbəsinin inzibati binasında ucadan səs-küy salaraq polis əməkdaşlarını təhqir etmiş, ünvanlı-ünvansız nalayiq ifadələr işlətmiş, bununla da ictimai qaydanı pozan xırda xuliqanlıq hərəkətləri etmiş, eyni zamanda, onu intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmə iş materiallarını nəzərdən keçirib işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək qərara gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətmişdir və o, həmin maddələrlə inzibati məsuliyyətə cəlb edilərək inzibati tənbeh edilməlidir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun tərəfindən törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs nalayiq ifadələr işlətməsi ilə əlaqədar səmimi peşmançılığını Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hal kimi, eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsini Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33.1.2-ci maddəsinə əsasən, inzibati xətanı sərxoş vəziyyətdə törətməsini isə həmin Məcəllənin 33.1.7-ci maddəsinə əsasən məsuliyyəti ağırlaşdıran hallar kimi nəzərə alır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Qeyd olunan hüquq normalarının tələblərinə əsasən məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsi tətbiq edilməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş, daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində inzibati tənbeh edilməlidir. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətaların xarakterini, onun şəxsiyyətini, təqsirinin dərəcəsini, ona inzibati cərimə tətbiq edilməsinin işin faktiki hallarına uyğun olmadığını nəzərə alaraq barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs tətbiq edilməsini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alaraq inzibati həbs müddətinin 22 gün müddətində müəyyən edilməsini məqsədə müvafiq hesab edir. Şəxs xx.xx.2024-cü il tarixdə 11:00-da tutulmadan azad edilsə də, xx.xx.2024-cü il tarixdə 11:00 radələrində Oğuz Rayon Məhkəməsinə gətirilmiş, beləliklə hazırki iş üzrə təyin edilmiş məhkəmə iclasının sonunadək azadlığı faktiki olaraq məhdudlaşdırılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Həmin əsaslara görə inzibati xəta törətmiş şəxs Şəxs tətbiq edilən inzibati həbsin əvvəli xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati qaydada tutma protokoluna əsasən xx.xx.2024cü il tarixdə saat 12:00-dan hesablanmalıdır. Qeyd edilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30, 43, 106-115, 117ci maddələrini rəhbər tutaraq məhkəmə, qəraraaldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Oğuz rayon X3 Təhlükəsizlik Bölməsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə təqsirli bilinərək barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsi tətbiq edilməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş, daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində 22 gün müddətində inzibati həbs edilsin. İnzibati həbsin əvvəli xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati qaydada tutma protokoluna əsasən xx.xx.2024cü il tarixdə saat 12:00-dan hesablansın. İnzibati həbs müddəti xx.xx.2024-cü il tarixdə saat 12:00-da başa çatmış hesab edilsin. Qərarın icrası Oğuz rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim : Səadət Zeynalova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar