Azərbaycan Respublikası adından QƏRAR Oğuz rayonu İş № 3(054)-13/2024 05.02.2024 OĞUZ RAYON MƏHKƏMƏSİ Oğuz Rayon Məhkəməsinin hakimi Zeynalova Səadət Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, Oğuz rayon İcra və Probasiya Şöbəsinin rəisi X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi Vəkil iştirakı ilə xx.xx.1992-ci il tarixdə Laçın rayonunda anadan olmuş, Xocalı rayonu, Kosalar kəndində qeydiyyatda olmaqla faktiki olaraq Oğuz rayonu “Azərbaycan 60” qəsəbəsində məskunlaşıb yaşayan, orta təhsili, evli, işsiz, öz deməsinə görə il ərzində eyni inzibati xətaya görə inzibati məsuliyyətə cəlb edilməmiş, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs haqqında Oğuz rayon İcra və Probasiya Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala Oğuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: İddiaçı Zərərçəkmiş şəxs cavabdeh Şəxs qarşı əmlak və pul tələbinə dair mülki iş üzrə Oğuz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2 (054) - 525 / 2022 nömrəli qətnaməsinə əsasən cavabdeh Şəxs hər birinin dəyəri 537,50 manat olan 40 baş iribuynuzlu inək, hər birinin dəyəri 400 manat olan 15 baş buzov, həmin əmlaklar olmadıqda isə onların dəyəri olan 27.500 manat, nağd olaraq verilmiş 7000 manat, vəkilin göstərdiyi yardıma görə ödənilmiş 500 manatın və məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödənilmiş 244 manat məbləğin 148 manatdan ibarət hissəsinin alınaraq iddiaçı Zərərçəkmiş şəxs hesabına ödənilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir. Borclu Şəxs qeyd olunan məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə və tələbi icra etmədiyinə görə onun barəsində Oğuz rayon İcra və Probasiya Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Oğuz rayon İcra və Probasiya Şöbəsinin rəisi X4 məhkəmə iclasında izahat verərək bildirdi ki, Oğuz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2 (054) - 525 / 2022 nömrəli qətnaməsinə dair icra sənədi üzrə tələbin könüllü olaraq ödənilməsi barədə Oğuz rayon İcra və Probasiya Şöbəsi tərəfindən borcluya bildiriş göndərilmiş, lakin borclu icra sənədi üzrə tələbi vaxtında icra etməmişdir. Oğuz rayon İcra və Probasiya Şöbəsi tərəfindən müvafiq orqanlara sorğular göndərilmiş, lakin borcluya məxsus, tələbin ödənilə biləcəyi pul vəsaiti və digər qiymətli əşyalar aşkar edilməmişdir. Borclu qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, icra sənədi üzrə borcundan heç bir ödəniş etməmişdir və onun hazırda tələbkara 35,148 manat borcu vardır. Qeyd etdikləri nəzərə alınmaqla borclu Şəxs inzibati qaydada tənbeh edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, o hazırda işsizdir və ayda cəmi 240 manat “çörək pulu” alır. O həmin məbləğlə özündən başqa, himayəsində olan 3 azyaşlı övladı da daxil olmaqla 5 nəfər ailə üzvünün dolanacaq xərclərini ödəmək məcburiyyətindədir. Ondan tələb olunan məbləğ həddən artıq yüksək olduğundan borcundan heç bir ödəniş edə bilməmişdir və hazırda da ödəmək imkanı yoxdur. Lakin hər ay 50- 70 manat ödəniş edə bilər. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi Vəkil qeyd etdi ki, borclu hazırda işsizdir və iş tapmaqda çətinlik çəkir, bu səbəbdən borcundan ödənişlər edə bilmir. Eyni zamanda məhkəmə qətnaməsi icraya təzəlikcə yönəldilmişdir və borclu maddi imkanları daxilində tələbkara ödəniş etməyə çalışacaqdır. Bundan başqa borclunun himayəsində üç azyaşlı övladı vardır. Qeyd edilən əsaslara görə hüquqlarını müdafiə etdiyi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs maddi vəziyyəti nəzərə alınmaqla ona qanun çərçivəsində güzəşt edilməsini məhkəmədən xahiş edir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs hazırki məhkəmə iclasına gəlməmiş, icra məmurunun deməsinə görə onunla telefon vasitəsilə əlaqə saxladıqda icra sənədinin vaxtında və tam şəkildə icra edilməsini tələb etdiyini bildirmişdir. Məhkəmə iclasında tədqiq edilən sübutlarla müəyyən edildi ki, borclu Şəxs Oğuz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2 (054) - 525 / 2022 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsinə dair icra sənədi üzrə tələbkara olan 35,148 manat borc məbləğindən indiyədək heç bir ödəniş etməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iş materiallarını nəzərdən keçirib icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını və müdafiəçinin fikrini dinləyərək hesab edir ki, borclu Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. O həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilərək inzibati tənbeh edilməlidir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs himayəsində azyaşlı övladlarının olmasını Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.2-ci maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Şəxs tərəfindən törədilmiş inzibati xətada məsuliyyəti ağırlaşdıran hallar aşkar edilməmişdir. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini və təqsirinin dərəcəsini, habelə ona inzibati cərimə tətbiq edilməsinin işin faktiki hallarına uyğun olmadığını nəzərə alaraq barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati həbs növündə tənbeh tətbiq etməyi, inzibati həbs müddətinin 8 gün müddətində müəyyən edilməsini məqsədə müvafiq hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30, 43, 106-115, 117-ci maddələrini rəhbər tutaraq məhkəmə, qəraraaldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Oğuz rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 8 gün müddətində inzibati həbs edilsin. İnzibati həbsin əvvəli qərarın elan edildiyi vaxtdan – xx.xx.2024-cü il tarixdən saat 18:10-dan hesablansın. Qərarın icrası Oğuz rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim : Səadət Zeynalova
Məhkəmə qərarları › İş №3(054)-13/2024
Oğuz Rayon Məhkəməsi Qərar — İş №3(054)-13/2024
05.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver