Məhkəmə qərarları › İş №3(054)-139/2021

Oğuz Rayon Məhkəməsi Qərar — İş №3(054)-139/2021

09.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Oğuz rayonu İş № 3(054)-139/2021 09.08.2021 OĞUZ RAYON MƏHKƏMƏSİ Oğuz Rayon Məhkəməsinin hakimi Süleymanov Kamran Şakir oğlunun sədrliyi, Rəşidzadə Dərya Təngiz qızının katibliyi, İnzibati xəta haqqında protokoldan şikayət verən şəxs X1 iştirakı ilə X1 Oğuz rayon X4 X6 16.07.2021-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokolundan şikayətinə Oğuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən e t d i: X2 məhkəməyə müraciət edərək 50 (əlli) manat miqdarında inzibati cərimə edilməsi barədə Oğuz rayon X4 X10 əməkdaşı tərəfindən tərtib olunmuş 16.07.2021-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokolun ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İnzibati xəta haqqında protokoldan şikayət verən şəxs X2 şikayətini onunla əsaslandırmışdır ki, o, Oğuz rayonu Bayan kəndində yaşayır və “VAZ 21063” markalı ** BN *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edir. 16.07.2021-ci il tarixdə “Yol hərəkəti haqqında” Qanunun hər hansı tələbini pozmadığı halda, Oğuz rayon X4 X6 əməkdaşları Oğuz rayonu Bayan kəndi ərazisində onun avtomobilini saxlayaraq ekologiya ayı ilə əlaqədar reyd keçirildiyini bildirmiş və avtomobilin yoxlanılmasını tələb etmişlər. Bundan sonra onun barəsində 16.07.2021-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və qeyd olunan protokol əsasında o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək 50 (əlli) manat miqdarında inzibati cərimə edilmişdir. O, ekologiya ayı ilə əlaqədar reyd keçirildiyi barədə sənədi və ekoloji qanunvericiliyin tələblərinin pozulmasını ölçən avadanlığın həmin tarixdə istismara yararlı olduğuna dair sertifikatı tələb etsə də, həmin sənədlərin ona təqdim edilməsindən imtina edilmişdir. O, barəsində tərtib edilmiş 16.07.2021-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokolda qeyd edilən inzibati xətanı törətməmişdir. Belə ki, idarə etdiyi “VAZ 21063” markalı ** BN *** dövlət qeydiyyat nişanlı avtomobilin texniki baxımdan istismara saz vəziyyətdə olması ilə bağlı 11.06.2021-ci il tarixdə Şəki şəhər 8 saylı rayonlararası X3 texniki baxış talonu əldə etmişdir. Həmin vaxtdan, təxminən, bir ay keçməsinə baxmayaraq o, həmin vaxtdan sonra cəmi 50-70 km məsafə qət etmişdir. Ekoloji qanunvericiliyin tələblərinin pozulmasını ölçən avadanlığın həmin tarixə istismar müddətinin bitməsi və qeyd olunan tarixdə ekologiya ayı ilə əlaqədar reyd keçirilməsi ilə əlaqədar onda əsaslı şübhələr vardır. Ona görə də o, Oğuz rayon X4 X10 əməkdaşı tərəfindən onun barəsində tərtib olunmuş 16.07.2021-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokolu əsassız hesab edir və həmin protokolun ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş edir. İnzibati xəta haqqında protokoldan şikayət verən şəxs X2 məhkəmə iclasında şikayətin məzmununa uyğun izahat verərək göstərdi ki, onun idarə etdiyi avtomobil istismara yararlı olmasaydı, Şəki şəhər 8 saylı rayonlararası X8 tərəfindən avtomobilin istismara saz vəziyyətdə olması ilə bağlı 11.06.2021-ci il tarixdə texniki baxış talonu verilməzdi. Ekoloji qanunvericiliyin tələblərinin pozulmasını ölçən avadanlığın istismara yararlı olması və qeyd olunan tarixdə ekologiya ayı ilə əlaqədar reyd keçirilməsi ilə əlaqədar hər hansı sənəd də polis əməkdaşları tərəfindən təqdim edilməmişdir. Ona görə hesab edir ki, o, əsassız olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddəsi ilə əsassız olaraq inzibati məsuliyyətə cəlb edilməklə 50 (əlli) manat miqdarında inzibati cərimə edilmişdir. O, barəsində tərtib edilmiş 16.07.2021-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokolu və həmin protokol əsasında qəbul edilmiş qərarı əsassız hesab edir. Ona görə də Oğuz rayon X4 X10 əməkdaşı tərəfindən tərtib olunmuş 16.07.2021-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokolunun və həmin protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Oğuz rayon X4 X6 nümayəndəsi sonuncu məhkəmə iclasına gəlməmiş, həmin bölmənin əməkdaşı X5 iştirak etdiyi məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, Oğuz rayon Polis Şöbəsinin 2021-ci ilin iyul ayına dair tədbirlər planına əsasən atmosferin nəqliyyatdan atılan zəhərli qazlarla çirkləndirilməsinin qarşısının alınması ilə bağlı 16.07.2021-ci il tarixdə Oğuz şəhəri H.Əliyev küçəsində reyd keçirilmişdir. Reyd zamanı X1 idarə etdiyi avtomobilin mühərrikinin ekoloji tələblər baxımından istismara yararlı olmadığı müəyyən edilmiş və bu səbəbdən onun barəsində 16.07.2021-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və qeyd olunan protokol əsasında o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək 50 (əlli) manat miqdarında inzibati cərimə edilmişdir. 16.07.2021-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol və qeyd olunan protokol əsasında qəbul edilmiş 16.07.2021-ci il tarixli İXP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qanuni əsaslarla tərtib edilmişdir. Həmin protokolun və qərarın ləğv edilməsi üçün hər hansı əsas yoxdur. Qeyd etdikləri nəzərə alınmaqla, iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Oğuz rayon X4 X6 əməkdaşı X5 16.07.2021-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokolun tərtib edilməsi üçün əsas olmuş digər sübutların məhkəməyə təqdim ediləcəyini bildirdiyinə görə məhkəmə iclası təxirə salınmasına baxmayaraq, növbəti məhkəmə iclasında məhkəməyə hər hansı sənəd və ya digər sübut təqdim edilməmiş, eyni zamanda, Oğuz rayon X4 X6 nümayəndəsi də həmin məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən məhkəmə iclasının Oğuz rayon X4 X6 nümayəndəsinin iştirakı olmadan davam etdirilməsini qərara almışdır. İş materiallarına əlavə edilmiş Oğuz rayon Polis Şöbəsinin 26.06.2021-ci il tarixli məktubun və həmin məktuba əlavə edilmiş tədbirlər planının surətlərindən görünür ki, Oğuz rayon Polis Şöbəsinin 2021-ci ilin iyul ayına dair tədbirlər planına əsasən atmosferin nəqliyyatdan atılan zəhərli qazlarla çirkləndirilməsinin qarşısının alınması ilə bağlı 16.07.2021-ci il tarixdə Oğuz şəhəri H.Əliyev küçəsində reyd keçirilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş 16.07.2021-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında Oğuz rayon X4 X6 əməkdaşı tərəfindən tərtib edilmiş 16.07.2021-ci il tarixli İXP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək 50 (əlli) manat miqdarında inzibati cərimə edilmişdir.İş materiallarına əlavə edilmiş 16.07.2021-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında Oğuz rayon X4 X6 əməkdaşı tərəfindən tərtib edilmiş 16.07.2021-ci il tarixli İXP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək 50 (əlli) manat miqdarında inzibati cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş, “VAZ 21063” markalı ** BN *** dövlət qeydiyyat nişanlı avtomobilə dair 11.06.2021-ci il tarixdə verilmiş elektron talonda həmin avtomobilin növbəti texniki baxışa təqdim olunma müddətinin başlanğıcının 11.06.2022-ci il tarixi, son tarixin isə 01.07.2022-ci il olduğu qeyd edilmişdir. texniki baxımdan istismara saz vəziyyətdə olması ilə bağlı Şəki şəhər 8 saylı rayonlararası X3 texniki baxış talonu Məhkəmə iş materiallarını nəzərdən keçirib işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddəsinə əsasən xarici işıq cihazları və ya qabaq şüşənin şüşə silgəcləri və şüşəyuyanları və ya təkərləri və şinləri və ya mühərriki, yaxud konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarına görə görə əlli manat məbləğində cərimə nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 120-ci maddəsinə əsasən bu Məcəllənin 327-348-ci maddələrində nəzərdə tutulmuş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlərə, bu fəsillə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, bu Məcəllə ilə müəyyən edilmiş qaydada baxılır. X2 hazırki şikayətində və məhkəmə iclasında verdiyi izahatında Oğuz rayon X4 X6 16.07.2021-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokolundan və həmin protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərardan narazı olduğunu qeyd etmiş, öz narazılığının səbəbini həmin maddədə nəzərdə tutulan inzibati xətaya yol vermədiyi ilə əsaslandırmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.1.8-ci maddəsinə əsasən inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar inzibati xəta haqqında protokolda göstərilir. Hazırki işin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərkən onun idarə etdiyi nəqliyyat vasitəsinin yoxlanılması zamanı istifadə olunmuş xüsusi texniki vasitənin, yəni ölçmə cihazının sonuncu dəfə dövlət yoxlamasından nə vaxt keçdiyi, növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar inzibati xəta haqqında protokolda öz əksini tapmamış, bununla bağlı müvafiq sənədlər məhkəmə prosesinin gedişində də məhkəməyə təqdim edilməmişdir. Eyni zamanda, X1 idarə etdiyi nəqliyyat vasitəsində aşkar edilmiş nasazlığın hansı standartlarla müəyyən edildiyinə dair hər hansı normativ hüquqi akt və ya digər sənəd də məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Qeyd olunan hüquq normalarının məzmunundan da göründüyü kimi inzibati məsuliyyətə cəlb olunmuş şəxs qanunvericiliyin tələblərinə əsasən öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Şəxsin yol hərəkəti qaydalarının pozulması ilə bağlı hər hansı inzibati xətanı törətdiyini sübut etmək vəzifəsi inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin üzərinə düşür. Bundan başqa, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Eyni zamanda, şəxsin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulan inzibati xətanı törətməsi hər hansı bir formada sübut edilməlidir. Oğuz rayon X4 X10 tərəfindən isə 16.07.2021-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokolun və həmin protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın qanuni və əsaslı olması ilə bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim edilməmişdir. X1 16.07.2021-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi məhkəmə iclasında da öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 122.4-cü maddəsinin məzmunundan da göründüyü kimi inzibati xəta hadisəsinin fotosu və videoyazısı həmin inzibati xəta haqqında is üzrə icraat başa çatanadək saxlanılmalıdır. Lakin Oğuz rayon X4 X9 rəsmi qaydada məlumat verilməsinə baxmayaraq X1 törətdiyi qeyd edilən inzibati xəta hadisəsinin fotosu və ya videoyazısı məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1 və 134.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəlləin 135.1, 135.1.1 və 135.1.6-cı maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Məhkəmə qeyd olunan hüquq normasının tələblərini rəhbər tutaraq və tədqiq olunmuş mümkün və mötəbər sübutlara tam, hərtərəfli və məcmu halında qiymət verərək qərara gəlir ki, X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsini törətməsi sübuta yetirilmədiyindən, hazırki iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmadığından X1 barəsində tərtib edilən 16.07.2021-ci il tarixli İXP ******* nömrəli inzibati inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar ləğv edilməlidir. X1 qeyd edilən inzibati xətanı törədib-tərətməməsi məsələsi dəqiq müəyyən edilməli olduğundan onun barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə qanunvericiliyin tələblərinə istinad edilməklə qərar qəbul edilməsi üçün inzibati xəta haqqında iş yenidən baxılması üçün Oğuz rayon X4 X9 göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 106- 115, 117, 128-137-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: X1 şikayəti təmin edilsin. X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Oğuz rayon X4 X6 əməkdaşı tərəfindən tərtib edilmiş 16.07.2021-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin. X2 barəsində olan inzibati xəta haqqında iş yenidən baxılması üçün Oğuz rayon X4 X9 göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim : Kamran Süleymanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar