Məhkəmə qərarları › İş №3(054)-14/2022

Oğuz Rayon Məhkəməsi Qərar — İş №3(054)-14/2022

09.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Oğuz rayonu İş № 3(054)-14/2022 09.03.2022 OĞUZ RAYON MƏHKƏMƏSİ Oğuz Rayon Məhkəməsinin hakimi Süleymanov Kamran Şakir oğlunun sədrliyi, Mikayılzadə Əsmər Mehman qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs iştirakı ilə xx.xx.1967-ci il tarixdə Laçın rayonu Çorman kəndində anadan olmuş, həmin kənddə qeydiyyatda olan, Oğuz şəhərində məskunlaşıb yaşayan, evli, işsiz, orta təhsilli, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs barəsində Oğuz rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala Oğuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: 11.09.2021-ci il tarixdə Oğuz rayonu ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar toplanmış material üzrə Oğuz rayon X2 Qrupunun təhqiqatçısı X1 06.10.2021-ci il tarixli qərarı ilə cinayət işinin başlanması rədd edilmiş və həmin qərar əsasında Oğuz rayon X6 Patrul Xidməti əməkdaşı tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə 08.10.2021-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. 06.10.2021-ci il tarixli qərarda qeyd edilmişdir ki, 11.09.2021-ci il tarixdə Zərərçəkmiş şəxs idarə etdiyi “HYUNDAİ ELANTRA” markalı ** OF *** dövlət qeydiyyat nişanlı avtomobillə Şəxs məxsus bir baş iribuynuzlu malı vurmuş, nəticədə “HYUNDAİ ELANTRA” markalı ** OF *** dövlət qeydiyyat nişanlı avtomobilə maddi zərər dəymişdir. Hazırki işə ilk dəfə mahiyyəti üzrə baxılarkən 11.09.2021-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı “HYUNDAİ ELANTRA” markalı ** OF *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğunsuzluq olub-olmadığını müəyyən etmək üçün iş üzrə məhkəmə yol-nəqliyyat hadisələri ekspertizası təyin edilərək müvafiq rəy verilmişdir. (Aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat təşkil edir). Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsində “Bu Məcəllənin 338.4 - 338.6-cı maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsi və ya zərər çəkmiş şəxsə maddi zərər vurulması” dedikdə, piyadalar və yol hərəkətinin başqa iştirakçıları tərəfindən yol hərəkəti qaydalarının pozulması (o cümlədən, mal-qara ötürən tərəfindən yol hərəkəti qaydalarının pozulması, yəni mal-qaranın yolda nəzarətsiz qoyulması; mal-qaranın asfalt və sement-beton örtüklü yollarla ötürülməsi və sair bu kimi hərəkətlər) nəzərdə tutulur. Zərərçəkmiş şəxs yol-nəqliyyat hadisəsi zamanı inəyin yolun hərəkət hissəsinə qəfildən çıxdığını, bu səbəbdən də onun hadisənin qarşısını almağa texniki imkanının olmadığını iddia etsə də, bu faktı təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilmədiyindən, əksinə, işin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarına əsasən və iş üzrə təyin edilmiş məhkəmə-yol-nəqliyyat hadisələri ekspertizasının müvafiq rəyinin nəticələrinə görə Zərərçəkmiş şəxs hadisənin qarşısını almağa texniki imkanının olduğu sübut edildiyindən məhkəmə Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsinin törədilmədiyi, onun əməlində həmin maddədə nəzərdə tutulan inzibati xəta tərkibinin əlamətlərinin olmadığı qənaətinə gəlmişdir. Qeyd olunan əsaslar nəzərə alınmaqla Oğuz Rayon Məhkəməsinin 06.01.2022-ci il tarixli 3 (054) - 14 / 2022 nömrəli qərarına əsasən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə tərtib edilmiş 08.10.2021-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. İş üzrə zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs Oğuz Rayon Məhkəməsinin 06.01.2022-ci il tarixli 3 (054) - 14 / 2022 nömrəli qərarından şikayət verərək həmin qərarın ləğv edilməsini və Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə inzibati tənbeh təyin edilməsini xahiş etmişdir. Həmin şikayət baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şəki Apellyasiya Məhkəməsinin 09.02.2022-ci il tarixli 3 (107) - 27 / 2022 nömrəli qərarı ilə Zərərçəkmiş şəxs şikayəti qismən təmin edilərək Oğuz Rayon Məhkəməsinin 06.01.2022-ci il tarixli 3 (054) - 14 / 2022 nömrəli qərarı ləğv edilmiş və iş mahiyyəti üzrə yenidən araşdırılaraq baxılması üçün məhkəməyə qaytarılmışdır. Şəki Apellyasiya Məhkəməsinin 09.02.2022-ci il tarixli 3 (107) - 27 / 2022 nömrəli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair 02.11.2016-cı il tarixli qərarına əsasən məhkəmə inzibati xətalara dair işlər üzrə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin müvafiq normalarına istinad etməklə həmin normaları analogiya üzrə tətbiq edə bilər. Belə ki, Konstitusiya Məhkəməsinin qeyd olunan qərarında göstərilmişdir ki, cinayət-prosessual qanunvericiliyin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. İnzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. İnzibati Xətalar Məcəlləsində şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılması qaydası tənzimlənməsə də, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Göründüyü kimi, cinayətprosessual qanunvericiliyin tələbinə görə məhkəmə cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxır. Belə ki, işdən görünür ki, Şəxs barəsində protokol tərtib edilməsinə əsas iş materiallarında olan 06.10.2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi qərarıdır. Həmin qərara əsasən 12.09.2021-ci il tarixli HK-1/383 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 338.7-ci madəsi ilə inzibati tədbir görülməsi üçün qəbul edilmiş qərarın surəti müvafiq orqana verilmişdir. İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsinə əsasən, bu Məcəllənin 338.4-338.6-cı maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərərçəkmiş şəxsə maddi zərər vurulmasına görə səksən manatdan yüz manatadək məbləğdə cərimə edilir. Qeyd olunan maddənin məzmunundan da göründüyü kimi şəxsin İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilə bilməsi üçün o, həmin Məcəllənin 338.4-338.6-cı maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməli, zərər çəkmiş şəxsə fiziki və ya maddi zərər də məhz bu inzibati xətanın törədilməsi nəticəsində vurulmuş olmalıdır. Yəni, hər hansı yol-nəqliyyat hadisəsi baş vermədən də, şəxsin özünə məxsus mal-qaranı yolda nəzarətsiz qoyması həmin şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün yetərlidir. Birinci instansiya məhkəməsi isə iş üzrə təyin edilmiş məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının müvafiq rəyinin nəticələrinə görə Zərərçəkmiş şəxs hadisənin qarşısını almağa texniki imkanının olduğu nəticəsinə gələrək yol-nəqliyyat hadisəsinin baş verməsinə, bununla da Zərərçəkmiş şəxs maddi zərər vurulmasına səbəbin Şəxs məxsus bir baş inəyin yolda qalmasının olmadığını qeyd edərək, işə verilmiş ittiham çərçivəsində deyil, ittihamdan kənara çıxmaqla gəlmiş olduğu nəticəni əsaslandırmağa çalışmışdır. Qeyd olunan əsaslara görə Oğuz Rayon Məhkəməsinin 06.01.2022-ci il tarixli 3 (054) - 14 / 2022 nömrəli qərarı ləğv edilərək iş mahiyyəti üzrə yenidən araşdırılaraq baxılması üçün məhkəməyə qaytarılmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xəta haqqında işə mahiyyəti üzrə yenidən baxılması ilə bağlı hazırki məhkəmə iclasında da yol-nəqliyyat hadisəsi nəticəsində bir baş inəyi ölməklə onun özünə maddi zərər dəydiyini bildirərək barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Zərərçəkmiş şəxs isə hazırki məhkəmə iclasında da Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə inzibati tənbeh təyin edilməsini xahiş etdi və avtomobilinə dəymiş maddi ziyan məbləğinin Şəxs tərəfindən ödənilməsini tələb etdiyini bildirdi. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında və Şəki Apellyasiya Məhkəməsinin 09.02.2022-ci il tarixli 3 (107) - 27 / 2022 nömrəli qərarında qeyd edilənlərlə əlaqəli şəkildə qiymət verərək qərara gəlir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək inzibati tənbeh edilməlidir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun tərəfindən törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şəxs tərəfindən törədilmiş inzibati xətada onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar aşkar edilməmişdir. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alaraq barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsində nəzərdə tutulan cərimənin aşağı həddində - 80 (səksən) manat miqdarında inzibati cərimə tətbiq edilməsini qanunauyğun hesab edir. Məhkəmə işin faktik hallarına görə iş üzrə 100 (bir yüz) manat ekspertiza xərcinin dövlət büdcəsi hesabına aid edilməsini qanunauyğun hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25, 43, 106-115, 117-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Oğuz rayon Polis Şöbəsi tərəfindən tərtib edilmiş 08.10.2021-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə təqsirli bilinərək 80 (səksən) manat miqdarında inzibati cərimə edilsin. İş üzrə 100 (bir yüz) manat ekspertiza xərci dövlət büdcəsi hesabına aid edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim : Kamran Süleymanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar