Məhkəmə qərarları › İş №3(054)-140/2022

Oğuz Rayon Məhkəməsi Qərar — İş №3(054)-140/2022

10.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Oğuz rayonu İş № 3(054)-140/2022 10.08.2022 OĞUZ RAYON MƏHKƏMƏSİ Oğuz Rayon Məhkəməsinin hakimi Süleymanov Kamran Şakir oğlunun sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, Oğuz rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X5, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi Vəkil iştirakı ilə xx.xx.1984-cü il tarixdə ünvan 1 ünvanında yaşayan, evli, öz deməsinə görə ali təhsilli, işsiz və il ərzində eyni inzibati xətaya görə inzibati məsuliyyətə cəlb edilməmiş, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs haqqında Oğuz rayon İcra və Probasiya Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala Oğuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: Oğuz Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2 (054) - 5 / 2013 nömrəli qətnaməsinə əsasən xx.xx.2012-ci il tarixdən başlayaraq cavabdeh Şəxs hər ay hər uşaq üçün 85 (səksən beş) manat cəmi 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində aliment tutularaq xx.xx.2006-cı il tarixdə anadan olmuş X4 və xx.xx.2010-cu il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatana qədər saxlanmaları üçün iddiaçı X2 ödənilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir. Həmin qətnamə üzrə icra sənədi hazırda Oğuz rayon İcra və Probasiya Şöbəsinin icraatındadır. Borclu Şəxs qeyd olunan məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə və tələbkara olan aliment borcunu ödəmədiyinə görə onun barəsində Oğuz rayon İcra və Probasiya Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə xx.xx.2022-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Oğuz rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X8 məhkəmə iclasında izahat verərək göstərdi ki, Oğuz Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2 (054) - 5 / 2013 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsinə dair icra sənədi üzrə tələbin könüllü olaraq ödənilməsi barədə Oğuz rayon İcra və Probasiya Şöbəsi tərəfindən borcluya bildiriş göndərilmişdir. İcra sənədinin icrası ilə əlaqədar ayrı-ayrı vaxtlarda borcludan izahatlar alınmış, icra sənədi üzrə öhdəliyi və məsuliyyəti ona izah edilmişdir. Eyni zamanda, Oğuz rayon İcra və Probasiya Şöbəsi tərəfindən müvafiq orqanlara sorğular göndərilmiş, lakin borcluya məxsus, tələbin ödənilə biləcəyi pul vəsaiti və digər qiymətli əşyalar aşkar edilməmişdir. Borclu icra məmurunun çağırışlarına da vaxtlı-vaxtında gəlməmiş, onun yerini müəyyən etmək mümkün olmamış, bu səbəbdən də onun barəsində axtarış elan edilmişdir. Hazırda borclu Oğuz rayon İcra və Probasiya Şöbəsinə gəlsə də, aliment borcundan ödəniş etməmişdir və onun tələbkara 4700 (dörd min yeddi yüz) manat aliment borcu yaranmışdır. Borclu qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Qeyd etdikləri nəzərə alınmaqla borclu Şəxs inzibati qaydada tənbeh edilməsini məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan borclu Şəxs izahat verərək göstərdi ki, o, Oğuz rayon Mərkəzi Xəstəxanasında stomatoloq həkim işləmişdir. Sonradan Bakı şəhərində eyni növ fəaliyyətlə məşğul olmuşdur. Hazırki vəziyyətdə fəaliyyət göstərməsi üçün lisenziyasının vaxtı bitmişdir və hazırda daimi olaraq heç bir yerdə işləmir. İşlədiyi müddətdə aliment borcunu tam şəkildə olmasa da, müəyyən əskikliklərlə mütəmadi olaraq ödəmişdir. Onun hazırda tələbkara 4700 (dörd min yeddi yüz) manat aliment borcu yaranmışdır. Borcunun artmasına səbəb borcun ödənilməsi ilə bağlı tələbkarla aralarında olan şifahi razılaşma olmuşdur. Ancaq hazırda tələbkarla belə bir razılaşmasının olmasını sübut edə bilmir. Hazırki vəziyyətdə yaranmış aliment borcunu tam olaraq ödəməyə maddi imkanı yoxdur, maddi imkanları daxilində aliment borcunun ödənilməsində yaranmış gecikməni aradan qaldırmağa çalışacaqdır. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Zərər çəkmiş şəxs X3 hazırki məhkəmə iclasına gəlməmiş, icra məmurunun deməsinə görə onunla telefon vasitəsilə əlaqə saxladıqda borclunun ona olan gecikdirilmiş aliment borcunun tam şəkildə ödənilməsini tələb etdiyini bildirmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, Oğuz Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2 (054) - 5 / 2013 nömrəli qətnaməsinə əsasən Şəxs hər ay cəmi 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində aliment tutularaq X2 verilməsi qət edilmişdir. Həmin məhkəmə qərarı üzrə borclunun hazırda tələbkara cəmi 4700 (dörd min yeddi yüz) manat aliment borcu yaranmışdır. Eyni zamanda, borclu icra məmurunun çağırışlarından yayınmış, bununla da icra məmurunun qanuni tələblərinə əməl etməmişdir. Borclu, barəsində axtarış elan edildikdən sonra Oğuz rayon İcra və Probasiya Şöbəsinə gəlmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib icra məmurunun və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını dinləyərək hesab edir ki, borclu Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. O həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilərək inzibati tənbeh edilməlidir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun tərəfindən törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şəxs tərəfindən törədilmiş inzibati xətada onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar aşkar edilməmişdir. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini və təqsirinin dərəcəsini, habelə ona inzibati cərimə tətbiq edilməsinin işin faktiki hallarına uyğun olmadığını nəzərə alaraq barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati həbs etməyi, tələbkara ödənilməli olan alimentin miqdarını nəzərə alaraq inzibati həbs müddətinin 10 (on) gün müddətində müəyyən edilməsini məqsədə müvafiq hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30, 43, 106-115, 117ci maddələrini rəhbər tutaraq məhkəmə, qəraraaldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2022-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətində inzibati həbs edilsin. İnzibati həbsin əvvəli qərarın elan edildiyi vaxtdan - xx.xx.2022-ci il tarixdən saat 18:00-dan hesablansın. Qərarın icrası Oğuz rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim : Kamran Süleymanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar