Məhkəmə qərarları › İş №3(054)-149/2023

Oğuz Rayon Məhkəməsi Qərar — İş №3(054)-149/2023

04.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Oğuz rayonu İş № 3(054)-149/2023 04.08.2023 OĞUZ RAYON MƏHKƏMƏSİ Oğuz Rayon Məhkəməsinin hakimi Zeynalova Səadət Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, Oğuz rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi Vəkil iştirakı ilə xx.xx.1979-cu il tarixdə Oğuz rayonu Kərimli kəndində anadan olmuş, həmin kənddə yaşayan, orta təhsili, evli, işsiz, əvvəllər Oğuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3 (054) - 16 / 2023 nömrəli qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmiş, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs haqqında Oğuz rayon İcra və Probasiya Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala Oğuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: Oğuz Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2 (054) - 56 / 2014 nömrəli qətnaməsinə əsasən xx.xx.2013-cü il tarixdən başlayaraq cavabdeh Şəxs hər ay 50 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Məhyəddinova (Abbasova) Qönçə Əjdər qızına ödənilməsi qət edilmişdir. Qətnamə üzrə icra sənədi hazırda Oğuz rayon İcra və Probasiya Şöbəsinin icraatındadır. Oğuz rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 tərəfindən borclu Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Oğuz rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 məhkəmə iclasında izahat verərək bildirdi ki, Oğuz Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2 (054) - 56 / 2014 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsinə dair icra sənədi üzrə tələbin könüllü olaraq ödənilməsi barədə Oğuz rayon İcra və Probasiya Şöbəsi tərəfindən borcluya bildiriş göndərilmişdir. İcra sənədinin icrası ilə əlaqədar borcludan izahat alınmış, icra sənədi üzrə öhdəliyi və məsuliyyəti ona izah edilmişdir. Eyni zamanda, Oğuz rayon İcra və Probasiya Şöbəsi tərəfindən müvafiq orqanlara sorğular göndərilmiş, lakin borcluya məxsus, tələbin ödənilə biləcəyi pul vəsaiti və digər qiymətli əşyalar aşkar edilməmişdir. Borclu icra məmurunun çağırışlarına da gəlməmiş, onun yerini müəyyən etmək mümkün olmamış, bu səbəbdən də onun barəsində axtarış elan edilmişdir. Borclu polis əməkdaşları vasitəsilə Oğuz rayon İcra və Probasiya Şöbəsinə gətirilmiş, lakin o, aliment borcundan ödəniş etməmişdir və onun tələbkara 5200 manat aliment borcu vardır. Borclu qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Qeyd etdikləri nəzərə alınmaqla borclu Şəxs inzibati qaydada tənbeh edilməsini məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan borclu Şəxs izahat verərək bildirdi ki, daimi olaraq heç bir yerdə işləmir və gəlir əldə etmir. O, ikinci dəfə ailə həyatı qurmuşdur və həmin evlilikdən də iki övladı vardır. Onun hazırda tələbkara 5200 manat aliment borcu yaranmışdır. Hazırki vəziyyətdə yaranmış aliment borcunu tam olaraq ödəməyə maddi imkanı yoxdur, aliment borcunun ödənilməsində yaranmış gecikməni tədricən aradan qaldırmağa çalışacaqdır. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi Vəkil qeyd etdi ki, borclu aliment borcunu çalışaraq tam şəkildə bağlayacaqdır. Borclunun icra sənədinin icrasından boyun qaçırmaq niyyəti yoxdur. Qeyd edilən əsaslara görə hüquqlarını müdafiə etdiyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs maddi vəziyyəti nəzərə alınmaqla ona qanun çərçivəsində güzəşt edilməsini məhkəmədən xahiş edir. Zərər çəkmiş şəxs Məhyəddinova (Abbasova) Qönçə Əjdər qızı hazırki məhkəmə iclasına gəlməmiş, icra məmurunun deməsinə görə onunla telefon vasitəsilə əlaqə saxladıqda borclunun ona olan gecikdirilmiş aliment borcunun tam şəkildə ödənilməsini tələb etdiyini bildirmişdir. Oğuz Rayon Məhkəməsinin iş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli 3 (054) - 16 / 2023 nömrəli inzibati xəta haqqında iş üzrə qərarının surətindən müəyyən edilir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək 500 manat məbləğində inzibati cərimə edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, Oğuz Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2 (054) - 56 / 2014 nömrəli qətnaməsinə əsasən Şəxs hər ay cəmi 50 manat sabit pul məbləğində aliment tutularaq Məhyəddinova (Abbasova) Qönçə Əjdər qızına verilməsi qət edilmişdir. Həmin məhkəmə qərarı üzrə borclunun hazırda tələbkara cəmi 5200 manat aliment borcu yaranmışdır. Eyni zamanda, borclu icra məmurunun çağırışlarından yayınmış, bununla da icra məmurunun qanuni tələblərinə əməl etməmişdir. Borclunun barəsində axtarış elan edildikdən sonra o, polis əməkdaşları vasitəsilə Oğuz rayon İcra və Probasiya Şöbəsinə gətirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iş materiallarını nəzərdən keçirib icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını, müdafiəçinin fikrini dinləyərək hesab edir ki, borclu Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. O həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilərək inzibati tənbeh edilməlidir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun tərəfindən törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Şəxs eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsini Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33.1.2-ci maddəsinə əsasən məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alır. Şəxs tərəfindən törədilmiş inzibati xətada onun məsuliyyətini yüngülləşdirən hallar aşkar edilməmişdir. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini və təqsirinin dərəcəsini, habelə ona inzibati cərimə tətbiq edilməsinin işin faktiki hallarına uyğun olmadığını nəzərə alaraq barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati həbs etməyi, tələbkara ödənilməli olan alimentin miqdarını və məsuliyyəti ağırlaşdıran halı nəzərə alaraq nəzərə alaraq inzibati həbs müddətinin 11 (on bir) gün müddətində müəyyən edilməsini məqsədə müvafiq hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30, 43, 106-115, 117-ci maddələrini rəhbər tutaraq məhkəmə, qəraraaldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Oğuz rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 11 gün müddətində inzibati həbs edilsin. İnzibati həbsin əvvəli qərarın elan edildiyi vaxtdan – xx.xx.2023-cü il tarixdən saat 15:45-dən hesablansın. Qərarın icrası Oğuz rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim : Səadət Zeynalova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar