Məhkəmə qərarları › İş №3(054)-15/2022

Oğuz Rayon Məhkəməsi Qərar — İş №3(054)-15/2022

26.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Oğuz rayonu İş № 3(054)-15/2022 26.01.2022 OĞUZ RAYON MƏHKƏMƏSİ Oğuz Rayon Məhkəməsinin hakimi Süleymanov Kamran Şakir oğlunun sədrliyi, Mikayılzadə Əsmər Mehman qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1946-cı il tarixdə Oğuz rayonu Bucaq kəndində anadan olmuş, həmin kənddə yaşayan, evli, orta təhsilli, işsiz, təqaüdçü, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsinin Yol Patrul Xidməti Alayının V Taqımından Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala Oğuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: 24.10.2021-ci il tarixdə Oğuz rayonu ərazisində baş vermiş yol nəqliyyat hadisəsi ilə əlaqədar toplanmış material üzrə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsinin Yol Patrul Xidməti əməkdaşı tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə 24.10.2021-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlərdə qeyd edilmişdir ki, 24.10.2021-ci il tarixdə Şəxs özünə məxsus bir baş iribuynuzlu heyvanı yolda nəzarətsiz qoymaqla yol hərəkəti qaydalarını pozmuş, Zərərçəkmiş şəxs idarə etdiyi “FORD TRANSİT MİNİK” markalı ** BO *** dövlət qeydiyyat nişanlı avtomobillə bir baş iribuynuzlu heyvanı vurmuş, nəticədə “FORD TRANSİT MİNİK” markalı ** BO *** dövlət qeydiyyat nişanlı avtomobilə maddi zərər dəymişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək göstərdi ki, o, Oğuz rayonu Bucaq kəndində yaşayır və təsərrüfatında iribuynuzlu mal-qara saxlayır. 24.10.2021-ci il tarixdə səhər saat 08:30 radələrində nəvəsi ona məxsus iribuynuzlu malları asfalt yoldan keçirən zaman Şəki şəhəri istiqamətindən Oğuz şəhəri istiqamətində hərəkət edən, Zərərçəkmiş şəxs idarə etdiyi “FORD TRANSİT MİNİK” markalı ** BO *** dövlət qeydiyyat nişanlı avtomobil inəklərdən birini vurmuşdur. Hadisə nəticəsində inək ölmüş və ona maddi ziyan dəymişdir. O, yol nəqliyyat hadisəsinin necə baş verməsinin bilavasitə şahidi olmasa da, hesab edir ki, Zərərçəkmiş şəxs idarə etdiyi avtomobilin sürəti yüksək olmasaydı, hadisə baş verməz və onun inəyi də ölməzdi. Hadisənin baş verdiyi ərazidə yol 300 metr məsafədən görünür və həmin vaxt sürücü hadisənin qarşısını ala bilərdi. Həmçinin, Zərərçəkmiş şəxs idarə etdiyi “FORD TRANSİT MİNİK” markalı ** BO *** dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyan dəyməsi də onun özünün avtomobili yüksək sürətlə idarə etməsi ilə əlaqədar olmuşdur. O, hər hansı inzibati xəta hadisəsi törətməmiş və heç kimə maddi zərər vurmamışdır. Əksinə, yol nəqliyyat hadisəsi nəticəsində bir baş inəyi ölməklə onun özünə maddi zərər dəymişdir. Ona görə də barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Zərərçəkmiş şəxs məhkəmə iclasında izahat verərək göstərdi ki, o, Qax şəhərində yaşayır və “FORD TRANSİT MİNİK” markalı ** BO *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edir. 24.10.2021-ci il tarixdə səhər saatlarında idarə etdiyi avtomobillə Qax şəhərindən Bakı şəhəri istiqamətində yola düşmüşdür. Həmin gün saat 08:30 radələrində Oğuz rayonu Bucaq kəndinin ərazisindən keçəndə asfalt yol ilə hərəkətdə olarkən yol kənarından üç baş iribuynuzlu mal qaçaraq yola çıxmış və yolun sol tərəfindən sağ tərəfinə doğru keçmişlər. İnəklərin yolun asfalt hissəsinə, yəni onun idarə etdiyi avtomobilin qarşısına çıxdıqlarını gördükdə aralarında, təxminən, 30-35 metr məsafə olmuşdur. O, əyləci basmış, ancaq inəklər qəfildən onun idarə etdiyi avtomobilin qarşısına çıxdığına görə avtomobili saxlaya bilməmiş və idarə etdiyi avtomobillə inəklərdən birini vurmuşdur. İnək dərhal ölməsə də, heç kim inəyi kəsməyə kömək etməmiş və bir qədər sonra inək ölmüşdür. Onun idarə etdiyi avtomobil ABS sistemli avtomobil olduğundan yolun üzərində avtomobilin təkərinin tormoz izləri qalmamışdır. Hadisənin baş verdiyi ərazidə yol, təxminən, 100 metr məsafədən görünür. Hadisə baş verən vaxt günün qaranlıq vaxtı, dumanlı və ya yağışlı hava olmamış, asfaltın üzəri də quru olmuşdur. Hadisə baş verməzdən əvvəl o, avtomobili, təxminən, 65-70 km/saat sürətlə idarə etmişdir. Hadisə yolun sağ hərəkət zolağında baş vermiş, o, avtomobilin qabaq sağ küncü ilə inəyin arxa tərəfindən, yəni inək yolu ötüb keçənə yaxın onu vurmuşdur. O, inəyi sol tərəfdən yolun ehtiyat hissəsinə çıxarkən görmüşdür. Həmin yerdə yolun ehtiyat hissəsi, təxminən, 2 metr enində, asfalt yol isə iki tərəfli olmaqla cəmi 8 metr enindədir. O, inəyi ilk gördüyü andan hadisənin baş verdiyi anadək inək yolun bir tərəfindən digər tərəfinə keçmək üçün cəmi, təxminən, 8-10 metr məsafə qət etmişdir. Hadisə nəticəsində onun idarə etdiyi avtomobilə, təxminən, 800 manat miqdarında maddi ziyan dəymiş, avtomobilinə dəymiş maddi ziyan məbləği indiyədək ödənilməmişdir. Qeyd etdiklərinə əsasən iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. 24.10.2021-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı “FORD TRANSİT MİNİK” markalı ** BO *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğunsuzluq olub-olmadığını müəyyən etmək üçün iş üzrə məhkəmə yol-nəqliyyat hadisələri ekspertizası təyin edilmişdir. Məhkəmə-yol-nəqliyyat hadisələri ekspertizasının 05.01.2022-ci il tarixli 8/3139 nömrəli rəyi ilə, ekspert qarşısında qoyulmuş suallara verilən cavablara əsasən müəyyən edilmişdir ki, 24.10.2021-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı “FORD TRANSİT MİNİK” markalı ** BO *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Həmin rəydə, həmçinin, qeyd edilmişdir ki, sürücü avtomobili yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürətdən artıq, yəni 65-70 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. (Aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir). Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iş üzrə ekspertiza keçiriləndən sonra təyin edilən növbəti məhkəmə iclasında da bildirdi ki, o, hər hansı inzibati xəta hadisəsi törətməmiş və heç kimə maddi zərər vurmamışdır. Əksinə, yolnəqliyyat hadisəsi nəticəsində bir baş inəyi ölməklə onun özünə maddi zərər dəymişdir. Ona görə də barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Zərərçəkmiş şəxs iş üzrə ekspertiza keçiriləndən sonra təyin edilən növbəti məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada rəsmi məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlmədiyinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən məhkəmə iclasının onun iştirakı olmadan davam etdirilməsini qərara almışdır. Məhkəmə iş materiallarını nəzərdən keçirib işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək qərar gəlir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə iclasında işdə iştirak edən şəxslərin izahatları, eyni zamanda, iş materialları ilə müəyyən edildi ki, 24.10.2021-ci il tarixdə Zərərçəkmiş şəxs idarə etdiyi “FORD TRANSİT MİNİK” markalı ** BO *** dövlət qeydiyyat nişanlı avtomobillə Şəxs məxsus bir baş iribuynuzlu malı vurmuş, nəticədə həmin bir baş iribuynuzlu mal hadisə yerində ölmüş, eyni zamanda, “FORD TRANSİT MİNİK” markalı ** BO *** dövlət qeydiyyat nişanlı avtomobilə maddi zərər dəymişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsində “Bu Məcəllənin 338.4 - 338.6-cı maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsi və ya zərər çəkmiş şəxsə maddi zərər vurulması” dedikdə, piyadalar və yol hərəkətinin başqa iştirakçıları tərəfindən yol hərəkəti qaydalarının pozulması (o cümlədən, mal-qara ötürən tərəfindən yol hərəkəti qaydalarının pozulması, yəni mal-qaranın yolda nəzarətsiz qoyulması; mal-qaranın asfalt və sement-beton örtüklü yollarla ötürülməsi və sair bu kimi hərəkətlər) nəzərdə tutulur. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, 24.10.2021-ci il tarixdə baş vermiş yolnəqliyyat hadisəsi ilə bağlı araşdırma aparılarkən Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilsə də, Zərərçəkmiş şəxs əməllərində hər hansı inzibati xəta tərkibinin olub-olmaması məsələsinə hüquqi qiymət verilməmişdir. Məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının müvafiq rəyi ilə isə yol-nəqliyyat hadisəsinin “FORD TRANSİT MİNİK” markalı ** BO *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə riayət etməməsi nəticəsində baş verdiyi müəyyən edilmişdir. Həmin ekspert rəyinin təsviri və əsaslandırıcı hissələrində qeyd edilmişdir ki, aparılmış hesabata əsasən “FORD TRANSİT MİNİK” markalı ** BO *** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkəti üçün təhlükə yarandığı anda avtomobilin iribuynuzlu heyvanı vurduğu yerdən olduğu məsafə 72,2-90,3 - 77,8-97,2 metrdir. Bu isə onu deməyə əsas verir ki, sürücü Zərərçəkmiş şəxs izahatında göstərdiyi, iribuynuzlu heyvanların yolun asfalt hissəsinə çıxdığı anda onlarla avtomobil arasında 30- 35 metr məsafənin olması real hadisə mexanizminə uyğun deyildir. Məhkəmə ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə 24.10.2021-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərkən barəsində inzibati xəta haqqında protokol tərtib edilən şəxsin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.4 - 338.6-cı maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına səbəb olduğu göstərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.4 - 338.6-cı maddələrinin ayrı-ayrı bəndlərində ümumilikdə 12 növdə inzibati xəta hadisəsinin nəzərdə tutulduğu diqqətə alındıqda, hazırki inzibati xəta haqqında protokolda Şəxs tərəfindən konkret olaraq hansı inzibati xəta hadisəsinin törədildiyi və həmin xəta nəticəsində kimin sağlamlığına yüngül bədən xəsarətinin yetirildiyi və ya maddi zərər vurulduğu qeyd edilməmiş, bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.1-ci maddəsinin tələbləri pozulmuşdur. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.1-ci maddəsinə əsasən inzibati xəta haqqında protokolda protokolun tərtib edildiyi tarix və yer; protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi; inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar göstərilir. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə tərtib edilmiş 24.10.2021-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol üzrə “FORD TRANSİT MİNİK” markalı ** BO *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs zərər çəkmiş şəxs hesab olunduğu yalnız avtomobilə dəymiş maddi zərərin miqdarının hesablanmasına dair aktın məzmunundan müəyyən edilir. Hər hansı şəxsə fiziki və ya maddi zərər vurmadan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.4 - 338.6-cı maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə inzibati xəta törədən şəxs həmin Məcəllənin 338.7-ci maddəsi ilə deyil, qeyd olunan Məcəllənin müvafiq olaraq 338.4 - 338.6-cı maddələri ilə inzibati məsuliyyətə cəlb edilir. Şəxsin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilə bilməsi üçün o, həmin Məcəllənin 338.4 - 338.6-cı maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməli, zərər çəkmiş şəxsə fiziki və ya maddi zərər də məhz bu inzibati xətanın törədilməsi nəticəsində vurulmuş olmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinin şərh olunmasına dair” 17.03.2021-ci il tarixli Qərarında qeyd edilmişdir ki, maddi tərkibli inzibati xətalarda xətanın obyektiv cəhətinə hərəkətlə (hərəkətsizliklə) yanaşı, həm də belə hərəkətdən (hərəkətsizlikdən) törəyən zərərli nəticə də daxil edilir. Maddi tərkibli inzibati xətalar üzrə məsuliyyətin yaranması üçün zərərli nəticənin baş verməsi tələb olunur və belə inzibati xəta tərkiblərində hərəkət və ya hərəkətsizliklə nəticə arasında səbəbli əlaqə olmalıdır. Məhkəmə iş üzrə zərər çəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs dəlilləri ilə bağlı qeyd edir ki, hər hansı yol-nəqliyyat hadisəsi baş vermədən də, şəxsin özünə məxsus mal-qaranı nəzarətsiz qoyması həmin şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün yetərli olsa da, mal-qara sahibinin baş vermiş yol-nəqliyyat hadisəsinə görə maddi məsuliyyət daşıması üçün mal-qaranın nəzarətsiz qoyulması ilə baş vermiş yol-nəqliyyat hadisəsi arasında səbəbli əlaqə mövcud olmalıdır. Başqa sözlə, mal-qaranın yolda nəzarətsiz buraxılmış olması özü-özlüyündə şəxsin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş olması əsası ilə inzibati qaydada tənbeh edilməsi üçün əsas deyildir. İş üzrə zərər çəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət və ya inzibati məsuliyyətə cəlb edilməsə də, məhkəmə işin yuxarıda qeyd edilən faktiki hallarını və ekspert rəyinin mötəbərliyini nəzərə alaraq müəyyən edir ki, Şəxs məxsus bir baş inəyin nəzarətsiz qoyulması ilə baş vermiş yol-nəqliyyat hadisəsi arasında səbəbli əlaqə mövcud olmamış, əksinə, yol-nəqliyyat hadisəsi məhz “FORD TRANSİT MİNİK” markalı ** BO *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs təqsiri üzündən baş vermişdir. Belə ki, Şəxs məxsus iribuynuzlu mal yolda nəzarətsiz qalmış olsaydı da, hadisənin qarşısını almağa texniki imkanı olan sürücü Zərərçəkmiş şəxs maneəni gördüyü anda avtomobili saxlamaq və hadisənin qarşısını almaq üçün zəruri tədbirləri görsəydi, yolnəqliyyat hadisəsi baş verməzdi. İş materiallarından və işin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, yol-nəqliyyat hadisəsinin baş verdiyi zaman hava şəraiti sutkanın qaranlıq, dumanlı və ya yağışlı vaxtı olmamışdır. Belə olan halda, Zərərçəkmiş şəxs qarşı tərəfi, hərəkət üçün yarana biləcək maneələri uzaq məsafədən də asanlıqla görmək imkanı olmuşdur. Qarşıda maneə olduğu halda, o, baş verə biləcək istənilən hadisənin qarşısını almaq üçün mövcud şəraitə və vəziyyətə uyğun sürət həddi seçməli, sürəti tam dayanma həddinə qədər azaldaraq avtomobili saxlamalı, maneədən yayınmaq üçün bütün zəruri tədbirləri görməli idi. Zərərçəkmiş şəxs isə bunların heç birinə riayət etməyib səhlənkarcasına özünə güvənərək yol-nəqliyyat hadisəsinin baş verməsinin qarşısını almaq üçün zəruri tədbirlər görməmişdir. Eyni zamanda, Zərərçəkmiş şəxs yol-nəqliyyat hadisəsi zamanı inəyin yolun hərəkət hissəsinə qəfildən çıxdığını, bu səbəbdən də onun hadisənin qarşısını almağa texniki imkanının olmadığını iddia etsə də, bu faktı təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Əksinə, işin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarına əsasən və iş üzrə təyin edilmiş məhkəmə-yol-nəqliyyat hadisələri ekspertizasının müvafiq rəyinin nəticələrinə görə Zərərçəkmiş şəxs hadisənin qarşısını almağa texniki imkanının olduğu sübut edilmişdir. Bununla da, məhkəmə belə nəticəyə gəlir ki, yol-nəqliyyat hadisəsinin baş verməsinə, bununla da Zərərçəkmiş şəxs maddi zərər vurulmasına səbəb Şəxs məxsus 1 (bir) baş inəyin yolda qalması olmamışdır. Şərh olunan əsaslara görə məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsinin törədilməsi istisna edilir və hazırki vəziyyətdə onun əməlində həmin maddədə nəzərdə tutulan inzibati xəta tərkibinin əlamətləri yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1 və 53.1.2-ci maddələrinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan hər hansı biri mövcud olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar çıxarılır. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsində nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməlidir. Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338-ci maddəsinin digər hissələrində nəzərdə tutulan inzibati xətanın tərkibinin olub-olmamasının araşdırılması üçün qərarın surəti zəruri sənədlərlə birgə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsinin Yol Patrul Xidməti Alayının V Taqımına göndərilməlidir. Məhkəmə işin faktik hallarına görə iş üzrə 100 (bir yüz) manat ekspertiza xərcinin dövlət büdcəsi hesabına aid edilməsini qanunauyğun hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 105, 114-cü maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsinin Yol Patrul Xidməti Alayının V Taqımı tərəfidən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə tərtib edilmiş 24.10.2021-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338-ci maddəsinin digər hissələrində nəzərdə tutulan inzibati xətanın tərkibinin olub-olmamasının araşdırılması üçün qərarın surəti zəruri sənədlərlə birgə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsinin Yol Patrul Xidməti Alayının V Taqımına göndərilsin. İş üzrə 100 (bir yüz) manat ekspertiza xərci dövlət büdcəsi hesabına aid edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim : Kamran Süleymanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar