Məhkəmə qərarları › İş №3(054)-150/2023

Oğuz Rayon Məhkəməsi Qərar — İş №3(054)-150/2023

04.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Oğuz rayonu İş № 3(054)-150/2023 04.08.2023 OĞUZ RAYON MƏHKƏMƏSİ Oğuz Rayon Məhkəməsinin hakimi Zeynalova Səadət Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, Oğuz rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi Vəkil iştirakı ilə xx.xx.1983-cü il tarixdə Ermənistan Respublikasının Karvansara rayonunda anadan olmuş, Oğuz rayonu Calud kəndində yaşayan, subay, orta təhsilli, öz deməsinə görə işsiz və il ərzində eyni inzibati xətaya görə inzibati məsuliyyətə cəlb edilməmiş, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs haqqında Oğuz rayon İcra və Probasiya Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala Oğuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: Oğuz Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli 2 (054) - 238 / 2010 nömrəli qətnaməsinə əsasən xx.xx.2010-cu il tarixdən başlayaraq cavabdeh Şəxs hər ay cəmi 60 manat sabit pul məbləğində aliment tutularaq xx.xx.2001-ci il tarixdə anadan olmuş X3 və xx.xx.2003-cü il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatana qədər saxlanmaları üçün iddiaçı Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəyə minmiş və icraya yönəldilmiş, həmin qətnamə üzrə icra sənədi Oğuz rayon İcra və Probasiya Şöbəsinin icraatındadır. Borclu Şəxs tələbkara olan aliment borcunu ödəmədiyinə görə onun barəsində Oğuz rayon İcra və Probasiya Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Oğuz rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 məhkəmə iclasında izahat verərək bildirdi ki, Oğuz Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli 2 (054) - 238 / 2010 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsinə dair icra sənədi üzrə tələbin könüllü olaraq ödənilməsi barədə Oğuz rayon İcra və Probasiya Şöbəsi tərəfindən borcluya bildiriş göndərilmiş, lakin borclu icra sənədi üzrə tələbi vaxtında icra etməmişdir. Oğuz rayon İcra və Probasiya Şöbəsi tərəfindən müvafiq orqanlara sorğular göndərilmiş, lakin borcluya məxsus, tələbin ödənilə biləcəyi pul vəsaiti və digər qiymətli əşyalar aşkar edilməmişdir. Borclu Oğuz rayon İcra və Probasiya Şöbəsinə dəvət edilsə də, icra məmurunun çağırışlarına da gəlməmişdir. Borclunun yerini müəyyən etmək mümkün olmamış, bu səbəbdən də onun barəsində axtarış elan edilmişdir. Həmin qərar əsasında borclu polis əməkdaşları vasitəsilə Oğuz rayon İcra və Probasiya Şöbəsinə gətirilmişdir. Borclu qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini qəsdən yerinə yetirməmişdir və onun hazırda tələbkara 6600 manat aliment borcu vardır. Qeyd etdikləri nəzərə alınmaqla borclu Şəxs inzibati qaydada tənbeh edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, o, daimi olaraq heç bir yerdə işləmir, bəzən təsadüfi işlərdə çalışaraq günəmuzd qazanc əldə edir. Onun hazırda tələbkara 6600 manat aliment borcu yaranmışdır. O, tələbkara 1500 manat ödəməyi təklif etsə də, tələbkar bununla razılaşmamışdır, hazırda isə 200 manat ödəniş edə bilər . Hazırki vəziyyətdə yaranmış aliment borcunu tam olaraq ödəməyə maddi imkanı yoxdur, maddi imkanları daxilində aliment borcunun ödənilməsində yaranmış gecikməni aradan qaldırmağa çalışacaqdır. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi Vəkil qeyd etdi ki, borclunun icra sənədinin icrasından boyun qaçırmaq niyyəti yoxdur, ailə vəziyyəti və işsiz olması ilə əlaqədar borcunu ödəyə bilməmişdir, lakin maddi imkanları daxilində aliment borcunun ödənilməsində yaranmış gecikməni aradan qaldırmağa çalışacaqdır. Qeyd edilən əsaslara görə hüquqlarını müdafiə etdiyi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs maddi vəziyyəti nəzərə alınmaqla ona qanun çərçivəsində güzəşt edilməsini məhkəmədən xahiş edir. Zərərçəkmiş şəxs hazırki protokol ilə bağlı icra məmuru tərəfindən məlumatlandırılmasına baxmayaraq iş üzrə məhkəmə iclasına gəlməmiş, icra məmurunun deməsinə görə onunla telefon vasitəsilə əlaqə saxladıqda icra sənədinin vaxtında və tam şəkildə icra edilməsini tələb etdiyini bildirmişdir. Oğuz Rayon Məhkəməsinin iş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli 1(054) - 2 / 2023 nömrəli hökmünün surətindən müəyyən edilir ki, Şəxs xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilərək 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Məhkəmə iclasında tədqiq edilən sübutlarla müəyyən edildi ki, Oğuz Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli 2 (054) - 238 / 2010 nömrəli qətnaməsinə əsasən borclu Şəxs hər ay cəmi 60 manat sabit pul məbləğində aliment tutularaq tələbkar Zərərçəkmiş şəxs verilməli olduğu halda, o həmin icra sənədi üzrə qismən ödəniş etmiş və hazırda onun tələbkara cəmi 6600 manat aliment borcu yaranmışdır. Eyni zamanda, borclu icra məmurunun çağırışlarından yayınmış, bununla da icra məmurunun qanuni tələblərinə əməl etməmişdir. Borclunun barəsində axtarış elan edildikdən sonra o, polis əməkdaşları vasitəsilə Oğuz rayon İcra və Probasiya Şöbəsinə gətirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iş materiallarını nəzərdən keçirib icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını və müdafiəçinin fikrini dinləyərək hesab edir ki, borclu Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. O həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilərək inzibati tənbeh edilməlidir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şəxs tərəfindən törədilmiş inzibati xətada onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar aşkar edilməmişdir. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini və təqsirinin dərəcəsini, tələbkarın mövqeyini, habelə ona inzibati cərimə tətbiq edilməsinin işin faktiki hallarına uyğun olmadığını nəzərə alaraq barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati həbs növündə tənbeh tətbiq etməyi, tələbkara ödənilməli olan alimentin miqdarını nəzərə alaraq inzibati həbs müddətinin 25 gün müddətində müəyyən edilməsini, onun azadlığın məhdudlaşdırılması cəzasına məhkum edildiyini nəzərə alaraq bu barədə cəzanı icra edən icra məmuruna (probasiya üzrə) məlumat verilməsini məqsədə müvafiq hesab edir. Eyni zamanda Şəxs hazırki vəziyyətdə azadlığın məhdudlaşması növündə cəza çəkdiyinə görə Azərbaycan Respublikasının Cəzalın İcrası Məcəlləsinin 51-2.2-ci maddəsinə, “Məhkum edilmiş və ya barəsində qətimkan tədbiri seçilmiş şəxslərə elektron nəzarət vasitələrinin tətbiqi” Qaydalarının 8.2.3-cü maddəsinə əsasən onun hazırda inzibati qaydada həbs edilməsi ilə bağlı azadlığın məhdudlaşdırılması cəzasına nəzarət edən orqana rəsmi qaydada məlumat verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30, 43, 106- 115, 117-ci maddələrini rəhbər tutaraq məhkəmə, qəraraaldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Oğuz rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 25 gün müddətində inzibati həbs edilsin. İnzibati həbsin əvvəli qərarın elan edildiyi vaxtdan – xx.xx.2023-cü il tarixdən saat 15:30-dan hesablansın. Qərarın icrası Oğuz rayon Polis Şöbəsinə həvalə edilsin. Şəxs inzibati qaydada həbs edilməsi barədə qərarın surəti məlumat üçün Oğuz rayon İcra və Probasiya Şöbəsinə rəsmi qaydada göndərilsin. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim :Səadət Zeynalova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar