Məhkəmə qərarları › İş №3(054)-150/2025

Oğuz Rayon Məhkəməsi Qərar — İş №3(054)-150/2025

25.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Oğuz rayonu İş № 3(054)-150/2025 25.06.2025 OĞUZ RAYON MƏHKƏMƏSİ Oğuz Rayon Məhkəməsinin hakimi Məmmədli Emin İlham oğlunun sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs - Oğuz rayon X4 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi Vəkil iştirakı ilə xx.xx.1992-ci il tarixdə Oğuz rayonu Xalxal kəndində anadan olmuş, həmin kənddə yaşayan, evli, orta təhsilli, işsiz, il ərzində eyni inzibati xətaya görə inzibati məsuliyyətə cəlb edilməmiş, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs haqqında Oğuz rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə daxil olmuş inzibati xəta haqqında materiala Oğuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: Şəxs barəsində Oğuz rayon X4 Təhlükəsizlik Bölməsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə xx.xx.2025ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Həmin protokolda qeyd edilmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə Oğuz Rayon Mərkəzi Xəstəxanasının həyətində səs-küy salaraq xırda xuliqanlıq hərəkətləri törətdiyi və polisin qanuni tələbinə tabe olmadığı üçün onun tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələrinin tələbləri pozulmşdur. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Oğuz rayon X4 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X2 məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, xx.xx.2025-ci il tarixdə o və digər polis əməkdaşları Oğuz şəhərində baş vermiş yolnəqliyyat hadisəsi ilə əlaqədar həmin hadisə yerinə getmişlər. Hadisə yerinə baxış keçirildikdən və digər zəruri prosessual hərəkətlər yerinə yetirildikdən sonra hadisə zamanı xəsarət alan sərnişinin kim olduğunu müəyyən etmək üçün Oğuz Rayon Mərkəzi Xəstəxanasına getmişlər. Xəstəxanada olan zaman hadisəni tördən sürücü Şəxs görmüş və həmin şəxsin sərxoş olub-olmadığını müəyyən etmək üçün onu Polis Şöbəsinə dəvət etmişlər. Şəxs onlarla getməkdən imtina edərək uca səslə söyüş söyməyə və ünvanlı-ünvansız nalayiq ifadələr işlətməyə başlamışdır. Onlar həmin şəxsə bir neçə onlarla getməyi təklif etdikdən sonra Elvin sərbəst şəkildə onlarla getməyə başlamış. Lakin bu səfər də əlindəki telefonu yerə çaxaraq sındırmışdır. Onlar onu nizam-intizama dəvət etsələr də o, xəstəxananın iş rejimini pozaraq xırda xuliqanlıq hərəkətləri etməyə davam etmiş və polisin qanuni tələblərinə tabe olmamışdır. Bundan sonra o, polis əməkdaşları tərəfindən məcburi şəkildə xidməti avtomobilə əyləşdirilərək Oğuz rayon Polis Şöbəsinə gətirilmişdir. Həmin fakt əsasında araşdırma aparılmış və toplanmış material üzrə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə müvafiq protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, o, xx.xx.2025-ci il tarixdə idarə etdiyi avtomobillə qəza keçirmiş, nəticədə dostu yaralanaraq xəstəxanaya yerləşdirilmişdir. O, dostunun vəziyyətinə görə narahat çılıq keçirərək onu görmək üçün Oğuz Rayon Mərkəzi Xəstəxanasına getmişdir. Orada olan zaman “Alcanov” soyadlı polis əməkdaşı ona yaxınlaşaraq Polis Şöbəsinə getməli olduqlarını bildirmişdir. Bu zaman o polis əməkdaşları ilə getməyə razılıq vermişdir. Polis əməkdaşları ondan mobil telefonunu tələb etmişlər. O, bundan imtina etmiş, mobil telefonunu ailəsinə göndərmək üçün tanışına vermək istəmişdir. Polis əməkdaşları telefonu verməyi üçün təkid etdiklərində isə telefonu sındırmışdır. Bundan sonra isə polis əməkdaşları onunla aqressiv davranaraq onu avtomobilə aparmışlar. Bu zaman onun ayağı burxulmuş, o da ayağının qırıldığını demişdir. O, həmin vaxt sərxoş vəziyyətdə olsa da, heç bir söyüş söyməmiş və nalayiq ifadələr işlətməmişdir. O, sadəcə özünə məxsus telefonu sındırmış, heç kəsin əmlakına zərər vurmamışdır. Eyni zamanda polis əməkdaşlarının ilk çağırışında onlarla getməyə razılıq vermişə və onlara tabesizlik göstərməmişdir. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli 492 nömrəli tibbi müayinə protokolundan müəyyən edilir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2025-ci il tarixdə saat 00:57-də tibbi müayinədən keçirilərkən onun orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində olduğu müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş “Elektron məhkəmə” informasiya sistemindən çıxarışdan görünür ki, Şəxs himayəsində iki azyaşlı övladı vardır. Oğuz rayon X4 Təhlükəsizlik Bölməsi tərəfindən məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə edilmiş, güman edilən inzibati xəta hadisəsi baş verərkən lentə alınmış video görüntülər əks olunan, səs yazısı olmayan diskə məhkəmə iclasında tərəflərin iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, Şəxs polis əməkdaşları ilə birlikdə polisin xidməti avtomobilinə doğru hərəkət edirlər. Lakin həmin videodan Şəxs polis əməkdaşlarına hər hansı tabesizlik göstərməsi müəyyən olunmur. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, Şəxs xx.xx.2025-ci il tarixdə Oğuz Rayon Mərkəzi Xəstəxanasının həyətində ünvanlı-ünvansız nalayiq ifadələr işlətməklə, eləcə də xəstəxananın iş rejimini pozmaqla ictimai qaydanı pozan xırda xuliqanlıq hərəkətləri etmişdir. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs heç bir nalayiq ifadələr işlətmədiyini demiş, lakin özünə məxsus telefonu əsəbiləşərək sınıdırdığını özü də məhkəmə iclasında etiraf etmişdir. Şəxs xx.xx.2025-ci il tarixdə onu intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmaması, bununla da onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsini törətməsi faktı məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Belə ki, Şəxs polis əməkdaşları onu intizama dəvət etdikdən sonra onun özünə məxsus telefonu sındırması polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmama kimi qiymətləndirilə bilməz. Həmin fakt özlüyündə xırda xuliqanlığı təşkil edən hərəkətlərdən biri olmaqla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin dispozisiyası ilə uyğunluq təşkil etmir. Eyni zamanda Elvin Ağababyevin polisin qanuni tələblərinə tabe olmaması faktı məhkəmə iclasında baxış keçirilmiş videogörüntü ilə də təkzib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir Şərh olunan əsaslara görə məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi sübuta yetirilmədiyinə görə onun tərəfindən həmin inzibati xəta hadisəsinin törədilməsi istisna edilir və hazırki vəziyyətdə onun əməlində həmin maddədə nəzərdə tutulan inzibati xəta tərkibinin əlamətləri yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə iş materiallarını nəzərdən keçirib işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək qərara gəlir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibinin əlamətləri olmadığından Şəxs barəsində Oğuz rayon Polis Şöbəsi tərəfindən həmin maddə ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyindən o, yalnız həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilərək inzibati tənbeh edilməlidir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun tərəfindən törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs himayəsində azyaşlı övladlarının olmasını Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.2-ci maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hal kimi, inzibati xətanı sərxoş vəziyyətdə törətməsini isə həmin Məcəllənin 33.1.7-ci maddəsinə əsasən məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini, təqsirinin dərəcəsini, habelə, məsuliyyəti yüngülləşdirən halı nəzərə alaraq barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati cərimə tətbiq etməyi, ağırlaşdırıcı halı nəzərə alaraq cəriməni yüksək məbləğdə, 100 (bir yüz) manat məbləğində müəyyən edilməsini qanunamüvafiq hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25, 43, 53, 106-115, 117-ci maddələrini rəhbər tutaraq məhkəmə, qəraraaldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Oğuz rayon X4 Təhlükəsizlik Bölməsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib 100 manat məbləğində inzibati cərimə edilsin. Şəxs barəsində Oğuz rayon Polis Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim : Emin Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar