Məhkəmə qərarları › İş №3(054)-16/2022

Oğuz Rayon Məhkəməsi Qərar — İş №3(054)-16/2022

06.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Oğuz rayonu İş № 3(054)-16/2022 06.01.2022 OĞUZ RAYON MƏHKƏMƏSİ Oğuz Rayon Məhkəməsinin hakimi Süleymanov Kamran Şakir oğlunun sədrliyi, Salamov Tural Fərman oğlunun katibliyi, Azərbaycan Respublikası Dövlət X12 Regional Reklam İdarəsinin etibarnamə üzrə nümayəndəsi X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X5 iştirakı ilə, 25.09.1982-ci il tarixdə Oğuz rayonu Padar kəndində anadan olmuş, həmin kənddə yaşayan, evli, orta təhsilli, sahibkarlıq fəaliyyəti ilə məşğul olan vəzifəli şəxs, fərdi identifikasiya nömrəsi 22VRZAT X8 barəsində Azərbaycan Respublikası Dövlət X12 Regional Reklam İdarəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala Oğuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs - Oğuz şəhəri H.Əliyev prospektində yerləşən “Oğuz mebel salonu” adlı sahibkarlıq obyektində fəaliyyət göstərən X5 Azərbaycan Respublikası Dövlət X12 Regional Reklam İdarəsi tərəfindən göndərilmiş icrası məcburi olan göstərişin tələblərini yerinə yetirməməsi faktı üzrə Azərbaycan Respublikası Dövlət X12 Regional Reklam İdarəsi tərəfindən onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsi ilə 13.12.2021-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. X5 barəsində 13.12.2021-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolu tərtib edən orqan - Azərbaycan Respublikası Dövlət X12 Regional Reklam İdarəsinin etibarnamə üzrə nümayəndəsi X7 məhkəmə iclasında həmin protokolun məzmununa uyğun izahat verərək göstərdi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs X2 olduğu, Oğuz şəhəri H.Əliyev prospektində yerləşən “Oğuz mebel salonu” adlı sahibkarlıq obyektinə 01.12.2021-ci il tarixdə baxış keçirilərkən həmin sahibkarlıq obyektində “Reklam haqqında” Azərbaycan Respublikasının Qanununun 4.8-ci və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.12.2016-cı il tarixli 499 nömrəli Qərarı ilə təsdiq edilmiş “Reklam qurğularına Texniki Tələblər”in 2.2-ci bəndinin tələblərinə cavab verməyən, estetik görüntüsü normalara uyğun olmayan və demontaj olunması (sökülməsi) tələb olunan 1,65 metr x 43 metr ölçüdə 1 ədəd - 7,1 kv.metr ölçüdə vinil fasad reklamının icazəsiz yerləşdirilməsi və yayımı faktı aşkar edilmişdir. Bununla bağlı fotoşəkillər çəkilmiş və müvafiq akt tərtib edilərək imzalanmışdır. X8 akta imza etməkdən və icrası məcburi olan göstərişi almaqdan imtina etmişdir. Qeyd olunan aktın və icrası məcburi olan göstərişin surəti 02.12.2021-ci il tarixdə X6 rəsmi qaydada göndərilməklə reklam yayımını dərhal dayandırması ondan tələb olunmuş, əks halda barəsində inzibati xəta haqqında protokol tərtib ediləcəyi izah edilmişdir. X3 icrası məcburi olan göstərişin tələblərinə əməl etməmişdir. 13.12.2021-ci il tarixdə obyektə təkrar baxış keçirilərkən həmin vinil reklamlarının əvvəlki vəziyyətdə olduğu aşkar edilmiş, bununla bağlı yeni fotoşəkillər çəkilərək işə əlavə edilmişdir. X8 reklam yerləşdirilməsi üçün müvafiq orqandan rəsmi icazə almadığına və reklam yayımını dayandırmadığına, bununla da icrası məcburi olan göstərişin tələblərinə əməl etmədiyinə görə onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmin protokolun surəti 14.12.2021-ci il tarixdə X6 rəsmi qaydada göndərilmişdir. Qeyd etdiklərinə əsasən X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək tənbeh edilməsini məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X8 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, o, Oğuz şəhəri H.Əliyev prospektində yerləşən “Oğuz mebel salonu” adlı sahibkarlıq obyektində fəaliyyət göstərir. Həmin obyektdə reklam yerləşdirilməsi və yayımı ilə bağlı əvvəllər müvafiq orqanla müqaviləsi olmuşdur. Sonradan isə müqavilə məbləğindən əlavə hər ay 13 manat ödəniş etməli olduğundan reklam yayımı ilə bağlı yeni müqavilə bağlamaq fikrindən daşınmışdır. Təxminən, 2020-ci ilin yay aylarında Azərbaycan Respublikası Dövlət X12 Regional Reklam İdarəsinin əməkdaşları tərəfindən ona obyektin pəncərəsinə vurulmuş vinil reklamlarının sökülməsi tapşırılmışdır. O həmin vaxt qeyd olunan vinil reklamlarını sökməyə təşəbbüs göstərsə də, yapışqan tərkibinə görə reklam qurğusunu tam sökə bilməmişdir. Bundan sonra o, obyektin pəncərəsində olan yarımçıq, qırıq-sökük görüntülərin üstünü örtmək məqsədi ilə pəncərələrə ağ rəngli boya çəkməklə vinil reklamın qalıqlarının üstünü örtmüşdür. Həmin vaxtdan sonra 2021-ci ilin dekabr ayınadək ona heç bir söz deyilməmiş, obyektin pəncərələrinin görünüşü ilə bağlı hər hansı irad da bildirilməmişdir. Yalnız 01.12.2021-ci il tarixdə Azərbaycan Respublikası Dövlət X12 Regional Reklam İdarəsinin əməkdaşları tərəfindən yenidən “Oğuz mebel salonu” adlı sahibkarlıq obyektinə baxış keçirilərkən həmin obyektin qarşısında reklam yerləşdirilməsi üçün müvafiq orqandan rəsmi icazə alınması və ya reklam yayımının dayandırması barədə ona xəbərdarlıq edilsə də, o, artıq reklam yayımı ilə məşğul olmadığını, obyektin pəncərəsini başqa şəkildə silib təmizləyə bilmədiyini qeyd etmişdir. Sonradan isə ona akt və icrası məcburi olan göstərişin surəti rəsmi qaydada göndərilmişdir. 13.12.2021-ci il tarixdə isə obyektə təkrar baxış keçirilərək onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Hazırda da onun obyektin pəncərəsində olan vinil reklamın qalıqlarını başqa cür sökmək, təmizləmək imkanı yoxdur və həmin pəncərədə faktiki olaraq reklam xarakterli hər hansı yazı və ya görüntü də mövcud deyildir. Pəncərələrin kimyəvi təmizləmə və ya digər hər hansı şəkildə təmizlənməsi mümkün olduğu və bu sahədə ona köməklik göstərilməsi təklif ediləcəyi halda, o, bununla bağlı tələb olunan maddi vəsaiti ödəməyə də hazırdır. Lakin hesab edir ki, hazırki vəziyyətdə o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməmişdir. Onun əməlində hər hansı inzibati xəta tərkibi olmadığına görə Azərbaycan Respublikası Dövlət X12 Regional Reklam İdarəsi tərəfindən onun barəsində tərtib edilmiş 13.12.2021-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə işin icraatına xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş edir. İşin məhkəmə araşdırılması ilə əlaqədar məhkəmə prosesinin gedişində hazırki iş üzrə inzibati xəta haqqında protokola əlavə edilmiş, 01.12.2021-ci il tarixdə və 13.12.2021-ci il tarixdə çəkilmiş fotoşəkillərə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, hər iki tarixdə çəkilmiş fotoşəkillərdə “Oğuz mebel salonu” adlı sahibkarlıq obyektinin pəncərəsinin görüntüsü eyni olmaqla, həmin görüntülərdə hər hansı reklam xarakterli yazı və ya təsvir yoxdur. Obyektin pəncərələri ağ rəngli boya ilə boyanmış vəziyyətdədir və boyanın altında qalan vinil reklamının qalıqları görünməz dərəcədə örtülmüşdür. Məhkəmə iş materiallarını nəzərdən keçirərək və işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək qərara gəlir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, “Reklam haqqında” Azərbaycan Respublikasının Qanununun 2.0.1-ci maddəsinə əsasən reklam - reklam istehlakçısının diqqətini reklam obyektinə müxtəlif vasitə və üsullardan istifadə olunmaqla istənilən formada cəlb etmək, marağını formalaşdırmaq və saxlamaq, əmtəəni bazarda tanıtmaq və satışını stimullaşdırmaq məqsədi ilə yayımlanan məlumatdır. Həmin Qanunun 2.0.3-cü maddəsinə əsasən reklam obyekti - reklam olunan mallar, işlər və xidmətlər (bundan sonra - əmtəə), onun fərdiləşdirilmə vasitələri, həyata keçirilən kommersiya və qeyri-kommersiya xarakterli tədbirlərdir. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən reklam bu Qanunla qadağan edilməyən üsul və vasitələrlə reklam istehlakçılarının diqqətini əmtəəyə cəlb etməli, əmtəə barədə məlumat vermək və rəy formalaşdırmaqla ona tələbat yaratmalıdır. Həmin Qanunun 26.1-ci maddəsinə əsasən reklam birbaşa və ya reklam daşıyıcısı vasitəsilə torpaq sahələrində, bina, qurğu və digər tikililərin fasadlarında (divarlarında, hasarlarında), dam örtüklərində, bayıra ünvanlanmaqla qapıların, pəncərələrin (pəncərə altlıqlarının), vitrinlərin çöl və iç tərəflərində, habelə açıq məkanda olan avadanlıqlarda, avtomobil yollarının dayanacaqlarında və yeraltı keçidlərində, hava şarlarının, aerostat və dirijablların üzərində yerləşdirildiyi halda açıq məkanda reklam hesab olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.12.2016-cı il tarixli 499 nömrəli Qərarı ilə təsdiq edilmiş “Reklam qurğularına Texniki Tələblər”in 3.18-ci maddəsinə əsasən vinil binaların qapı və pəncərələrinin üzərinə vurulan polimer tərkibli yapışqan reklam daşıyıcısıdır. Qeyd olunan normaların məzmunundan da göründüyü kimi, reklamın ən vacib funksiyalarından və zəruri xüsusiyyətlərindən biri onun reklam istehlakçısının diqqətini reklam obyektinə cəlb etmək, marağını formalaşdırmaq və saxlamaq, əmtəəni bazarda tanıtmaq və satışını stimullaşdırmaq məqsədi daşımasıdır. Hazırki iş üzrə isə fotoşəkillərdən və iş materiallarından, həmçinin, işin məhkəmədə müəyyən edilmiş digər faktiki hallarından görünür ki, “Oğuz mebel salonu” adlı sahibkarlıq obyektinin pəncərəsində olan görüntülər nəinki həmin obyektin, obyektdə satış yolu ilə relizə olunan əmtəələrin digər obyektlərlə və əmtəələrlə müqayisədə üstünlüyünü biruzə verir, istehlakçılarının diqqətini əmtəəyə cəlb etməklə, əmtəə barədə məlumat vermək və rəy formalaşdırmaqla ona tələbat yaradır, başqa sözlə, reklam edir, əksinə, həmin görüntülərdə, ümumiyyətlə, reklam xarakteri daşıya biləcək hər hansı yazı, məlumat və ya digər təsvir yoxdur. “Reklam haqqında” Azərbaycan Respublikasının Qanununun 34.1-ci maddəsinə əsasən reklam fəaliyyətinə nəzarətin məqsədi reklam subyektlərinin maraqlarını və bu Qanunun tələblərinin yerinə yetirilməsini təmin etmək, o cümlədən bu Qanunun tələblərinə cavab verməyən reklamın yayımını dayandırmaq, reklam fəaliyyətinin subyektlərinə bu Qanunun tələbləri ilə bağlı icrası məcburi olan göstərişlər verməkdir. “Reklam qurğularına Texniki Tələblər”in 2.2-ci maddəsinə əsasən reklam qurğusu yerləşdirildiyi ərazinin estetik görünüşünə xələl gətirməməli, mühəndis qurğusu üzərində yerləşdirildikdə, həmin qurğunun estetik görkəmini pozmamalı, konstruktiv baxımdan davamlılığa və dayanıqlılığa mənfi təsir göstərməməlidir. İş materiallarından və işin məhkəmədə müəyyən edilmiş hallarından göründüyü kimi, Oğuz şəhəri H.Əliyev prospektində yerləşən, X1 fəaliyyəti ilə məşğul olduğu “Oğuz mebel salonu” adlı sahibkarlıq obyektinin pəncərəsinə vurulmuş və hazırda üzəri boya ilə örtülmüş görüntü hazırki vəziyyətdə vinil və ya digər növdə olan reklam kimi, obyektin sahibi X8 isə reklam yayıcısı kimi qəbul edilə bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsində qeyd olunan, reklam haqqında qanunvericiliyin pozulması dedikdə, müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun açıq məkanda reklam sahəsində (o cümlədən tikintisinə icazə tələb olunmayan açıq məkanda reklam qurğularının quraşdırılması və sökülməsi sahəsində) nəzarətin həyata keçirilməsi çərçivəsində verdiyi yazılı göstərişlərin və qərarların (bu Məcəllənin 394.0.7-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) vaxtında və tam yerinə yetirilməməsi nəzərdə tutulur. Azərbaycan Respublikası Dövlət X12 Regional Reklam İdarəsi tərəfidən X5 ünvanına reklamın demontaj olunması (sökülməsi) barədə yazılı göstəriş göndərilsə də, onun fəaliyyət göstərdiyi obyektin pəncərəsinə vurulmuş və sonradan üzəri boya ilə örtülmüş görüntü hazırki vəziyyətdə artıq reklam xarakteri daşımadığı və reklam qurğusu hesab olunmadığına görə həmin görüntünün estetik görkəmi pozmasını və ya ərazinin estetik görünüşünə xələl gətirməsini deməyə də hər hansı əsas yoxdur və bu baxımdan X6 icrası məcburi olan göstərişin göndərilməsi də qanunvericiliyin tələblərinə uyğun olmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 75.0.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta törətməkdə şəxsin təqsiri müəyyən edilməlidir. Hazırki iş üzrə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X5 reklam yayıcısı, onun sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu obyektin pəncərəsinə vurulmuş və üzəri boya ilə örtülmüş görüntünün hazırki vəziyyətdə vinil və ya digər növdə olan reklam xüsusiyyəti daşıması faktı, onun özünün isə reklam yayıcısı olması müəyyən edilmir. Ona görə də məhkəmə hesab edir ki, X8 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsinin törədilməsi istisna olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X8 tərəfindən hazırki vəziyyətdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsinin törədilməsi müəyyən olunmadığından onun barəsində Azərbaycan Respublikası Dövlət X12 Regional Reklam İdarəsi tərəfidən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsi ilə tərtib edilmiş 13.12.2021-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolla başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 105, 114-cü maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Oğuz şəhəri H.Əliyev prospektində yerləşən “Oğuz mebel salonu” adlı sahibkarlıq obyektinin sahibi X8 barəsində Azərbaycan Respublikası Dövlət X12 Regional Reklam İdarəsi tərəfidən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsi ilə tərtib edilmiş 13.12.2021-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim : Kamran Süleymanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar