Məhkəmə qərarları › İş №3(054)-160/2023

Oğuz Rayon Məhkəməsi Qərar — İş №3(054)-160/2023

21.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Oğuz rayonu İş № 3(054)-160/2023 21.08.2023 OĞUZ RAYON MƏHKƏMƏSİ Oğuz Rayon Məhkəməsinin hakimi Zeynalova Səadət Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, Oğuz rayon İcra və Probasiya Şöbəsinin rəisi X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi Vəkil iştirakı ilə xx.xx.1993-cü il tarixdə Oğuz rayonu Qarabaldır kəndində anadan olmuş, həmin kənddə yaşayan, orta təhsili, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan və öz deməsinə görə il ərzində eyni inzibati xətaya görə inzibati məsuliyyətə cəlb edilməmiş, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs haqqında Oğuz rayon İcra və Probasiya Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala Oğuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: Qazax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2 (023) - 221 / 2023 nömrəli qətnaməsinə əsasən xx.xx.2022-ci il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Şəxs xx.xx.2022-ci il tarixdən başlayaraq hər ay cəmi 180 (bir yüz səksən) manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Qətnamə üzrə icra sənədi Oğuz rayon İcra və Probasiya Şöbəsinin icraatındadır. Borclu Şəxs tələbkara olan aliment borcunu ödəmədiyinə görə onun barəsində Oğuz rayon İcra və Probasiya Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Oğuz rayon İcra və Probasiya Şöbəsinin rəisi X5 məhkəmə iclasında izahat verərək bildirdi ki, Qazax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2 (023) - 221 / 2023 nömrəli qətnaməsinə dair icra sənədi üzrə tələbin könüllü olaraq ödənilməsi barədə Oğuz rayon İcra və Probasiya Şöbəsi tərəfindən borcluya bildiriş göndərilmiş, lakin borclu icra sənədi üzrə tələbi vaxtında icra etməmişdir. Oğuz rayon İcra və Probasiya Şöbəsi tərəfindən müvafiq orqanlara sorğular göndərilmiş, lakin borcluya məxsus, tələbin ödənilə biləcəyi pul vəsaiti və digər qiymətli əşyalar aşkar edilməmişdir. Borclu qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir və onun hazırda tələbkara 1440 manat aliment borcu vardır. Qeyd etdikləri nəzərə alınmaqla borclu Şəxs inzibati qaydada tənbeh edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, o, daimi olaraq heç bir yerdə işləmir, bəzən təsadüfi işlərdə çalışaraq günəmuzd qazanc əldə edir. Onun hazırda tələbkara 1440 manat aliment borcu yaranmışdır. Hazırki vəziyyətdə yaranmış aliment borcunu tam olaraq ödəməyə maddi imkanı yoxdur. Eyni zamanda, o Qazax Rayon Məhkəməsinin qətnaməsi ilə razı deyil, qanunları yaxşı bilmədiyindən həmin qətnamədən şikayət verməmişdir, lakin yenidən ekspertiza keçirilməsi ilə əlaqədar müraciət edəcəkdir. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi Vəkil qeyd etdi ki, borclunun aliment borcu o qədər də çox deyildir. Eyni zamanda Şəxs qanunlar barədə məlumatı olmadığından qətnamədən şikayət verməmişdir. Borclunun icra sənədinin icrasından boyun qaçırmaq niyyəti yoxdur. Qeyd edilən əsaslara görə hüquqlarını müdafiə etdiyi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs maddi vəziyyəti nəzərə alınmaqla ona qanun çərçivəsində güzəşt edilməsini məhkəmədən xahiş edir. Zərərçəkmiş şəxs hazırki protokol ilə bağlı icra məmuru tərəfindən məlumatlandırılmasına baxmayaraq iş üzrə məhkəmə iclasına gəlməmişdir. Məhkəmə iclasında tədqiq edilən sübutlarla müəyyən edildi ki, Qazax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2 (023) - 221 / 2023 nömrəli qətnaməsinə əsasən borclu Şəxs hər ay 180 (bir yüz səksən) manat sabit pul məbləğində aliment tutularaq tələbkar Zərərçəkmiş şəxs verilməli olduğu halda, o həmin icra sənədi üzrə qismən ödəniş etmiş və hazırda onun tələbkara cəmi 1440 manat aliment borcu yaranmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iş materiallarını nəzərdən keçirib icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını və müdafiəçinin fikrini dinləyərək hesab edir ki, borclu Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. O həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilərək inzibati tənbeh edilməlidir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şəxs tərəfindən törədilmiş inzibati xətada onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar aşkar edilməmişdir. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini və təqsirinin dərəcəsini, habelə ona inzibati cərimə tətbiq edilməsinin işin faktiki hallarına uyğun olmadığını nəzərə alaraq barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati həbs növündə tənbeh tətbiq etməyi, tələbkara ödənilməli olan alimentin miqdarını nəzərə alaraq inzibati həbs müddətinin 10 gün müddətində müəyyən edilməsini məqsədə müvafiq hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30, 43, 106- 115, 117-ci maddələrini rəhbər tutaraq məhkəmə, qəraraaldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Oğuz rayon İcra və Probasiya Şöbəsinin rəisi X5 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 gün müddətində inzibati həbs edilsin. İnzibati həbsin əvvəli qərarın elan edildiyi vaxtdan – xx.xx.2023-cü il tarixdən saat 15:45-dən hesablansın. Qərarın icrası Oğuz rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim : Səadət Zeynalova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar