Azərbaycan Respublikası adından QƏRARDAD Oğuz rayonu İş № 3(054)-166/2022 03.10.2022 OĞUZ RAYON MƏHKƏMƏSİ Oğuz Rayon Məhkəməsinin hakimi Süleymanov Kamran Şakir oğlu, X1 barəsində Oğuz rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala Oğuz Rayon Məhkəməsinin inzibati binasında baxaraq, müəyyənetdim: HK-1/276 nömrəli material üzrə Oğuz rayon X7 Qrupunun təhqiqatçısı X3 xx.xx.2022-ci il tarixli qərarı ilə cinayət işinin başlanması rədd edilmiş və həmin qərar əsasında Oğuz rayon X8 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X4 tərəfindən X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə xx.xx.2022-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Həmin inzibati xəta haqqında protokolda qeyd edilmişdir ki, X2 xx.xx.2022-ci il tarixdə Oğuz rayonu Padar kəndində qonşusu və həmkəndlisi Şəxs döymüşdür. İnzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər onu tərtib etmiş orqana geri qaytarılmalıdır. Belə ki, inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər nəzərdən keçirilərkən müəyyən edildi ki, Oğuz rayon X8 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X4 tərəfindən X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərkən həmin protokolda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.1-ci maddəsində nəzərdə tutulmuş, göstərilməsi zəruri olan bütün məlumatlar öz əksini tapmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.1-ci maddəsinə əsasən inzibati xəta haqqında protokolda protokolun tərtib edildiyi tarix və yer; protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi; inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar göstərilir. Hazırki işin materiallarında olan inzibati xəta haqqında protokoldan isə görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin fərdi identifikasiya nömrəsi, inzibati xətanın törədildiyi dəqiq vaxt və bu xətanın mahiyyəti, əgər varsa, şahidlərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı, habelə, inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar protokolda qeyd edilməmişdir. Eyni zamanda, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə müdafiəçi təqdim edilməsi, onun təqdim olunmuş müdafiəçidən imtina etməsi barədə protokolun tarixi qeyd edilməmiş, həmin protokol X2 və polis sahə rəisi X4 tərəfindən imzalanmış olsa da, protokolda adı qeyd ediən müdafiəçi tərəfindən imzalanmamışdır. Bu da protokolda adı qeyd edilən müdafiəçinin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə real olaraq təqdim edilmədiyini deməyə əsas verir ki, bununla da, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin qanunvericilikdə nəzərdə tutulan müdafiə hüquqları kobud surətdə pozulmuşdur. Həmçinin, həmin protokol polis sahə rəisi X4 tərəfindən və X2 barəsində tərtib edilsə də, protokolun məzmununda polis sahə rəisi kimi Xəyal Şərifov adlı şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs kimi isə X6 adlı şəxsin adları qeyd edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirmə ilə ifadə olunan inzibati xəta hadisəsi nəzərdə tutulur. X2 haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokolda isə həmin şəxs tərəfindən törədilmiş inzibati xəta hadisəsinin konkret olaraq hansı əməldə ifadə olunması, Şəxs bədəni üzərində aşkar edilmiş, sağlamlığa zərər vurmayan və dərəcəsi təyin edilməyən xəsarətlərin X2 tərəfindən yetirilmə üsulu öz əksini tapmamışdır. Bundan əlavə, araşdırma zamanı hadisənin bilavasitə şahidi olmuş şəxslərdən heç birinin izahatı alınmamış, Nizami İsmayılov tərəfindən törədildiyi qeyd edilən inzibati xəta hadisəsinin hansı faktlarla təsdiq edildiyi də hər hansı mötəbər sübutlarla əsaslandırılmamışdır. İnzibati xətalar haqqında qanunvericilikdə işə yalnız şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılması qaydası tənzimlənməsə də, cinayət prosessual qanunvericiliyə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. İnzibati xətalara dair işlərdə də inzibati xəta haqqında protokol mahiyyət etibarilə ittiham aktına bərabər sayıldığından həmin protokolda şəxsin inzibati xəta hadisəsini törətməsini təsdiq edən hallar mütləq göstərilməli, məhkəmə də işə həmin hallar üzrə, protokolda qeyd edilən sübutlar əsasında baxmalıdır. Qeyd olunan əsaslara görə hesab edirəm ki, məhkəməyə təqdim edilmiş materiallar natamam olmaqla həmin çatışmamazlıqları işə baxılarkən qısa müddət ərzində aradan qaldırmaq mümkün deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. X1 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tərtib edilərək məhkəməyə göndərilmiş inzibati xəta haqqında materiallar natamam olmaqla, işə baxılarkən tamamlamaq mümkün olmadığından inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərin onu tərtib etmiş orqana qaytarılması barədə qərardad qəbul edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61, 109, 111, 118-ci maddələrini rəhbər tutaraq, qəraraaldım: X1 barəsində Oğuz rayon X8 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X4 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tərtib edilmiş və məhkəməyə göndərilmiş xx.xx.2022-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Oğuz rayon Polis Şöbəsinə qaytarılsın. Hakim : Kamran Süleymanov
Məhkəmə qərarları › İş №3(054)-166/2022
Oğuz Rayon Məhkəməsi Qərardad — İş №3(054)-166/2022
03.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver