Məhkəmə qərarları › İş №3(054)-171/2022

Oğuz Rayon Məhkəməsi Qərardad — İş №3(054)-171/2022

04.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Oğuz rayonu İş № 3(054)-171/2022 04.10.2022 OĞUZ RAYON MƏHKƏMƏSİ Oğuz Rayon Məhkəməsinin hakimi Süleymanov Kamran Şakir oğlu, xx.xx.1989-cu il tarixdə Oğuz rayonu Muxas kəndində anadan olmuş, ünvan 1 ünvanında yaşayan, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs haqqında Oğuz rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə daxil olan inzibati xəta haqqında materiala Oğuz Rayon Məhkəməsinin inzibati binasında baxaraq, m ü ə y y ə n e t d i m: Şəxs idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını pozduğuna görə xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək inzibati cərimə edilməsinə baxmayaraq qeyd olunan inzibati qərarı qanuni qüvvəyə mindiyi vaxtdan 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etmədiyinə görə Şəxs barəsində Oğuz rayon Polis Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə xx.xx.2022-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Oğuz Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında materialı araşdıraraq hesab edirəm ki, inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, hazırki iş üzrə inzibati xəta haqqında protokolun məhkəməyə göndərilməsinə dair Oğuz rayon Polis Şöbəsinin xx.xx.2022-ci il tarixli müşayiət məktubunda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Oğuz rayonu Muxas kəndində qeydiyyatda olduğu göstərilsə də, şəxsiyyət vəsiqəsi məlumatları sistemi üzrə çıxarışdan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdən indiyədək ünvan 1 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Həmin Məcəllənin 110.3-cü maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılmasına səbəb ola bilən inzibati xətalar haqqında işlərə, müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin məlumatları nəzərə alınmaqla, bu Məcəllənin 110.1-ci maddəsində nəzərdə tutulmuş qaydada baxılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinin şərh olunmasına dair” xx.xx.2021-ci il tarixli Qərarında qeyd edilmişdir ki, informasiya texnologiyaları sahəsində inzibati xətaların əksəriyyəti elektron şəbəkələrdə törədilmiş olur. Bu zaman hüquqazidd əməlin törədildiyi yer və ictimai təhlükəli nəticələrin baş verdiyi yer müxtəlif ərazilərdə ola bilər.İnformasiya-kommunikasiya texnologiyalarından istifadə etməklə törədilmiş belə inzibati xəta haqqında işlərə inzibati xətanın aşkarlandığı yerdə baxılmalıdır. İnzibati xətanın aşkarlandığı yer dedikdə, inzibati xətanın baş verməsinə, həmçinin hüquqpozmanın digər hallarına dair inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxsin protokol tərtib etdiyi yer başa düşülür. İş materiallarından görünür ki, Şəxs tərəfindən xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.2-ci maddəsi ilə törədilmiş inzibati xəta hadisəsi Bakı şəhəri ərazisində qeydiyyata alınmışdır. Onun barəsində həmin inzibati xəta ilə bağlı protokol da AR DİN BDYPİ tərəfindən tərtib edilmişdir. Eyni zamanda, Şəxs tərəfindən xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.2-ci maddəsi ilə inzibati xəta hadisəsi törədilərkən və onun barəsində həmin maddə ilə inzibati xəta haqqında protokol tərtib edilərkən də Oğuz rayonu ərazisində qeydiyyatda olmadığı, həmin vaxtda da ünvan 1 ünvanında qeydiyyatda olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə nəqliyyat vasitələrini idarə etmək hüququnun altı aydan bir ilədək müddətə məhdudlaşdırılması nəzərdə tutulmuşdur. Qeyd olunan hüquq normalarının tələbinə və şərh olunan əsaslara görə Şəxs tərəfindən inzibati xəta hadisəsi Oğuz rayonu ərazisində törədilmədiyinə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs da Oğuz rayonu ərazisində deyil, ünvan 1 ünvanında qeydiyyatda olduğuna görə, habelə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulan inzibati xəta nəqliyyat vasitəsini idarə etmə hüququnun məhdudlaşdırılmasına səbəb ola bilən inzibati xətalara aid olduğuna görə hazırki inzibati xəta haqqında protokola ərazi aidiyyəti üzrə Abşeron Rayon Məhkəməsində baxılmalıdır. Qeyd olunan əsaslara görə hazırki inzibati xəta haqqında protokol məhkəməyə göndərilərkən aidiyyət qaydalarına riayət edilmədiyindən inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılması barədə qərardad qəbul edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61, 109, 110, 111, 118-ci maddələrini rəhbər tutaraq, qəraraaldım: Şəxs barəsində Oğuz rayon Polis Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə tərtib edilmiş və məhkəməyə göndərilmiş xx.xx.2022-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Oğuz rayon Polis Şöbəsinə qaytarılsın. Hakim : Kamran Süleymanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar