Məhkəmə qərarları › İş №3(054)-18/2025

Oğuz Rayon Məhkəməsi Qərar — İş №3(054)-18/2025

06.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Oğuz rayonu İş № 3(054)-18/2025 06.02.2025 OĞUZ RAYON MƏHKƏMƏSİ Oğuz Rayon Məhkəməsinin hakimi Zeynalova Səadət Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, inzibati tənbeh vermə haqqında qərardan şikayət verən şəxs X3, Azərbaycan Respublikasının Qida X1-Zaqatala regional bölməsinin əməkdaşları X2 və X4 iştirakı ilə Azərbaycan Respublikasının Qida X1-Zaqatala regional bölməsinin xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından X3 şikayətinə Oğuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: Oğuz şəhər sakini X5 Azərbaycan Respublikasının Qida X1-Zaqatala regional bölməsinin xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 289.0.1-ci maddəsinə əsasən 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilmişdir. X5 məhkəməyə müraciət edərək xx.xx.2024-cü il tarixli MN ******* nömrəli protokolun və onun əsasında Azərbaycan Respublikasının Qida X1-Zaqatala regional bölməsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilən şəxs X5 şikayətində qeyd etmişdir ki, Azərbaycan Respublikasının Qida X1-Zaqatala regional bölməsi tərəfindən onun barəsində xx.xx.2024-cü il tarixli MN ******* nömrəli protokol əsasında qəbul edilmiş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla 500 manat məbləğində cərimə tənbeh növü tətbiq edilmişdir. O, qərarı qanunsuz və əsassız hesab edir. Belə ki, barəsində tənbeh kimi tətbiq edilən 500 manat cəriməni ona “baytarlıq baxışından keçirilməyən xüsusi ayrılmış yerlərdən kənarda heyvanların kəsilməsinə görə” tətbiq edilmişdir. Əvvəlcə qeyd edir ki, kəsilən ət donuz əti olmaqla Oğuz rayonunda donuz kəsimi üçün hər hansı bir kəsim yeri nəzərdə tutulmamışdır. Rayonda mövcud olan heyvan kəsim yeri qoyun, mal kəsimi üçün nəzərdə tutulmuşdur. Həmin yerə donuz kəsimi üçün müracət etdikləri zaman onları kəsim yerinin direktoru-rəhbərliyi oraya buraxmamış, donuzların orada kəsilməsinə icazənin olmadığını bildirmişlər. Bu faktı Oğuz rayonunda heyvan kəsim məntəqəsinin rəhbəri təsdiq edə bilər. Həmin şəxsin məhkəməyə şahid kimi dəvət edilməyini xahiş edir. Bundan başqa, heyvan kəsimi Azərbaycan Respublikasının Qida X1-Zaqatala regional bölməsinin əməkdaşları tərəfindən yox, kəsilən donuz əti Nic bazarına aparılarkən X14 Oğuz rayon Bölməsinin əməkdaşları tərəfindən saxlanılmış, ət 3 gün polis bölməsində anti-sanitariya vəziyyətində saxlanılaraq yararsız hala düşmüş, daha sonra isə akt tərtib edilərək AQTA-nın Şəki-Zaqatala regional bölməsinə göndərilmişdir. O, donuz əti üçün evində kəsim yeri hazırlamışdır, hansı ki, həmin kəsim yerinin şəraiti rayonda olan heyvan kəsim yerinin şəraitindən qat-qat artıqdır. Rayonda heyvanların kəsimi yerində müsəlman dini adətlərinə uyğun olmadığından donuz əti kəsimi qadağandır. Donuz əti Oğuz rayonunda yaşayan digər azsaylı millətdən olan vətəndaşlara satılması üçün kəsilmişdir. Nic bazarında da baytarlıq xidməti yoxlama keçirərək ətə möhür vurur və bazara satışa buraxılır. Oğuz rayon Polis Şöbəsi qərəzli olaraq kəsilmiş donuz ətini 3 gün polis şöbəsində saxlayaraq əti tələf etmiş, bundan sonra isə sənədləşdirərək, AQTA-nın Şəki-Zaqatala regional bölməsinə göndərmişdir. Bununla da ona maddi ziyanlıq dəymiş, bundan əlavə haqsız olaraq 500 manat cərimə tətbiq edilmişdir. Hesab edir ki, Azərbaycan Respublikasının Qida X1- Zaqatala regional bölməsi tərəfindən onun barəsində tərtib edilmiş protokol və qərar ləğv edilməlidir. Ona görə də o, hazırki şikayət ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilən şəxs X5 məhkəmə iclasında şikayətin məzmununa uyğun izahat verməklə yanaşı bildirdi ki, o, Oğuz şəhərində yaşayır, donuzların saxlanması və kəsimi ilə məşğul olur. xx.xx.2024-cü il tarixdə tanımadığı bir nəfər ona zəng edərək donuz əti lazım olduğunu və özünün gəlib götürəcəyini bildirmişdir. O, donuzları kəsmiş və həmin şəxsə zəng edərək əti gəlib götürə biləcəyini bildirmişdir. Zəng edilən şəxs isə gələ bilməyəcəyini bildirmiş, donuz ətini əvvəlcə Baş Daşağıl kəndinə, sonra isə fikrini dəyişdirərək Bayan kəndinə gətirməsini xahiş etmişdir. O da əti ünvana çatdırmaq üçün yola düşmüşdür. Yolda YPX əməkdaşları onu saxlamış və polis şöbəsinə aparmışlar. Kəsilmiş donuz əti ilə bağlı ondan sənəd tələb edilsə də, o təqdim edə bilməmişdir. Donuz ətini 3 gün polis şöbəsində saxladıqdan sonra protokol tərtib edərək AQTA-nın Şəki-Zaqatala regional bölməsinə göndərmişlər. AQTA-nın Şəki-Zaqatala regional bölməsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 289.0.1-ci maddəsinə əsasən 500 (beş yüz) manat miqdarında cərimə edilmişdir. O, həmin qərardan narazı və şikayətçidir. Belə ki, o, uzun illərdir donuz kəsimi ilə məşğuldur və rəsmi şəkildə müraciət etməsə də, şifahi müraciət etmiş, AQTA ona bununla bağlı hər hansı icazə sənədi verməmişdir. Bu səbəbdən o, donuzları özünün evində kəsmək məcburiyyətində qalır. Digər rayonlarda da bu işlə məşğul olanların vəziyyəti eynidir. Ona normal kəsim yeri göstərilsə və icazə verilsə, qanuni şəkildə fəaliyyət göstərməkdən boyun qaçırmır. O hər hansı inzibati xəta törətmədiyi halda, barəsində həqiqətə uyğun olmayan inzibati xəta haqqında protokol tərtib edilmiş və inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Eyni zamanda, onun adına açılmış VÖEN ət kəsimi ilə əlaqədar deyil, başqa işlə bağlıdır. Qeyd edilən əsaslara görə xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Azərbaycan Respublikasının Qida X1-Zaqatala regional bölməsinin nümayəndəsi X6 məhkəmə iclasında izahat verərək bildirdi ki, X5 qəssab kimi fəalliyyət göstərmək üçün əvvəlcə qeydiyyatdan keçməli və müvafiq sənəd əldə etməlidir. Belə ki, bunun üçün əvvəlcə “ASAN Xidmət” mərkəzinə müraciət edilir, mərkəz AQTA-ya müraciəti yönləndirir. Bundan sonra AQTA yoxlamalar həyata keçirib müvafiq sənəd verir. Müraciət edən şəxs qeydiyyatdan keçdikdən sonra ona kəsim yeri barədə çertyoj hazırlanaraq verilir. Kəsim yeri şəhər ərazisindən kənarda xüsusi ayrılmış yer olmalıdır. Əvvəllər həmin prosedur mərkəzləşmiş qaydada olmamış və möhürlər baytarların özündə olmuşdur. “Bir pəncərə” sisteminin tətbiqindən sonra isə möhürlər də baytarlardan götürülmüşdür. Xüsusi ayrılmış yerlərdə heyvanlar kəsildikdə baytarlar özləri həmin yerə gəlir və arayış verir. Başqasının sahibliyində olan kəsim yerində yalnız sahibkarın icazəsi olarsa kəsim aparıla bilər. X5 rəsmi qeydiyyatdan keçmə ilə bağlı müraciət etməmiş, bu səbəbdən ona xüsusi yer ayrılmamışdır. Bu səbəbdən onun barəsində xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 289.0.1-ci maddəsinə əsasən 500 (beş yüz) manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Hesab edir ki, həmin qərarın ləğv edilməsi üçün əsas yoxdur. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Azərbaycan Respublikasının Qida X1-Zaqatala regional bölməsinin nümayəndəsi X8 məhkəmə iclasında X2 verdiyi izahata uyğun izahat verməklə yanaşı bildirdi ki, X5 barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qanuni və əsaslıdır. Belə ki, polis əməkdaşları tərəfindən Andrey Piriyevin kəsib hazırladığı donuz ətinin sənədinin və möhürünün olmadığı aşkar olunmuş və onun barəsində müvafiq protokol tərtib edilmişdir. Həmin protokol əsasında isə inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Heyvan qanunsuz şəkildə kəsilmiş, onun peyvəndlənməsi ilə bağlı heç bir sənədi olmamışdır, eyni zamanda başqa rayonun ərazisində kəsilərək buraya gətirilmişdir. Hesab edir ki, həmin qərarın ləğv edilməsi üçün əsas yoxdur. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. İş materiallarına əlavə edilmiş Oğuz rayon X9 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X7 tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, həmin tarixdə X5 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 289.0.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Qida X1-Zaqatala regional bölməsinin rəisi X10 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 289.0.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək 500 manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 10 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, X3 adına ********** nömrəli VÖEN olmaqla, o, inzibati xətalar haqqında qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olan vəzifəli şəxsdir. Məhkəmə barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilən şəxsin və Azərbaycan Respublikasının Qida X1-Zaqatala regional bölməsinin nümayəndəsinin izahatlarını dinləyib iş materiallarını nəzərdən keçirərək hesab edir ki, X3 hazırki şikayəti təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 289.0.1-ci maddəsinə əsasən baytarlıq baxışından keçirilməyən, baytarlıq (baytarlıq-sanitariya) tələblərinə cavab verməyən və ticarət üçün xüsusi ayrılmış yerlərdən kənarda heyvanların kəsilməsinə görə fiziki şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, vəzifəli şəxslər beş yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. “Baytarlıq haqqında” Azərbaycan Respublikasının Qanunun 25-ci maddəsinə əsasən heyvan və insanlar üçün ümumi olan xəstəliklərdən əhalinin sağlamlığının qorunması, heyvanların yetişdirilməsi, çoxaldılması, tədarükü (kəsimi), istifadəsi və dövlət baytarlıq nəzarətində olan məhsulların istehsalı, saxlanması, emalı, daşınması, satışı və istifadəsi ilə məşğul olan şəxslərin sağlamlığının heyvan və insanlar üçün ümumi olan yoluxucu xəstəliklərdən qorunması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. X5 şikayətində xx.xx.2024-cü il tarixli MN ******* nömrəli protokolu və onun əsasında Azərbaycan Respublikasının Qida X1-Zaqatala regional bölməsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı mübahisələndirib iştirak etdiyi məhkəmə iclasında verdiyi izahatda inzibati xətanın tərdilməsinə əsas olan müxtəlif səbəblər göstərsə də, qeyd olunan protokolda göstərilən inzibati xətaya həqiqətən yol verdiyini, baytarlıq baxışından keçirilməyən, xüsusi ayrılmış yerlərdən kənarda-öz evində ət kəsimi ilə məşğul olduğunu özü də etiraf etmişdir. X3 barəsində tərtib olunmuş xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol və bu protokol əsasında qəbul edilmiş xx.xx.2025ci il tarixli MN 161679 nömrəli inzibati tənbeh vermə haqqında qərarın qanunsuz və ya əsassız olmasına dəlalət edən hallar məhkəmə araşdırması zamanı da müəyyən edilməmişdir. X3 məhkəmə iclasında verdiyi izahatında qeyd etdiyi digər xüsusatlar isə onun barəsində tərtib edilən inzibati xəta haqqında protokol və bu protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsas deyildir. İşin məhkəmədə müəyyən edilmiş faktiki hallarından görünür ki, X5 barəsində hazırki inzibati xəta haqqında protokol qanuni əsaslarla tərtib edilmiş və o qeyd olunan inzibati xətaya görə qanunvericilikdə müəyyən edilmiş inzibati tənbeh çərçivəsində, həmin inzibati tənbehi tətbiq etmək səlahiyyəti olan orqan tərəfindən inzibati məsuliyyətə cəlb edilərək inzibati qaydada tənbeh edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinin məzmununa görə inzibati xəta haqqında protokoldan verilən şikayətə və ya protestə baxılarkən qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar mövcud olmadıqda həmin qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Məhkəmə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134-cü maddəsinin tələbinə əsasən qərara gəlir ki, Oğuz rayon X9 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X7 tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikasının Qida X1- Zaqatala regional bölməsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar mövcud olmadığından X3 hazırki şikayətinin təmin edilməməsi barədə qərar qəbul edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini rəhbər tutaraq məhkəmə, qəraraaldı: X3 Azərbaycan Respublikasının Qida X1-Zaqatala regional bölməsinin xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbehin tətbiq edilməsi haqqında qərarından şikayəti təmin edilməsin. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim : Səadət Zeynalova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar