Məhkəmə qərarları › İş №3(054)-190/2025

Oğuz Rayon Məhkəməsi Qərar — İş №3(054)-190/2025

24.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Oğuz rayonu İş № 3(054)-190/2025 24.09.2025 OĞUZ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, Oğuz rayon İcra və Probasiya Şöbəsinin rəisi X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi Vəkil iştirakı ilə, xx.xx.1989-cu il tarixdə Oğuz rayonu Yemişanlı kəndində anadan olmuş, həmin kənddə qeydiyyatda olmaqla yaşayan, orta təhsilli, evli, işsiz, il ərzində eyni inzibati xətaya görə inzibati məsuliyyətə cəlb edilməmiş, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs barəsində Oğuz rayon İcra və Probasiya Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala Oğuz Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: Oğuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2 (054) - 365 / 2024 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən Cavabdeh Şəxs qazancından və başqa gəlirlərindən hər ay hər uşağa 190 manat olmaqla cəmi 380 manat sabit pul məbləğində aliment tutularaq, 10 iyun 2018-ci il tarixdə anadan olmuş X1 və 13 noyabr 2019-cu il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün iddiaçı Zərərçəkmiş şəxs xeyrinə verilməsi, Oğuz Rayon Məhkəməsinin 2(054)- 365/2024 saylı, 03 iyun 2024-cü il tarixli qərardadının icrası nəticələri də nəzərə alınmaqla alimentin bu qaydada tutulmasının 01 may 2024-cü il tarixdən hesablanması qət edilmişdir. Qətnamə qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir. Həmin qətnamə üzrə icra sənədi hazırda Oğuz rayon İcra və Probasiya Şöbəsinin icraatındadır. Oğuz rayon İcra və Probasiya Şöbəsinin rəisi X6 tərəfindən borclu Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Oğuz rayon İcra və Probasiya Şöbəsinin rəisi X6 izahat verərək bildirdi ki, Oğuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2 (054) - 365 / 2024 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsinə dair icra sənədi üzrə tələbin könüllü olaraq ödənilməsi barədə Oğuz rayon İcra və Probasiya Şöbəsi tərəfindən borclu Şəxs bildiriş göndərilmiş, lakin borclu icra sənədini vaxtında və tam şəkildə icra etməmişdir. İcra sənədi Oğuz rayon İcra və Probasiya Şöbəsinin icraatında olduğu müddət ərzində borclunun əmlak vəziyyətini yoxlamaq üçün müvafiq orqanlara sorğular göndərilmiş, lakin borcluya məxsus, tələbin ödənilə biləcəyi pul vəsaiti və digər qiymətli əşyalar aşkar edilməmişdir. Borclu barəsində inzibati qaydada protokol tərtib edilərkən onun tələbkara 1160 manat ödənilməmiş borcu olmuşdur. Protokol tərtib ediləndən sonra borclu tələbkara olan borcunu tamamilə ödəmişdir. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Tələbkar Zərərçəkmiş şəxs və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.5-ci maddəsinə əsasən inzibati həbs, Azərbaycan Respublikasının hüdudlarından kənara əcnəbiləri və vətəndaşlığı olmayan şəxsləri inzibati qaydada çıxarma və ya ictimai işlər nəzərdə tutan inzibati xətalar haqqında işlərə baxılarkən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı məcburidir. Həmin Məcəllənin inzibati tənbehin növlərini müəyyən edən 22-ci maddəsində nəzərdə tutan inzibati tənbehin növləri sırasında inzibati həbs, Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarma və ictimai işlər daha ağır inzibati tənbeh növlərinə aid olduğundan qanunvericilik həmin tənbeh növlərinin nəzərdə tutulduğu inzibati xətalar haqqında işlərə baxılarkən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakını məcburi hesab etmişdir. Qeyd olunan hüquq normalarının məzmunundan göründüyü kimi, bununla da qanunvericilik daha ağır inzibati tənbeh növlərinin tətbiqi mümkün olduğu hallarda, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin öz hüquq və vəzifələrindən istifadə edərək inzibati xəta haqqında protokolun məzmunu barəsində mülahizələrini təqdim etmək, etirazlarını irəli sürmək imkanlarının mütləq şəkildə real olmasını nəzərə almışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Qeyd olunan hüquq normalarının məzmunundan göründüyü kimi, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılmalıdır. Lakin hazırki işdən görünür ki, Şəxs icra sənədini icra etmədiyinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə məhkəməyə verilsə də, o, icra sənədi üzrə yaranmış borcunu məhkəmə qərar qəbul edənədək tam şəkildə ödədiyinə görə onun barəsində həmin maddədə nəzərdə tutulan inzibati tənbehin tətbiq olunmaq imkanı yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1 və 112.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında işə baxılarkən iş üzrə icraatda iştirak edən şəxslərin gəlməmələrinin səbəbləri araşdırılır və həmin şəxslərin iştirakı olmadan işə baxılma və ya işə baxılmanın başqa vaxta keçirilməsi məsələsi həll edilir. Həmin Məcəllənin 112.3-cü maddəsinə əsasən bu Məcəllənin 109.3-cü maddəsinə müvafiq olaraq iştirakı məcburi olan şəxsin gətirilməsi barədə qərardad çıxarılır. İnzibati həbs inzibati tənbehinin nəzərdə tutulduğu inzibati xətalar haqqında işlərə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı olmadan baxılması qanunvericilikdə nəzərdə tutulmadığı kimi, inzibati məsuliyyətə cəlb edilməsi zərurəti aradan qalxmış şəxsin məhkəməyə məcburi şəkildə gətirilməsi də qanunvericiliyin tələbinə uyğun deyildir və həmin şəxsin qanunvericilikdə nəzərdə tutulan hüquqlarının qorunması baxımından da məqsədəmüvafiq hesab edilmir. Azərbaycan Respublikasının inzibati xətalar haqqında qanunvericiliyinin məqsədi, onun vəzifələri və prinsipləri barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi maddi, mənəvi və fiziki məhrumiyyətlərə düçar etmək deyil, törədilmiş inzibati xətaya görə inzibati tənbeh tədbiri tətbiq etməklə, inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xətaların törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati xətalara dair işlərin icraatı üzrə qanunvericilikdə maddi hüquq normalarının tətbiqi ilə yanaşı, prosessual hüquq normalarının tələblərinin tətbiq edilməsi, ilk növbədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin prosessual hüquqlarının müdafiəsi xarakteri daşımaqla həmin şəxsin qanunla qorunan mənafeyinə xidmət edir. Qanunvericiliyin bununla bağlı normaları, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati icraatda iştirakını təmin etməklə onun barəsində hər hansı məcburetmə tətbirinin tətbiqini deyil, həmin şəxsin öz prosessual hüquqlarından daha asan və sərbəst şəkildə istifadə etməsinə zəmin yaratmaq imkanlarının reallaşdırılmasını nəzərdə tutur. Məhkəmə Oğuz rayon İcra və Probasiya Şöbəsi tərəfindən verilmiş məktubun məzmununu, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə hazırda Şəxs inzibati məsuliyyətə cəlb edilməsi zərurəti qalmadığını və buna hər hansı əsas da olmadığını, hazırki vəziyyətdə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı olmadan da iş üzrə tam, hərtərəfli, obyektiv və qərəzsiz araşdırma aparılaraq yekun qərar qəbul edilməsinə hər hansı maneə olmadığını nəzərə alaraq işə onun və tələbkarın iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib qərara gəlir ki, Şəxs inzibati məsuliyyətdən azad olunmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Oğuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2 (054) - 365 / 2024 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən Şəxs hər ay hər uşağa 190 manat olmaqla cəmi 380 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Zərərçəkmiş şəxs xeyrinə verilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir. İş üzrə icra sənədi Oğuz rayon İcra və Probasiya Şöbəsinin icraatındadır. Oğuz rayon İcra və Probasiya Şöbəsi tərəfindən borclu Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati qaydada protokol tərtib edilmiş, həmin protokolda borclunun tələbkara 1160 manat qalıq borcu qaldığı qeyd edilmişdir. İşin məhkəmədə müəyyən edilmiş faktiki hallarından görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Oğuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2 (054) - 365 / 2024 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsinə dair icra sənədi üzrə qalan borcunu inzibati xəta haqqında protokol tərtib edildikdən sonra tam şəkildə ödəmişdir. Şərh olunan əsaslara görə məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsinin törədilməsi istisna edilir və hazırki vəziyyətdə onun əməlində həmin maddədə nəzərdə tutulan inzibati xəta tərkibinin əlamətləri yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan hər hansı biri mövcud olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar çıxarır. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, hazırki vəziyyətdə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi olmadığından Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 105, 114-cü maddələrini rəhbər tutaraq məhkəmə, qəraraaldı: Şəxs barəsində Oğuz rayon İcra və Probasiya Şöbəsinin rəisi X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib etdiyi xx.xx.2025ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolla başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim : Emin Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar