Məhkəmə qərarları › İş №3(054)-2/2025

Oğuz Rayon Məhkəməsi Qərar — İş №3(054)-2/2025

06.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Oğuz rayonu İş № 3(054)-2/2025 06.01.2025 OĞUZ RAYON MƏHKƏMƏSİ Oğuz Rayon Məhkəməsinin hakimi Zeynalova Səadət Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs - Oğuz rayon X3 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.2003-cü il tarixdə Oğuz rayonu Bayan kəndində anadan olmuş, həmin kənddə yaşayan, subay, orta təhsilli, işsiz, il ərzində eyni inzibati xətaya görə inzibati məsuliyyətə cəlb edilməmiş, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs haqqında Oğuz rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 442-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala Oğuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 442-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Oğuz Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs - Oğuz rayon X3 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X2 məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, o, xx.xx.2024-cü il tarixdə Oğuz şəhəri ərazisində xidmətdə olduğu zaman sonradan adını bildiyi Şəxs Oğuz şəhəri A.Əliyev küçəsində yolun kənarında satışı qadağan olunmuş pirotexniki vasitələr satdığını aşkar etmişdir. Həmin fakt əsasında araşdırma aparılmış və toplanmış material üzrə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 442-ci maddəsi ilə müvafiq protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, o, Oğuz rayonu Bayan kəndində yaşayır. xx.xx.2024-cü il tarixdə pirotexniki məmulatlar satdığını etiraf edir, lakin onları keçən il əldə etdiyindən hansı qiymətə aldığını dəqiq xatırlamır. O, həmin məmulatları pula ehtiyacı olduğundan satmaq qərarına gəlmişdir. O, səhv etdiyini sonradan başa düşmüş və əməlindən səmimi peşman olmuşdur. Qeyd etdiklərinə əsasən ona qanun çərçivəsində güzəşt edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iş materiallarını nəzərdən keçirib işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək qərara gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 442-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında elan edilməklə araşdırılmış xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə Oğuz şəhəri A.Əliyev küçəsində yolun kənarında istehsalı və satışı qadağan olunan pirotexniki vasitələri satmışdır. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 442-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə araşdırılmış xx.xx.2024-cü il tarixli raportdan görünür ki, Oğuz rayon X3 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X1 məlumatı əsasında Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 442-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün polis şöbəsinin rəhbərliyinə müraciət olunmuşdur. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə araşdırılmış xx.xx.2024-cü il tarixli aktdan görünür ki, Şəxs satdığı 2 qutu “Petards” markalı, 12 ədəd “Magical” markalı, 12 ədəd “Shots” markalı, 49 ədəd “Roman Candle” markalı pirotexniki vasitə Şəxsdan təhvil alınmışdır. Beləliklə, inzibati iş materialları məhkəmə tərəfindən araşdırılarkən müəyyən edilmişdir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 442-ci maddəsi ilə xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 12 sentyabr tarixli 292 nömrəli Fərmanı ilə təsdiq edilmiş “mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların dövriyyəsinə xüsusi icazə verən mərkəzi icra hakimiyyəti orqanlarının Siyahısı”na əsasən tezalışan maddələr və pirotexniki məmulatlar mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalara aiddir və xüsusi icazə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyindən əldə edilməlidir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunun 10cu maddəsinin 5-ci hissəsinə əsasən qanunvericilik aktları ilə və ya digər normativ sənədlərdə vətəndaşların həyatı, sağlamlığı və əmlakı, ətraf mühitin mühafizəsi üçün təhlükəsizlik tələblərinin müəyyən edildiyi mallar (işlər, xidmətlər) qüvvədə olan qanunvericiliyə əsasən məcburi sertifikasiyadan keçirilməlidir. Göstərilən tələblərə uyğunluğunu təsdiq edən sertifikat olmadıqda belə malları (o cümlədən xarici malları) Azərbaycan Respublikasında satmaq və istifadə etmək qadağandır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 442-ci maddəsinə əsasən istehsalı və ya satılması qadağan olunmuş malların istehsalına və ya satılmasına, yaxud qadağan olunmuş işlərin (xidmətlərin) yerinə yetirilməsinə (göstərilməsinə) görə -inzibati xətanın bilavasitə obyekti olmuş mallar müsadirə edilməklə, fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min altı yüz əlli manatdan iki min iki yüz manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun tərəfindən törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs səmimi peşmançılığını Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Şəxs tərəfindən törədilmiş inzibati xətada məsuliyyəti ağırlaşdıran hallar aşkar edilməmişdir. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini, təqsirinin dərəcəsini, habelə məsuliyyəti yüngülləşdirən halı nəzərə alaraq onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 442-ci maddəsində nəzərdə tutulan inzibati cərimənin 400 manat məbləğində tətbiq edilməsini, inzibati xətanın bilavasitə obyekti olmuş protexniki vasitələrin müsadirə edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 442-ci maddəsi ilə təqsirli bilinərək inzibati xətanın bilavasitə obyekti olmuş 2 qutu “Petards” markalı, 12 ədəd “Magical” markalı, 12 ədəd “Shots” markalı, 49 ədəd “Roman Candle” markalı pirotexniki vasitələr müsadirə edilməklə barəsində 400 (dörd yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Səadət Zeynalova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar