Məhkəmə qərarları › İş №3(054)-203/2024

Oğuz Rayon Məhkəməsi Qərar — İş №3(054)-203/2024

15.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Oğuz rayonu İş № 3(054)-203/2024 15.07.2024 OĞUZ RAYON MƏHKƏMƏSİ Oğuz Rayon Məhkəməsinin hakimi Zeynalova Səadət Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs - Oğuz rayon X6 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi Vəkil iştirakı ilə xx.xx.1989-cu il tarixdə Qəbələ rayonu Yemişənli kəndində anadan olmuş, həmin kənddə yaşayan, evli, natamam orta təhsilli, "xxxx" MMC-də kənd təsərrüfatı fəhləsi kimi çalışan, öz deməsinə görə il ərzində eyni inzibati xətaya görə inzibati məsuliyyətə cəlb edilməmiş, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs haqqında Oğuz rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə daxil olmuş inzibati xəta haqqında materiala Oğuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: Şəxs xx.xx.2024-cü il tarixdə saat 20:00 radələrində ünvan 1ünvansız nalayiq ifadələr işlətməsi, bununla da ictimai qaydanı pozan xırda xuliqanlıq hərəkətləri etməsi, eyni zamanda, onu intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmaması faktı üzrə onun barəsində Oğuz rayon Polis Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs - Oğuz rayon X6 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X2 məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, polis əməkdaşları Mehdi Qocayev və Maqsud Çələbiyev xx.xx.2024-cü il tarixdə Oğuz rayonu Sincan kəndi ərazisində xidmətdə olarkən Şəxs həmin ərazidə arvadının qardaşı Masqud Çələbiyevi görərək heç bir səbəb olmadan polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətməyə başlamışdır. Polis əməkdaşları ona yaxınlaşaraq nizam-intizama dəvət etməyə çalışsalar da, o, polis əməkdaşlarına məhəl qoymamışdır. Şəxs polis əməkdaşları ilə polis şöbəsinə getməkdən də imtina etmiş, o, məcburi şəkildə avtomobilə əyləşdirilərək polis şöbəsinə gətirilmişdir. Şəxs polis şöbəsinin inzibati binasında olarkən də ucadan səs-küy salmaqla nalayiq ifadələr işlətmiş, bununla da ictimai qaydanı pozan xırda xuliqanlıq hərəkətləri etmiş, eyni zamanda, onu intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Həmin faktlar əsasında araşdırma aparılmış və toplanmış material üzrə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə müvafiq protokol tərtib edilmişdir. Şəxs xx.xx.2024-cü il tarixdə axşam saatlarında inzibati qaydada tutulmuş, xx.xx.2024-cü il tarixdə saat 15:00-da inzibati qaydada tutulmadan azad edilərək məhkəməyə gətirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, o, Qəbələ rayonu Yemişənli kəndində yaşayır. Onun arvadı ilə aralarında tez-tez ailədaxili münaqişələr baş verir. Bu səbəbdən arvadı Oğuz rayonu Sincan kəndinə valideynlərinin evinə gəlmişdir. O, xx.xx.2024-cü il tarixdə ailə üzvlərini görmək məqsədi ilə Oğuz rayonu Sincan kəndinə gəlmiş, yaşadığı ünvana geri qayıdarkən küçədə polis əməkdaşı olan qaynı Maqsud Çələbiyevi görmüş, əsəbiləşdiyi üçün onu və digər polis əməkdaşını uca səslə təhqir etmişdir. O əsəbi olduğuna görə qanunsuz hərəkətlərə yol vermiş, səhv hərəkət etdiyini sonradan başa düşmüş və əməlindən səmimi peşman olmuşdur. Eyni zamanda, polis əməkdaşlarına qarşı etdiyi kobud hərəkətlərə, onların qanuni tələblərinə tabe olmadığına görə üzr istəyir və bir daha belə hərəkətlərə yol verməyəcəyinə söz verir. Qeyd etdiklərinə əsasən ona qanun çərçivəsində güzəşt edilməsini məhkəmədən xahiş edir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati qaydada tutma protokolundan müəyyən edilir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2024-cü il tarixdə saat 21:00-da inzibati qaydada tutulmuş, xx.xx.2024-cü il tarixdə saat 15:00-da tutulmadan azad edilmişdir. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 20:00 radələrində Oğuz rayonu Sincan kəndində ucadan səs-küy salmaqla ünvanlı-ünvansız nalayiq ifadələr işlətmiş, bununla da ictimai qaydanı pozan xırda xuliqanlıq hərəkətləri etmiş, eyni zamanda, onu intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməsi polis əməkdaşları X3 və X4 iş materiallarına əlavə edilmiş izahatları ilə də təsdiq edilir. Məhkəmə iş materiallarını nəzərdən keçirib işdə iştirak edən şəxslərin izahatlarını, müdafiəçinin fikrini dinləyərək qərara gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətmişdir və o, həmin maddələrlə inzibati məsuliyyətə cəlb edilərək inzibati tənbeh edilməlidir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun tərəfindən törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs səmimi peşmançılığını Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Şəxs tərəfindən törədilmiş inzibati xətada məsuliyyəti ağırlaşdıran hallar aşkar edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Qeyd olunan hüquq normalarının tələblərinə əsasən məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsi tətbiq edilməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş, daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində inzibati tənbeh edilməlidir. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətaların xarakterini, onun şəxsiyyətini, təqsirinin dərəcəsini, ona inzibati cərimə tətbiq edilməsinin işin faktiki hallarına uyğun olmadığını nəzərə alaraq barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs tətbiq edilməsini, həbs müddətinin 8 gün müddətində müəyyən edilməsini məqsədə müvafiq hesab edir. Şəxs xx.xx.2024-cü il tarixdə 15:00-da tutulmadan azad edilsə də, xx.xx.2024-cü il tarixdə 15:00 radələrində Oğuz Rayon Məhkəməsinə gətirilmiş, beləliklə hazırki iş üzrə təyin edilmiş məhkəmə iclasının sonunadək azadlığı faktiki olaraq məhdudlaşdırılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Həmin əsaslara görə inzibati xəta törətmiş şəxs Şəxs tətbiq edilən inzibati həbsin əvvəli xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati qaydada tutma protokoluna əsasən xx.xx.2024-cü il tarixdə saat 21:00-dan hesablanmalıdır. Qeyd edilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30, 43, 106- 115, 117-ci maddələrini rəhbər tutaraq məhkəmə, qəraraaldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Oğuz rayon X6 Təhlükəsizlik Bölməsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə təqsirli bilinərək barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsi tətbiq edilməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş, daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində 8 gün müddətində inzibati həbs edilsin. İnzibati həbsin əvvəli xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati qaydada tutma protokoluna əsasən xx.xx.2024-cü il tarixdə saat 21:00-dan hesablansın. İnzibati həbs müddəti xx.xx.2024-cü il tarixdə saat 21:00-da başa çatmış hesab edilsin. İnzibati həbsdə saxlanılma yeri Qəbələ rayon Polis Şöbəsinin müvəqqəti saxlama yeri müəyyən edilsin və qərarın icrası Qəbələ rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati həbsdə saxlanılma yerinə çatdırılmasına dair hissəsinin icrasını təmin etmək Oğuz rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim : Səadət Zeynalova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar