Məhkəmə qərarları › İş №3(054)-205/2022

Oğuz Rayon Məhkəməsi Qərar — İş №3(054)-205/2022

25.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Oğuz rayonu İş № 3(054)-205/2022 25.11.2022 OĞUZ RAYON MƏHKƏMƏSİ Oğuz Rayon Məhkəməsinin hakimi Süleymanov Kamran Şakir oğlunun sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs - Oğuz rayon X9 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi X1 iştirakı ilə xx.xx.1984-cü il tarixdə ünvan 1 ünvanında yaşayan, evli, orta təhsilli, işsiz, xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmiş, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs haqqında Oğuz rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala Oğuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: Şəxs xx.xx.2022-ci il tarixdə saat 23 radələrində Oğuz şəhəri Q.Ağakişiyev küçəsində, qaynanası X3 evinin qarşısında onun ünvanına nalayiq ifadələr işlətməsi və ucadan səsküy salması, bununla da ictimai qaydanı pozan xırda xuliqanlıq hərəkətləri etməsi faktı üzrə onun barəsində Oğuz rayon Polis Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə xx.xx.2022-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs - Oğuz rayon X9 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X7 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, Oğuz şəhəri sakini X3 xx.xx.2022-ci il tarixdə Şəxs barəsində Oğuz rayon Polis Şöbəsinə verdiyi şikayət ərizəsi əsasında onun tərəfindən araşdırma aparılmışdır. Toplanmış material üzrə araşdırma zamanı Şəxs ictimai qaydanı pozan xırda xuliqanlıq hərəkətləri etməsi faktı müəyyən edilmiş və onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə müvafiq protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, o, Oğuz şəhəri M.F.Axundov küçəsi ev 2 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. Malikə İsmiyeva onun qaynanasıdır. Malikə İsmiyeva onların ailə münasibətlərinə müdaxilə etdiyinə görə hərdən aralarında mübahisələri yaranır. Bir müddət əvvəl arvadı ondan xəbərsiz uşaqları götürüb Bakı şəhərinə getmişdir. O, qaynanası Malikə İsmiyevanın yaşadığı, Oğuz şəhəri Q.Ağakişiyev küçəsində yerləşən evə gedib uşaqların yerinin öyrənməyə dəfələrlə çalışsa da, qaynanası onu təhqir etmiş və uşaqların yerini bildirməmişdir. xx.xx.2022-ci il tarixdə də uşaqlarının yerini öyrənmək üçün yenidən qaynanasının yaşadığı ünvana getmişdir. Bu zaman qaynanasını evdə görməmiş, onun uşaqları gizlətdiyini zənn edərək pəncərənin şüşəsini daşla vurub sındırmışdır. Bundan sonra həmin yerə polis əməkdaşları gələrək onu Polis Şöbəsinə aparmışlar. O, içkili vəziyyətdə olduğundan özündən asılı olmayaraq qanunsuz hərəkətlər etmişdir. Gələcəkdə bir daha belə hərəkətlərə yol verməyəcəkdir. Qeyd etdikləri nəzərə alınmaqla ona qanun çərçivəsində güzəşt edilməsini məhkəmədən xahiş edir. İş üzrə şahid qismində dindirilmiş X6 izahat verərək göstərdi ki, Şəxs onun qızının əridir. Nəsimi onun qızı ilə və digər ailə üzvləri ilə daim mübahisə edir, onları təhqir edir, əsassız münaqişələr yaradaraq yaşadıqları evdə dözülməz mühit yaradır. Bu səbəbdən onun qızı bir müddət əvvəl uşaqlarını götürüb Bakı şəhərinə getmişdir və orada yaşayır. Nəsimi teztez onun yaşadığı ünvana gələrək onu, həmçinin, qonşuluqda yaşayan şəxsləri narahat edir. Nəsimi xx.xx.2022-ci il tarixdə gecə vaxtı onun yaşadığı evin qarşısına gələrək ucadan səs-küy salmış və nalayiq söyüşlər söymüşdür. Bu zaman o, qorxduğu üçün qonşusunu çağırmış və qonşu ilə birlikdə onların evinə getmişdir. Nəsimi isə onun yaşadığı evin həyətinə girmiş və söyüş söyməyə davam etmişdir. Sonradan polis əməkdaşları gəlib X11 aparmışlar. O, həmin gecə və ertəsi gün qonşunun evində qalmış, sonradan evinə gedərkən pəncərənin şüşələrinin də sındırıldığını görmüşdür. Şəxs mütəmadi olaraq bu cür hərəkətləri ilə onu və qonşuları narahat etdiyindən hazıırda da ondan şikayətçidir. İş üzrə şahid qismində dindirilmiş X5 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, Malikə İsmiyeva onun bacısına məxsus evdə kirayəçi kimi yaşayır və həmin evdə onların qonşusudur. O, Malikə İsmiyevanın qızının əri Şəxs dəfələrlə qaynanasının yaşadığı evə gələrək onu nalayiq ifadələrlə təhqir etməsinin şahidi olmuşdur. xx.xx.2022-ci il tarixdə saat 23 radələrində Şəxs yenə də qaynanasının yaşadığı evə gələrək onu söyüb təhqir etmiş, eyni zamanda, onun evinin pəncərələrinə və dam örtüyünə daş atmış, bunun nəticəsində də evin pəncərələrinin şüşəsi sınmışdır. Şəxs bu cür hərəkətləri nəinki, Malikə İsmiyevanı, həmçinin, onu və digər qonşuları da narhat edir. İş üzrə şahid qismində dindirilmiş X8 da şahid X2 izahatının məzmununa uyğun izahat verərək onun göstərdiyi xüsusatları təsdiq etdi. Məhkəmə araşdırması zamanı iş materialları, fotoşəkillər, inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və şahidlərin izahatları ilə müəyyən edildi ki, Şəxs xx.xx.2022-ci il tarixdə Oğuz şəhəri Q.Ağakişiyev küçəsində, X3 evinin qarşısında ünvanlı və ünvansız nalayiq ifadələr işlətmiş, ucadan səs-küy salmış, bununla da ictimai qaydanı pozan xırda xuliqanlıq hərəkətləri etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək və müdafiəçinin fkrini nəzərə alaraq qərara gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilərək inzibati tənbeh edilməlidir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun tərəfindən törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Şəxs eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsini Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33.1.2-ci maddəsinə əsasən, inzibati xətanı sərxoş vəziyyətdə törətməsini isə həmin Məcəllənin 33.1.7-ci maddəsinə əsasən məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alır. Şəxs tərəfindən törədilmiş inzibati xətada məsuliyyəti yüngülləşdirən hallar aşkar edilməmişdir. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini, təqsirinin dərəcəsini, məsuliyyəti ağırlaşdıran hallarıı, ona inzibati cərimə tətbiq edilməsinin işin faktiki hallarına uyğun olmadığını nəzərə alaraq barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs tətbiq edilməsini, inzibati xətanın törədilmə üsulunu və mütəmadi xarakterli olmasını nəzərə alaraq inzibati həbs müddətinin həmin maddənin sanksiyasında nəzərdə tutulan yuxarı həddə müəyyən edilməsini məqsədə müvafiq hesab edir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30, 43, 106-115, 117-ci maddələrini rəhbər tutaraq məhkəmə, qəraraaldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Oğuz rayon Polis Şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib 15 gün müddətində inzibati həbs edilsin. İnzibati həbsin əvvəli qərarın elan edildiyi vaxtdan - xx.xx.2022-ci il tarixdən saat 15:00-dan hesablansın. Qərarın icrası Oğuz rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim : Kamran Süleymanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar